Decisions

07.01.21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair

 

 

7 yanvar 2021-ci il                                                                        Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri E.Əsgərovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun və Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Əkbərovun mülahizələrini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ: 

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 332.3-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qeyd olunmuş cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davamı olaraq qəbul olunmuş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanununda dekriminallaşdırılan hərbi xidmət əleyhinə olan cinayət əməllərinə həmin Məcəllənin 332-ci maddəsi ilə nəzərdə tutulmuş “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma” da aid edilmişdir. Sözügedən Qanun qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 332-ci maddəsinin tətbiqində bir sıra çətinliklər yaranmışdır.      

Belə ki, Cinayət Məcəlləsinin 332.1-ci maddəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulmasına görə cinayət məsuliyyəti zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurulması ilə şərtləndirilmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması və ya digər ağır nəticələrə səbəb olmasına görə məsuliyyət müəyyən edən Məcəllənin 332.3-cü maddəsi cinayət məsuliyyətinin əsası kimi həmin Məcəllənin 332.1-ci maddəsində əks olunmuş əməllərin törədilməsini nəzərdə tutur. Belə olan təqdirdə isə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması ilə müşayiət olunmayan, lakin müvafiq ağır nəticələrə səbəb olmuş təqsirkarın əməlinin Cinayət Məcəllənin 332.3-cü maddəsi ilə tövsif olunması qeyri-mümkün olur.

Göstərilənləri nəzərə alaraq, Prokurorluq Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət prinsiplərini, o cümlədən hüquqtətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək  məqsədi ilə Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti bəyan edilmişdir. Bu niyyətin həyata keçirilməsi məqsədilə dövlət vətəndaşlara münasibətdə vəzifələr müəyyən etmişdir. Konstitusiyanın IV fəslində nəzərdə tutulan  vətəndaşların əsas vəzifələrindən biri də vətəni müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin I hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

Hərbi xidmət keçmənin qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi və digər qanunvericilik aktları ilə müəyyən olunur. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizama ciddi riayət olunmaması cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin pozulması ilə nəticələnir. Hərbi xidmət keçmə qaydalarına dönmədən və mütəmadi əməl edilməsi hərbi intizamın mahiyyətini təşkil edir. Möhkəm hərbi intizam Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biridir.

Qanunverici tərəfindən hərbi xidmət əleyhinə olan cinayət xarakterli əməllərin müəyyən edilib cəzalandırılmasının şərtləndirilməsi, ilk növbədə, hərbi intizamın bərqərar olunmasına və möhkəmləndirilməsinə xidmət edir. Hərbi xidmət əleyhinə olan cinayətlərə görə məsuliyyət Cinayət Məcəlləsinin müvafiq bölməsində öz əksini tapmışdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin şərh edilməsinə dair” 2005-ci il 18 iyul tarixli Qərarı).

Hərbi xidmət əleyhinə olan cinayətlərdən biri də tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla qanunvericiliklə müəyyən edilmiş nəticələrə səbəb olan əməllərdir. Belə ki, Cinayət Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma cinayət məsuliyyəti yaradır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar).

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələnin həlli üçün, ilk növbədə, şərh olunan cinayətin ictimai təhlükəliliyi və onun tərkib əlamətləri nəzərdən keçirilməlidir.

Cinayət Məcəlləsinin 332-ci maddəsində göstərilən əməlin ictimai təhlükəliliyi hərbi hüquq qaydasının, Azərbaycan Respublikası silahlı qüvvələrinin nizamnamə qaydalarının pozulması və zərərçəkmiş şəxsin sağlamlığına və ya əmlakına zərər vurulmasında ifadə olunur. Qeyd olunan cinayətin obyektini hərbi qulluqçular arasındakı qarşılıqlı münasibətlərin hərbi nizamnamələrdə təsbit edilmiş qaydaları və zərərçəkmiş şəxsin sağlamlığı təşkil edir. Cinayətin obyektiv cəhəti tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarının pozulması ilə digərinin sağlamlığına zərər vurulmasından ibarətdir. 

Əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir.

Cinayət tərkibi əlamətlərinin zəruri və fakultativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət tərkibinin konkretləşdirilmiş və qiymətləndirici əlamətlərinin də böyük hüquqi əhəmiyyəti vardır. Konkretləşdirilmiş əlamətlər Cinayət Məcəlləsinin normalarının mətnində birmənalı müəyyənləşdirilmişdir. Məsələn, oğurluq cinayətlərində vurulmuş ziyanın məbləği (177-ci maddənin “Qeyd” hissəsi), iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə xeyli və külli miqdarda vurulmuş ziyanın həddi (190-cı maddənin “Qeyd” hissəsi) və s. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il 23 aprel tarixli Qərar).

Həmçinin qeyd olunmalıdır ki, cinayət hüquq nəzəriyyəsində müvafiq əməlin ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olaraq cinayət tərkibləri 2 qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlər qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir.

Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur və belə cinayət tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır.

Cinayət Məcəlləsinin 332-ci maddəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması onun səbəb olduğu nəticələrə və törədilmə üsullarına görə bir-birindən fərqləndirilmişdir.

Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməl maddi tərkibli cinayət olmaqla, müvafiq maddə ilə məsuliyyətin yaranması üçün tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması ilə yanaşı, ictimai təhlükəli nəticə, yəni zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurulma da maddənin dispozisiyasına daxil edilməklə zəruri əlamət kimi müəyyən edilmişdir.

Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulmasının zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması və ya digər ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti isə Cinayət Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır.

Cinayət Məcəlləsinin 332.3-cü maddəsi də maddi tərkibli quruluşa malik olmaqla, Məcəllənin 332.1-ci maddəsindən fərqli ictimai təhlükəli nəticələri nəzərdə tutmuşdur. Belə ki, müvafiq qaydaların pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına və ya digər ağır nəticələrə səbəb olduqda Məcəllənin 332.3-cü maddəsi ilə məsuliyyət yaranır. Sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 332.1-ci maddəsindən fərqli olaraq, bu maddədə sağlamlığa ağır zərər vurma və ya digər ağır nəticələrə səbəb olma zəruri əlamət kimi müəyyən edilmişdir.   

Beləliklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin,  zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma və ya digər ağır nəticələrə səbəb olma isə Məcəllənin 332.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi müəyyən edilərək qəsd obyekti konkretləşdirilmiş və bununla da oxşar cinayətlər bir-birindən fərqləndirilmişdir.

Belə olan halda isə Cinayət Məcəlləsinin 332.3-cü maddəsində “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” dedikdə həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması başa düşülməlidir.

Əks yanaşma, yəni Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin tərkibini yaradan sağlamlığa qəsdən yüngül zərər vurmanın 332.3-cü maddəsinə münasibətdə zəruri əlamət kimi qəbul edilməsi, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə ədalətli cəza təyin edilməməsinə və s. səbəb ola bilər.

Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsas prinsiplərindən olan qanunçuluq, ədalət və təqsirə görə məsuliyyət prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə qeyd etmişdir ki, şəxs cinayət məsuliyyətinə cəlb olunarkən və ona cəza təyin edilərkən Cinayət Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 5.1, 7.1 və 8.1-ci maddələri).

Qanunçuluğun ümumi prinsiplərinə söykənən cinayət hüququnun prinsipləri hüquq normalarında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayət hüququ yaradıcılığının və bu hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir. Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız  cinayət qanunu əsasında yol verilməsindən ibarətdir.

Göstərilənlərə əsasən və Cinayət Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət və ədalət prinsiplərini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

 Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” müddəası həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan yalnız “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” əməlini ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.        Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” müddəası həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan yalnız “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” əməlini ehtiva edir.

2.        Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.        Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

   

 

Sədr                                                                   Fərhad Abdullayev