Decisions

12.05.20 "AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarına dair" QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası


Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarına dair

 

 

12 may 2020-ci il                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rafael Qvaladze (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rövşən İsmayılov, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

iş üzrə hakim Rafael Qvaladzenin yazılı məruzəsi ilə tanış olub, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN  ETDİ:

 

         Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra Konstitusiya Məhkəməsi) Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərar qəbul etmişdir.

Həmin Qərarda Konstitusiya Məhkəməsi Plenumunun gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Azərbaycan Respublikası Vergi Məcəlləsində göstərilmişdir.

 Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmçinin Azərbaycan Respublikası Vegilər Nazirliyinin həmin Qərar ilə bağlı müraciətinə də baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu, özünün 2019-cu il 24 aprel tarixli Qərarının publik hüquq münasibətləri iştirakçılarının hüquq və vəzifələrinə toxunduğunu nəzərə alaraq, həmin Qərarda ifadə edilmiş hüquqi mövqenin hansı dövrdə yaranmış hüquq münasibətlərinə şamil edilməsinə dair aydınlıq gətirilməsini zəruri hesab edir.

İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsip və prosedurlar üzrə məhkəmələr təmin edirlər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə dair hüquqi aydınlıq gətirilməsini və onların qanuni üsulla həll edilməsini gözləyir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, eləcə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 67.0.2-ci maddəsinə əsasən isə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarları dərc olunduğu gündən qüvvəyə minir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, qanunverici hüquqi müəyyənlik və məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi məsələlərlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə yenidən baxılması mexanizmini nəzərdə tutmamışdır.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarında əks olunmuş hüquqi mövqe artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmamalıdır.

          Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciətinə səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də müraciətə baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında ifadə olunmuş hüquqi mövqe həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə  hazırda məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunmalıdır.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-      Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə və adıçəkilən Qərar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunmalıdır;

-      Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarında əks olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmamalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq  

 

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə və adıçəkilən Qərar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunur.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarında əks olunmuş hüquqi mövqelər həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

3. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.

 

 

 

Sədr                                                                  Fərhad Abdullayev