Decisions

15.10.19 A.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

           

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

A.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

15 oktyabr 2019-cu il                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Amirə Mahmudova və vəkili Nəriman Alməmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında A.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

M Ü Ə Y Y Ə N    E T D İ: 

 

Amirə Mahmudova cavabdehlər “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Texnikabank” ASC), Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Anar Ənzəlova qarşı 17 aprel 2009, 29 aprel 2010 və 3 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

A.Mahmudova iddiasını onunla əsaslandırmışdır ki, həyat yoldaşı A.Ənzəlov 15 yanvar 2009-cu il tarixli çıxarışa əsasən mülkiyyətçisi olduğu 0,55505 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5140,3 kv.m olan əmlak kopmleksini Mərkəzi Bank ilə “Texnika Bank” ASC arasında imzalanmış 23 avqust 2007-ci il tarixli uzun müddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 17 aprel 2009, 29 aprel 2010 və 3 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqavilələri ilə yüklü etmişdir. Həmin əmlak kompleksi A.Ənzəlov ilə birgə nikahda olduğu dövrdə əldə edilməsinə və ümumi birgə mülkiyyətlərində olmasına baxmayaraq onun xəbəri və razılığı olmadan ipoteka ilə yüklü edilmiş və bu zaman Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Aliə Məcəlləsi) 32-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157 və 339.1-ci maddələrinin tələbləri pozulmuşdur.   

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qətnaməsi ilə A.Mahmudovanın iddiası təmin edilmiş, cavabdehlər “Texnikabank” ASC, Mərkəzi Bank və A.Ənzəlov arasında bağlanmış sonrakı ipoteka müqavilələri etibarsız hesab edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 dekabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh “Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 29 iyun 2017-ci il tarixli qərarı ilə cavabdeh “Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh “Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 13 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçı A.Mahmudovanın cavabdehlər “Texnikabank” ASC, Mərkəzi Bank və A.Ənzəlova qarşı sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

A.Mahmudova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

A.Mahmudova şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, bununla da onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu A.Mahmudovanın şikayəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi  mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşmasını nəzərdə tutur (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar).

İş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş hallardan görünür ki, A.Mahmudova və A.Ənzəlov 29 iyun 2004-cü il tarixində nikaha daxil olmuş, mübahisəli əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə A.Ənzəlovun adına 15 yanvar 2009-cu il tarixində qeydiyyata alınmış və 17 aprel 2009, 29 aprel 2010 və 3 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqavilələri əsasında “Texnika Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.  

Qeyd edildiyi kimi, A.Mahmudova iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər arasında həmin əmlaka dair yuxarıda göstərilən sonrakı ipoteka müqavilələri bağlandığı zaman onun razılığı alınmamışdır.

Kassasiya instansiyası məhkəməsi ilk dəfə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərərkən qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 384.0.4 və Ailə Məcəlləsinin 8.1-ci maddələrinə əsaslanaraq hazırkı mübahisəyə iddia müddətinin tətbiq olunmaması barədə nəticəyə gələrək səhvə yol vermişdir.

Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Bununla əlaqədar, kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, həmin maddədə müəyyən olunmuş bir illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçının isə sonrakı ipoteka müqavilələrinin bağlandığı vaxtdan təxminən 6 il sonra onların etibarsızlığı barədə məhkəmədə iddia qaldırdığından, işin yuxarıda göstərlən halları Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə uyğun yoxlanılmalıdır.  

Apellyasiya instansiyası məhkəməsi təkrar işə baxaraq müəyyən etmişdir ki, A.Mahmudovanın mübahisələndirdiyi əqdlər 2009-2010-cu illərdə bağlanmış olsalar da, Mərkəzi Bankın 8 aprel 2016-cı il tarixli bildirişi yaşadığı ünvana göndərilənədək onun sonrakı ipoteka müqavilələrindən məlumatı olmamış, o, əqdlərin etibarsız sayılmasına əsas verən halı bildikdən sonra məhkəməyə müraciət etmişdir.

Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, A.Mahmudova tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir.

Kassasiya şikayəti üzrə ikinci dəfə işə baxmış Ali Məhkəmənin Mülki Kollegiyasının 13 aprel 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, A.Mahmudovanın ipoteka müqavilələrinin bağlandığı vaxtdan 6 il sonra məhkəməyə müraciət etməsinə, onun 2012-ci ildə notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən sonrakı ipoteka müqavilələrinin predmeti olan əmlakın satılmasına, ipoteka qoyulmasına və digər formada özgəninkiləşdirilməsinə razılıq verməsinə, həmin alğı-satqı müqaviləsinin ləğvi barədə 30 oktyabr 2015-ci il tarixli sazişin imzalanmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, işə yenidən baxılan zaman həmin hallar araşdırılmalıdır.    

Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edərək üçüncü dəfə işə baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək müəyyən etmişdir ki, ipoteka müqavilələri bağlanıldığı zaman iddiaçı A.Mahmudovanın razılığı alınmamış, o, notariat qaydada əmlakın ipotekaya qoyulmasına razılıq verməmişdir. Bunun əksini iddia edən cavabdeh tərəf A.Mahmudovanın ipoteka münasibətlərindən xəbərdar olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yalnız notariat kontoru tərəfindən təqdim edilmiş A.Ənzəlov ilə Vasif Hüseynov arasında bağlanmış 7 noyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 30 oktyabr 2015-ci il tarixli bu müqavilənin ləğvi barədə sazişin və onlarla bağlı sənədlərin surətləri arasında A.Mahmudova tərəfindən 1 noyabr 2012-ci il tarixində notariat kontoruna verilmiş ərizə təqdim edilmişdir. Həmin ərizənin məzmunundan məlum olur ki, A.Mahmudova əri A.Ənzəlova məxsus olan əmlak kompleksinin satılmasına, ipotekaya qoyulmasına və digər formada özgəninkiləşdirilməsinə etiraz etmir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin ərizə əmlakın satılması məqsədilə verilmiş, 2013-cü ildə alğı-satqı həyata keçirilən zaman notariat orqanına təqdim edilmişdir. A.Mahmudovanın verdiyi ərizənin iki il əvvəl, yəni 2009-2010-cu illərdə bağlanmış mübahisələndirilən sonrakı ipoteka müqavilələri ilə heç bir əlaqəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin A.Mahmudovanın ipoteka münasibətlərindən xəbərdar olmaması, yalnız 2016-cı ildə bunu bilməsi barədə ifadəsinin inandırıcı olmamasına dair dəlilini də yoxlamış və qətnamədə qeyd etmişdir ki, bu dəlil ehtimal olaraq qalır və heç bir əsasa söykənmir. Bu dəlil iddiaçının nümayəndəsi tərəfindən təkzib edilmiş, A.Mahmudovanın əri A.Ənzəlovun qapalı insan olduğu üçün bu barədə iddiaçıya məlumat vermədiyini bildirmişdir. Cavabdeh A.Ənzəlov da təsdiq etmişdir ki, A.Mahmudovanın bağlanılmış ipoteka müqavilələrindən xəbəri olmamış, o bu halı yoldaşından gizlətmişdir.

Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, sonrakı ipoteka müqavilələri bağlanan zaman iddiaçının razılığının alınmaması, ümumiyyətlə ipoteka münasibətlərindən xəbərinin olmaması məhkəmə iclasında sübuta yetirilmiş, bunun əksini iddia edən cavabdeh tərəf istinad etdikləri halları, iddiaçının ipoteka münasibətlərindən xəbərdar olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş bu hallara Mülki Məcəllənin 225 və 337.1-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsini, Ailə Məcəlləsinin 32 və 33-cü maddələrini, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin ikinci hissəsini tətbiq etmişdir

  Kassasiya instansiyası məhkəməsi artıq üçüncü dəfə işə baxıb yeni qərar qəbul edərkən apellyasiya instansiyası məhkəməsinin qərarında gəldiyi nəticəni düzgün hesab etməmiş, iddiaçının sonrakı ipoteka müqavilələri haqqında 17 mart 2016-cı il tarixinə kimi məlumatsız olması barədə irəli sürülən dəlilini inandırıcı saymamış və bunu “iddiaçının əmlakının yüklü olmasından xəbərdar olmaması istisna edilir”, “bunu bilməməsi artıq mümkün deyil” kimi ümumi ifadələr ilə əsaslandırmışdır.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Mülki Prosessual Məcəllədə ədalət mühakiməsinin həyata keçirilməsinin prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

Məhkəmə müdafiəsi hüququ həyata keçirilərkən Konstitusiyanın doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir.

Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun tarixli Qərarı).

Lakin, kassasiya instansiyası məhkəməsi Konstitusiyanın göstərilən tələblərinə əməl etməyərək qərarı fərziyyələr əsasında çıxarmışdır.

A.Mahmudovanın iddiasını əsassız hesab edərək kassasiya instansiyası məhkəməsi ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlaka dair münasibətləri tənzimləyən müvafiq qanunvericiliyin normalarına  istinad etsə də, onların tələblərinə zidd olan nəticəyə gəlmişdir.

Belə ki, qərarda göstərilmişdir:

“İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.

Qanunun göstərilən normaları ümumi birgə mülkiyyət olan əmlakın birgə mülkiyyətçinin razılığı olmadan ipoteka qoyulmasını istisna etsə də, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka müqavilələrinin etibarsız hesab edilməsini əsaslı sayarkən iddiaçı A.Mahmudova və cavabdeh A.Ənzəlov indiyə kimi nikahda olduqlarından 17 aprel 2009, 29 aprel 2010 və 3 avqust 2010-cu il tarixlərdə ipoteka müqavilələrinin bağlanmasından onun 17 mart 2016-cı il tarixə kimi məlumatsız olması barədə dəlili nəinki inandırıcı saymır, həmçinin də bu hal iş materiallarında olan sənədlərdə təkzib edilir.”

 Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi statusu və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmir.

  Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel, 2004-cü il 21 may, 2004-cü il 3 avqust, 2004-cü il 28 oktyabr, 2010-ci il 21 iyun, 2012-ci il 28 fevral, 2014-cü il 18 fevral və 2014-cü il 15 sentyabr tarixli Qərarlarında da öz əksini tapmışdır.

Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə son nəticədə həmin hüquq normalarının tələblərini pozmuşdur.

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə uyğun olmayan qərarın qəbul olunması A.Mahmudovanın Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqlarının pozulması ilə nəticələnmişdir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, A.Mahmudovanın cavabdehlər “Texnika Bank” ASC, Mərkəzi Bank və A.Ənzəlova qarşı 17 aprel 2009, 29 aprel 2010 və 3 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

Q Ə R A R A   A L D I: 

 

1. Amirə Mahmudovanın cavabdehlər “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Mərkəzi Bankı və Anar Ənzəlova qarşı 17 aprel 2009, 29 aprel 2010 və 3 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

   

Sədr                                                                                           Fərhad Abdullayev