AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan
Respublikasının Referendum Aktının layihəsinə rəy verilməsinə dair
25 iyul 2016-cı
il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
(məruzəçi-hakim) ibarət tərkibdə,
Fəraid Əliyev və Elməddin
Hüseynovun katibliyi ilə,
xüsusi konstitusiya icraatında
maraqlı subyektin qanuni nümayəndəsi Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin
müdiri Şahin Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsinə müvafiq
olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan
Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 153-cü
maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının
layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün
təqdim edilməsinə dair 2016-cı il 18 iyul tarixli 2212 saylı Sərəncamı ilə
bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakimlər
R.Qvaladze və K.Şəfiyevin məruzələrini, maraqlı subyektin qanuni nümayəndəsi
Ş.Əliyevin çıxışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 153-cü
maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının
layihəsini rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiyasında
aşağıdakı dəyişikliklərin edilməsini təklif edir:
1. 9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada
verilsin:
“I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və
müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr
Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”.
2. 24-cü maddədə:
2.1. I və II hissələr, müvafiq olaraq, II və III
hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:
“I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.”;
2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Hüquqlardan sui-istifadəyə yol verilmir.”.
3. 25-ci maddədə:
3.1. III hissənin birinci cümləsində “milliyyətindən”
sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü
“etnik” sözü ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda VI hissə əlavə edilsin:
“VI. Fiziki və əqli qüsurları olanlar, onların məhdud
imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu
Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri
daşıyırlar.”.
4. 29-cu maddədə:
4.1. V hissə VII hissə hesab edilsin;
4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə
edilsin:
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə
məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”.
5. 32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII
hissələr əlavə edilsin:
“VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla,
üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız
üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar
ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli
statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna
olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini
və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların
emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla
müəyyən edilir.”.
6. 36-cı maddədə:
6.1. II hissədən “və digər silahlı birləşmələrdə”
sözləri çıxarılsın;
6.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla,
lokaut qadağandır.”.
7. 47-ci maddənin III hissəsində “sosial” sözündən
sonra “və hər hansı digər meyara əsaslanan” sözləri əlavə edilsin.
8. 49-cu maddənin II hissəsində “etməklə” sözündən
sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözləri əlavə
edilsin.
9. 53-cü maddənin I hissəsində “heç bir halda” sözləri
çıxarılsın və “vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş
itirilmə halları istisna olmaqla)” sözləri əlavə edilsin.
10. 56-cı maddənin III hissəsində “seçkilərdə iştirak
etmək” sözləri “seçilmək” sözü ilə əvəz edilsin.
11. 57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada
istifadə edə bilərlər.”.
12. 58-ci maddənin IV hissəsinin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər
hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət
hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən
birliklər qadağandır.”.
13. 59-cu maddədə:
13.1. maddənin mətni I hissə hesab edilsin və həmin
hissədən “qanunla nəzərdə tutulmuş qaydada” sözləri çıxarılsın;
13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət
maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni
həyata keçirir.”.
14. 60-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə
təminatı
I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada
və məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz
yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan
müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində
dinlənilmək hüququ vardır.
IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların,
hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və
hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.
15. 68-ci maddədə:
15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;
15.2. I və II hissələr, müvafiq olaraq, II və III
hissələr hesab edilsin;
15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə
edilsin:
“I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə
özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;
“IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət
qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan
hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına
görə mülki məsuliyyət daşıyır.”.
16. 71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət
tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”.
17. 85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı
olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə
əvəz edilsin.
18. 89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci
yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və
həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:
“6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin
tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış
qaydalarını kobud surətdə pozduqda.”.
19. Aşağıdakı məzmunda 981-ci maddə əlavə
edilsin:
“Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin
buraxılması
Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı
bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin
təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara
üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş
müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci
maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində
göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra
etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Milli Məclisini buraxır.”
20. 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,”
sözləri çıxarılsın.
21. 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi
ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”.
22. Aşağıdakı məzmunda 1031-ci maddə əlavə
edilsin:
“Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri
I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilirlər.
II. Azərbaycan Respublikasının vitse-prezidenti
vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa
dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı
təyin edilir.”.
23. 105-ci maddədə:
23.1. I hissənin birinci cümləsində “üç ay ərzində”
sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri
“Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin;
23.2. II hissədə “Baş naziri” sözləri “Birinci
vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli
Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan
Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz
edilsin;
23.3. III hissə aşağıdakı redaksiyada verilsin:
“III. Bu maddənin II hissəsində göstərilən səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda,
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Baş naziri icra edir.”;
23.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin
sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi
mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən
icrası haqqında qərar qəbul edir.”.
24. Aşağıdakı məzmunda 1061-ci maddə əlavə
edilsin:
“Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin
toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının vitse-prezidenti
cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət
məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati
tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi
müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının vitse-prezidenti
cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu
barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan Respublikasının vitse-prezidentinin
toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına
əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.”.
25. Aşağıdakı məzmunda 1081-ci maddə əlavə
edilsin:
“Maddə 1081. Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin təminatı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və
onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə
xidmətləri təmin edir.”.
26. Aşağıdakı məzmunda 1101-ci maddə əlavə
edilsin:
“Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq
müqavilələr bağlamaq hüququnun verilməsi
Azərbaycan Respublikasının Prezidenti
dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu
vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə
bilər.”.
27. 121-ci maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
“Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin
müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə
seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər
qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin
edilir.”.
28. 126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı
olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin.
29. Aşağıdakı məzmunda 1461-ci maddə
əlavə edilsin:
“Maddə
1461. Bələdiyyələrin məsuliyyəti
Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə,
bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində
insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının
pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə
dair aşağıdakıları qeyd edir.
Referendum xalq
hakimiyyətinin və xalqın iradəsinin bilavasitə təzahürü olmaqla, dövlət və hər
bir vətəndaş üçün ən vacib məsələlərin ümumxalq səsverməsi yolu ilə həlli
forması kimi demokratiyanın mühüm institutudur.
Azərbaycan
Respublikasında referendum keçirilməsinin hüquqi əsasları Azərbaycan
Respublikası Konstitusiyasının xalq hakimiyyətinə dair ümumi müddəalarında öz
əksini tapmışdır. Bu müddəalara müvafiq olaraq, sərbəst və müstəqil öz
müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan
xalqının suveren hüququdur (Azərbaycan Respublikası Konstitusiyasının 2-ci
maddəsinin I hissəsi). Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı
olan hər bir məsələni referendumla həll edə bilər. Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi yalnız
referendumla həll oluna bilər (Azərbaycan Respublikası Konstitusiyasının 3-cü
maddəsinin I hissəsi və II hissəsinin 1-ci bəndi).
Azərbaycan
Respublikası Konstitusiyasının 152-ci maddəsində bir daha vurğulanmışdır
ki, Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.
Azərbaycan
Respublikası Konstitusiyasının 153-cü maddəsində nəzərdə tutulmuş qaydalara görə,
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan
Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.
Azərbaycan
Respublikası Konstitusiyasının 155-ci maddəsinə əsasən, Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci
və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində
nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan
daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla
bilməz.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 61.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası
Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər
edilməsi haqqında təkliflərinə mahiyyəti üzrə Konstitusiya Məhkəməsinin
Plenumunda baxılması onların dərc olunduğu gündən ən geci 7 gün keçənədək
başlanmalıdır.
Həmin Qanunun 61.4-cü
maddəsinə görə isə Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin
Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə
uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təqdim olunmuş təkliflərə baxaraq qeyd edir ki,
Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan
dəyişikliklər hüquqi nöqteyi nəzərdən Konstitusiyanın normalarının, habelə ali
dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə,
hüquq və azadlıqların daha səmərəli müdafiəsinə və təmin olunmasına
yönəldilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş Referendum Aktının
layihəsində göstərilən təkliflər sırasında Azərbaycan Respublikası Konstitusiyasının
155-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının Konstitusiyasında
dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması halları aşkar
edilmədi.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif
olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan
Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmır və Azərbaycan
Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, növbəti seçkilər
nəticəsində seçilmiş Azərbaycan Respublikası Milli Məclisindən fərqli olaraq,
növbədənkənar seçki nəticəsində seçilən Azərbaycan Respublikası Milli
Məclisinin səlahiyyət müddəti məhduddur. Bu halın Referendum Aktının layihəsində
öz əksini tapması və layihədə təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi məqsədə müvafiq
olardı:
“II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli
Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda
Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar
seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının
səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsini və 153-cü
maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
61-63, 65-67-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Prezidentinin
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi
haqqında təkliflərinə aşağıdakı rəy verilsin:
“Azərbaycan
Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının
layihəsində təklif olunan dəyişikliklər Azərbaycan Respublikası
Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur”.
2.
Azərbaycan Respublikasının Referendum Aktının
layihəsində təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi məqsədə müvafiq hesab
edilsin:
“II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli
Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda
Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar
seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının
səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.
3. Qərar elan olunduğu andan qüvvəyə
minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq
qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya
vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev