AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul
2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
7 yanvar 2022-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci
il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin
şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25
iyul 2018-ci il tarixli qətnaməsi ilə “Cənnət Park” Mənzil Tikinti
Kooperativinin (bundan sonra – “Cənnət Park” MTK) “Biləcəri Təmir Quraşdırma”
Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra – “Biləcəri Təmir Quraşdırma”
QSC) və 16 №-li İnşaat İstehsalat Təsərrüfat Trestinə (bundan sonra – Trest),
üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddiası qismən təmin
edilmiş, 1614 ədəd borunun “Biləcəri Təmir Quraşdırma” QSC-nin qanunsuz
sahibliyindən alınaraq “Cənnət Park” MTK-ya qaytarılması, “Biləcəri Təmir
Quraşdırma” QSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri
olan 502 088 manat məbləğin və ödənilmiş rüsumun əvəzinin “Biləcəri Təmir
Quraşdırma” QSC-dən tutularaq “Cənnət Park” MTK-ya ödənilməsi, iddia tələbinin
qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi
Kollegiyasının 2 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə “Biləcəri Təmir
Quraşdırma” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyası) 30 yanvar 2019-cu il tarixli qərarı ilə “Biləcəri Təmir
Quraşdırma” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
14 fevral 2020-ci il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin
konstitusiya şikayəti əsasında Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı
maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
(bundan sonra – Mülki Prosessual Məcəllə) 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə
uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması
qərara alınmışdır.
Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı, bununla bağlı Bakı
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 oktyabr 2018-ci il
tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə
göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə “Cənnət Park” MTK-nın
“Biləcəri Təmir Quraşdırma” QSC-yə və Trestə, üçüncü şəxs Binəqədi
Rayon İcra və Probasiya Şöbəsinə qarşı boruların geri qaytarılması, dəymiş
maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsindən “Biləcəri
Təmir Quraşdırma” QSC-nin apellyasiya şikayəti yenidən təmin olunmadan, qətnamə
isə dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Kommersiya Kollegiyasının 23
iyul 2021-ci il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QSC-nin
kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə
münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
Ərizəçi Konstitusiya Məhkəməsinə yenidən müraciət
edərək şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi
tərəfindən Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi
haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərinə zidd olaraq
Konstitusiya Məhkəməsi Plenumunun Qərarının məcburi qüvvəsinin nəzərə
alınmaması nəticəsində Ali Məhkəmənin Kommersiya Kollegiyasının 23 iyul
2021-ci il tarixli qərarı ilə onun Konstitusiyanın 29-cu maddəsinin I,
II, III hissələrində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş
mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları
pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə
bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə
görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında”
Qanunun 66.1-ci maddəsində də öz əksini tapmışdır.
Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən,
Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra
olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Lakin kassasiya instansiyası məhkəməsi hazırkı
iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun Qərarını təfsir edərək onun hüquqi
qüvvəsini şübhə altına almış, nəticədə Konstitusiyanın və “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun yuxarıda göstərilən normalarının tələblərini pozmuşdur.
Belə ki, hazırkı iş üzrə qəbul edilmiş
Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə
aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki
qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır
ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə
minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil
edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən,
preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və
xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni
preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə
malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab
verməlidir:
- qərardad müstəqil məhkəmə icraatı
çərçivəsində çıxarılmalı;
- həmin qərardad ilə hüquqi faktlar
və hüquq münasibətləri müəyyən edilməli;
- tərəflərin məhkəmə baxışında
iştirakı təmin edilməli;
- baxış çəkişmə prinsipinə əməl
edilməklə aparılmalı;
- belə qərardadın yuxarı instansiya
məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.
Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində
məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun
yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual
forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin
preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə
prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən
edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının
hələ 30 iyun 2017-ci il tarixli qərarı ilə borclu Trestə məхsus aşkar olunmuş
mübahisəli boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi
və onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmış və işə
baxan məhkəmələr tərəfindən maraqlarına toxunan şəхsin şikayəti əsasında təqdimatın
rədd edilməsinə dair qərar qəbul edilməklə “Biləcəri Təmir Quraşdırma” QSC-nin
qanunla qorunan mülkiyyət hüquqlarının pozulması müəyyən edilmişdir.
Həmin qərarda göstərilmişdir ki, “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun və mülki qanunvericiliyin tələblərinə
görə, tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qərardadı icra edildiyindən
və üzərinə həbs qoyulmuş borular tələbkarın birbaşa sahibliyinə təhvil
verildiyindən, həmin əmlak üzərində tələbkar “Biləcəri Təmir Quraşdırma”
QSC-nin qanunla qorunan mülkiyyət hüququ yaranmışdır.
Beləliklə, Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı müstəqil məhkəmə
icraatı çərçivəsində, tərəflərin, o cümlədən “Cənnət Park” MTK-nın məhkəmə
baxışında iştirakı ilə, çəkişmə prinsipinə əməl edilməklə çıxarılmış və
boruların “Biləcəri Təmir Quraşdırma” QSC-yə verilməsi və mahiyyət
etibarı ilə onun mülkiyyət hüququnun yaranması müəyyən edilmişdir.
Burada nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi
Plenumunun hüquqi mövqeyi konstitusiya şərhini ehtiva etməklə, ümumi və məcburi
xarakterli, maddi və prosessual istiqamətli olmaqla, qanunverici və hüquq tətbiqedicilər
üçün məcburidir və məhkəmə qərarlarının əsasını təşkil edir. Həmin mövqelər
Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və
azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsinin
qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan
hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən
hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini
tapmışdır.
Lakin Konstitusiya Məhkəməsi Plenumunun 14
fevral 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinin əksinə olaraq Ali
Məhkəmənin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir
ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli
qərarı müstəqil məhkəmə icraatı çərçivəsində deyil, məhz məcburi icra tədbirləri
ilə əlaqədar icra məmurunun təqdimatı üzrə qəbul edilmişdir. Həmin qərarın əsaslandırıcı
hissəsində göstərilir ki, icra hərəkətləri ilə əlaqədar mübahisəli əmlak “Biləcəri
Təmir Quraşdırma” QSC-yə təhvil verildiyindən onun qanunla qorunan mülkiyyət
hüququnun yaranmasının göstərilməsi məsələnin əsl mahiyyətini dəyişə bilməz.
Eyni zamanda, kassasiya instansiyası məhkəməsi
30 iyun 2017-ci il tarixli qərarının preyudisiya əhəmiyyətinə malik
olmaması ilə bağlı qənaətini həm də onunla əsaslandırmışdır ki, qeyd edilən qərarda
2014-cü il 20 iyun tarixli “borc müqaviləsi” və 2016-cı il 13 iyul tarixli
“borcun əvəzləşdirilməsinə dair” müqavilənin etibarlılığı məsələsinə
toxunulmamış, yəni həmin qərar ilə 2016-cı il 13 iyul tarixli “borcun əvəzləşdirilməsinə
dair” müqaviləyə hüquqi qiymət verilməmiş, eləcə də həmin borcla bağlı tərəflər
arasında mübahisə mahiyyəti üzrə həll edilməmişdir. “Biləcəri Təmir Quraşdırma”
QSC-nin Trestə və “Cənnət Park” MTK-ya qarşı “müqavilələrin etibarsız hesab
edilməsi və dəmir boruların geri qaytarılması” tələbi 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə təmin
edilməyərək mübahisələndirilən əqdlərin etibarlılığı müəyyən edilmiş və borular
üzərində “Cənnət Park” MTK-nın mülkiyyət hüququnun olduğu göstərilmişdir.
Kassasiya instansiyası məhkəməsinin bu qənaəti
ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 14 fevral 2020-ci il tarixli
Qərarında əks olunan hüquqi mövqeyini bir daha xatırlatmağı zəruri hesab edir.
Belə ki, mübahisəli boruların “Biləcəri Təmir
Quraşdırma” QSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı ilə 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi
arasında yaranmış kolliziya “Cənnət Park” MTK-nın boruların geri
qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə
alınmamışdır.
Qeyd edilməlidir ki, məhkəmə qərarları
arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl
qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir.
Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsinin
9 iyul 2021-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, Məcəllənin
355-7.4, 355-13.4, 355-17.3, 355-18.4, 355-19.3 və 355-22.4-cü maddələrində
qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,
qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin
419.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul
edildiyi andan qüvvəyə minir.
Göründüyü kimi, Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı qəbul
edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il
tarixli qətnaməsi isə daha gec tarixdə qüvvəyə minmişdir. Belə olan halda isə
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı
preyudisial əhəmiyyətə malik olur.
Yuxarıda göstərilənlərlə əlaqədar Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər
üzrə işə baxması Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə,
genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir
olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl
gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun
olaraq həyata keçirilməlidir. Bu zaman məhkəmələr öz qərarlarını yalnız
Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hüquqi çərçivələrdə
qəbul etməlidir.
Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi
tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab
edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə
sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan
qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və
azadlıqlarının pozulduğu müəyyən edilmiş şəxslərin hüquqi vəziyyətini pisləşdirmək,
onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə
yenidən baxılmasını təşkil etmək yolverilməzdir. Belə halların baş verməsi
konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda,
konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və
azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması,
məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri
nəzərə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi
barədə” 11 iyun 2004-cü il tarixli, 688-II QD saylı Azərbaycan Respublikası
Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun
yoxlanılmasına dair 2005-ci il 25 yanvar tarixli Qərarı).
Bunun davamı olaraq, Konstitusiya Məhkəməsinin
Plenumu hazırkı işə məhkəmələrdə yeddi il ərzində dəfələrlə baxılaraq müxtəlif
məzmunlu qərarların qəbul edilməsi ilə bağlı bir daha diqqətə çatdırmağı vacib
hesab edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən
biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə
icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması
qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq
və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin
hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət
tələbinə cavab verməmişdir (Konstitusiya Məhkəməsi Plenumunun N.Rzazadə və
R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11 dekabr tarixli və “Seymur”
İstehsalat Kommersiya Birliyinin şikayəti üzrə 2021-ci il 5 aprel tarixli Qərarları).
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 23
iyul 2021-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, 130-cu maddəsinin
IX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4, 65-69-cu maddələrinə, Mülki
Prosessual Məcəllənin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun
olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda
və Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Cənnət Park” Mənzil Tikinti Kooperativinin
“Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə, 16 №-li İnşaat
İstehsalat Təsərrüfat Trestinə və üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya
Şöbəsinə qarşı boruların “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin
qanunsuz sahibliyindən alınaraq “Cənnət Park” Mənzil Tikinti Kooperativinə
qaytarılması və s. tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4,
65-69-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin,
müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev