AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair
17 may 2021-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini,
maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının sədri V.Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin
İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan
Respublikası Mərkəzi Bankının Baş direktoru R.Orucovun mülahizələrini, ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
dosenti, hüquq üzrə elmlər doktoru S.Əliyevin rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəasının şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd olunur ki, məhkəmənin icraatında olan inzibati xəta haqqında iş materiallarına görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi (bundan sonra – Sumqayıt Baş Gömrük İdarəsi) tərəfindən “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən hüquqi şəxs tərəfindən gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək konsiqnasiya yolu ilə Gürcüstan Respublikasına ixrac olunmuş yükün müqabilində Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaiti (521,58 ABŞ dolları) xaricdən qaytarılmamışdır.
Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin xarici iqtisadi fəaliyyəti nəticəsində 521,58 ABŞ dollarını əldə etməsi barədə sübutun təqdim edilməməsi əsası ilə xitam verilmişdir.
Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən həmin qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.
Müraciətedən qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranmasının əsası kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xarici valyuta vəsaitinin əldə edilməsi və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan həmin vəsaitin xaricdən qaytarılmaması çıxış edir.
Əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 12.1-12.3-cü bəndlərinə istinad edilərək bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasında olduğu kimi, Qaydaların 12.3-cü bəndində də “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası nəzərdə tutulmuşdur.
Müraciətedənin qənaətinə görə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyası ilə inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir, vəsaitlər əldə edilmədiyi halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz.
Eyni zamanda müraciətdə göstərilir ki, xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxslər arasında bağlanmış sadə alğı-satqı müqaviləsi üzrə alıcının təhvil aldığı malların tam dəyərini 180 gün müddətində ödəməməsi və ya gecikdirməsi həmin Qaydaların 12.1 və 12.2-ci bəndləri ilə tənzimlənmir. Belə ki, Qaydalarla nəzərdə tutulan münasibətlər malların konsiqnasiya (sonradan satılmaq məqsədilə malın bir şəxsdən digər şəxsə verilməsi) yolu ilə ixrac edilməsini ehtiva edir.
Qeyd edilənləri nəzərə alaraq müraciətedən insan və vətəndaş hüquq və azadlıqlarının, şəxslərin iqtisadi maraqlarının qorunması, o cümlədən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəasının şərh edilməsini xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli Qərar).
Müasir dövrdə iqtisadi münasibətlərin və xarici ticarət əlaqələrinin həcminin artması iqtisadi fəaliyyətin inkişafı üçün yaradılmış münbit şəraitə əsaslanır. Xarici iqtisadi fəaliyyət ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq, maliyyə, valyuta və kredit münasibətlərinin məcmusu kimi çıxış edir. Xarici iqtisadi fəaliyyət dedikdə, həmçinin satış məqsədi ilə xarici bazara ixrac olunan mallara yönəlmiş sahibkarlıq fəaliyyəti başa düşülür.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Valyuta tənzimi haqqında” Qanun) Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.
Həmin Qanunun 1-ci maddəsinin 3-cü hissəsində xarici valyuta aşağıdakı kimi müəyyən edilmişdir:
a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları;
b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər.
“Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir.
Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir.
Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir.
Belə ki, 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır.
Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri).
Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.
Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir.
Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.
Müraciətdə qaldırılan məsələlərdən biri xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxslər arasında əməliyyatlar konsiqnasiya ilə deyil, digər hesablaşma üsulu ilə həyata keçirildiyi zaman müqavilə üzrə alıcı tərəfindən təhvil alınan malların dəyərinin məhz 180 gün ərzində qaytarılıb-qaytarılmaması ilə bağlıdır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, beynəlxalq təcrübədə müəssisə və təşkilatlar ixrac əməliyyatlarını ölkədə istehsal və emal edilmiş malların ixracı, təkrar ixrac, müvəqqəti ixrac, kreditə ixrac, barter və digər əməliyyatlar formasında həyata keçirirlər.
Əməliyyatın formasından asılı olmayaraq malın dəyərinin ödənilməsi əvvəlcədən ödəmə, akkreditiv, konsiqnasiya formasında, malın dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi isə ixracdan sonra ödənilməklə, bank zəmanəti və s. qarşılıqlı hesablaşma üsulu ilə həyata keçirilə bilər.
Beləliklə, Qaydaların 12.2-ci bəndində ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin 180 gün ərzində ixracatçıya ödənilməsi yalnız konsiqnasiya ilə ixrac edilən mallara münasibətdə nəzərdə tutulsa da, “Valyuta tənzimi haqqında” Qanun bu müddəti ümumi qaydada ixracın bütün qarşılıqlı hesablaşma üsullarına aid etmişdir.
Belə olan halda həmin müddətin “Valyuta tənzimi haqqında” Qanunda müəyyən edilmiş digər qarşılıqlı hesablaşma üsullarına aid edilib-edilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hüquq kolliziyalarının mövcudluğu istənilən qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Məhz buna görə uzun illər ərzində müxtəlif ölkələrin hüquq təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori) və məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi nəticəsində aradan qaldırılır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 8 oktyabr tarixli Qərar).
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 11-ci maddəsi ilə normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasında üstünlük ilk növbədə iyerarxiya prinsipinə verilmişdir.
Həmin Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən, nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.
Konstitusiyanın 148 və 149-cu maddələrinə, eləcə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 11-ci maddəsinin məzmununa müvafiq olaraq “Valyuta tənzimi haqqında” Qanun qeyd edilən Qaydalara münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
“Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində isə “cari valyuta əməliyyatı” əməliyyatın forması və hesablaşma üsulu konkretləşdirilmədən malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi kimi müəyyən edilmişdir.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır.
Qaydaların 12.3-12.5-ci bəndlərinə görə, Dövlət Gömrük Komitəsi ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin ölkəyə köçürülməsinə və gətirilməsinə nəzarət edən orqan kimi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsini təmin etməlidir.
Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürməli, Palata isə müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Dövlət Gömrük Komitəsinə məlumat verməlidir.
Məlum olduğu kimi, “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.
Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur:
- xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi;
- əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması.
Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir.
Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər.
Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.
Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri).
Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir.
Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır;
- İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur;
- İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev