AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
QƏRARI
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin
“Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair
23 aprel 2018-ci
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin,
maraqlı
subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov
və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi
qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayevanın,
ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Cinayət hüququ və
kriminologiya kafedrasının professoru, hüquq üzrə elmlər doktoru
Şəhla Səmədovanın,
mütəxəssislər
Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının sədri Şahin
Yusifov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin rəis müavini, Apellyasiya və kassasiya instansiyası
məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Mürvət Həsənov
və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya
İdarəsinin şöbə rəisi Nahid Məmmədzadənin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq
xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin
həmin Məcəllənin 16 və 177.2.2-ci maddələri, Azərbaycan Respublikası
Konstitusiyasının 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 7-ci
maddələri baxımından şərh olunmasına dair Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş
üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi)
177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin həmin Məcəllənin 16
və 177.2.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 7-ci maddələri
baxımından şərh olunmasını xahiş etmişdir.
Müraciətdə
göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə A.Həmzəyevin Cinayət
Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair hökmdən verilmiş
apellyasiya protestinə əsasən cinayət işi daxil olmuşdur. Həmin cinayət işi
üzrə məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təkrarən
oğurluq cinayətləri törətmişdir.
Belə ki,
o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 sentyabr 2015-ci il
tarixində yaşayış binasının liftinin maşın bölməsindən bir ədəd əyləc dolağını
gizli olaraq talamaqla əmlak mülkiyyətçisinə 106 manat ziyan vurmuşdur.
Daha
sonra A.Həmzəyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci il 11
sentyabr tarixindən 24 dekabr tarixinədək müxtəlif binalarda yerləşən liftlərin
maşın bölməsindən naqilləri ayırıb, hər birinin dəyəri 106 manat olan əyləc
dolaqlarını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə hər bir epizod üzrə 106
manat ziyan vuraraq 62 epizod üzrə təkrarən oğurluq cinayətləri törətmişdir.
A.Həmzəyev
göstərilən hərəkətlərə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr
2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə
tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 3 ay müddətinə
azadlıqdan məhrum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası
Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddəti müəyyən
olunmaqla şərti olaraq tətbiq edilmişdir.
Dövlət
ittihamçısı apellyasiya protesti verərək Cinayət Məcəlləsinin 70-ci maddəsinin
tətbiqinə dair müddəanın hökmdən xaric edilməsini və A.Həmzəyevə Cinayət
Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyaya uyğun azadlıqdan
məhrumetmə növündə cəza təyin olunmasını xahiş etmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin qənaətinə görə, əməlin təkrar oğurluq kimi tövsif
edilməsi üçün əvvəl (ilkin) törədilmiş əməl üzrə vurulmuş ziyanın məbləğinin
beş yüz manatdan, təkrar törədilməsi halında isə yüz manatdan artıq olmasının
tələb edilib-edilməməsi məsələsinə qanunvericilikdə aydınlıq gətirilməməsi
hüquqi müəyyənlik prinsipini pozaraq məhkəmə təcrübəsində çətinliklər yaradır.
Belə ki, Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində
nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş
yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan
vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1–177.2.3-2, 177.2.5 və
177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və
ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda
yaranır. Göründüyü kimi, sadə şəkildə oğurluq cinayəti üzrə məsuliyyətin
yaranması üçün mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın
məbləği beş yüz manatdan, təkrar törədilməsi halında isə yüz manatdan artıq
olmalıdır.
Müraciətedənin
qənaətinə görə, eyni əməllər təkrar törədildikdə vurulmuş ziyanın
məbləğindən asılı olaraq onlara hüquqi qiymət verilməsi ilə bağlı vahid məhkəmə
təcrübəsinin formalaşdırılması üçün göstərilən maddələrin şərh edilməsi
zərurəti yaranmışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib
hesab edir.
Konstitusiyanın
13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Mülkiyyət
iqtisadi və hüquqi kateqoriya olub, özündə mülkiyyətçinin əldə etdiyi və ona
məxsus maddi sərvətlərə malik olmaq, onlardan istifadə etmək və onlara dair
sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusunu təşkil edir.
Hüquq normaları ilə tənzimlənərkən bu münasibətlər hüquqi forma alır və hüquqi
qaydada mülkiyyətçinin, ona məxsus daşınar və daşınmaz əmlaka malik olmaq,
ondan istifadə etmək və ona dair sərəncam vermək kimi hüquqları ilə ifadə
olunur.
Mülkiyyət,
həmçinin cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş
və onun qorunması Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən
olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, bu
Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən,
insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti,
ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan
Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan,
habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
Onu da
qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan
cinayətlərdən bəhs edən normaları qanunverici tərəfindən daim təkmilləşdirilir.
Azərbaycan
Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar
olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin
genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamı
ilə cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə
törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə
tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin
dekriminallaşdırılması və bunun nəticəsində daha geniş alternativ cəzaların
tətbiqi nəzərdə tutulmaqla növbəti islahatların həyata keçirilməsinə mühüm
təkan verilmişdir. Sərəncamın icrası ilə əlaqədar qəbul olunmuş “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 nömrəli Qanunu
ilə Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bir çox
maddələrinə, o cümlədən Məcəllənin 177-ci maddəsinə və onun “Qeyd” hissəsinə
dəyişikliklər edilmişdir.
Cinayət
Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasına və “Qeyd” hissəsinə edilmiş
dəyişikliklərdə, cinayət məsuliyyətinin əmlakın mülkiyyətçisinə və ya
digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan
məbləğdə ziyan vurulduğu hallarda yaranması və üç yüz altmış saatdan dörd yüz səksən
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Bu dəyişikliklərdən əvvəl isə
oğurluq cinayətinə görə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər
sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan
məbləğdə ziyan vurulduğu hallarda yaranırdı (Cinayət Məcəlləsinin 2017-ci il 1
dekabr tarixindən ləğv edilmiş mətni).
Beləliklə,
ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan
cinayətlərin ilk dəfə törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğ yüz
manatdan beş yüz manatadək artırılmışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu bu dəyişiklikləri nəzərə alaraq Cinayət Məcəlləsinin
müvafiq normalarının təhlil olunmasını zəruri hesab edir.
Cinayət
Məcəlləsinin 23-cü fəsli mülkiyyət əleyhinə olan cinayətlərə həsr olunmuşdur.
Bu kateqoriyadan olan cinayətlərə oğurluq, dələduzluq, mənimsəmə və ya israf
etmə, soyğunçuluq, quldurluq və s. cinayət əməlləri aiddir. Həmin cinayətlər
arasında talama cinayətləri xüsusi yer tutur.
Talama –
özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd yolla və əvəzsiz olaraq, həmin
əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və
ya başqa şəxslərin xeyrinə keçirmədir.
Cinayət
Məcəlləsinin 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi
müəyyən etmişdir. Bu cinayətin obyektiv cəhətini təşkil edən götürmənin gizli
üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı
təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz
sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm
mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa
düşülür.
Oğurluq
cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi
qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Cinayət
tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin böyük əhəmiyyəti
vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki,
onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün
cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol
oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini
səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv
tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir.
Cinayət
tərkibi əlamətlərinin zəruri və fakultativ əlamətlərə bölünməsi ayrı-ayrı
cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən
fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, özgənin əmlakını
gizli olaraq talama oğurluq cinayətinin zəruri əlaməti (177-ci maddə), ümumi
təhlükəli üsul qəsdən adam öldürmə cinayətinin tövsifedici əlaməti (120.2.4-cü
maddə) hesab olunur.
Cinayət
tərkibinin konkretləşdirilmiş və qiymətləndirici əlamətlərinin də böyük hüquqi
əhəmiyyəti vardır. Konkretləşdirilmiş əlamətlər Cinayət Məcəlləsinin
normalarının mətnində birmənalı müəyyənləşdirilmişdir. Məsələn, oğurluq
cinayətlərində vurulmuş ziyanın məbləği (177-ci maddənin “Qeyd” hissəsi),
iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə xeyli və külli miqdarda vurulmuş
ziyanın həddi (190-cı maddənin “Qeyd” hissəsi) və s.
Cinayət
Məcəlləsinin 177-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki,
özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin obyektiv cəhətinin
zəruri əlamətidir. Gizli olaraq talama həmin əməllər təkrar törədildiyi
hallarda da zəruri əlamət kimi çıxış edir. Mülkiyyətçiyə və ya əmlakın digər
sahibinə vurulmuş ziyanın məbləği isə konkretləşdirilmiş əlamət kimi
qanunverici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla
həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir.
Buna görə
də Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 177.2-ci
maddəsinin “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində
göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli
olaraq talamanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”
hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin
Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci
maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış
edir.
Qeyd
olunmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü
bəndi eyni cinayətlərin törədilməsi ilə yaranan təkrarlıqla yanaşı, müxtəlif
cinayətlərin törədilməsi ilə yaranan təkrarlığı da müəyyən edir. Bu bəndə
əsasən, Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə
nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş
şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş
cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü
maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi
hesab olunur.
Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1
və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli
Qərarında təkrarlıq institutu ilə bağlı qeyd etmişdir
ki, cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi
səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona
cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini
daha təhlükəli edir.
Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci
maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin şərh edilməsinə dair” 2013-cü il 4
mart tarixli Qərarında isə göstərmişdir ki, şəxs tərəfindən cinayətin təkrar
törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir,
bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir.
Konstitusiya
Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, cinayətin təkrar törədilmiş hesab
edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı
müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi
xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona
daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar
şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək
imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş
davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir.
Konstitusiyanın
94-cü maddəsinin I hissəsinin 17-ci bəndi cinayətlərin və başqa hüquq
pozuntularının müəyyən edilməsini, onların törədilməsinə görə məsuliyyətin
təyin edilməsini qanunvericilik hakimiyyəti orqanının müstəsna səlahiyyətinə
aid etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Konstitusiya ilə ona verilmiş
səlahiyyətdən istifadə edərək ədalət prinsipinin təmin olunması məqsədilə
Cinayət Məcəlləsinin 177.2-ci maddəsində göstərilən ağırlaşdırıcı hallarda
oğurluğun, o cümlədən təkrar oğurluğun təhlükəlilik dərəcəsini və belə əməlləri
törədən şəxslərin ictimai təhlükəliliyini nəzərə alaraq, həmin əməllərə görə daha sərt cinayət məsuliyyəti müəyyən etmişdir.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi
həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri
əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur;
- Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci
bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci
maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla
cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir;
- oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox
törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl
üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Cinayət Məcəlləsinin
177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində
“eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən
oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı
nəzərdə tutur.
2. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi
zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz
manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev