AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
“AG Global Logistic” Məhdud
Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
14 dekabr 2021-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında “AG Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral
2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin
şikayətini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq
kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“AG Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyəti
(bundan sonra – “AG Global Logistic” MMC) “Standart İnsurance” Sığorta Şirkəti
Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Standart İnsurance” Sığorta Şirkəti
ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin müqavilənin
birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi
və sığorta müqaviləsi əsasında sığortalanmış yükün 28 iyul 2018-ci il tarixində
itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə
sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilmiş hər gününə görə
hesablanmış dəbbə pulunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş
etmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3
iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən
27 iyul 2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi, dəbbə
pulu, vəkil xidmətinə görə çəkilmiş xərcin tutularaq “AG Global Logistic” MMC-yə
ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş məbləğin iddiaçı və
cavabdehə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 6 avqust 2020-ci il tarixli qətnaməsi ilə “Standart lnsurance”
Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya
məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq “AG
Global Logistic” MMC-nin iddiası təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Kommersiya Kollegiyasının (bundan sonra –
Ali Məhkəmənin Kommersiya Kollegiyası) 9 fevral 2021-ci il tarixli qərarı
ilə “AG Global Logistic” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
“AG Global Logistic”
MMC Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
şikayətlə müraciət edərək Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il
tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 60, 125 və 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 445.5, 446.1 və 446.2-ci maddələrinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
9.1, 9.2, 9.3, 13, 416, 417.1.3 və 418.1-ci
maddələrinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini
xahiş etmişdir.
Şikayətdə göstərilmişdir ki, “AG Global
Logistic” MMC müştərilərin sifarişləri əsasında onlara məxsus yüklərin beynəlxalq
daşımaları ilə bağlı risklərin sığortalanması məqsədilə mütəmadi olaraq “yük
sığortası” məhsulundan istifadə etmişdir. Bu məqsədlə “All Star” Məhdud Məsuliyyətli
Cəmiyyətinə məxsus məhsullar iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta müqaviləsi
əsasında “yük sığortası” növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən,
həmin yükün sığorta təminatı 26 iyul 2018-ci il – 9 avqust 2018-ci il tarixlərində,
15 gün müddətində müəyyən edilmiş, sığorta haqqının isə bir ay müddətində tam şəkildə
köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 28 iyul 2018-ci il tarixində ərizəçinin
Almaniya Federativ Respublikasında əməkdaşlıq etdiyi agent “Linkinpartner
Europe GmbH” şirkəti tərəfindən müəssisəyə məlumat verilərək sığorta predmeti
olan yükün Hamburq hava limanına daşınması zamanı itirildiyi
bildirilmişdir. “AG Global Logistic”
MMC-nin əməkdaşları tərəfindən həmin tarixdə cavabdehə (sığortaçıya) bu barədə
məlumat verilmiş, yükün hərəkəti və onun itirilməsinə dair müvafiq sənədlər təqdim
edilmişdir.
Ərizəçi həmçinin qeyd etmişdir ki, o, sözügedən
sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta haqqının köçürmə yolu ilə ödənilməsi
üçün sığorta şirkətindən onun bank rekvizitlərinin əks olunduğu hesab-fakturanın,
qanunvericiliyin tələbinə uyğun olaraq elektron qaimə-fakturanın təqdim
olunmasını tələb etsə də, cavabdeh həmin sənədləri təqdim etməmiş və müxtəlif bəhanələrlə
sığorta ödənişinin ödənilməsindən yayınmışdır. Beləliklə, sığorta şirkəti
sözügedən sığorta hadisəsi ilə bağlı hər hansı araşdırma aparmadan, 28 noyabr
2018-ci il tarixli məktubla “AG Global Logistic” MMC-yə müraciət edərək sığorta
şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyini əsas götürərək müqavilənin ləğv
edildiyini bildirmişdir. Halbuki, mübahisəli sığorta müqaviləsi üzrə sığorta
haqqının vaxtında ödənilməməsi ərizəçinin təqsiri üzündən deyil, cavabdehin hərəkətsizliyi
nəticəsində baş vermişdir.
Ərizəçi hesab edir ki, apellyasiya instansiyası
məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmış, kassasiya instansiyası məhkəməsi
isə həmin qərarı dəyişdirmədən saxlamışdır ki, nəticədə onun Konstitusiyanın
60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı,
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı
maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə əlaqədar,
ilk növbədə, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin müdafiəsinin ən əhəmiyyətli
vasitələrindən biri olan sığorta institutunun sığorta müqaviləsi, sığorta hadisəsi,
sığorta təminatı kimi təməl anlayışlarını müəyyən edən mülki qanunvericilik
normalarının açıqlanmasını zəruri hesab edir.
Mülki Məcəllənin 884.1-ci maddəsinə əsasən, sığorta
münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı,
mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq
fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin
ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
Həmin Məcəllənin 883.1-ci maddəsində sığorta
müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi
sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz
qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya
razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin
sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi
razılaşmadır. Mülki Məcəllənin 884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta
müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə
hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin
subyektləridir. Bu Məcəllənin 884.3 və
884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi
kimi göstərmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında” Qanun)
1-ci maddəsində sığorta hüququnun bir sıra əsas məfhumların anlayışı təsbit
edilmişdir. Həmin Qanunun 1.1.3, 1.1.4 və 1.1.5-ci maddələrində sığortaçı - bu
Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya
malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi
halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada
sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan
yerli hüquqi şəxs, sığortalı - sığorta
haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan
sığorta müqaviləsinin tərəfi, sığorta olunan isə sığorta müqaviləsi əsasında əmlak
mənafeləri sığortalanan şəxs kimi müəyyən edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.14-cü
maddəsinə əsasən isə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi
müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə
icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya
ödəməli olduğu pul məbləğidir.
Mülki Məcəllənin 888.1-ci maddəsinə görə, əmlak
sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və
ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər
fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına,
həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti
ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin
sığortası aiddir.
Həmin Məcəllənin 888.2-ci maddəsində göstərildiyi
kimi, əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və
çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər
sığortalanır.
Sığorta müqaviləsi yazılı və elektron sənəd
formasında olur. Mülki Məcəllənin 899.1.1-899.1.3-cü maddələrinə müvafiq olaraq,
sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada
bağlanır:
- tərəflərin müvafiq sığorta qaydaları əsasında
sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
- müvafiq sığorta qaydaları ilə sığortalının
razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin
verilməsi yolu ilə;
- icbari sığorta qanunlarında nəzərdə tutulmuş
digər qaydada.
Beləliklə, sığorta şəhadətnaməsi sığorta
müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd kimi çıxış edir. Bu, həmçinin
Mülki Məcəllənin 901.1-ci maddəsinin məzmunundan irəli gəlir. Belə ki, həmin
maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı
sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd -
sığorta şəhadətnaməsi verməlidir.
Mülki Məcəllənin 903.4 və 903.5-ci maddələrinə uyğun
olaraq, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi
sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi
üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə
15 günədək müddət müəyyən edə bilər. Həmin maddəyə əsasən, hər bir halda,
sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı
gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
Həmin Məcəllənin 929-cu maddəsinə əsasən,
sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən
sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı
məbləğini tutmaq hüququna malikdir.
Mülki Məcəllənin sığorta təminatının qüvvədə olduğu
dövrü müəyyən edən 906.1-ci maddəsinə görə, icbari sığorta qanunlarında və ya
könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta
haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti
sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari
sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə
əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa
çatır.
“Sığorta fəaliyyəti haqqında" Qanunun
1.1.18-ci maddəsinə müvafiq olaraq, sığorta müqaviləsinin zəruri şərtlərindən
olan sığorta riski sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin
yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması
ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.
Mülki Məcəllənin 922.1-ci maddəsində sığorta
hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin
sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas
olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və
ya yaranan hal kimi göstərilmişdir.
Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi
sığorta hadisəsi baş verdikdə icbari
sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən
ödənilən maliyyə kompensasiyasıdır.
Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta
obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranması ilə şərtlənən sığorta
hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə
uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi
həyata keçirilir.
İşin
məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, “Standart
İnsurance” Sığorta Şirkəti ASC tərəfindən “AG Global Logistic” MMC-yə 27 iyul
2018-ci il tarixli Yük Sığortası Şəhadətnaməsi verilmişdir. Tərəflər arasında sığorta
haqqının sığorta müqaviləsi imzalandığı tarixdən bir ay müddətində ödənilməsi və
yalnız yükün daşınması zamanı meydana gələn zərərlərə təminat verilməsi barədə
razılıq əldə edilmişdir. Yükün sığorta təminatı 26 iyul 2018-ci il tarixindən
başlamaqla 9 avqust 2018-ci il tarixinədək 15 gün müddətində müəyyən
edilmişdir. 28 iyul 2018-ci il tarixində ərizəçinin Almaniyada əməkdaşlıq
etdiyi agent “Linkinpartner Europe GmbH” şirkəti tərəfindən sığorta predmeti
olan yükün itirildiyi bildirilmişdir. Cavabdeh 28 noyabr 2018-ci il tarixli məktubla
ərizəçiyə müraciət edərək mübahisəli sığorta şəhadətnaməsi üzrə sığorta
haqqının ödənilmədiyi əsası ilə müqavilənin ləğv edildiyini bildirmişdir. İmtinanı
əsassız sayan “AG Global Logistic” MMC məhkəməyə müraciət etmişdir.
1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 iyun 2019-cu il tarixli qətnaməsi
ilə iddia qismən təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır
ki, işin halları ilə sübuta yetirilən, tərəflər arasında aparılmış
danışıqlardan göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən elektron
qaimə-fakturanın təqdim olunması barədə dəfələrlə xahiş edilmiş, lakin
ərizəçinin bu xahişi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə
gəlmişdir ki, mübahisəli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının vaxtında
ödənilməməsinin sığortalının təqsiri kimi nəzərə alınması yolverilməzdir.
Sığorta
hadisəsi baş verən zaman mübahisəli Yük Sığortası Şəhadətnaməsinin qüvvədə olmasına
dair məhkəmə qeyd etmişdir ki, şəhadətnamənin “Sığorta haqqı” bölməsində sığorta
haqqının ödənilməsi üçün 1 (bir) ay müddət müəyyən edilmişdir. Sığorta hadisəsi
baş verdikdən sonra isə iddiaçının (sığortalının) sığorta haqqını ödəmək
arzusunda olmaması heç bir məntiqə sığmır. Məhkəmə cavabdeh tərəfindən “AG
Global Logistic” MMC-yə elektron qaimə-fakturanın təqdim edilməməsi halını iddiaçıya
sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması kimi qiymətləndirərək
hesab etmişdir ki, cavabdeh hüququndan sui-istifadəyə yol vermişdir. Mülki
Məcəllənin 445.5-ci maddəsinə əsasən isə əgər öhdəlik
borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu,
gecikdirmə sayılmır.
Bakı
Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 avqust 2020-ci il tarixli
qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılması qət
edilmişdir.
Məhkəmə
kollegiyası qətnaməsində Yük Sığortası Şəhadətnaməsinin “Sığorta haqqı” bölməsinə
istinad edərək göstərmişdir ki, tərəflər sığorta haqqının tam şəkildə köçürmə
yolu ilə ödənilməsini, həmin məbləğ sığorta müqaviləsi imzalandığı tarixdən bir
ay müddətində ödənilmədikdə sığorta müqaviləsinin qüvvəyə minməmiş hesab olunduğunu
və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunduğunu razılaşdırmışlar.
Apellyasiya
instansiyası məhkəməsi Mülki Məcəllənin 903.4-cü maddəsinə və sığorta
müqaviləsinin qeyd olunan şərtlərinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisələndirilən müqavilə imzalansa da,
sığorta haqqı iddiaçı tərəfindən müqavilə şərtinə uyğun qaydada ödənilmədiyindən
müqavilə qüvvəyə minməmiş və sığorta müqaviləsi Mülki Məcəllənin 386.1-ci
maddəsinin tələbi baxımından tərəflər, o cümlədən, cavabdeh üçün heç bir
öhdəlik və hüquqi nəticə yaratmamışdır.
Apellyasiya
instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, işin düzgün həlli baxımından sığorta hadisəsinin
sığorta təminatı müddəti ərzində baş verib-verməməsinin müəyyən edilməsi mühüm
rol oynayır. Bunun üçün isə sığorta müqaviləsinin şərtlərinin Mülki Məcəllənin
müvafiq müddəalarının göstərişləri nəzərə alınmaqla təfsir edilməsi, tərəflərin
gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin məzmununun müəyyən edilməsi
zəruridir. Belə ki, sığorta təminatı qüvvəyə mindikdən sonra sığorta
hadisəsinin baş verməsi halında sığortaçının ödəniş etmək öhdəliyi yaranmış
olur.
İşin
məhkəmələr tərəfindən müəyyən edilmiş halları sığorta hadisəsinin sığorta
təminatının qüvvədə olduğu müddət ərzində baş verməsi nəticəsinə gəlməyə imkan
verir. Bu nəticə həm sığorta müqaviləsinin şərtlərindən, həm də Mülki
Məcəllənin 901.1 və 903.4-cü maddələrinin müddəalarından irəli gəlir. Belə ki, həmin
Məcəllənin 901.1-ci maddəsinə görə, sığorta şəhadətnaməsi tərəflər arasında
sığorta müqaviləsinin şərtlərini bildirən və təsdiq edən sənəddir. Məcəllənin
903.4-cü maddəsinə əsasən isə müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa,
sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən
sonra qüvvəyə minir. Yəni tərəflər sığorta təminatının sığorta haqqının
ödənilməsindən əvvəlki tarixdə də qüvvəyə minməsini razılaşdıra bilərlər və
belə olan halda sığorta təminatı sığorta haqqının ödənilib-ödənilməməsindən asılı
olmayaraq tərəflərin razılaşdırdıqları andan qüvvəyə minir. Odur ki, “Standart lnsurance”
Sığorta Şirkəti ASC tərəfindən “AG Global
Logistic” MMC-yə verilən sığorta şəhadətnaməsi onlar arasındakı sığorta
müqaviləsinin şərtlərini göstərən və təsdiq edən sənəddir. Həmin şəhadətnamədə
isə sığorta müddəti 15 gün müəyyən edilmiş, bu müddətin 26 iyul 2018-ci il
tarixində başlayıb 9 avqust 2018-ci il tarixində qurtardığı göstərilmişdir.
Həmçinin sığorta şəhadətnaməsində sığorta təminatının müddətinin 15 gün olduğu
qeyd olunmuşdur. Bu müddətlər (həm sığorta
müddəti, həm də sığorta təminatının müddəti) məhz sığorta təminatının hansı
dövrü əhatə etdiyini göstərir və beynəlxalq təcrübədə istifadə olunan “period of cover” ifadəsininin məzmunu ilə eynilik təşkil edərək sığorta riskinin sığortaçının təminatı altında olduğu dövrü
ifadə edir. Hadisənin 28 iyul 2018-ci il tarixində baş verməsi nəzərə alınarsa,
sığorta hadisəsinin sığorta təminatının qüvvədə olduğu müddət ərzində baş
vermiş olması nəticəsinə gəlmək olar.
“AG
Global Logistic” MMC-nin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16
dekabr tarixli Qanununa istinadən sığorta haqqının ödənilməməsinin cavabdehin
təqsiri üzündən baş verməsi (cavabdeh tərəfindən elektron qaimə-fakturanın
verilməməsi) dəlilinə dair apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki,
tərəflər arasındakı sığorta müqaviləsinin “Sığorta haqqı” bölməsində
sığortaçının qaimə-faktura vermə öhdəliyinin nəzərdə tutulduğu müəyyən
olunmamış, sığorta haqqının yalnız köçürmə yolu ilə həyata keçirilməsi təsbit
olunmuşdur.
Eyni
zamanda qeyd edilmişdir ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər nəzərə
alınsa belə, iddiaçının dəlilləri əsassızdır. Belə ki, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə edilən həmin dəyişikliklər 1 yanvar 2017-ci
il tarixindən qüvvəyə minmiş və mübahisəli sığorta müqaviləsi imzalanarkən həmin
Məcəllənin 71-1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə, bu Məcəllə ilə
müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim
edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura
verir. Cavabdeh isə mal satan, xidmət göstərən təşkilat
deyil, sığortaçıdır və onun “AG Global Logistic” MMC ilə bağladığı sığorta
müqaviləsi xidmət müqaviləsi kimi təfsir oluna bilməz. Belə ki, Mülki
Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq
sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi
risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul
məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı
tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Göstərilənlərlə
əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericiliyin bir
sıra müddəalarının qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci
maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə
hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Məhkəmə
müdafiəsi hüququ müstəqil hüquq olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş
digər insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı kimi çıxış
edir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas
prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə,
faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə
prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci
maddəsinin II və VII hissələri).
Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və
217.3-cü maddələrinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin
bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin
çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə
prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla,
sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli
və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq
olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə
iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun
əsaslandırılmalıdır.
Qeyd edildiyi kimi, apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsini ərizəçi
tərəfindən sığorta haqqının ödənilməməsi ilə əsaslandırmış və bu zaman Mülki
Məcəllənin 903.4-cü maddəsinə, habelə sığorta müqaviləsinin şərtinə istinad
etmişdir.
Bununla bağlı qeyd
edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi sığortalı tərəfindən sığorta
müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməməsinin səbəblərini
və ya sığortaçının (cavabdehin) sığortalıya sığorta haqqının ödənilməsi üçün
müvafiq şəraitin yaradılmamasına dair təqdim edilmiş sübutları ətraflı
araşdırmamış,
sığorta
haqqının vaxtında ödənilməməsinə görə hansı tərəfin məsuliyyət daşımasını
müəyyən etməmişdir ki, bu da qəbul edilən qərarın ədalətliliyini şübhə altına
alır. Beləliklə,
apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin
tələblərinə əməl etməyərək mübahisənin qanuni və ədalətli həll edilməsi üçün
lazımi tədbirləri görməmişdir.
Ərizəçinin konstitusiya
şikayətindən göründüyü kimi, onun Yük Sığortası Şəhadətnaməsinin şərtlərinə
əsaslanaraq, sığortaçıdan elektron qaimə-faktura və hesab-faktura tələb etməkdə
məqsədi sığorta haqqının ödənilməsi üçün sığorta şirkətinin bank rekvizitləri
barədə məlumatların əldə edilməsindən ibarət olmuş (telefon danışıqları və
e-mail vasitəsi ilə), lakin sığortaçı bu məlumatları ona təqdim etməmişdir.
Qeyd olunduğu kimi, əgər
öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə,
bu, gecikdirmə sayılmır (Mülki Məcəllənin 445.5-ci maddəsi).
Həmçinin
nəzərə alınmalıdır ki, qanunverici hüququn həyata keçirilməsində yarana
biləcək laqeyd münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının
qarşısının alınmasına yönəlmiş müddəalar müəyyən etmişdir. Belə ki, Mülki
Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata
keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə
edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.3.2-ci maddəsində hüquqdan
sui-istifadə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq
hüquqlarını həyata keçirməsi kimi ifadə edilmişdir.
Lakin apellyasiya instansiyası məhkəməsi sığorta
şirkətinin şikayətini təmin edərkən formal mülahizələrə əsaslanmış, müqavilənin
şərtlərini və mülki qanunvericiliyin müddəalarını düzgün təfsir etməməklə, iddiaçının sığortaçı tərəfindən
sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması və göstərilən
maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərinə
lazımi hüquqi qiymət verməmişdir.
Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, sığorta baş verməmiş riskin təminatıdır,
artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta
institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş
verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır.
Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki
ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin
ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli
olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq
hüququna malikdir.
Yuxarıda da qeyd olunduğu kimi, hazırkı iş üzrə
tərəflər arasında sığorta təminatının müddəti
15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti
baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta
müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin
mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi
də məhz daha uzun müddətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri
üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən
sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi
sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının
göstərişlərinə uyğun olmamışdır.
Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə,
maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab
edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli
olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv
təfsir etsin.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, apellyasiya instansiyası məhkəməsi sığorta müqaviləsinin sığorta
haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minməsi
mülahizəsinə əsaslanaraq iddianı rədd etməklə mülki və mülki prosessual
qanunvericiliklərin yuxarıda göstərilən müddəalarını pozmuşdur.
Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu
apellyasiya instansiyası məhkəməsinin sığorta müqaviləsinin və ya sığortaçının
müqavilədən irəli gələn fəaliyyətinin xidmət müqaviləsi və ya xidmət kimi
təfsir oluna bilməməsi mövqeyi ilə bağlı bildirir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.9-cu
maddəsində göstərilmişdir ki, sığorta risklərinin və zərərlərin
qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin
tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən
hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta
xidmətlərinin tərkib hissəsi hesab edilir.
Sığorta fəaliyyətinin mahiyyət etibarı ilə xidmət
olduğu şübhəsizdir. Belə ki, mülki dövriyyədə həyata keçirilən fəaliyyətlər ya
əmtəə istehsalı, ya da xidmət göstərilməsi şəklində təzahür edir. Sığorta
fəaliyyəti əmtəə istehsalı olmadığından, xidmət sahəsinə aid fəaliyyət olaraq
qiymətləndirilməlidir.
Mülki Prosessual Məcəllənin kassasiya instansiyasında
işə baxmanın hədlərini müəyyən edən 416.1-ci maddəsinə görə, kassasiya
instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində
irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi
və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o
cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində
göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq
olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün
tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas
ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya
nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1-418.3-cü maddələri).
Lakin Ali Məhkəmənin
Kommersiya Kollegiyası 9 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya
instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq maddi və prosessual
hüquq normalarının pozulması ilə çıxarılmış qətnaməni dəyişdirmədən saxlamışdır
ki, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit
olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.
Yuxarıda göstərilənləri
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “AG Global Logistic”
MMC-nin “Standart İnsurance” Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi
tələbinə dair iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci
il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə,
Mülki Prosessual Məcəllənin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan
hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
1.
“AG
Global Logistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Standart İnsurance” Sığorta
Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə
dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının
9 fevral 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə
aktı icra edilməsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılsın.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev