Decisions

17.09.21 X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I


  

X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 17 sentyabr 2021-ci il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, ərizəçinin vəkili Q.Ağayevin çıxışını, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Gülbəniz Məmmədova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 98 ünvanında yerləşən 34 saylı mənzilin Xaqani Mirzəliyevin və qeyrilərinin qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və ona təhvil verilməsi, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onlardan müştərək qaydada dəbbə pulu və dəymiş zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli  qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin onların qanunsuz sahibliyindən geri alınması və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaqla iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

X.Mirzəliyev öz növbəsində Bakı şəhəri 11 saylı Notariat Ofisinə və G.Məmmədovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin alğı-satqısına dair bağlanmış müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli  qətnaməsi ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin bir icraatda birləşdirilərək baxılması qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 18 noyabr 2020-ci il tarixli qərarı ilə X.Mirzəliyevin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 

X.Mirzəliyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdə göstərilmişdir ki, işə baxan məhkəmələr X.Mirzəliyevin iddiasının əsasını, yəni mübahisəli alğı-satqı müqaviləsinin formal xarakter daşıması, əslində  G.Məmmədovadan götürülən borcun təminatı olaraq mənzilin girov qoyulması məsələsini araşdırmamışlar. Halbuki G.Məmmədova və onun əri tərəfindən ərizəçiyə ailə üzvləri ilə birlikdə əvvəlcədən heç bir razılaşma olmadan 4 il ərzində həmin mənzildə yaşamağa imkan verilməsi, müqavilənin predmeti olan mənzilin real dəyərinin müqavilədə göstəriləndən xeyli yüksək olması mübahisəli müqavilənin alğı-satqı məqsədi ilə bağlanmadığını göstərən hallardır ki, bu hallar məhkəmələr tərəfindən  Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 340.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməmişdir.

Ərizəçi eyni zamanda məhkəmələr tərəfindən həqiqətin müəyyən edilməsi üçün zəruri sübutların araşdırılmadığını, birinci və apellyasiya instansiyası məhkəmələrinin Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək iddianın müddətin ötürülməsi ilə verilməsinə dair yanlış mövqeyinin kassasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etmişdir.

X.Mirzəliyevin qənaətinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Məcəllənin 340-cı maddəsinin müddəalarını nəzərə almamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)  416, 418.1 və 418.2-ci maddələrinin tələblərinə riayət etməmiş, nəticədə onun Konstitusiyanın  29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə  təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və  məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı).

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququ Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit edilmişdir. Qeyd edilən normalara əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alğı-satqı müqaviləsi çıxış edir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 11 saylı Notariat Ofisində bağlanan 8 iyun 2015-ci il tarixli alğı-satqı müqaviləsinə və ona əlavə edilmiş sənədlərə əsasən X.Mirzəliyev mülkiyyətində olan mübahisəli 2 otaqlı mənzili G.Məmmədovaya satmışdır. Həmin mənzildə qeydiyyatda olan X.Mirzəliyevin ailə üzvləri ərizə təqdim edərək mənzilin satılmasına razı olduqlarını bildirmiş və 6 ay müddətinə qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər.

Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 19 noyabr 2015-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 98 mənzil 34 üzərində G.Məmmədovanın mülkiyyət hüququ qeydə alınmışdır.

X.Mirzəliyev qeyd olunan alğı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiasını onunla əsaslandırmışdır ki,  həmin müqavilə alğı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddir. Əslində cavabdehə olan borcunun  təminatı kimi mübahisəli mənzil girov qoyulmuş, bir müddət sonra maddi vəziyyəti ilə əlaqədar borcun geri qaytarılmasının mümkün olmaması səbəbindən mübahisəli mənzili əldə olunan razılaşmaya görə (G.Məmmədova tərəfindən onun adına verilən etibarnaməyə əsasən) girov qoyaraq pul əldə etmək və G.Məmmədovaya olan borcu qaytarmaq niyyətində olmuş, lakin ödənilməli olan məbləğə dair razılığa gələ bilməmişlər. X.Mirzəliyev borcunu etiraf edərək ona möhlət verilməsini xahiş etmişdir.

İşə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində göstərilən müddətlərin əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılması üçün nəzərdə tutulmuş olmasına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, alğı-satqı müqaviləsi 8 iyun 2015-ci il tarixində bağlandığı halda,  X.Mirzəliyev həmin müqavilənin etibarsız hesab edilməsi tələbi  ilə məhkəməyə 14 fevral 2019-cu il tarixində müraciət edərək, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Alğı-satqı müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirilməmişdir.

Məhkəmə həmçinin iddiaçının sübut olaraq təqdim  etdiyi dəlilləri,  cavabdeh ilə yazışmalarını ziddiyyətli və natamam hesab edərək, onların mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz saymışdır.

Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsində müəyyən olunmuş müddətin iddia müddəti deyil, kəsici müddət olması və onun tətbiqi üçün mübahisə tərəfinin hər hansı ərizəni təqdim etməsinə ehtiyac olmadığını, maddi hüquq norması olaraq həmin müddəti məhkəmənin öz vəzifəsinə görə tətbiq etməli olduğunu vurğulamaqla, iddiaçı tərəfindən əqdin etibarsızlığının irəli sürülməsi üçün bir illik müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmçinin Mülki Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş əqdlərin etibarsızlığı əsaslarının hazırkı iş üzrə müəyyən edilmədiyini qeyd edərək mübahisəli alğı-satqı müqaviləsini etibarlı saymış və X.Mirzəliyevin iddiasını rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab etmişdir.

Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).

Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).

Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri).

Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir.

Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisəli alğı-satqı müqaviləsinin etibarsızlığı əsaslarının mövcud olmadığı qənaətinə gəlsə də, hansı dəlillər və hüquqi faktlar əsasında bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Məhkəmə tərəflər arasında alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqləndiyini, mənzildə qeydiyyatda olanların notarial qaydada mənzilin satılmasına razılıqlarını bildirdiklərini və mənzildən çıxmaq öhdəliyini üzərlərinə götürdüklərini göstərməklə həmin müqavilənin etibarlı olduğu qənaətinə gəlmişdir. Halbuki mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən  etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir.

Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu  dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.

  Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki  Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir.  Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq  üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar).

Hazırkı iş üzrə məhkəmələr mübahisəli mənzilin alğı-satqı müqaviləsinin yalan əqd olub-olmamasının müəyyən edilməsi üçün araşdırma aparmamış, satıcı X.Mirzəliyevin mübahisəli müqavilənin bağlanmasından sonra 4 ilə yaxın müddət  ərzində əvəzsiz olaraq həmin mənzildə yaşaması, alıcının müqavilədən yalnız  beş ay müddət keçdikdən sonra mənzilə mülkiyyət hüququnu rəsmiləşdirməsi, müqavilə üzrə mənzilin dəyərinin həmin dövr üçün mənzilin likvid dəyərindən xeyli aşağı göstərilməsi kimi işin əhəmiyyətli hallarını, iddiaçının cavabdehlə aralarında borc müqaviləsinin bağlanması, mənzilin alğı-satqı müqaviləsinin isə görünüş məqsədli olması, əslində məhz borc öhdəliyinin icrasının təminatı olaraq bağlanmasına dair ifadələrini nəzərə almadan, yalnız forma tələblərinə riayət olunduğuna əsaslanmaqla müqavilənin etibarlı olduğu qənaətinə gəlmişlər.

  Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları).

Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu  müəyyən etmişdir.

Həmçinin göstərilməlidir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Mülki Məcəllənin 354-cü maddəsinə əsaslanmaqla müqavilənin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi bu müddətin iddia müddəti, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə kəsici müddət olduğunu göstərməklə, hər bir halda X.Mirzəliyevin bu müddəti də ötürdüyünü hesab etmişlər.

Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 354-cü maddəsi ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini  bir daha açıqlamağı zəruri hesab edir.

Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

 Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər.

 Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli,  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar).

Hazırkı iş üzrə isə X.Mirzəliyevin iddiası mənzilin alğı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan mənzil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olsa da, məhkəmələr Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişlər.

O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi X.Mirzəliyevin iddia tələbinin əsası kimi istinad olunan halların sübut edilmədiyi, iddiaçının tərəflərin iradə ifadəsinə dair irəli sürdüyü dəlillərin mötəbər sübut olmadığı qənaətinə gəlsə də, hər hansı hüquqi qiymətləndirmə aparmamış, işdə olan bəzi sübutları öyrənməmiş, əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış və gəldiyi nəticəni əsaslandırmamışdır.

Halbuki Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə birinci instansiya məhkəməsinin  qətnaməsini qüvvədə saxlamaqla məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir.

Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə uyğun olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olması qətnamənin ləğv edilməsinin əsaslarından biri kimi çıxış edir.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1, 418.2 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 27 noyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Məcəllənin 324.5, 354.1 və 404-cü maddələrinin və Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 18 noyabr 2020-ci il tarixli qərarı qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.

Bununla yanaşı kassasiya instansiyası məhkəməsi qərarında onu da vurğulamışdır ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsdiq olunsa belə, X.Mirzəliyevin borc məbləğini qaytarmadan alğı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürməsi dürüstlük qaydasına uyğun gəlmir. Bir şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası işin əhəmiyyətli hallarını, o cümlədən ərizəçinin borcunu etiraf etməsini və öhdəliyini icra etmək üçün möhlət istəməsini və s. nəzərə almadan, tərəflərin həqiqi niyyətlərini qiymətləndirmədən X.Mirzəliyevin alğı-satqı müqaviləsinin əhəmiyyətsizliyini irəli sürməsinin hüquqdan sui-istifadəyə səbəb olduğu qənaətinə gəlmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da,  bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

Hazırkı iş üzrə o da nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Buna görə də tərəflər, o cümlədən X.Mirzəliyev mübahisəli əqd etibarsız hesab edildiyi təqdirdə  qarşılıqlı münasibətlər üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidir. 

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, X.Mirzəliyevin Bakı şəhəri 11 saylı Notariat Ofisinə və G.Məmmədovaya qarşı mənzilin alğı-satqısı barədə 8 iyun 2015-ci il tarixli müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI:

 

1. Xaqani Mirzəliyevin Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Gülbəniz Məmmədovaya qarşı mənzilin alğı-satqısı barədə 8 iyun 2015-ci il tarixli müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  



Sədr                                                                  Fərhad Abdullayev