AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh
edilməsinə dair
15 may 2020-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə
Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim),
Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
maraqlı subyektlərin
nümayəndələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilati-İnspeksiya
İdarəsinin rəis müavini Elman Qasımov və həmin idarənin xüsusilə mühüm
tapşırıqlar üzrə inspektoru Babək Atakişiyev və vəkil Əlirza Həbilovun,
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota
nəzarət şöbəsinin müdiri Mustafa Abasbəylinin,
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun idarə rəisi Zəka Mirzəyevin,
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin
maliyyəsi şöbəsinin sektor müdiri Nazim Şiriyev, Hüquq şöbəsinin aparıcı
məsləhətçisi Fərid Məmmədov və Hərbi qurumların və hüquq mühafizə orqanlarının
maliyyəsi şöbəsinin baş məsləhətçisi Məcid Miriyevin,
Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyevin,
ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının
professoru Mayis Əliyevin,
mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev və Bakı Apellyasiya
Məhkəməsinin hakimi Ülvi Mayılovun iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sorğusu əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin
məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını,
ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları
haqqında” Qanun) 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasını xahiş etmişdir.
Sorğuda
qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək
pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən
edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin
olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud
sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin
kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
Həmin
Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı
günə (sərəncamdan ehtiyata və ya
istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları
miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə
maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul
kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan
əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
Eyni
zamanda həmin Qanunun 20.14-cü maddəsi ilə hərbi qulluqçuların əmək
pensiyalarına əlavələrin təminat xərcliyindəki sonrakı artımlar nəzərə
alınmaqla təyin edilməsi qaydası müəyyən edilmişdir.
Sorğuda
daxili işlər orqanlarının əməkdaşlarına xidmət illərinə görə haqqın ödənilməsi üçün
xidmət müddətinin hesablanmasına dair Nazirlər Kabinetinin bir sıra qərarlarına
və “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda göstərilən normalarına əsaslanmaqla
qeyd edilir ki, bu normativ hüquqi aktların tətbiq edilməsi ilə bağlı təcrübədə
qeyri-müəyyənlik mövcuddur.
Sorğuda
göstərilən digər məsələ “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinin
məhkəmələr tərəfindən fərqli qaydada tətbiqi ilə bağlıdır. Qanunun həmin maddəsi
ilə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edilmişdir. Maddəyə uyğun
olaraq hərbi və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçmiş şəxslərin
pensiyalarına əlavələr qulluq stajına uyğun olaraq təminat xərcliyinin faizlə
hesablanan müvafiq hissəsi miqdarında ödənilir. Onlara xidmət (qulluq) illərinə
görə əlavə müvafiq dövlət orqanlarında çalışan şəxslərin vəzifə maaşlarındakı (əmək
haqlarındakı) artım faizinə uyğun olaraq yenidən hesablanır.
Sorğuverənin
qənaətinə görə, əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyi müəyyən
edilərkən “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük,
miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə
və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət
vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 1992-ci il 23
noyabr tarixli 631 nömrəli (bundan sonra – Nazirlər
Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı) və “Daxili işlər
orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi
üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Nazirlər
Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli (bundan sonra – Nazirlər
Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli Qərarı) qərarlarına müvafiq
olaraq xidmət illərinin və fasiləsiz xidmət illərinə görə haqqın hesablanması
qaydasına, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinin tətbiqi
zamanı pensiyaçının vaxtilə müvafiq vəzifədə olarkən almadığı və buna görə də məcburi
dövlət sosial sığorta haqqı tutulmamış ödənclərin əmək pensiyasının yenidən
hesablanması zamanı nəzərə alınması məsələlərinə aydınlıq gətirilməsi zəruridir.
Konstitusiya
Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlər ilə bağlı, ilk növbədə,
hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun və Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bir sıra normalarına aydınlıq gətirilməsini
vacib hesab edir.
Əsas
sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsində təsbit
olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs
qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə
başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla
nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir
(Konstitusiyanın 38-ci maddəsinin I və III hissələri).
İnsan
və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci
maddəsinin I hissəsi və 16-cı maddəsinin I hissəsi).
Konstitusiyanın
71-ci maddəsinin II hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Konstitusiya
ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə
qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların
qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli
orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun
yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin
hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə
sisteminin yaradılmasını ehtiva edir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri
hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin
əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik
siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq
hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan
hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi
statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların
dövlətin hüquq siyasətinə etibarını artırır.
Dövlətin
pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında
fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi
pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya
hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin
formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri
sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.
Sorğuda
qaldırılan birinci məsələ qanunvericilikdə öz əksini tapmış “xidmət illərinə
görə əlavə”nin müəyyən edilməsi və əmək pensiyasının təyin edilməsi üçün tələb
olunan “uzun müddət xidmət” anlayışının, bir çox hallarda Azərbaycan
Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamə”nin 91-ci maddəsində nəzərdə tutulan “fasiləsiz xidmət illərinə
görə haqq”ın hesablanması zamanı nəzərə alınması ilə bağlıdır. Həmin maddəyə əsasən,
daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə və
xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə
görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul
kompensasiyası, digər müavinət və ödənişlər daxildir.
“Əmək
pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə (pul təminatı)
hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda
(sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından,
xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul
kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar
vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla),
artımlardan ibarət olan məbləğ kimi anlayış verilmişdir.
Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi
dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir.
Onu
da nəzərə almaq lazımdır ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin,
prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin)
hesablanması bir sıra xüsusi hüquqi aktlar ilə tənzimlənir.
Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək
pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə
keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinə əsasən:
-
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya,
fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və
onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət
vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 1992-ci il 23
noyabr tarixli 631 nömrəli;
-
“Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın
ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə”
Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli;
-
“Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi
xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət
illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması
Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2005-ci il 1 iyul
tarixli 124 nömrəli;
-
“Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin
ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi
haqqında” Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli;
-
“Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Nazirlər
Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər
normativ hüquqi aktlarla həyata keçirilir.
Qeyd
edilməlidir ki, Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli Qərarı
daxili işlər orqanlarının əməkdaşlarına xidmət keçərkən fasiləsiz xidmət illərinə
görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını, Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli
631 nömrəli Qərarı isə xidmətdən tərxis olunduqdan sonra pensiya təyin edilib
verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasını müəyyən edir.
Bu qərarların məzmunundan göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulan
fasiləsiz xidmət ili ilə təqvim ili eyni anlayışı ehtiva edir.
Nazirlər
Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş
Qaydanın 2-ci bəndinə əsasən, fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi
üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər
hesablanır: daxili işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin
olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti; daxili işlər orqanlarının
kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun
olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti
orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı
ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında
xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; xarici
ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin
orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq
sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin
orqanlarda işlədikləri müddət; daxili
işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul
edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət; Daxili İşlər Nazirliyinin
tədris müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və
ixtisasartırma kursları keçdikləri müddət; daxili işlər orqanlarında xidmət keçərkən
əmək haqqının saxlanması şərtilə əməkdaşların vəzifədən kənarlaşdırıldıqları
müddət və s.
Burada
qeyd etmək lazımdır ki, xidmət müddəti (qulluq illəri) fasiləsiz xidmət illəri
ilə yanaşı güzəştli illəri də əhatə edir. Həmin Qaydanın 5-ci bəndinə əsasən,
daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün
xidmət illəri:
xüsusi
təyinatlı struktur vahidində xidmət edən əməkdaşların bir ayı - bir ay yarım;
partlayıcı
maddələrin zərərsizləşdirilməsi üzrə və terrorizmə qarşı mübarizəni bilavasitə
həyata keçirən bölmələrdə xidmət edən əməkdaşların bir ayı - iki aya;
terror
əleyhinə aparılan əməliyyatlarda, o cümlədən beynəlxalq polis qüvvələrinin tərkibində
iştirak müddəti bir xidmət günü üç günə bərabər tutularaq hesablanır.
Bu
halda xidmət müddəti terror əleyhinə aparılan əməliyyatın başlandığını, başa
çatdığını əks etdirən və əməkdaşların iştirakını təsdiqləyən Daxili İşlər
Nazirliyinin müvafiq sənədi əsasında müəyyən edilərək hesablanır.
Qaydanın
6-cı bəndinə görə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə
xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili
işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət
illərinin hesablanmasında nəzərə alınır.
Göründüyü
kimi, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini davam
etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət fasiləsiz
xidmət illərinə aiddir. Bu əməkdaşların həmin orqanlarda işlədikləri müddət ərzində
xidmət illərinin güzəştli şərtlərlə hesablanması istisna edilmir. Qaydanın 6-cı
bəndi ilə güzəştli xidmət illəri fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsində
nəzərə alınır. Lakin bu fasiləsiz xidmət illərinə sözügedən güzəştli xidmət illərinin
əlavə edilərək süni şəkildə artımı kimi qəbul edilməməlidir.
Nazirlər
Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsi
ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına
verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların,
kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi
Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalar daxili işlər orqanlarının əməkdaşlarının
fasiləsiz xidmət illərinə görə haqqın hesablanmasını və s. müəyyən edir. Qaydaların
1-ci bəndinə əsasən, fasiləsiz xidmət illərinə görə verilən haqqın vəzifə və
xüsusi rütbəyə görə maaşlardan hesablanması (faiz nisbətində) müəyyən
edilmişdir.
Beləliklə,
Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq
edilmiş Qaydanın 6-cı bəndindəki “Azərbaycan Respublikasının digər normativ
hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə
tutulan hallar” müddəası ilə daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz
xidmət illərinə görə (təqvim ili) haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin
hesablanması nəzərdə tutulmuşdur. Xidmət zamanı isə fasiləsiz xidmət illərinə
görə verilən haqqın ödənilməsi Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli
73 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 1-ci bəndində göstərilmişdir.
Daxili
işlər orqanlarının əməkdaşlarına pensiya təyin edilib verilməsi üçün “uzun müddət
xidmət” vaxtının hesablanması Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli
631 nömrəli Qərarının tələbləri əsasında həyata keçirilməlidir. Nazirlər
Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş
Qayda daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə (təqvim)
haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin hesablanmasını tənzimlədiyindən
həmin Qaydanın 6-cı bəndinin tələbləri pensiya təyin edilərkən əsas götürülə
bilməz.
Qeyd
edilməlidir ki, pensiya münasibətləri
sahəsində fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətlərinin daxil
edilməsi qeyri-mümkündür. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü
maddəsinə görə, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək
pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən
edilir. Qanunun 20.1.11-ci maddəsi bu Qanunun
9.5-ci maddəsində göstərilən hərbi qulluqçuları nəzərdə tutur.
Nazirlər
Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş
“Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə
məlumatların təqdim olunması” Qaydalarının 1-ci hissəsinə əsasən, “Əmək pensiyaları
haqqında” Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların
sırasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən hərbi
rütbəli şəxslər və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən xüsusi rütbəli
şəxslər aid edilmişdir.
“Əmək
pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi xidmətdə olan şəxslərin
əmək pensiyasına əlavələrin hesablanması zamanı xidmətin güzəştli sayılan hissəsinin
nəzərə alınması müəyyən edilmişdir. Yəni, xidmət illərinə güzəştli xidmət illəri
daxil edilir.
Hərbi
xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların
təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir (“Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsi).
Bununla
bağlı qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli
135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi
xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması
Qaydaları”na Əlavədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli
şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim
olunan Məlumat Vərəqəsinin 7 və 8-ci bəndlərində hərbi qulluqçuların həm təqvim üzrə xidmət
illəri, həm də güzəştli xidmət illərinə dair məlumatın göstərilməsi müəyyən
edilmişdir. Həmçinin təminat xərcliyinin hesablanmasını nəzərdə tutan 14-cü bənddə
qeyd edilən pul təminatından pensiya hesablanarkən faiz dərəcələri şəxsin ümumi
(təqvimi və güzəştlinin cəmi) xidmət illərinə münasibətdə hesablanır.
Beləliklə,
hərbi qulluqçuların, o cümlədən daxili işlər orqanları əməkdaşlarının əmək pensiyasına
əlavələr xidmətin güzəştli sayılan hissəsi nəzərə alınaraq hesablanır.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, fasiləsiz xidmət illərinə
güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə
alınan güzəştli dövrün təkrarən tətbiqinə şərait yaratmış olar. Belə ki, güzəştli
xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması
müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər.
Sorğuda
qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin
müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların
pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin
şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə
alınmaqla yenidən hesablanması ilə bağlıdır.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələnin düzgün həll edilməsi üçün “Əmək
pensiyaları haqqında” Qanunun ümumi müddəalarına və bir sıra normalarına
açıqlama verilməlidir.
“Əmək
pensiyaları haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında əmək
pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək
pensiyası.
Ümumi
əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt
müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə
yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya)
minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək
pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək
qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır.
Ümumi
əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası
Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının
illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir.
Bundan
başqa “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən
kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq
olunması nəzərdə tutulur.
Qeyd
olunan maddələrin məzmunundan aydın olur ki, güzəştli qaydada pensiyalar
ümumilikdə üç istiqamətdə tətbiq edilir:
-
birincisi, uşağa qulluğa görə pensiya yaş həddində tətbiq olunan güzəşt;
-
ikincisi, əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə
verilən güzəşt;
-
üçüncüsü, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə münasibətdə pensiya
yaş həddində və (və ya) pensiya məbləğində nəzərdə tutulan güzəşt.
Dövlət
qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində
müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət
qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil
olunur.
Pensiya
məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq,
pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə
əlavələrin tətbiq edilməsini nəzərdə tutur.
Dövlət
qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın
hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən
ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin
(və ya son təminat xərcliyinin) 50-100% həcmində onun pensiyasının sığorta hissəsinə
qulluq stajına görə əlavə edilir.
Hərbi
qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla əmək
pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya
yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun
yaranması üçün əsas 15-35 il minimum qulluq stajına malik olmaqdır.
Qulluq
stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin
artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı,
təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə
alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir.
Azərbaycan
Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154-cü maddəsinin
1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını
yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə
(göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında
ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin,
mükafatların və digər ödənclərin məcmusudur.
Qeyd
olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən
edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin
olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud
sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin
kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə,
sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı
və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
“Əmək
pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial
sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş
və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi
dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq
qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Həmçinin
Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi
qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı
artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar
vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla),
artımlardan ibarət olan məbləğdir.
Konstitusiya
Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək
pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin
olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən
buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi
dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü
maddəsinin 1-ci hissəsindəki “işçinin
gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir
ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki
sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin
vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları
nəzərdə tutur.
Buna
görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o
vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və
1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin
ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən
buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun;
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə
görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
Beləliklə,
göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin
olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə
verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə
pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına
cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının
yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta
prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
Məsələyə
“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri
nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə
uyğun deyil:
- əmək pensiyasının hesablanmasının şəxsin sığorta
stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;
- əmək haqqının və ya təminat xərcliyinin məcburi
dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə
alınmaması.
Göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya
təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya
hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında
tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları
haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə,
sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi
və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial
sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin
və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun
deyildir.
Buna
görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları
haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası
pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat
xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
Bu
baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü
maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin
edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq
keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə
edilən artımlar nəzərə alına bilməz.
Sorğudan
və Konstitusiya Məhkəməsi Plenumunun iclasındakı çıxışlardan görünür ki, bu qəbildən
olan işlərə baxılarkən Konstitusiyanın bərabərlik hüququ təsbit olunmuş 25-ci
maddəsinə əsaslanmaqla məhkəmə aktları qəbul edilir.
Bununla
bağlı Konstitusiya Məhkəməsinin Plenumu təkrar olaraq Konstitusiyanın göstərilən
maddəsinin mahiyyətinin açıqlamasını zəruri hesab edir.
Konstitusiya
Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü
maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki,
mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin I
hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər
və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən
normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə
tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu
aydınlaşdırmaq vacibdir.
Konstitusiya
Məhkəməsinin Plenumu daha sonra göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
(bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının Stummerin Avstriyaya qarşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında
aşağıdakılar qeyd olunmuşdur:
Ayrı-seçkilik
obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli
rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki,
sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan
vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur
(§87).
Avropa
Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi
tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət
hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə
malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində
beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə
“açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici
orqanın siyasi seçiminə hörmət edir (Karson
və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə
Böyük Palatanın 2010-cu il 16 mart tarixli
Qərarı, §61).
Konstitusiya
Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Konstitusiyanın 25-ci maddəsinin tələbləri
və bu maddəyə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri məhkəmələr
tərəfindən işlərə baxılarkən dönmədən yerinə yetirilməlidir.
Göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 20.1.11,
20.14 və 22.4-cü maddələrinin, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli
73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın,
əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və
təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Nazirlər Kabinetinin 2004-cü il 22
iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına
fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin
hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq
pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli
xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan
güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir;
- “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində
göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə
müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin
tərkib hissələrinə daxil olmuş və verilmiş
ödənclərdəki artımları nəzərdə tutur;
- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2,
1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən
və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və
ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan
əlavələrə edilən artımlar nəzərə alına bilməz.
Konstitusiya
Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi zəruri hesab edir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş
mübahisələrə şamil olunmur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
Q Ə R A R A A L D I:
1.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11,
20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz
xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və
başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı
ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət
illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın
1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və
hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin
yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün
faktiki olaraq təkrar hesablanması
ilə nəticələndiyindən yolverilməzdir.
2.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində
göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə
müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin
tərkib hissələrinə daxil olmuş və verilmiş
ödənclərdəki artımları nəzərdə tutur.
3.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,
1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən
və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və
ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan
əlavələrə edilən artımlar nəzərə alına bilməz.
4.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.