AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci
il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
28 iyul 2021-ci Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V
hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21
yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin şikayətini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Faktor
Lizinq” MMC) Fayaz Hüseynova qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq
obyektinin geri qaytarılması, cavabdehin lizinq obyekti olan mənzildən çıxarılması,
21 yanvar 2017-ci il tarixinədək yaranmış ümumilikdə ABŞ dolları ekvivalentində
borcun (lizinq məbləği üzrə, faiz məbləği üzrə və cərimə) ödənilməsi tələbinə dair
iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla
əsaslandırılmışdır ki, lizinq alan lizinq müqaviləsinin tələblərini lazımınca
icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilənin şərtlərini
pozmuşdur.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli
qətnaməsi ilə “Faktor Lizinq” MMC-nin iddiası təmin edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci
il tarixli qətnaməsi ilə F.Hüseynovun apellyasiya şikayəti təmin edilməmiş,
birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan
sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 24 yanvar 2019-cu il tarixli qərarı
ilə F.Hüseynovun kassasiya şikayəti təmin edilərək apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün
həmin məhkəməyə göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il
tarixli qətnaməsi ilə F.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilmiş,
birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək lizinq
alandan lizinq mükafatı üzrə məbləğin bir hissəsinin tutularaq “Faktor Lizinq”
MMC-yə ödənilməsi, iddianın lizinq ödənişi və lizinq mükafatının tutulmasına
dair hissələrdə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən
saxlanılması qət edilmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli
qərarı ilə F.Hüseynovun kassasiya şikayəti qismən təmin edilərək apellyasiya
instansiyası məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş,
lizinq alandan lizinq məbləği, lizinq mükafatı, dəbbə pulu üzrə məbləğin
alınaraq “Faktor Lizinq” MMC-yə verilməsi, iddianın qalan hissədə təmin
edilməməsi qərara alınmışdır.
“Faktor Lizinq” MMC Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək
Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29 və
60-cı maddələrinin I hissəsinə, Azərbaycan Respublikası Mülki
Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157 və 748-1.12-ci
maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
(bundan sonra – Mülki Prosessual Məcəllə) 417.1.4 və 417.2-ci maddələrinə
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi
tərəfindən müəyyən edilmişdir ki, “Faktor Lizinq” MMC-nin mülkiyyətində olan
mübahisəli mənzil 16 iyun 2016-cı il tarixli müqaviləyə əsasən hər ay 1 782 ABŞ
dolları məbləğində pulun ödənilməsi şərti ilə 35 000 ABŞ dollarına F.Hüseynova
lizinqə verilmişdir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə
yetirməmiş və mənzili iddiaçıya verməkdən imtina etmişdir. Sonuncu dəfə 14
sentyabr 2016-cı il tarixində F.Hüseynova borcun ödənilmədiyi halda məhkəməyə
müraciət olunacağı barədə bildiriş göndərilsə də o, öhdəlikləri könüllü icra
etməkdən boyun qaçırmışdır.
İkinci dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
11 iyul 2019-cu il tarixli qətnaməsində Mülki Məcəllənin 747.1, 748-10.1,
748-10.4, 748-1.12.4-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh
öhdəliyini yerinə yetirməmiş və bu halda lizinq verənin lizinq obyektini geri
almaq, bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ
yaranmışdır.
Ali Məhkəmənin Mülki Kollegiyası 21 yanvar 2020-ci il tarixli
qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün
hallarını araşdırsa da, (bəzi hallarına) həmin hallara düzgün hüquqi qiymət
verməmişdir. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 747.1-ci
maddəsinə istinad edərək hesab etmişdir ki, həmin normanın tələbinə görə,
lizinq müqaviləsi üzrə nəzərdə tutulan məbləğin tam ödənilməsi halında lizinq
obyekti olan mənzil lizinq alanın mülkiyyətində qalmalıdır. Ona görə də lizinq
verən lizinq müqaviləsi üzrə lizinq borcunu və lizinq mükafatını tam tələb
etməkdə haqlı olsa da, lizinq obyekti olan mənzili tələb etməkdə haqlı
olmamışdır.
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya
şikayətində qaldırılan məsələlərin düzgün həll edilməsi üçün Konstitusiyanın və
mülki prosessual qanunvericiliyin ədalət mühakiməsinə aid normalarına, həmçinin
hal-hazırda qüvvədə olan mülki qanunvericiliyin lizinqi tənzimləyən bəzi
müddəalarına bir daha diqqət yetirilməsini zəruri hesab edir.
Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə,
lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən
müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi
də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan
müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq
alan və satıcıdır (mal verəndir). Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq
lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti
sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Bu Məcəllə ilə
müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən
rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər (Mülki
Məcəllənin 747-1.1, 747-1.3 və 747-1.5-ci maddələri).
Göründüyü kimi, istənilən hüquqi və ya fiziki şəxs lizinq alan
qismində istənilən əmlakı müvəqqəti sahibliyə və istifadəyə qəbul edə bilər.
Mülki Məcəllənin sadalanan maddələrində lizinq alanın sahibkarlıq fəaliyyəti
ilə məşğul olması barədə hər hansı tələb irəli sürülməmişdir. Eyniliklə lizinq
müqaviləsinin mühüm şərtlərini müəyyən edən Mülki Məcəllənin 748-ci maddəsində
lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə
götürülməsi, həmin obyektdən məhz gəlir götürmək məqsədi ilə istifadə
edilməsinə dair şərt göstərilməmişdir.
Mülki qanunvericilikdən fərqli olaraq Azərbaycan Respublikası Vergi
Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 140.1-ci maddəsinin 2018-ci il 30
noyabr tarixindən qüvvədə olan yeni redaksiyasına görə, müqavilə üzrə lizinq
alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər.
Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı
hüquqi mövqeyə görə, mövcud məsələ mülki xarakterli olmaqla Mülki Məcəllə ilə
tənzimlənir. Vergi Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, həmin Məcəllə ilə
müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və
müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi
aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər
hüdudlarında tətbiq olunur. Buna görə də Vergi Məcəlləsinin 140.1-ci maddəsində
müəyyən olunmuş tələblərə müstəsna olaraq vergi münasibətləri çərçivəsində
baxılmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və
747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28
dekabr tarixli Qərar).
Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən
sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas
vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır (Mülki Məcəllənin 747-2-ci
maddəsi).
Lizinq əməliyyatlarının hüquqi formalarını
tənzimləyən Mülki Məcəllənin 747-5.1-ci maddəsinə əsasən, lizinq
əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında
bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış
alğı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci
maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış
üçtərəfli müqavilədir.
Həmin Məcəllənin 747-5.2-ci maddəsindən göründüyü kimi,
lizinqlə əlaqədar bağlanılan alğı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə
tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir:
- lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək
üçün əldə edilir;
- lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan
lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alğı-satqı
müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir.
Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir: lizinq
müqaviləsinin adında lizinqin forması, lizinq obyektinin dəqiq təsviri, lizinq
obyekti üzrə verilən hüquqların həcmi, lizinq obyektinin verilmə yeri və
qaydası, lizinq müqaviləsinin müddəti, lizinq ödənişinin ümumi məbləği və
lizinqverənin mükafatının məbləği, hesablaşma qaydasını əks etdirən lizinq
ödənişlərinin qrafiki və s. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin
mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb
olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq
obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır (Mülki
Məcəllənin 748.2 və 748.3-cü maddələri).
Mülki Məcəllənin 748-1-ci maddəsində lizinq müqaviləsi
iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Məcəllənin
748-1.12-ci maddəsində göstərilmişdir ki, lizinq verənin aşağıdakı hallarda pul
məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq
müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
- lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq
müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;
- lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata
keçirirsə;
- lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun
istehlak keyfiyyətlərini pisləşdirirsə;
- lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə
nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq
ödəmirsə.
Lizinq zamanı mülkiyyət münasibətlərinə dair Mülki Məcəllənin
748-2.1, 748-2.2 və 748-2.5-ci maddələrində göstərildiyi kimi, lizinq alana
müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin
mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq
obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.
Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi
müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin
verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
Lizinq ödənişləri Mülki Məcəllənin 748-10.1-ci maddəsində lizinq
müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin
ümumi məbləği kimi müəyyən edilmişdir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə
lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun
tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin
748-10.4-cü maddəsinə uyğun olaraq, lizinq alanın lizinq ödənişlərinin
verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan
qüvvəyə minir. Bu Məcəllənin 748-10.6-cı maddəsinə əsasən, lizinq ödənişləri
bilavasitə lizinq verənin hesabına köçürülür.
Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin
amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri
xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq
obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən
məbləğ və s. daxildir (Mülki Məcəllənin 748-11.1.1, 748-11.1.2, 748-11.1.3,
748-11.1.5-ci maddələri).
Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid
şərtlərə lizinq alan tərəfindən əməl edilməsinin təmin edilməsi məqsədi ilə
lizinq verənə nəzarət etmək hüququ vermişdir. Belə ki, lizinq alan lizinq
verənin lizinqlə bağlı maliyyə sənədləri və lizinqin obyekti ilə maneəsiz tanış
olmaq və onlara baxış keçirilməsi imkanını təmin etməlidir (Mülki Məcəllənin
748-12.1 və 748-12.3-cü maddələri).
Yuxarıda sadalanan maddələrin təhlili belə nəticəyə gəlməyə imkan
verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq
alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz
əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi
nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən
ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli
olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət
hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq
ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından
sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin
hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə
dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.
Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə
hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq
ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun
mülkiyyətində qalır.
Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd
edildiyi kimi, Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində
qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində
müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl
edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq
obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri
üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini
və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini
vaxtından əvvəl ləğv etmək hüququ vermişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar, həmçinin
öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd
etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi
üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini
vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.
Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən
tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş
vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin
tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar
adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət
etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə
zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa
maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya
biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci
maddəsi).
Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq
münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə
borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki,
fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti
ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda
sui-istifadə edilməsinə yol verilmir.
Göstərilənləri nəzərə alaraq, lizinq alan lizinq müqaviləsinin
qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında
icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır.
İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir
ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik
xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin
hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
Qeyd edildiyi kimi, birinci və apellyasiya instansiyası məhkəmələri
tərəfindən müəyyən edilmişdir ki, lizinq alan lizinq müqaviləsində
müəyyənləşdirilmiş şərtlərə əməl etməmiş, bir neçə ay mənzildən istifadə üçün
haqqı ödədikdən sonra 3 aydan çox müddətdə bu haqqı ödəməkdən boyun qaçırmış,
bununla da lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və lizinq
müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranmışdır.
Kassasiya instansiyası məhkəməsi göstərilən məhkəmələrin müəyyən
etdiyi faktiki halların və Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinin
əksinə belə nəticəyə gəlmişdir ki, verilmiş mənzil lizinq alanda qalmalı,
lizinq verən isə lizinq borcunu və lizinq mükafatını tələb etməkdə haqlıdır.
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi lazım
bilir ki, Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq,
hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə
təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq
və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və
yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil
məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli
bərpa edilməsini nəzərdə tutur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa
Məhkəməsi) bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi
önəm vermişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, "mülki hüquq və
vəzifələr" ilə bağlı "mübahisə" yarandıqda, “İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci
bəndində şəxsin öz mülki hüquq və vəzifələri ilə bağlı məhkəməyə və ya tribunala
iddia ərizəsi ilə müraciət etmək hüququ təsbit edilmişdir. Bununla, həmin
maddənin bir xassəti də məhkəmələrdə mülki icraatın başlanmasına hüquq verən
“məhkəməyə müraciət etmək hüququ”ndan ibarətdir. Əlavə olaraq bura həm
məhkəmənin təşkili, həm də tərkibi, icraatın aparılması ilə əlaqədar 6-cı
maddənin 1-ci bəndində müəyyən edilən zəmanətlər əlavə olunur. Bütün bunların
hamısı ümumilikdə “ədalətli məhkəmə araşdırması” hüququnu təşkil edir (Qolder
Birləşmiş Krallığa qarşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar,
§ 36).
Məhkəmə müdafiəsi təminatının əsas mexanizmlərindən biri kimi çıxış
edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Mülki
Prosessual Məcəllədə öz əksini tapmışdır.
Mülki prosessual qanunvericiliyə uyğun olaraq, kassasiya
məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası
məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə
bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası
məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq
edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).
Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları
müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul
edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə
bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş
hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün
tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.
Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna
olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri
çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin birinci
və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərini öz üzərinə
götürməsi ilə nəticələnməməlidir. Həmin Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı
maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Əks yanaşma Azərbaycan
Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali
Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci
maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya
Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il, 21 may 2004-cü il, 3 avqust 2004-cü
il, 28 oktyabr 2004-cü il, 21 iyun 2010-cu il, 28 fevral 2012-ci il, 18 fevral
2014-cü il və 3 oktyabr 2016-cı il tarixli qərarlarında da öz əksini tapmışdır.
Ali Məhkəmənin Mülki
Kollegiyası isə hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən
araşdırılan və qiymətləndirilən hallara və sübutlara lazımi diqqət yetirmədən,
Mülki Məcəllənin 747.1-ci maddəsini yanlış təfsir edərək, həmin Məcəllənin
748.2.1, 748.2.2, 748.2.5 və 748-1.12-ci maddələrinin tələblərini nəzərə
almadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi,
F.Hüseynovdan lizinq məbləği, lizinq mükafatı və dəbbə pulu üzrə daha yüksək
məbləğin tutularaq “Faktor Lizinq” MMC-yə verilməsi, lizinq verənin lizinq
obyekti olan mənzili tələb etməkdə haqlı olmaması nəticəsinə gəlmişdir.
Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi Mülki Prosessual
Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya hüquqi
məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, apellyasiya instansiyası
məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək bu məhkəmə tərəfindən
müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə başqa
nəticələrə gəlmiş, bununla da “Faktor Lizinq” MMC-nin Konstitusiyada təsbit
edilmiş məhkəmə təminatı hüququnu pozmuşdur.
Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci
maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə
yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə
pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar
uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin)
reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda
məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək
azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu (lizinq alan) tərəfindən
pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq
verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla
razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Ali Məhkəmənin Mülki Kollegiyası isə lizinq alanın məsuliyyətinin
ölçüsünün, habelə tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasının
mümkünlüyünü nəzərə almamış, əksinə bu məbləği artıraraq nəticədə Mülki
Məcəllənin 467-ci maddəsinin tələblərinin pozulmasına səbəb olan 21 yanvar
2020-ci il tarixli qərar qəbul etmişdir.
Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu
belə nəticəyə gəlir ki, “Faktor Lizinq” MMC-nin F.Hüseynova qarşı 16 iyun
2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair mülki
iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı
Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 417.1.4 və
417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə
bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə
yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX
hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Faktor Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Fayaz Hüseynova
qarşı 16 iyun 2016-cı il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və s.
tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş
hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev