Decisions

02.09.15 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

  

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair

  

2 sentyabr 2015-ci il                                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Binəqədi rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

müstəqil ekspert Hüquq üzrə fəlsəfə doktoru, dosent Bağır Əsədovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Zakir Quliyevin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Nurəddin Mustafayevin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini, ədliyyə müşaviri Fərid Əfəndiyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Binəqədi rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı şəhəri Binəqədi rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 35 və 36-cı maddələri ilə müxtəlif ərazilərdə yaşayan borclular (o cümlədən, birgə və payları müəyyən olan borclular) barədə çıxarılmış vahid məhkəmə aktı üzrə icra sənədlərinin verilməsi və icrasının hansı ərazi üzrə icra şöbələri tərəfindən icra olunması məsələləri baxımından əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, Binəqədi rayon Məhkəməsi tərəfindən 17 iyun 2014-cü il və 18 iyun 2014-cü il tarixlərində qəbul edilmiş məhkəmə əmrləri hər iki iş üzrə borcluların yaşayış ünvanları Bakı şəhərinin müxtəlif rayonları olduğundan, icra olunması üçün borclulardan birinin yaşayış yeri üzrə, yəni məhkəmənin yerləşdiyi inzibati ərazi üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.

İşlərin icra mərhələsində tələbkarlar 30 sentyabr 2014-cü il və 30 oktyabr 2014-cü il tarixli ərizələrlə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, əmrlərin ayrı-ayrılıqda icra olunması üçün hər bir borclunun yaşayış yeri üzrə icra şöbəsinə göndərilməsini xahiş etmişlər.

Müraciətdə qeyd olunur ki, “İcra haqqında” Qanunun 7-ci maddəsində icra sənədinə aid tələblər göstərilmişdir. Lakin Qanunun bu normasında icra sənədinin müxtəlif ərazilərdə yaşayan borclular barədə ayrı-ayrı icra sənədlərinin verilməli olması göstərilməmiş, habelə bir icra sənədində bir neçə borclunun vahid icra sənədində göstərilməsinə qadağa qoyulmamışdır.

Bununla yanaşı, qeyd olunan Qanunun “icra hərəkətlərinin həyata keçirildiyi yer”dən bəhs edən 10-cu maddəsində də bir məhkəmə aktı üzrə bir neçə cavabdeh olduqda və cavabdehlərin yaşadıqları ərazilər müxtəlif olduqda, məhkəmə tərəfindən hər bir cavabdehin yaşayış yeri üzrə ayrı-ayrı icra vərəqəsinin verilməsi, yaxud cavabdehlər üzrə vahid icra sənədinin ərazi üzrə icra şöbəsinə göndərilməsi dəqiq müəyyən olunmamışdır.

Müraciətedən hesab edir ki, “İcra haqqında” Qanundan fərqli olaraq, qanunverici Mülki Prosessual Məcəllədə oxşar münasibətləri tənzimləyən müddəaları daha aydın şəkildə müəyyən etmişdir.

Eyni zamanda, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciət onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq, inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın nəticəvi hissəsinin 3-cü bəndində isə qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəasının icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməsi göstərilmişdir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanununa əsasən həmin Qanunun 87.2-ci maddəsi çıxarılmış, icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən icra məmurunun olduğu yer ürzə İnzibati-İqtisadi Məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur.

Müraciətedənin qənaətinə görə, qanunvericiliyə edilmiş  bu dəyişikliklərdən sonra qətnaməni qəbul edən məhkəmənin icra mərhələsində rolu qeyri-müəyyən qalmışdır. Belə qeyri-müəyyənliklər isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasında çətinliklər yaradır, qətnaməni qəbul edən məhkəməni icra mərhələsindəki funksiyasını həyata keçirmək imkanlarından məhrum edir və bunun nəticəsində də qətnamənin vaxtında icra olunması çətinləşir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyanın bu norması ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı).

Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

Beləliklə, Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə, məhkəmə qərarlarının icrasının Konstitusiya əhəmiyyəti baxımından mülki prosessual qanunvericiliklə “İcra haqqında” Qanunun bəzi müddəalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.

İlk növbədə qeyd olunmalıdır ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində pozulmuş hüquq və azadlıqların qorunmasına, həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən etmişdir.

Bu özünü qətnamənin məzmununa dair prosessual tələblərdə  göstərir. Belə ki, qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir (Mülki Prosessual Məcəllənin 220.1, 220.2, 220.5 və 220.6-cı maddələri). 

Bununla yanaşı, qanunverici Mülki Prosessual Məcəllədə ayrı-ayrı işlər üzrə qəbul olunan qətnamələrin mahiyyətini və həmin qətnamələrdə (əsasən qətnamənin nəticə hissəsində) əks olunmalı məsələlərin dairəsini dəqiq müəyyən etmişdir. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamələrdən bəhs edən Mülki Prosessual Məcəllənin 222-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Eyni zamanda, Mülki Prosessual Məcəllənin 226-cı maddəsində göstərilir ki, məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinә yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.

Mülki prosessual qanunvericilik yuxarıda qeyd olunan tələbləri həmçinin cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamələrə, icra və digər sənədlərin icra edilməməli hesab olunmasına dair qətnamələrə, müqavilənin bağlanması və dəyişdirilməsi haqqında qətnamələrə də aid etmişdir (Mülki Prosessual Məcəllənin 223-225-ci maddələri).

Beləliklə, mülki prosessual qanunvericilikdə qətnamələrin tərtib olunması ilə bağlı hakimlərin üzərinə qoyulan bu vəzifələr qətnamənin icra mərhələsində yarana biləcək yanlışlıqların, anlaşılmazlıqların və qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, icra mərhələsində yarana biləcək anlaşılmazlıqların və qeyri-müəyyənliyin qarşısının alınması məqsədilə məhkəmələr qətnamələri dəqiq, dürüst və Mülki Prosessual Məcəllənin 222-226-cı maddələrinin tələblərinə cavab verən qaydada çıxarmalıdırlar.

Qanunverici qanuni qüvvəyə minmiş qətnamələrin icrası zamanı ortaya çıxan yanlışlıqların (Mülki Prosessual Məcəllənin 222-226-cı maddələrinin tələblərinə tam riayət olunmadıqda) aradan qaldırılması mexanizmlərini də müəyyən etmişdir.

Belə ki, Mülki Prosessual Məcəllənin 228-230-cu maddələrində qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsindən, əlavə qətnamədən və qətnamənin izah edilməsindən bəhs edilir.

Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

Eyni zamanda, Mülki Prosessual Məcəllənin 222-226-cı maddələrinin tələblərinə riayət etməyərək qətnamə çıxarmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Məsələn, Mülki Prosessual Məcəllənin 229.1.2-ci maddəsinə görə hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə, əlavə qətnamə çıxara bilər.

Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə görə isə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

Mülki prosessual qanunvericilikdə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması da müəyyən edilmişdir (Mülki Prosessual Məcəllənin 231-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.

Qətnamənin icrasının təmin edilməsi isə Mülki Prosessual Məcəllənin 13-cü Fəslində müəyyən olunmuş qaydada həyata keçirilir (Mülki Prosessual Məcəllənin 236-cı maddəsi).

“İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək  qətnamənin icrasının təmin edilməsi məqsədilə icra məmurunun məhz qətnaməni qəbul edən məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.    

Məhkəmə aktı üzrə bir neçə cavabdeh olduqda və cavabdehlərin yaşadıqları ərazilər müxtəlif olduqda, məhkəmə tərəfindən hər bir cavabdehin yaşayış yeri üzrə ayrı-ayrı icra vərəqəsinin verilməsi, yaxud cavabdehlər üzrə vahid icra sənədinin ərazi üzrə icra şöbəsinə göndərilməsi məsələsinə gəldildə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasını tənzimləyən “İcra haqqında” Qanunda icra sənədləri üzrə icraat zamanı tələbkarın, borclunun və digər şəxslərin hüquq və vəzifələri, onların hüquqlarının müdafiəsi ilə bağlı normalar sistemi, həmçinin icra icraatı zamanı icra məmurlarının səlahiyyət dairəsi nəzərdə tutulmuşdur.

“İcra haqqında” Qanunun  1.1-ci maddəsinə əsasən icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi  Konstitusiyadan, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan,  Mülki Prosessual Məcəllədən, habelə digər qanunvericilik aktlarından ibarətdir.

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“İcra haqqında” Qanunun  3.1-ci maddəsi).

“İcra haqqında” Qanunun 6-cı maddəsinə görə Azərbaycan Respublikası məhkəmələrinin qərarları, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları, məhkəmə əmrləri icra sənədləri hesab olunurlar.

Həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur ki,  icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxartmış məhkəmənin və ya icranın təminatı ilə bağlı digər orqanların vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra sənədini məhkəmədən və ya digər orqandan almış icra məmuru onu qəbul etməsinə dair qərar qəbul etməli və icra sənədi üzrə icraata başlamalıdır.

“İcra haqqında” Qanunun 10-cu maddəsi icra hərəkətlərinin həyata keçirildiyi yerdən bəhs edir. Belə ki, həmin maddəyə əsasən  borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer, yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə, yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir. İcra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur.

“İcra haqqında” Qanunun yuxarıda göstərilən normalarından aydın olur ki, məhkəmə aktı icra sənədləri sayılır və icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin vəzifəsidir. İcra sənədi üzrə borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.

Eyni zamanda, qeyd olunan Qanunun 54-cü maddəsi ilə bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri tənzimlənir. Qanunun həmin maddəsinə əsasən icra məmurları qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Eyni borclu barəsində ayrı-ayrı icra məmurları qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir.

Beləliklə, “İcra haqqında” Qanunun və Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarının mənasına görə, məhkəmələr qətnamələrin icrasının səmərəliliyini təmin etmək məqsədilə qətnamələri dəqiq və mülki prosessual qanunvericiliyin tələblərinə cavab verən qaydada tərtib etməli, icra sənədinin icraya yönəldilməsi bilavasitə məhkəmələrin vəzifəsi olduğundan, icra sənədini tərtib edərkən bir məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra şöbələrinə göndərməlidirlər.

Məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir. Məhkəmə qərarlarının məcburi icrası bilavasitə icra məmurlarının vəzifəsidir. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasnda məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

Bu,“İcra haqqında” Qanunun  10 və 24-cü maddələrindən də irəli gəlir. Həmin Qanunun 24-cü maddəsinə görə icra sənədi bir icra məmurluğundan müvafiq ərazi üzrə digər quruma göndərildiyi halda aidiyyəti üzrə göndərilmiş hesab edilir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə icra sənədini dəqiq və vaxtında tərtib edərək müvafiq icra şöbəsinə göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.

Belə ki, “İcra haqqında” Qanunun 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.

“İcra haqqında” Qanunun  26-cı madəsində göstərilir ki,  icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

 “İcra haqqında” Qanunun 21.1-ci maddəsinə müvafiq olaraq məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilir. 

“İcra haqqında” Qanunun 87.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəasının icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməsi qərara alınmışdır.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanununa əsasən “İcra haqqında” Qanunun 87.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. İcra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.” Həmin Qanunun 87.2-ci maddəsi ləğv edilmiş, 87.3-cü maddəsindəki “ (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi)” sözləri çıxarılmış və “87.1-ci və 87.2-ci maddələrində” sözləri “87.1-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində  istənilən modeli müəyyən etməkdə sərbəstdir.

Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər.  

 Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 60-cı maddəsinin və “İcra haqqında” Qanunun 7, 8 və 26-cı  maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Eyni zamanda, məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir.

- Qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI :

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8 və 26-cı maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Eyni zamanda, məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir.

2. Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                                  Fərhad Abdullayev

  





 


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair  02 sentyabr  2015-ci il  tarixli Qərarından hakim İ.Nəcəfovun

 

Xüsusi rəyi

 

Bakı şəhəri Binəqədi rayon Məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 7, 10, 24, 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35, 36-cı maddələri ilə müxtəlif ərazilərdə yaşayan borclular (o cümlədən birgə və payları müəyyən olmayan borclular) barədə çıxarılmış vahid məhkəmə aktları üzrə icra sənədlərinin verilməsi və icrasının hansı ərazi üzrə icra şöbələri tərəfindən icra olunması məsələləri baxımından əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.

Eyni zamanda, Binəqədi rayon Məhkəməsi əlavə müraciətlə “İcra haqqında”  Qanunun 87.1-ci maddəsinin də şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu əsasında qərara gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8 və 26-cı maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Eyni zamanda, məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədinin borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir.

Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

Plenum qərara gəldiyi nəticəni qərarın təsviri hissəsində göstərdiyi mövqeyləri ilə əsaslandırmışdır. Onların bəzisini sadalamaqla xüsusi rəyimi bildirmək istəyirəm.

Plenum, Qərarının təsviri-əsaslandırıcı hissəsində müraciətdə göstərilən məsələlərlə əlaqədar faktiki analiz aparmamış, müraciətdə olmayan məsələnin şərh olunmasına əsas yer vermişdir ki, bu da düzgün olmayan nəticəyə gəlməyə səbəb olmuşdur.

Məhkəmənin müraciətində qeyd olunur ki, “İcra haqqında” Qanunun 7-ci maddəsində icra sənədinin eyni ərazidə yaşayan cavabdehlər barədə verilməli olması və ya müxtəlif ərazilərdə yaşayan cavabdehlər barədə ayrı-ayrı icra sənədlərinin verilməli olması göstərilməmişdir. Həmin Qanunun 10.1-ci maddəsində MPM-in 35-ci maddəsində qeyd edilən ümumi normaya uyğun olaraq, yaşadığı yer məlum olan bir borclunun barəsindəki icra sənədindən bəhs edilir. Həmin Qanunun 10.3-cü maddəsində isə icra məmurunun icra sənədinin özünə aid olmayan hər hansı bir hissəsini deyil, ümumilikdə vahid icra sənədinin ona aid olmadığı təqdirdə aidiyyəti üzrə göndərmək səlahiyyətləri nəzərdə tutulur.

Müraciətdə həmçinin qeyd edilmişdir ki, MPM-in 36.2-ci maddəsində oxşar münasibətlər kimi dəqiqləşdirilmiş (xüsusi) norma nəzərdə tutulsada, qeyd edilən Qanunun 10-cü maddəsində MPM-in 36.2-ci maddəsinə oxşar formada, bir icra sənədi üzrə  birgə-müştərək məsuliyyət daşıyan bir neçə cavabdeh olduqda və cavabdehlərin yaşadığı inzibati rayon əraziləri müxtəlif olduqda, vahid olan icra sənədinin cavabdehlərdən hansının yaşayış yerində icra edilməli olması qanunvericilikdə dəqiq müəyyənləşdirilməmişdir.

Plenum Qərarının əsaslandırıcı hissəsdində isə payları müştərək-birgə olub, ayrı-ayrı inzibati ərazidə yaşayan bir neçə cavabdeh barədə olan vahid məhkəmə aktları üzrə ayrı-ayrı cavabdehlər barədə icra sənədlərinin verilməsinin mümkünlüyü və icranın hansı ərazi üzrə icra şöbəsi tərəfindən icra olunmalı olması təhlil edilməmiş,MPM-in  məhkəmə qətnaməsinin məzmununu tənzimləyən 220-ci və eləcədə ayrı-ayrı iddia növləri üzrə qətnamələrin (MPM-in 222-226-cı madd. və s.) qəbul qaydası və eləcədə qətnamədə olan yanlışlıqlar və ya açıq hesab  səhvlərinin düzəldilməsindən, əlavə qətnamə qəbulu və ya qətnamənin izah edilməsi (MPM-in 228-230-cu madd. və s.) kimi müraciətdə qoyulan məsələnin həllinə aidiyyəti olmayan normaların izahına əsas yer verilmişdir.

Ona görə də hesab edirəm ki,  ayrı-ayrı inzibati ərazidə yaşayan, payları müştərək olan bir necə cavabdeh barədə olan vahid məhkəmə aktı üzrə icra vərəqəsinin verilməsi MPM-in 220.6-cı madd. tələbinə uyğun həll edilmələdir. Həmin maddəyə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və qətnamənin dərhal icraya yönəldiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda bu qətnamənin nəticə hissəsində göstərilməlidir. Qətnamə çıxarıldıqdan sonra onun icra qaydasının, üsulunun dəyişdirilməsi (cavabdehlərin yaşadıqları inzibati ərazi üzrə ayrı-ayrı icra vərəqəsinin verilməsi və icra edilməsi qaydası) isə hesab edirəm ki, MPM-in 231-ci maddəsinin tələbinə uyğun olaraq, işə baxmış hakim (məhkəmə) tərəfindən müvafiq qərardadın çıxarılması ilə həll edilməlidir.

Məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərin birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusu deməkdir. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtinin) dəyişdirilməsində ifadə olunur və belə yanaşma Konstitusiyanın 60-cı maddənin I hissəsinin tələblərinə cavab verərək, qətnamənin icra qaydasının dəyişdirilməsini işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitəsi kimi qiymətləndirilir.

Məhkəmə qətnaməsində iddiaçının və ya iddiaçıların tələbi üzrə cavabdehlərin müştərək məsuliyyəti nəzərdə tutulduğu halda iddiaçı və ya iddiaçılar qətnamə ilə müəyyən edilmiş və icra edilməli olan öhdəliyin icrasını qətnamə tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb etməyə haqlıdırlar.

Birgə iştirakçıların olduğu işlərdə və ya icra müxtəlif yerlərdə yerinə yetirilməlidirsə, məhkəmə tələbkarın xahişi ilə bir neçə icra vərəqəsi verə bilər. Onlardan hər birində tutulmalı olan məbləğ və ya konkret əşyalar göstərilməlidir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırlarsa, hər biri icra vərəqəsində xüsusi qeyd edilir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırsa və məhkəmə qətnaməsində müştərək qaydada məsuliyyət daşıyan  bu borcluların barəsində bir icra vərəqəsi verilməsi nəzərdə tutulmuş və verilmişdirsə, onda tərəflərin müraciəti əsasında işə baxan hakim, MPM-in 231.1-ci maddəsi qaydasında icraatın üsulu və ya qaydasının dəyişdirilməsi, hər bir borclu barədə ayrı icra vərəqəsi verilməsi barədə qərardad qəbul edə bilər. Bu icra vərəqələri üzrə icra şöbələrinin birində (icra vərəqəsini vermiş məhkəmənin yerləşdiyi ərazinin icra şöbəsində) ümumi icraat qaldırılmalıdır. Belə icra icraatına nəzarət isə icra xidmətinin rəhbəri tərəfindən həyata keçirilməli və ya bu nəzarəti öz müavinlərindən birinə və ya da yerli icra qurumunun rəhbərinə (böyük icra məmuruna) həvalə etməlidir.

Belə bir qayda “İcra haqqında” Qanunun 54-cü maddəsində və Rusiya Federasiyasının “İcra İcraatı haqqında” 02 oktyabr 2007-ci il tarixli Qanununda da nəzərdə tutulmuşdur.

“İcra haqqında” Qanunun 54.1-ci maddəsinin tələbinə əsasən icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilirlər. Həmin Qanunun 54.3-cü  maddəsinə əsasən isə eyni borclu barəsində ayrı-ayrı icra qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir.

Müraciətin “İcra haqqında” Qanunun 87.1-ci maddəsinin şərh edilməsi hissəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, Plenum Qərarında müraciətdə göstərilən məsələlər baxımından həmin normanın şərh edilməsinə cəhd belə göstərilməmişdir.

Əlavə müraciət onunla əsaslandırılmalıdır ki, icra sənədlərinin  icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun verdiyi şikayətin hansı formada (iddia icraatı, xüsusi icraat qaydasında və ya adi şikayət qaydasında və s.) verilə bilməsi, eləcə də bu növ şikayətlər üzrə məhkəmənin qəbul etdiyi qərarın sonradan hansı qrum tərəfindən, hansı qaydada icra edilə bilməsi qanunvericilikdə öz əksini tapmamışdır.

Ona görə də müraciətedən hesab edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsində icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) on gün müddətində icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi, həmin şikayətə baxılıb qərardad qəbul edilməsi və ya iddia kimi mahiyyəti üzrə baxılıb qərar (qətnamə) qəbul edilməsi və həmin şikayətin icra vərəqəsini vermiş məhkəmə və ya hər bir halda İnzibati-İqtisadi məhkəmə tərəfindən baxılması mühüm əhəmiyyət kəsb edir. Eyni  zamanda icra sənədinin icrası zamanı icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) edilmiş şikayət üzrə qəbul edilmiş məhkəmə qərarından prosessual qanunvericiliyə əsasən şikayət verilməsi mümkündürmü?

Konstitusiya Məhkəməsinin Plenum Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində  istənilən modeli müəyyən etməkdə sərbəstdir.

Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər.  

 Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

Plenum Qərarının bu mövqeyi ilə əlaqədar qeyd edirəm ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsinin çərh edilməsi məqsədi ilə “İcra haqqında” Qanunun, “İcra məmurları haqqında” Qanunun, MPM-in və İPM-in bir sıra normalarına diqqət yetirilməsi zəruri olsada Plenum Qərarında bu edilməmiş, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-90.2-ci maddələrinin tələbi pozulmuşdur.

Həmin maddələrin tələbinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayatma orqanı və ya Azərbaycan Respublikası Konsitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konsitusiya məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər nomalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi hüququ “İcra haqqında” Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuşdur. “İcraatda tərəflərin hüquq və vəzifələri”ni nəzərdə tutan həmin maddədə digər hüquqlarla bərabər göstərilir ki, tərəflər icra məmuruna etiraz etmək və onun  hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər.

İcra sənədlərinin icrası ilə bağlı icra məmurlarının hərəkətlərindən (hərəkətsizliyindən)  şikayət verilməsi qaydası isə Azərbaycan Respublikasının “İcra məmurları haqqında” Qanunun (bundan sonra “İcra məmurları haqqında” Qanun) 11-ci maddəsində göstərilmişdir. Həmin Maddəyə əsasən icra məmurlarının qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurundan şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.

Həmin maddədə icra məmurundan verilən şikayətlər ünvanına görə iki qrupa ayrılırlar:

- yuxarı vəzifəli şəxsə verilən şikayətlər;

- məhkəməyə verilən şikayətlər.

İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi məhkəməyə şikayət verə bilər.  Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilmiyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu tərəfindən verilmiş şikayətə baxmalı olan məhkəmə ilə əlaqədar (məhkəmə aidiyyəti) qeyd edirəm ki, Konstitusiya və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırılması kimi təminatlar həm məhkəmə araşdırması, həm müvafiq qərar qəbul edilməsi və həm də qəbul edilmiş qərarların icra edilməsini ehtiva edir. Bütün bu prosessual hərəkətlər bir-biri ilə əlaqəli olub, bir-birinin davamı olmaqla ədalət mühakiməsi (anlayışını) prosesini tamamlayır. Qəbul edilmiş məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin davamı olan bir mərhələdir. Ədalət mühakiməsi qəbul edilmiş qərarların icrası ilə başa çatır.

Qəbul edilmiş məhkəmə qərarlarının icra edilməməsi və ya icranın təmin edilməməsi Konstitusiya ilə müəyyən olunmuş məhkəmə təminatı hüququnun pozulması olmaqla ədalət mühakiməsinin mahiyyətini heçə yendirir.

İcra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir (“İcra haqqında” Qanunun 26-cı maddəsi).

İcra sənədinin vaxtında və düzgün icra edilməsinə məhkəmə nəzarətinin bir forması kimi icra sənədlərinin icra olunması ilə bağlı icra məmurlarının hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə məhkəmədə baxılması “İcra haqqında” Qanunun 87-ci maddəsində Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli Qanunu ilə dəyişiklik edilənə qədər iqtisadi məhkəmələr tərəfindən verilmiş icra sənədi ilə əlaqədar həmin məhkəməyə, digər icra sənədləri üzrə isə icra məmurunun olduğu yerin məhkəməsinə (müvafiq qərarı qəbul etmiş məhkəməyə) şikayət verilməli olması nəzərdə tutulmuşdur. Həmin Qanunla “İcra haqqında” Qanunun 87-ci maddəsində edilmiş dəyişikliklə isə düzgün olmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) bütün hallarda icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi məkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur.

Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

“İcra haqqında” Qanunun 87-ci maddəsində 16 oktyabr 2012-ci il tarixli Qanunla bu dəyişiklik edilməsi faktiki olaraq (inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılan işlər istisna olmaqla) inzibati-iqtisadi məhkəmələrin baxmadığı, qərar qəbul etmədiyi işlər üzrə, başqa məhkəmələr tərəfindən baxılmış işləri üzrə də verilmiş icra sənədlərinin icrasına nəzarət etməli olması Konstitusiyanın “Hüquq və azadlıqların məhkəmə təminatını” və məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsini müəyyən edən 60-cı və 62-ci maddələri ilə də ziddiyyət yaradır.

Bundan əlavə o da qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsində “icra sənədlərinin” icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə bilməsi nəzərdə tutulduğu halda Plenum Qərarında “...icra məmurunun, qərarından, hərəkətlərindən (hərəkətsizliyindən)” irəli gələn mübahisələrə dair işlərə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması göstərilmişdir.

Eləcə də onu da qeyd edirəm ki, istər Konstitusiya Məhkəməsi Plenumunun “ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası   İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli Qərarında, istərsə də indiki Qərarda icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun şikayət verilə bilən qərarları, hərəkətlərinin (hərəkətsizliyinin)  nədən ibarət olması göstərilməmiş, bu anlayışlara izah verilməmişdir.

Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid  edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar qəbul etdiyi qərarları inzibati akt hesab edilməməlidir. Bu xarakterli münasibətlər üzrə icra məmurları tərəfindən qəbul edilmiş qərarlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-59-cu maddələri qaydasında qəbul edilmir və həmin maddələrin tələblərinə uyğun tərtib edilmir, inzibati akt yox, “İcra haqqında” Qanunun 85-ci maddəsi qaydasında qəbul edildiyindən ilkin iddianın mahiyyətindən asılı olaraq, ona uyğun olan prosessual qərarlardır. Bundan əlavə “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən, tərəflərin (borclu və ya tələbkarın) icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qəbul etdiyi qərarlarından (hərəkətlərindən) yox, həm də hərəkətsizliyindən şikayət verilməsi nəzərdə tutulmuşdur.  Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, bu xarakterli şikayətlər tələbin (iddianın) mahiyyəti üzrə ilkin şikayət olmayıb, baxılıb nəticə verilmiş mübahisə üzrə qəbul edilmiş qərarların icrası prosesində ortaya çıxan, tərəflər arasında olan mübahisə yox, icra məmuru ilə tərəf arasında yaranmış mübahisə nəticəsində edilən müraciətlərdir.

“İcra haqqında” Qanun, “...o cümlədən məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir...”. Qanunun 85.1-ci maddəsindən görünür ki, icra məmuru icra hərəkətlərini həyata keçirərkən (icraata başlarkən, icra ödənişini tutarkən, cərimə tətbiq edərkən və s.) icraatda iştirak edən tərəflərin və ya digər şəxslərin maraqlarına toxunduqda müvafiq qərar qəbul edir. Bu ondan irəli gəlir ki, hüquqi dövlətdə bütün ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələri yalnız qanun çərçivəsində reallaşır, digər tərəfdən isə tələbkar və borclunun maraqları bütün səviyyələrdə qorunub gözlənilir.

“Maraqlarına toxunmaq” müddəası hüquqların pozulması deyildir. Bu ən cox qanunun  etik mahiyyəti və ya məzmununa xac olmaqla. Yalnız ədalət mühakiməsinə xidmət edir.

Qanunun 8.2-ci maddəsinə əsasən “icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.”

Qərarın qəbul edildiyi vaxtdan onun surətini bir gün müddətində tələbkara, borcluya və habelə icra sənədini vermiş məhkəməyə göndərir (Qanunun 8.3-cü madd.).

İcra məmuru könüllü icra üçün icra sənədində başqa icra müddəti göstərilmədiyi halda, borcluya borcunu könüllü ödəmək üçün 10 günədək müddət təyin edir və bu barədə ona bildiriş verir. Borclu həmin müddətdə borcunu könüllü ödəmədikdə, onun yəni icra ödənişinin və ya icra hərəkətlərinin məcburi qaydada icra ediləcəyini və buna çəkilən xərclərin ondan tutulacağını bildirişdə göstərir (Qanunun 8.2-ci madd. 2-ci bəndi).

Göründüyü kimi, icra məmuru əvvəlcədən borcluya qarşı hansı hərəkətləri edəcəyini bildirir. Bu hərəkətlər borclunun maraqlarına toxunan hərəkətlərdir. Əvvəlcədən xəbərdar etmək etik hərəkətdir.

Borcluya qanunverici icra məmurunun qeyd edilən hərəkətindən qərarının sürətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət etmək hüququnu vermişdir (8.5-ci madd.).

Beləliklə, qanunverici 85.1-ci maddədə “...maraqlarına toxunduqda icra məmuru müvafiq qərar qəbul edir və bu qərarlarından tərəflər 10 gün müddətində şikayət verə bilərlər...” müddəalarından istifadə etməklə ədalət mühakiməsinin tərkib hissəsi kimi icra mərhələsində icra məmurunun da hərəkətlərinin qərarlarda ifadə olunmalı olması, həmin qərarlarla tərəflər razılaşmadıqları halda şikayət verə bilməsi və eyni zamanda bu şikayətlərə məhkəmə tərəfindən baxılarkən ilkin müraciət üzrə qəbul edilmiş qərarların icrasına nəzarət etmə imkanınının təmin edilməsini nəzərdə tutmuşdur. 

Lakin 16 oktyabr 2012-ci ildə 87.1-ci maddəyə edilən dəyişikliklər yuxarıda qeyd edilən hallarda tərəflərin və digər şəxslərin icra məmurunun hərəkət və hərəkətsizliyindən verdiyi şikayətlərin yalnız inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalı olmasını müəyyən etməklə ədalət mühakiməsinin səmərəli və aqlabatan müddətdə icra haqqında qanunda müəyyən edilən prosessual müddətlərdə həyata keçirilməsini çətinləşdirmişdir.

Qanunun 12.1-ci maddəsinə əsasən “İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir...”.

Müstəsna hallarda icra müddəti 1 ay müddətinədək uzadıla bilər.

Qanunun 18.1.4-ci maddəsinə əsasən “icra məmuruna etirazın təmin edilməməsindən və ya hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər.”

“İcra haqqında” Qanunun 21.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmələrin verdiyi icra sənədlərinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəməsi tərəfindən dayandırılır və ya ona xitam verilir.

İnzibati-iqtisadi məhkəmənin, məhkəmələrin verdiyi icra sənədlərinə əsasən başlanmış icraat üzrə tərəflərin şikayət ərizələrinə hansı qaydada və hansı normalara əsasən baxılması problemi bir yana qalsın, şikayətin icraata qəbulu müddəti, ona baxılib qərar qəbul edəcəyi  müddətləri və ondan şikayət verilib-verilməməsinin müddət və mümkünlüyünü də nəzərə alsaq, qəti deyə bilərik ki, birinci instansiya, yuxarı məhkəmələrin  və Ali Məhkəmənin aktlarının icrası qeyri mümkün olacaqdır. Və həqiqətən də Respublikada Məhkəmə Hakimiyyətinin ədalət mühakiməsi yolu ilə həyata keçirilməsi xəyali hüquqa çevrilməkdədir.

Belə hesab edirəm ki, “İcra haqqında” Qanunun 87-ci maddəsinə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsinə-Azərbaycan Respublikasının 16 oktyabr 2012-ci il tarixli Qanunu ilə edilmiş dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasının 60, 62-ci maddələrinə və “Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90-cı maddələrinə uyğun deyildir. Plenum Qərarında “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 16 oktyabr 2012-ci il tarixli Qanunun 2-ci və 3-cü bəndlərinin qüvvədən düşmüş hesab edilməsi və “İcra haqqında” Qanunun 87.1-ci və 87.2-ci maddələrinin əvvəlki müddəalarının qüvvədə saxlanılması barədə qərar qəbul etməli idi.

  

Hakim                                                                                  

İsa Nəcəfov

03 sentyabr 2015-ci il

 

 




 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun

2015-ci il 2 sentyabr tarixli Qərarına əlavə olunan hakim C.Qaracayevin

 

Xüsusi rəyi

 

Bakı şəhəri Binəqədi rayon məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35, 36-cı maddələri ilə müxtəlif ərazilərdə yaşayan borclular (o cümlədən birgə və payları müəyyən olan borclular) barədə çıxarılmış vahid məhkəmə aktları üzrə icra sənədlərinin verilməsi və icrasının hansı ərazi üzrə icra şöbələri tərəfindən icra olunması məsələləri baxımından əlaqəli şəkildə şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət etmişdir.

Eyni zamanda, Binəqədi rayon məhkəməsi digər müraciəti ilə “İcra haqqında” Qanunun 87.1-ci maddəsinin şərh edilməsini xahiş edərkən göstərilmişdir ki, icra sənədlərin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun verdiyi (və ya inzibati iddia olmayan) şikayətin hansı formada (iddia icraatı, xüsusi icraat qaydasında və ya adi şikayət qaydasında və s.) və hansı məhkəmə orqanına təqdim edilməlidir, habelə bu növ şikayətlər üzrə məhkəmənin qəbul etdiyi qərar sonradan hansı qurum tərəfindən icra edilməlidir.

Konstitusiya Məhkəməsi, obyektiv olaraq, hər iki müraciətin hüquqi qüvvəyə minmiş məhkəmə qərarlarının icrası mərhələsində mülki məhkəmə icraatı qaydasında qəbul edilən məhkəmə aktlarının icrasına məhkəmə nəzarəti ilə əlaqəli olduğundan onların məhkəmə konstitusiya icraatı prosesində birləşdirilməsini məqsədə müvafiq hesab etmişdir.

Məhkəmə qərarlarının icrasının məcburiliyi konstitusion tələbdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, “məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bu konstitusiya normasının tələbi hüquqi münasibətlərin hər bir subyektinə ünvanlansa da hakimiyyət bölgüsü prinsipi baxımından məhkəmə qərarlarının icrasına nəzarət məhkəmələrin səlahiyyətindədir.

Hüquqi qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyi icra mərhələsində funksional səlahiyyətli məhkəmələrin olmasından asılıdır. “İcra haqqında” Qanunun aydın qeyd edir ki, “icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra məmurları qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir”. Bu Qanun məhkəmə qərarlarının icrasına məhkəmə nəzarətini funksional cəhətdən iki kateqoriyalı məhkəmə orqanların səlahiyyətinə aid edir: icra sənədini vermiş məhkəmələrə (müvafiq qərarı çıxarmış məhkəmə) və icra məmurunun olduğu yer üzrə məhkəmələrə.

Hər iki kateqoriyadan olan məhkəmələr funksional cəhətdən məhkəmə qərarlarının icrası mərhələsində məhdud səlahiyyətlərə malikidirlər. Belə ki, müvafiq qərarı çıxarmış məhkəmələr (icra sənədini vermiş məhkəmələr) icra sənədinin icra məmuruna çatdırılmasına (maddə 8), icra məmurunun olduğu yer  məhkəmələr isə bütövlükdə məhkəmə aktlarının icra mərhələsinə, xüsusi ilə icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərinə nəzarət edirlər (maddə 21).

Qeyd edilənlərə əsaslanaraq, Konstitusiya Məhkəməsi Plenumunun müzakirə edilən Qərarının birinci bəndi əsaslı olaraq “məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli” prosedurunu qanunvericiliyə uyğun müəyyən etmişdir.

Binəqədi rayon məhkəməsi digər müraciəti ilə əlaqədar bildirmək lazımdır ki, “İcra haqqında” Qanunun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2012-ci il tarixli Qərarının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında “İcra haqqında” Qanunun müvafiq müddəası İPM-in 2.1-ci maddəsi baxımından şərh edildiyinə görə həmin Qərarda icra məmurunun hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranan zərərin mübahisələndirilməsinin məhkəmə aidiyyəti məsələsi həll edilmişdir. Qeyd edilmişdir ki, icra orqanın vəzifəli şəxsi hesab edilən icra məmuru tərəfindən məhkəmə aktının düzgün icra edilməməsi və ya hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi (icra olunan məhkəmə aktının tələbindən kənara çıxdıqda) zərər yaratdığı halda həmin mübahisələr inzibati-iqtisadi məhkəmələrdə araşdırılmalıdır. Bu halda tələbkar və ya borclu öz etirazını inzibati iddia qaydasında müvafiq məhkəmə orqanına təqdim etmək hüququndadır. 

Lakin “İcra haqqında” Qanunun ilk növbədə hüquqi qüvvəyə minmiş məhkəmə aktının icrası prosesinə icra məmurunun olduğu yer üzrə müvafiq yurisdiksiyası daxilində məhkəmə orqanının nəzarətini müəyyən edir. Məhkəmə aktlarının icrasına yurisdiksiya daxilində məhkəmə nəzarəti məhkəmə mühakimə icraatının məntiqi davamıdır. Yalnız məhkəmə orqanları müvafiq məhkəmə icraatı növü daxilində faydalı nəzarəti həyata keçirə bilən səlahiyyətli dövlət orqanlarıdır.

Avropa Məhkəməsi məhkəmə qərarının icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan araşdırmanın bir hissəsi olması kimi mövqeyini çoxsaylı qərarlarında bildirmişdir (Burdov Rusiyaya qarşı iş üzrə 07 may 2002-ci il tarixli, Cebotari və digərləri Moldovaya qarşı iş üzrə 27 yanvar 2009-cu il tarixli, Həsənov Azərbaycana qarşı iş üzrə 22 aprel 2010-cu il tarixli, Səfərova Azərbaycan qarşı iş üzrə 14 oktyabr 2010-cu il tarixli və s. qərarları).

Məhkəmə qərarının icrasının məhkəmə araşdırmasının tərkib hissəsi və bir növ davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı şikayətlər (inzibati iddia hesab edilməyən) məhz müvafiq məhkəmə icraatı növü üzrə qərarını çıxarmış icra məmurunun olduğu yer üzrə müvafiq məhkəmə tərəfindən baxılması qanunvericiliyə uyğun əsaslıdır.

Məhkəmə aktlarının icrasına dair icraat prosesi ədalət mühakiməsinin həyata keçirilməsinin qanunauyğun, məntiqi bitməsini həyata keçirir. Məhz bu baxımdan “İcra haqqında” Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini tənzimləyir. Bu Qanunun tətbiq dairəsi məhkəmə aktlarının icrasının məcburi qaydalarının və şərtlərinin müəyyən edilməsi ilə məhdudlaşır.

Beləliklə, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ aktdan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən etmir. Azərbaycan Respublikası qanunvericiliyinin şərtlərinə əsasən işlər üzrə məhkəmələrin aidiyyəti qaydaları müvafiq sahələrə (mülki-prosessual, cinayət-prosessual, inzibati-prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyinə) uyğun olaraq prosessual qanunvericiliklə tənzimlənir. “İcra haqqında” Qanun isə icra məmurlarının hərəkət və ya hərəkətsizliyində narazı olan tərəflərin müvafiq yurisdiksiya və ərazi daxilində məhkəmələrə şikayətin (inzibati iddia olmayan) verilməsi qaydasını tənzimləyir.

“İcra haqqında” Qanunun 87-ci maddəsi “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunun (bundan sonra - “İnzibati İcraat haqqında” Qanun) 72.2-ci maddəsindən fərqli olaraq məhkəmə aktlarının icrası mərhələsində yalnız müvafiq yurisdiksiya daxilində icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayətin (iddia hesab edilməyən) verilməsinin şərtlərini müəyyən edir. “İnzibati İcraat haqqında” Qanun 72.2-ci maddəsinə əsasən isə inzibati aktlardan məhkəmə qaydasında şikayət inzibati iddia qaydasında verilə bilər. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən belə şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə (yəni İPM-lə əsasında) müəyyən olunmuş qaydada verilir.

Beləliklə, “İcra haqqında” Qanuna uyğun olaraq ümumilikdə məhkəmə aktlarının icrası prosesinə məhkəmə nəzarəti effektivlik baxımından müvafiq yurisdiksiya daxilində icra məmurunun olduğu yer üzrə həyata keçirilir. Hətta “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsi də müəyyən edir ki, icra məmurlarının qanuna zidd hərəkətləri barəsində yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər, yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə isə şikayət edən şəxsin məhkəməyə müraciət etməsinə maneə törətmir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur.

“İcra haqqında” Qanunun müxtəlif maddələrində məhkəməyə şikayətin verilməsi göstərilməklə məhkəmə qərarlarına müvafiq yurisdiksiya daxilində məhkəmə nəzarətini nəzərdə tutulur.  Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsi icra sənədlərinin icrasına nəzarət qaydaları müəyyən edilir. Həmin maddədə qeyd edilir ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra məmurları qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bu halda məhkəmə nəzarəti “İcra haqqında” Qanunun 16.2, 21.1, 87-ci maddəsində nəzərdə tutulan şikayətlər əsasında həyata keçirilməlidir. Hər bir qeyd oluna maddədə məhkəmə nəzarətinin icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən aparılması müəyyən edilir.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 2 sentyabr tarixli Qərarına əlavə olaraq qeyd etmək lazımdır ki, məhkəmə qərarlarının icrası prosesində icraatın tərəfindən verilən şikayət və inzibati iddia mahiyyəti üzrə fəqrləndirilməlidir. İcra məmurunun hər hansı bir qərarından (məsələn, “İcra haqqında” Qanunun 27, 31, 37, 87 və s. maddələri üzrə) verilən şikayətlər məhkəmə nəzarəti qaydasında icra məmurunun olduğu yer üzrə müvafiq yurisdiksiyalı (bu Qərarda mülki məhkəmə icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Bununla yanaşı, icraatda icra məmurunun qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-in 2.1-ci maddəsinə müvafiq inzibati-iqtisad məhkəməsində baxılmalıdır.

 

 

Hakim

Ceyhun Qaracayev 

4 sentyabr 2015-ci il