AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
H.Cəfərovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4
dekabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
14
fevral 2019-cu il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael
Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
ərizəçi Həşim Cəfərovun
vəkili Əlirza Habilovun,
ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ
kafedrasının dosenti Turqay Hüseynovun iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə müvafiq olaraq
konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında H.Cəfərovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4
dekabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.İsmayılovun məruzəsini, ərizəçinin vəkilinin çıxışını, ekspertin rəyini
dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Qaratel Məhərrəmova
cavabdehlər Həsən Hacıyev, notarius Anna Maxovikova və üçüncü şəxs H.Cəfərova
qarşı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə
müraciət etmişdir.
Rusiya Federasiyası Perm
şəhəri Dzerjinsk Rayon Məhkəməsinin (bundan sonra – Perm şəhəri Dzerjinsk Rayon
Məhkəməsi) 31 mart 2010-cu il tarixli qətnaməsi ilə Q.Məhərrəmovanın iddiası
təmin edilmiş, onun adından müəyyən hərəkətlərin yerinə yetirilməsinə dair H.Hacıyevə
səlahiyyət verən etibarnamə etibarsız hesab edilmişdir.
Sonradan Q.Məhərrəmovanın
ərizəsi əsasında həmin qətnamənin Azərbaycan Respublikası ərazisində tanınmasına
dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan
sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 4 dekabr 2017-ci il tarixli qərardadı
qəbul edilmişdir. Qərardadda göstərilmişdir ki, tərəflər arasında Azərbaycan
Respublikasının məhkəmələrində həmin etibarnamədən istifadə edilməklə bağlanmış
əqdlərin etibarsızlığı barədə mübahisələrə baxılmış, bu işlərə baxılarkən
Q.Məhərrəmovanın adından verilmiş 13 oktyabr 2005-ci il tarixli etibarnaməyə
münasibət bildirilsə də, həmin etibarnamənin etibarsız hesab edilməsi məsələsi
məhkəmə araşdırmasının predmeti olmamış və bu barədə Azərbaycan Respublikası
ərazisində qəbul edilmiş məhkəmə aktı mövcud deyil.
H.Cəfərov Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsinin 31 mart 2010-cu il
tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına dair Ali
Məhkəmənin Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadının
Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və
qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayətdə qeyd edilmişdir
ki, Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsində 31 mart 2010-cu il tarixli qətnamə
çıxarılanadək Azərbaycan Respublikasının məhkəmələrində eyni tərəflər arasında eyni
hüquqi mübahisəyə dair məsələyə artıq baxılmışdır. Ərizəçinin fikrincə, kassasiya
instansiyası məhkəməsi mübahisələndirilən qərardadı çıxararkən 2002-ci il
oktyabrın 7-də Kişinyov şəhərində imzalanmış, Azərbaycan Respublikasının 2004-cü
il 13 yanvar tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət
işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın
(bundan sonra – Kişinyov Konvensiyası) müddəalarını tətbiq etməmiş, eləcə də
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki
Prosessual Məcəllə) 465-ci maddəsinin tələblərinə riayət etməmiş, nəticədə onun
Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququ
pozulmuşdur.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 60-cı
maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının
inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə təminatı bir tərəfdən
hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət
etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və
onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.
İnsan hüquq və
azadlıqlarının məhkəmə tərəfindən qərəzsiz və ədalətli müdafiə edilməsi beynəlxalq
hüquqda da insanın ayrılmaz və toxunulmaz hüququ kimi tanınır. Belə ki, İnsan
hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı, “Vətəndaş və siyasi
hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə, hər bir şəxs, ona
qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər
hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı
qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən
ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
Konstitusiyanın 129-cu
maddəsinin I hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar
dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə
qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla
xüsusi önəm daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10,
24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli
Qərar).
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də hər hansı məhkəmə
tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına
uyğun olaraq məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir
(Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart və Stanova Bolqarıstana
qarşı iş üzrə 2017-ci il 19 yanvar tarixli Qərarlar).
Bir sıra hallarda
xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən qərarlar digər dövlətin
ərazisində də həmin dövlətin məhkəmə qərarları ilə bərabər hüquqi qüvvəyə malik
ola bilər. Məhkəmə prosesinin xarici ölkədə həyata keçirildiyi, onun tanınması
və icrasının Azərbaycan Respublikasında nəzərdə tutulduğu halda, həmin icraat
dövlətimizin beynəlxalq öhdəlikləri ilə yanaşı, Konstitusiyanın ədalət
mühakiməsinə dair əsas prinsiplərinə uyğun həyata keçirilməlidir.
Azərbaycan
Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması
və icrası qaydaları Mülki Prosessual Məcəllənin 47-50-ci fəsilləri ilə
tənzimlənir.
Mülki prosessual
qanunvericilik xarici dövlətin məhkəmə qətnamələrinin icrası və tanınması ilə
əlaqədar həmin qətnamələri iki qrupa bölür:
- icrası tələb
olunmayan qətnamələrin tanınması;
- məcburi icrası tələb
olunan qətnamələrin tanınması.
Xarici məhkəmələrin
Azərbaycan Respublikasında tanınan, icrası tələb olunmayan qətnamələri Mülki
Prosessual Məcəllənin 459-cu maddəsində sadalanmışdır. Xarici məhkəmələrin
icrası tələb olunan qətnamələrinin tanınması və icra edilməsi şərtləri isə
Mülki Prosessual Məcəllənin 458-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin
maddəyə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının
qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında
Azərbaycan Respublikasında tanınır və icra edilir.
Göründüyü kimi, mülki
prosessual qanunvericilik Azərbaycan Respublikasında xarici məhkəmə
qətnamələrinin tanınması və icra olunmasının üç halını müəyyən etmişdir:
- Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda;
- Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş
hallarda;
- qarşılıqlı anlaşma
əsasında.
Mülki Prosessual
Məcəllənin 458.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici
məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu
Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Kişinyov
Konvensiyasının 120-ci maddəsinin 4-cü bəndinin məzmununa müvafiq olaraq, “Mülki,
ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü
il 22 yanvar tarixli Minsk Konvensiyasının (bundan sonra – Minsk Konvensiyası)
və ona əlavə edilən Protokolun müddəaları, Kişinyov Konvensiyasının iştirakçısı
olan dövlətlə Minsk Konvensiyasına və ona əlavə edilmiş Protokola qoşulmuş,
lakin Kişinyov Konvensiyasının qüvvəsini tanımayan dövlət arasındakı
münasibətlərə tətbiq olunmaqda davam edir.
Beləliklə, Kişinyov Konvensiyasının bu
maddəsinin tələblərini və Rusiya Federasiyası tərəfindən həmin Konvensiyanın
ratifikasiya olunmadığını nəzərə alaraq qeyd olunmalıdır ki, Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında yaranmış münasibətlərə Minsk
Konvensiyasının müddəaları tətbiq olunur.
Minsk Konvensiyasının 55-ci
maddəsində qərarların tanınmasından və icrasından imtina halları müəyyən
edilmişdir. Həmin maddəyə uyğun olaraq, qərarların tanınması və icrasından imtina
edilməsi əsaslarından biri qərarın tanınmalı və icra edilməli olduğu Razılaşmış
Tərəfin ərazisində həmin iş üzrə əvvəllər eyni tərəflər arasında, eyni predmet
barəsində və eyni əsaslarla qanuni qüvvəyə minmiş qərarın və ya üçüncü dövlətin
məhkəməsinin tanınmış qərarının olması, yaxud həmin Razılaşmış Tərəfin orqanı
tərəfindən göstərilən iş üzrə əvvəllər icraatın qaldırılmasıdır.
Mülki Prosessual
Məcəllənin 458.2-ci maddəsi baxımından qeyd edilməlidir ki, eyni məsələni
tənzimləyən Mülki Prosessual Məcəllənin və Minsk Konvensiyasının müvafiq
maddələri arasında məzmun fərqi yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 465-ci
maddəsində də oxşar norma müəyyən edilmişdir. Həmin Məcəllənin 465.1.3-cü
maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar
üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa
və ya digər dövlətin məhkəməsində iş qaldırılmadan əvvəl Azərbaycan
Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet
barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa məhkəmənin qətnaməsini
məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir.
Konstitusiya
Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir
ki, məhkəmə belə işlərə baxarkən, ilk növbədə, Mülki Prosessual Məcəllənin 458
və 462-ci maddələrində göstərilən əsasların olub-olmamasını araşdırmalı, bundan
sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və
ya həmin Məcəllənin 465-ci maddəsində sadalanan xarici dövlətin məhkəmə
qətnaməsini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi üçün halların
mövcud olub-olmamasını müəyyən etməlidir (H.Babayevin şikayəti üzrə 2017-ci il
16 mart tarixli və F.Bayramovun şikayəti üzrə 2017-ci il 20 iyul tarixli
Qərarlar).
Həmçinin məhkəmələr hər
hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi
digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı
və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş
qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli,
ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından
çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan,
ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə
müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi
Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli
Qərarı).
Avropa Məhkəməsinin
hüquqi mövqeyinə uyğun olaraq, məhkəmə, xarici ölkənin məhkəmə qərarının
tanınması və icraya yönəldilməsinə dair vəsatətə baxarkən, ədalətli məhkəmə
araşdırmasının təmin edilməsi baxımından müvafiq qərarın ilkin olaraq
öyrənilməsini həyata keçirmədən verilmiş vəsatəti təmin edə bilməz. Bu cür
yoxlamaların həcmi isə işin xarakterindən asılı ola bilər (Avotinş Latviyaya
qarşı iş üzrə 2016-cı il 23 may tarixli Qərar).
Məhkəmələrdə baxılan mübahisənin predmetinə
gəlincə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 465.1.3-cü maddəsində məhkəmə
qərarını tanımaqdan və icra etməkdən imtina üçün əsas qismində mübahisələrin
zahiri eyniliyi meyarı çıxış edir. İddianın zahiri eyniliyi dedikdə, məhkəmə
tərəfindən baxılmış və ya baxılmaqda olan iddia ilə yeni verilmiş iddianın
eyniliyi başa düşülür. İki iddianın elementlərinin üst-üstə düşməsi iddiaçı üçün
neqativ, qadağanedici nəticələrə gətirib çıxarır.
Nəzərə alınmalıdır ki, mübahisənin
predmeti iddianın predmeti ilə eyniləşdirilə bilməz. Mübahisənin predmeti
nisbətən daha geniş anlayışdır. Belə ki, işin məhkəmə baxışı zamanı cavabdeh
tərəfindən qarşılıqlı iddia irəli sürülə bilər, həmin iddianın da predmeti Mülki
Prosessual Məcəllənin 220.3 və 264.0.3-cü maddələrinin məzmununa uyğun olaraq,
məhkəmə qərardadları və qətnamələrində mübahisə predmetinin tərkib hissəsi kimi
göstərilməlidir.
Bununla yanaşı, məhkəmə
araşdırması zamanı, əsas iddia ərizəsində göstərilməsindən, yaxud sonradan işə
baxılması əsnasında meydana gəlməsindən asılı olmayaraq, işin ədalətli həlli
üçün əhəmiyyət kəsb edən bir sıra mübahisəli məsələlərin həllinə yol verilir.
Bu baxımdan mübahisənin predmeti dedikdə, yalnız əsas iddianın deyil, eyni
zamanda qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının predmeti, habelə tərəflərdən
heç birinin qaldırmadığı, lakin məhkəmə tərəfindən müstəqil olaraq, maddi və prosessual
hüquq normalarının tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll
edilən məsələlər də başa düşülməlidir.
Məhkəmənin bu cür
hərəkətləri mübahisə edən tərəflərin dispozitiv hüquqlarına müdaxilə olsa da, bu,
məhkəmə prosesi çərçivəsində işi düzgün həll etmək niyyətindən irəli gəlir və konstitusiya
əhəmiyyəti olan prosessual qənaət və prosessual hüquqlardan sui-istifadənin
yolverilməzliyi prinsiplərinin həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının
məhkəmələri tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki,
etibarnamənin etibarsızlığı nə əsas iddianın, nə də qarşılıqlı iddianın
predmeti olmamışdır. Lakin məhkəmələr iddiada qaldırılan məsələnin düzgün həll
edilməsi üçün qeyd edilən halı araşdırıb hüquqi qiymət verərək, onu mübahisə
predmetinin tərkibinə daxil etmişlər.
Belə ki, Bakı şəhəri
Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli, habelə Bakı
Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnamələrində məhkəmələr
hesab etmişlər ki, iddiaçı Q.Məhərrəmovanın adından cavabdeh H.Hacıyevə
verilmiş 13 oktyabr 2005-ci il tarixli etibarnamədəki imzanın Q.Məhərrəmova
tərəfindən icra olunmaması həmin etibarnamədən aşkar surətdə görünür və bu hal
mübahisəli əmlaka dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin
ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı Q.Məhərrəmovanın adından
13 oktyabr 2005-ci il tarixində cavabdeh H.Hacıyevin adına verilmiş etibarnamə
Q.Məhərrəmovanın 2 iyun 2004-cü il tarixində qardaşı B.Məhərrəmova başqa şəxsə
etibar etmək hüququ ilə verdiyi etibarnamə əsasında sonuncu tərəfindən
imzalanmışdır. Belə vəziyyətdə göstərilən etibarnamənin Q.Məhərrəmovanın
əvəzindən B.Məhərrəmov tərəfindən imzalanmasında və bu əsasla həmin
etibarnamədəki imzanın Q.Məhərrəmova tərəfindən icra olunmamasında hər hansı formada
qanunsuzluq müəyyən olunmur.
Beləliklə, Perm şəhəri
Dzerjinsk Rayon Məhkəməsində iddia qaldırılmazdan əvvəl eyni şəxslər arasında mübahisəli
etibarnamənin etibarsızlığı məsələsi Azərbaycan Respublikası məhkəmələrinin
icraatında artıq mübahisə predmeti olmuşdur. Bu isə Mülki Prosessual Məcəllənin
465.1.3-cü maddəsinin tələblərinə görə, xarici dövlətin məhkəmə qətnaməsini
məcburi qaydada icra etməkdən və tanımaqdan imtina üçün əsasdır.
Qeyd edilənlərə
baxmayaraq, kassasiya instansiyası məhkəməsi qanunvericilik normalarının
tələblərinə lazımi qaydada əməl etməyərək xarici məhkəmə qətnaməsinin tanınması
üçün əsasların olub-olmamasını yetərincə araşdırmamış, həmin qətnamənin məcburi
qaydada tanınmasından imtina edilməsinə yol verən halların mövcudluğuna diqqət
yetirməmişdir.
Yuxarıda göstərilənləri
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Perm
şəhəri Dzerjinsk Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli qərarının
Azərbaycan Respublikası ərazisində tanınmasına dair Ali Məhkəmənin Mülki
Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı
maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 458.2 və 465.1.3-cü maddələrinə
uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Rusiya Federasiyası Perm şəhəri
Dzerjinsk Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli qərarının Azərbaycan
Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadı Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 458.2 və 465.1.3-cü maddələrinə
uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş
hüquqi mövqelərə uyğun olaraq yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə
minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq
qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev