Decisions

03.02.05 N.F.Nurulov və Z.Z.Nurulovanın şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 04.06.04 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R  I

N.F.Nurulov  və Z.Z.Nurulovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının

2004-cü il 04 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

03 fevral  2005-ci il                                                                                  Bakı şəhəri

         Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova  və Ə.Sultanovdan ibarət tərkibdə,

         məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi N.Nurulov və Z.Nurulovanın nümayəndəsi A.Məmmədovun   iştirakı ilə,

         Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında N.Nurulov  və Z.Nurulovanın   iddiasına dair  mülki    iş    üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının  2004-cü il 04 iyun  tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına  uyğunluğunun yoxlanılmasına dair  konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədr müavininin 2005-ci il 13 yanvar tarixli 2n-15 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim F.Babayevin məruzəsini, nümayəndə A.Məmmədovun çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

İddiaçılar  Nail  və  Zeytunə Nurulovlar  iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Badamdar qəsəbəsi, Məktəbli küçəsi, 6017-ci məhəllədəki 14 saylı evin 14-cü mənzilinin Səbail rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin  1994-cü il 13 iyun tarixli 1886 saylı qərarına əsasən onlara verildiyini, 1996-cı ildə xəstə nənələrinə baş çəkmək üçün Kazan şəhərinə  getdiklərini,  qayıdana kimi Zəngilan rayonundan  məcburi köçkün olan Məhərrəmov Əli Muxtar oğlunun ailə üzvləri ilə birlikdə mənzili zəbt etdiklərini və  onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Bakı şəhəri Səbail rayon məhkəməsinin  03 noyabr 2003-cü il  tarixli qətnaməsilə  ərizəçilərin   Ə.Məhərrəmov və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddiaları təmin edilmiş, cavabdehlərin müvəqqəti olaraq başqa yaşayış sahəsi ilə təmin edilmələri  Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 11 mart tarixli 1265 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 04 iyun tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi qüvvəsində  saxlanılmış, qətnamənin icrası Zəngilan rayonu işğaldan azad olunana kimi təxirə salınmışdır.

Ali Məhkəmənin Sədri 23 avqust 2004-cü il tarixli məktubu ilə Nurulovların əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumuna göndərilməsinə  zərurət olmadığını göstərmişdir.

Ərizəçilər  Konstitusiya Məhkəməsinə verdikləri şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 04 iyun tarixli qərarının Konstitusiyaya və digər qanunlara uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin qərarı ilə ərizəçilərin Azərbaycan Respublikası Konstitusiyanın 33 və 43-cü maddələrində təsbit edilmiş mənzil toxunulmazlığı və mənzil hüquqları pozulmuşdur.

         Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu məsələyə dair aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz.

Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların əsas təminat vasitələrindən biri məhkəmələr tərəfindən həyata keçirilən ədalət mühakiməsidir. Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmunununa görə belə təminat şəxsin məhkəməyə müraciət hüququnun təmin edilməsi və onun işinə baxılması ilə məhdudlaşmır, həmçinin, məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir.

Qanunsuz və əsassız məhkəmə aktlarının qüvvədə qalmaması üçün Azərbaycan Respublikasının qanunvericiliyi  məhkəmə sistemi çərçivəsində zəruri olan hüquqi mexanizmi nəzərdə tutmaqla, müxtəlif məhkəmə instansiyalarının səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyənləşdirmişdir.

Ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri isə məhkəmə aktlarının icrası ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Qanunvericilik eyni zamanda məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının dayandırılması, həmçinin onların icrasına möhlət verilməsi  institutlarını da nəzərdə tutmuşdur.

MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi  məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci və ya apellyasiya instansiyası məhkəməsinin hakimi həll edə bilər.

Eyni zamanda «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 16-cı maddəsinə müvafiq olaraq, icra icraatı çərçivəsində məhkəmə icraçısı tələbkarın və ya borclunun ərizəsinə əsasən, icra hərəkətini yalnız 10 gündən çox olmayan müddətə təxirə sala bilər. Qanunvericilik digər hallarda məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini yalnız işə baxmış hakim tərəfindən MPM-in 231-ci maddəsinə uyğun olaraq mümkün hesab edir.

Həmin Qanunun 17-19-cu maddələrində müvafiq olaraq icraatın dayandırılmasının məcburiliyi, icraatın dayandırılmasının mümkün olduğu hallar və icraatın dayandırılması müddətləri öz əksini tapmışdır. Qanuna əsasən icraatın dayandırılması məhkəmə aktlarının icrası zamanı mümkündür. Bu isə öz növbəsində yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar və müddətlər çərçivəsində həyata keçirilməlidir.

MPM-in 413-cü maddəsində kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və ya qərardadın icrasının dayandırılmasının əsasları və müddəti göstərilmişdir. Həmin normaya əsasən işdə iştirak edən şəxslər çoxuşaqlı ailəyə malik olduqda, əmək qabiliyyətini, ailəni dolandıranı itirdikdə, xəstəlik, əlillik nəticəsində ağır maddi vəziyyətə düşdükdə, yaşayış sahəsini itirmiş olduqda və başqa yerdə yaşamağa imkanları olmadıqda kassasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin vəsatəti ilə birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdiyi qətnamə və ya qərardadın icrasını yalnız kassasiya icraatı başa çatana kimi  dayandıra bilər.

N.Nurulov və Z.Nurulovanın  iddiasına dair  mülki iş üzrə kassasiya instansiyası məhkəməsi isə öz qərarında MPM-in 413-cü maddəsinin bu tələblərini nəzərə almadan, mülki prosessual qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmayan qərar qəbul etmiş, qətnamənin icrasını təxirə salmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi lazım bilir ki, MPM-in 413-cü maddəsindən başqa mövcud qanunvericilikdə kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktlarının icrasının dayandırılması və yaxud təxirə salınması nəzərdə tutulmamışdır.

Bundan başqa Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası Nurulovların kassasiya şikayətinə baxdıqdan sonra həmin iş üzrə 2004-cü il 11 mart tarixli qətnamənin icrasının  təxirə salınması qənaətinə gələrkən MPM-in 13-cü maddəsinin mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar barədə tələblərinə riayət etməli idi. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş səlahiyyət həddindən  kənara çıxmışdır.

MPM-in 416-cı maddəsi kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edir. Həmin maddəyə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

MPM-in 417-ci maddəsində isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər sırasında məhkəmə aktlarının icrasının təxirə salınması barədə qərarın qəbul edilməsi nəzərdə tutulmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, MPM-də belə bir institut ümumiyyətlə mövcud deyildir. Bununla da, qanunvericilikdə nəzərdə tutulmayan qərarın qəbul edilməsi ilə ərizəçilərin həmçinin, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatı pozulmuşdur.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Nurulovlar tərəfindən mübahisələndirilən Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 04 iyun tarixli qərarı Konstitusiyanın 33, 43 və 60-cı maddələrinə, MPM-in 413 və 417-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1.    N.Nurulov və Z.Nurulovanın  iddiasına dair  mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 04 iyun tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 60-cı  maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 413 və 417-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.        Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.      Qərar  «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi»  qəzetlərində  və  «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.

4.     Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

   

Sədrlik edən:                                                           Fərhad Abdullayev