AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A
R I
“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi
müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli
qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
23
sentyabr 2021-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17-ci maddəsinin I
hissəsinə və 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə
bağlı R.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və R.Axundovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli
qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş
üzrə hakimlər S.Salmanova və K.Şəfiyevin məruzələrini, ərizəçilərin şikayətlərini,
mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial
qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati Kollegiyasının sədri X.Məmmədovun və Bakı Apellyasiya Məhkəməsinin
hakimi H.Həmidovun mülahizələrini, ekspertlər Milli Aviasiya Akademiyasının
Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin və Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi,
hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəylərini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Rövşən
Hacıyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə
(bundan sonra – Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi)
qarşı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması
və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi
ilə məhkəməyə müraciət etmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia
tələbi təmin edilmiş, R.Hacıyevin pensiyasının yenidən hesablanaraq ona 11 il 3
aylıq əmək pensiyasının birdəfəlik ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun
Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qət edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qərarı
ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati Kollegiyası) 20
noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası
məhkəməsinin qərarı ləğv olunmuş, yeni qərar qəbul edilərək iddia rədd
edilmişdir.
Həmçinin
digər ərizəçi Ramil Axundov Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat
İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi
vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə
müraciət etmişdir.
1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qərarı
ilə iddia təmin edilərək keçmiş dövr üçün əmək pensiyasının hesablanması və
yaranmış fərqin R.Axundova ödənilməsi qət edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli
qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Ali
Məhkəmənin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə
apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul
edilərək iddia rədd olunmuşdur.
R.Hacıyev
və R.Axundov ayrı-ayrılıqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin
İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının
Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və
qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.
Ərizəçilər
şikayətlərini onunla əsaslandırmışlar ki, kassasiya instansiyası məhkəməsinin
göstərilən qərarları ilə onların Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit
edilmiş sosial təminat, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
hüquqları pozulmuşdur.
İşin
məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi R.Hacıyev
1992-ci ildən 2004-cü ilə qədər Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyində xidmət etmişdir. Xidmət illərinin düzgün hesablanmaması nəticəsində
R.Hacıyev uzun illər pensiya hüququnu həyata keçirə bilməmişdir. Onun müraciətləri
nəticəsində həmin Nazirlik tərəfindən xidmət illəri yenidən hesablanmış və barəsində
793 saylı “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs)
haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat
vərəqəsi” tərtib olunmuş, bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə
Təyinat İdarəsi tərəfindən R.Hacıyev barəsində xidmət illərinə görə 1 may
2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək
pensiyaları haqqında” Qanun) 32.1-1-ci maddəsinə istinad edilməklə, ona əvvəlki
üç il üçün ödənilməmiş pensiya hesablanmışdır.
Digər
ərizəçi R.Axundova isə 1992-ci ildə Qarabağ müharibəsində aldığı xəsarətlə
bağlı 20 sentyabr 1994-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon
şöbəsindən II qrup əlil kimi pensiya təyin olunmuşdur. 31 oktyabr 2017-ci il
tarixində R.Axundov ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin
olunması üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat
İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 18 oktyabr 2017-ci
il tarixli MN-09288 nömrəli məlumat vərəqəsinə əsasən, R.Axundova 1 noyabr
2017-ci il tarixindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə
əlaqədar” II qrup əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya işinin Dövlət
Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilməsindən sonra
pensiya məbləğində artım olmuşdur. Lakin keçmiş dövr üzrə yalnız üç il müddət
üçün pensiya yenidən hesablanaraq ödənilmişdir.
Birinci
və apellyasiya instansiyası məhkəmələri hər iki iş üzrə iddianı təmin etsə də, Ali Məhkəmənin İnzibati Kollegiyası həmin Kollegiyanın “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə
dair” 8 oktyabr 2020-ci il tarixli qərardadına
istinad edərək R.Hacıyev və R.Axundovun iddialarını rədd etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu hər iki şikayətin predmetinin eyni məsələyə aid olduğunu nəzərə
alaraq, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17-ci maddəsinin I hissəsinə
uyğun olaraq onların bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab
etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətlərlə bağlı aşağıdakıları qeyd edir.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Məhkəmə
müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında
olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı
qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq
və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən
isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul
etmək vəzifəsini müəyyən edir.
Əsas
sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın
38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat
hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,
əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə
görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna
malikdir.
Subyektiv
hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən
edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada,
pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir.
Bu
hüquq bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, İnsan
hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir
insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq
əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin
qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni
hüquqlarını həyata keçirmək hüququ vardır.
“İqtisadi,
sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə
tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ vardır.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətlərdə qaldırılan məsələ ilə bağlı qeyd edir ki, əmək
pensiyalarını tənzimləyən yeni “Əmək pensiyaları haqqında” Qanun 2006-cı il 7
fevral tarixində qəbul edilmiş, 2006-cı il 1 yanvar tarixindən isə qüvvəyə
minmişdir. Hazırda qüvvədə olan həmin Qanun vətəndaşların əmək pensiyası
hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi
qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
“Əmək
pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək
pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir
müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin
olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci il 10 mart
tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən
qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət
məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə
əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək
pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi
gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə,
bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
Ali Məhkəmənin İnzibati Kollegiyasının 8
oktyabr 2020-ci il tarixli qərardadında göstərildiyi kimi, qeyd olunan məsələ
ilə bağlı əvvəllər Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan
ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixinədək pensiya hüququ yaranmış şəxslər
barəsində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməməlidir.
Kassasiya instansiyası məhkəməsi bu qənaətini Konstitusiyanın normativ hüquqi
aktların qüvvəsinin geriyə tətbiqinin yolverilməzliyi prinsipini müəyyən edən
149-cu maddəsinin VII hissəsi, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 87-ci maddəsi ilə əsaslandırırdı.
Lakin
sonradan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, mübahisəli
hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında
müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməlidir. Ali Məhkəmə sosial
və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə
malik olduğu və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin vətəndaşların
hüquqi vəziyyətinin son dərəcədə pisləşməsinə də səbəb olmadığı qənaətinə gələrək
mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişmişdir.
Belə
ki, Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı
ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən
tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ
2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi
və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət
etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır.
Ali
Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı qəbul edərkən
sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ, demoqrafik
yaşlanma prosesi, sosial hüquqların səmərəli həyata keçirilməsinin dövlətin
maliyyə imkanlarından birbaşa asılı olması, büdcədə nəzərdə tutulmamış əlavə xərc
öhdəliklərinin qarşısının alınması, pensiyaçıların pensiyada olma müddətinin
artması və s. məsələlərə aydınlıq gətirmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət hakimiyyəti orqanı kimi məhkəmənin
müstəqilliyi onun diskresion səlahiyyətlərini, yəni mülahizə sərbəstliyini də nəzərdə tutur və bu
səlahiyyət Konstitusiyada və qanunlarda, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının ədalət
mühakiməsi vasitəsilə təmin olunmasına xidmət edir.
Azərbaycan
Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının 3.2-ci bəndində məhkəmələrin
hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların
tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq
vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi nəzərdə
tutulmuşdur.
Ali
Məhkəmə tərəfindən qeyd edilən vəzifə həyata keçirilərkən Konstitusiyanın norma
və prinsipləri rəhbər tutulmalı, Əsas Qanunun 147-ci maddəsinin tələbləri
baxımından normativ hüquqi aktların müddəaları Əsas Qanuna uyğun şəkildə tətbiq
olunmalı, habelə artıq formalaşmış məhkəmə təcrübəsində əhəmiyyətli dəyişikliklər
edilərkən hüquq sisteminin sabitliyinin qorunması, vətəndaşların hüquq və
azadlıqlarının üstünlüyü prinsipinin təmin olunmasının zəruriliyi nəzərə
alınmalıdır.
Bununla
əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki,
Konstitusiyanın 131-ci maddəsinin I hissəsinin, habelə “Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin I hissəsinin, Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual
Məcəllə) 98-1.1-ci maddəsinin müddəaları vahid məhkəmə təcrübəsinin
formalaşdırılmasına xidmət edir.
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında
göstərildiyi kimi, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən
analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən
fərqli yanaşma Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi
təminatının pozulmasına gətirib çıxara bilər
Həmçinin
qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası
adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında”
Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə
tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının
3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə
minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki
normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin
etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər
qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki
normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz
buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək
pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və
işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati
Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun
32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən
əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1
iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən
hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə
münasibətdə də tətbiq edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu bununla
bağlı qeyd etməyi zəruri hesab edir ki,
göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən
müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə
biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr
həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin
pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati
orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək
təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan
digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və
ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və
qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
Məhkəmələr
tərəfindən bu növ iddialara baxılan zaman, İnzibati Prosessual Məcəllənin 13-cü
maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə
dair” 2014-cü il 17 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelərinə
riayət edilməlidir.
Belə
ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan
iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan
iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə
əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin
hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb
edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə
borcludur.
Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda
qeyd edilən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, hakimin yardım etmək
vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil,
faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar
üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək
pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi
halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci
maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın
yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən
edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla
təyin edilmiş əmək pensiyaları ötən dövr
üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə
uyğun ödənilir.
Lakin
hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən
müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin
edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət
etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd
edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə
bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin
İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın
qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib
çıxara bilər.
Həmçinin,
Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin
hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə
mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün
konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal
kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı
ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər.
Beləliklə,
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati
Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarları
qəbul edilərkən həmin Kollegiyanın “Əmək pensiyaları haqqında” Qanunun
32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadının hər
hansı fərqləndirmə etmədən bu tərzdə tətbiq edilməsi nəticəsində ərizəçilərin
Konstitusiyanın 38 və 60-cı maddələrində
təsbit edilmiş hüquqları pozulmuşdur.
Göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
R.Hacıyevin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə
qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi
tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci
il tarixli qərarı Konstitusiyanın 38 və
60-cı maddələrinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılmalıdır;
-
R.Axundovun Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə
qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə
dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il
tarixli qərarı Konstitusiyanın 38 və
60-cı maddələrinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA
ALDI:
1.
Rövşən Hacıyevin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə
qarşı pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi
tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati
Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38 və 60-cı maddələrinə və Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi
mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.
Ramil Axundovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə
qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə
dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının
14 oktyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38 və 60-cı maddələrinə və Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılsın.
3.
Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad Abdullayev
“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqi
ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr
2020-ci il tarixli qərarlarına dair hakim K.Şəfiyevin
XÜSUSİ
RƏYİ
Konstitusiya
Məhkəməsinin Plenumun Qərarına hörmətlə yanaşaraq və nəticəvi hissə ilə razı
olaraq, təsviri-əsaslandırıcı hissə ilə bağlı aşağıdakı mövqeyimi bildirirəm. Azərbaycan Respublikasında pensiya
islahatlarının ilkin mərhələsində 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Vətəndaşların
pensiya təminatı haqqında” Qanun) qəbul edilmişdir.
Həmin
Qanun pensiya hüququnun həyata keçirilməsi ilə bəzi məhdudlaşdırıcı normalar nəzərdə
tuturdu. Belə ki, Qanunun 106-ci maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı
tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən
vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir.
Konstitusiya
Məhkəməsinin Plenumunun 22 may 2001-ci il tarixli qərarı ilə «Vətəndaşların
pensiya təminatı haqqında» Qanununun 106-cı maddəsinin birinci hissəsi
Konstitusiyasının 25 və 38-ci maddələrinə uyğun olmadığına görə
qüvvədən düşmüş hesab edilmişdir.
Pensiya
təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət
göstərir. Sosial həmrəylik prinsipinin pensiya sistemində tətbiqi yaşlı və
cavan nəsillərin həmrəyliyi və sosial əməkdaşlığını nəzərdə tutur.
2006-cı
il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək
pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək
pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi
qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
Əmək
pensiyası sahəsində aparılan islahatlar nəticəsində onun tərkibinə sosial
müdafiə, pensiya təminatı, əmək münasibətləri və sığorta xüsusiyyətlərini əks
etdirən sığorta hissəsi əlavə edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta qanunla nəzərdə
tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin
və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin
qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən
fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot
dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır.
Beləliklə, əmək pensiyasının sığorta hissəsi vətəndaşların öz fərdi
hesablarına onlara məxsus əmək haqqından
ayrılmış pullarla yatırım etdikləri vəsaitdir ki, bu vəsaitlər gələcəkdə onlara
ödənilməsi üçün nəzərdə tutulmuşdur.
Həmrəylik
sistemi hazırda işləyənlərin ödədikləri sosial sığorta haqqı hesabına yaşlı nəslin
pensiyalarının maliyyələşdirilməsini nəzərdə tutur. Bundan fərqli olaraq,
sosial sığorta sistemində hazırda işləyənlərin icbari, yaxud könüllü qaydada ödədikləri
sosial sığorta haqqı cari pensiya xərclərinə sərf olunmur. Sosial həmrəylik
sistemindən fərqli olaraq sosial sığorta sistemində vətəndaşın əmək haqqından
ödədiyi vəsait onun fərdi hesabında toplanır. Həmin vəsait vətəndaşa məxsusdur
və pensiya yaşına çatdıqda ona qaytarılır.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
(bundan sonra – Avropa Məhkəməsi) president hüququna müvafiq olaraq
pensiya hüququ konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə
düşür. Məhkəmənin qərarlarında qeyd olunur ki,hətta sığorta haqqının ödənişi nəzərdə
tutulmayan sosial təminat sistemində də sosial pensiya və müavinatlar 1 saylı
Protokolun 1-ci maddəsinin məqsədləri üçün mülkiyyət təşkil edə bilər (Buxen
Çex Respublikasına qarşı iş üzrə 26 noyabr 2002-ci il tarixli Qərar, § 46).
Yaşa
görə pensiya ödənişini nəzərdə tutan qanunvericilik, bu pensiyanın sosial
sığorta haqlarının ödənilməsi ilə şərtlənib-şərtlənməməsindən asılı olmayaraq,
onun şərtlərinə cavab verən şəxslər üçün 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq
dairəsinə düşən mülkiyyət marağı yaradır (Karson və başqaları Birləşmiş
Krallığa qarşı iş üzrə 16 mart 2010-cu il tarixli Qərar, § 64).
Mülkiyyət
hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin
hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və
bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin
mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla
konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və
30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarxili Qərarı).
Azərbaycanın
hüquq sistemində hüquq normasının geriyə qüvvəsinin əsas şərtləri
Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində öz əksini tapmışdır. Həmin
normaya əsasən, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,
hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi
aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi
geriyə şamil edilmir”.
Hüquq
normasının qüvvəsinin geriyə şamil edilməsinin vacib şərtlərindən biri
retrospektivliyin Qanun səviyyəsində tanınmasıdır. Hüquq normasının
retrospektivliyinin Qanun əsasında göstərilməsi təyinat baxımından onun məqsədli
olmasını ifadə edir və hüquqi müəyyənlik baxımından nəticələrini görmək
imkanını yaradır.
Konstitusiyanın
94-cü maddəsinin və 149-cu maddəsinin I hissəsinin müddəaları hər hansı
normativ hüquqi aktın geriyə qüvvəsinin şamil edilməsi qanunverici tərəfindən həyata
keçirilməsini mümkün edir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı
bəndinə əsasən sosial təminat məsələlərinə dair ümumi qaydaların müəyyən edilməsi
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmişdir.
Bununla
əlaqədar olaraq qeyd edilməlidir ki, Milli Məclis tərəfindən qəbul edilmiş 6
may 2016-cı il tarixli, 227-VQD saylı,
19 yanvar 2016-cı il tarixli, 107-VQD saylı, 12 iyul 2019-cu il tarixli,
1648-VQD saylı, 1 may 2020-ci il tarixli,№ 72-VIQD saylı Azərbaycan Respublikası
Qanunlarının qüvvəsinin geriyə şamil olunması ilə bağlı həmin normativ hüquqi
aktlarda xüsusi norma müəyyən edilmişdir.
Bununla
bağlı Konstituisya Məhkəməsi əməkdaşlıq etdiyi Avropa Şurasının Venesiya
Komissiyasına üzv olan bir sıra dövlətlərin konstitusiya nəzarəti orqanlarının
hüquqi mövqeylərini də öyrənmişdir. Belə ki, Litva, Slovakiya, Moldova və digər
ölkələrin Konstitusiya Məhkəmələrinin rəy və təcrübələrinə əsasən sosial
hüquqlar, pensiya təminatı və ümumiyyətlə hər hansı normativ hüquqi aktın geriyə
qüvvəsinin şamil edilməsi qanunverici tərəfindən həyata keçirilməlidir.
Konstitusiya
Məhkəməsi Plenumu 28 yanvar 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki,
konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin
geriyə şamil edilməsi istisna edilmir. Konstitusiyanın 149-cu maddəsinin VII
hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə
tutulmuşdur:
-fiziki
və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran;
-hüquq
məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.
Hüquq
nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran
hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin
əvvəllər üzərinə qoyulmuş vəzifələrdən
azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa
düşülür.
“Əmək
pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə 2017-ci il 10 mart
tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə
edilmiş 32.1-1-ci maddə 01.07.2017-ci ilədək yaşa görə əmək pensiyası almaq
hüququ yaranan şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və
azadlıqlarının mahiyyətinə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi
qalır. Bu baxımdan, əmək pensiyasının 01 iyul 2017-ci il tarixindən və müraciət
edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən
edilmiş müddətlərə təyin edilməsi qaydası yaşa görə əmək pensiyası almaq
hüququ olan şəxslərin Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit
olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.
Əmək
pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan üç ilik məhdudiyyət
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi konstitusion prinsiplə
yanaşı “qazanılmış hüquq” konsepsiyası baxımından da təhlil edilməlidir.
Bu
prinsipin mənasına görə qəbul edilmiş yeni qaydalar əvvəllər yaranmış hüquq
münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə,
yəni, norma qüvvəyə mindikdən sonra yaranmış münasibətlərinə tətbiq oluna bilər
və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş
hüquqlarını əvəzsiz ləğv edə bilməz .
“Əmək
pensiyaları haqqında” Qanuna Azərbaycan Respublikasının 2017-ci il 10 mart
tarixli Qanunu ilə əlavə edilmiş 32.1.1-ci maddəsi “qazanılmış hüquq”
konsepsiyası baxımından əksinə fiziki şəxsin vəziyyətini ağırlaşdırır.
Yuxarıda
qeyd olunanlara əsasən Qərarın təsviri-əsaslandırıcı hissəsində “Əmək
pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiq edilməsinə dair mövqe
dəqiq və birmənalı bildirilməlidir.
Beləliklə
hesab edirəm ki, Ali Məhkəmənin İnzibati Kollegiyanın “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.1-ci maddəsinin tətbiqinə dair
08 oktyabr 2020-ci il tarixli qərardadı Konstitusiyanın 7, 29, 38, 81, 94 və 149-cu maddələri ilə uzlaşmır.
“Əmək
pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə müəyyən edilən üç ilik məhdudiyyət
həmin dəyişikliykdən sonra pensiya almaq hüququ yaranan şəxslərə münasibətdə tətbiq
edilə bilər.
“Əmək
pensiyaları haqqında” Qanuna edilən dəyişikliyk qüvvəyə minənə qədər (1 iyul 2017-ci il) pensiya almaq
hüququ yaranan şəxslərin pensiyanın təyin edilməsi və ya yenidən hesablanması
üçün müraciət etmə vaxtından asılı olmayaraq həmin norma (“Əmək pensiyaları
haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan üç ilik məhdudiyyət)
onlara şamil edilməməlidir.
Hakim Kamran Şəfiyev