Decisions

03.12.04 S.H. İbrahimovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 24/09/03 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

S.H. İbrahimovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublika Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 sentyabr 2003-cü il

tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğununyoxlanılmasına dair

03 dekabr 2004-cü il                                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi - hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi S.İbrahimovanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında S.İbrahimovanın şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 sentyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabverən - Ali Məhkəmənin nümayəndəsi iclasa gəlmədiyindən, konstitusiya işinə onun iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, konstitusiya məhkəmə icraatında ərizəçi S.İbrahimovanın çıxışını dinləyərək və işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Göyçay rayon məhkəməsinin 23 aprel 2003-cü il tarixli qətnaməsi ilə Sahibə İbrahimovanın Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Göyçay rayon şöbəsinə və Q.Quliyevə qarşı müqavilənin etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 10 iyul 2003-cü il tarixli qətnaməsi ilə rayon məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ləğv edilərək, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 123 saylı binada yerləşən qeyri-yaşayış sahəsinin hərracda alqı-satqısı barədə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə Q.Quliyev arasında bağlanmış müqavilə etibarsız hesab edilmiş, Q.Quliyevə verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə ləğv edilmişdir. Qeyri-yaşayış sahəsinin satış dəyəri olaraq Q.Quliyev tərəfindən ödənilmiş 26.659.000 manatın ona qaytarılması qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər işlər üzrə məhkəmə kollegiyasının 24 sentyabr 2003-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilərək, S.İbrahimovanın tələbi rədd edilmişdir.

Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətində S.İbrahimova kassasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək, onun Konstitusiyaya və mülki prosessual qanunvericiliyinə uyğun olmasının yoxlanılmasını xahiş etmişdir. Şikayət, həmçinin, onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi səlahiyyət hədlərindən kənara çıxaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmək adı ilə faktiki olaraq yeni qərar qəbul etmişdir.

İşin mahiyyətinə toxunmadan Konstitusiya Məhkəməsinin Plenumu S.İbrahimovanın şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.

Mübahisə olunan iş üzrə Ali Məhkəmənin MİÜMK-sı tərəfindən MPM-nin 416-cı maddəsinin tələbləri pozularaq işin faktiki hallarına, işdə olan sübutlara qiymət verilmişdir.

Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə zidd olaraq mübahisə olunan sahənin hərraca çıxarılması barədə məlumat «Mülkiyyət» qəzetində dərc edilmədiyindən, hərrac S.İbrahimovadan gizli keçirilmiş, bununla da onun hərracda iştirak etmək və satışa çıxarılmış obyekti almaq hüququ pozulmuşdur.

Ali Məhkəmənin MİÜMK-sı isə işə kassasiya baxışı zamanı təqdim olunmuş, apellyasiya instansiyası məhkəməsinə məlum olmayan, bu məhkəmə tərəfindən qiymətləndirilməyən «Mülkiyyət» qəzetinə əsaslanaraq, apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən nəticəsini təkzib olunmuş hesab etmişdir.

Ali Məhkəmənin MİÜMK-sı tərəfindən MPM-nin 418.1 və 417.0.3-cü maddələrinin tələbləri də pozulmuşdur. Göstərilən normaların mahiyyətinə görə kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, işin mahiyyəti üzrə yeni qərar qəbul etmir. O, maddi və prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını ləğv edə bilər. Adı çəkilən məhkəmə aktlarını ləğv etdikdə kassasiya instansiyası məhkəməsi işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

S.İbrahimovanın mülki işi üzrə isə Ali Məhkəmənin MİÜMK-sı Apellyasiya Məhkəməsinin kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq etmədiyini müəyyənləşdirərək, qətnaməni ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmək əvəzinə, faktiki olaraq mahiyyət üzrə yeni qərar qəbul etmişdir.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, S.İbrahimova tərəfindən mübahisələndirilən kassasiya instansiyası məhkəməsinin qərarı MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərilə ziddiyət təşkil edir. Bu isə, öz növbəsində, S.İbrahimovanın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.İbrahimovanın İqtisadi İnkişaf Nazirliyinin Göyçay rayon şöbəsinə və Q.Quliyevə qarşı müqavilənin etibarsız sayılmasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 sentyabr 2003-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. S.İbrahimovanın Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Göyçay rayon şöbəsinə və Q.Quliyevə qarşı müqavilənin etibarsız sayılmasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 sentyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədirlik edən                                                                         Fərhad Abdullayev