Decisions

14.07.20 N.Hacıyevin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

14 iyul 2020-ci il                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin yazılı çıxışını, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ:

  

“Çinar Servis” İstehsalat Kommersiya Firması (bundan sonra – “Çinar Servis” İKF) Nizami Hacıyevə qarşı əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, N.Hacıyev 2005-ci ilin ayrı-ayrı tarixlərində “Çinar Servis” İKF-dən müxtəlif sayda kriogen qazlaşdırma qurğularını icarəyə götürmüş, lakin icarə haqqını tam ödəməmiş, nəticədə cavabdehin ona borcu yaranmışdır.

Həmçinin N.Hacıyevin vasitəsilə “Çinar Servis” İKF ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “EKSİM” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında havaayrıcı qurğu, kompressor və onların avadanlıqlarının alğı-satqısına dair razılaşma əldə edilmiş və tərəflər arasında 1 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələr bağlanmışdır. Razılaşmaya əsasən, müqavilədə göstərilən məbləğ “Çinar Servis” İKF tərəfindən N.Hacıyevə ödənilmiş, qarşılığında isə sonuncu avadanlıqların Azərbaycan Respublikasına göndərilməsini təmin etməli idi. Lakin avadanlıqlar Bakı şəhərinə gətirildikdən sonra quraşdırıldığı zaman müəyyən olunmuşdur ki, onun bəzi hissələri çatışmır və bununla da iddiaçıya maddi ziyan dəymişdir.

N.Hacıyev isə  əmlakın geri qaytarılması, ödənilməmiş icarə haqqının və digər pul məbləğinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə təmin olunmamamışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli qətnaməsi ilə N.Hacıyevin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 31 may 2018-ci il tarixli qərarı ilə N.Hacıyevin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, yeni məbləğ müəyyən edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə tərəflərin  kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

N.Hacıyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi şikayətində göstərmişdir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən mübahisəli qurğunun kimə məxsus olduğunun müəyyən edilməsi üçün zəruri tədbirlər görülməmiş, subyektiv ehtimal və mülahizəyə əsaslanmaqla, hər hansı mötəbər sübuta istinad edilmədən iddiaçının dəlilləri sübut kimi qəbul edilmiş, onun arqumentləri isə heç bir əsas göstərilmədən rədd edilmiş, bununla da məhkəmələr tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuş, nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktları qəbul edilmişdir.

N.Hacıyevin qənaətinə görə, Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə onun Konstitusiyanın 29-cu maddəsi ilə müəyyən edilmiş mülkiyyət və 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416 və 418-ci maddələrinin tələbləri pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və  məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin  birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir.

İş materiallarından göründüyü kimi Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2018-ci il tarixli qərarında mübahisəli qurğunun və onun tərkib hissələrinin kimə məxsusluğunun müəyyən edilməsinin zəruriliyi qeyd edilmiş və ləğv edilən apellyasiya instansiyası məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnaməsi üzrə mübahisəli qurğunun dəyərinin “Çinar Servis” İKF-in direktoru İ.Sadıqov tərəfindən ödənilməsilə bağlı nəticənin subyektiv ehtimal və mülahizəyə əsaslandığı, hər hansı mötəbər sübuta istinad edilmədən iddiaçının dəlillərinin  qəbul edildiyi, cavabdehin arqumentlərinin heç bir əsas göstərilmədən rədd edildiyi, bununla da məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu qənaətinə gəlinmişdir.

Kassasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 noyabr 2017-ci il tarixli qətnamə N.Hacıyevin mübahisəli qurğunun “Temp” MMC-yə məxsus olması ilə bağlı təqdim etdiyi sübutlar araşdırılmadan və həmin sübutlara heç bir hüquqi qiymət verilmədən, yalnız iddiaçının təqdim etdiyi dəlillərə və cinayət işinin materialları üzrə şahid ifadələri əsasında yaranan mülahizə və ehtimala əsaslanmaqla  qəbul edilmişdir. Bununla da məhkəmə qətnaməsi lazımi sübutlarla təmin olunmamış, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamış, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmamışdır.

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə 28 sentyabr 2018-ci il tarixli qətnamənisini qəbul edərkən Mülki Prosessual Məcəllənin  420-ci maddəsinin tələblərini nəzərə almarayaq kassasiya instansiyası məhkəməsinin qeyd edilən göstərişlərinə əməl etməmiş, həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və ehtimala əsaslanmış, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).

Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü  maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı).

Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin  prinsiplərinə və  qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış,  iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

  Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər.

  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr,  Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar).

Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi  milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı).

Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin Ruiz Torija İspaniyaya qarşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).

Lakin hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 28 sentyabr 2018-ci il tarixli qətnaməsində mübahisəli qurğunun dəyərinin tapşırıq müqaviləsi əsasında İ.Sadıqov tərəfindən verilməsi ehtimalının Bakı şəhəri Nizami Rayon Prokurorluğunda aparılmış cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə güclənməsini qeyd edərək hər iki tərəfin apellyasiya şikayətini təmin etməmiş və birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsini cavabdehdən tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirərək qətnaməni qalan hissədə dəyişdirilmədən saxlamışdır.

Halbuki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Göstərilən norma ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim  olunmuş sübutlardan, həmçinin  Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işlərə baxılarkən işdə olan sübutlara bütöv bir məcmu halında yanaşılmalı, onların məcmusuna qiymət verilməlidir (N.Səlimzadənin şikayəti üzrə 2006-cı il 8 iyun tarixli Qərar).

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 28 sentyabr 2018-ci il tarixli qətnaməsində Mülki Prosessual Məcəllənin 392.1.5 və 392.2-ci maddələrinin tələblərinə zidd olaraq gəldiyi nəticənin motivlərini, hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini  də göstərməmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyası isə 19 iyun 2019-cu il tarixli qərarı ilə prosessual hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır ki, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.

Kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.  Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələri).

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Çinar Servis” İKF-in N.Hacıyevə qarşı əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbi və s. barədə iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu     

 

QƏRARA  ALDI:

  

1. “Çinar Servis” İstehsalat Kommersiya Firmasının Nizami Hacıyevə qarşı əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbi və s.  barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr                                                                                           Fərhad Abdullayev