Decisions

19.11.04 «Səma-10» firmasının şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin İMDİÜMK-nın 09/10/03 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsi Plenumunun

Q Ə R A R I

«Səma-10» firmasının  şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının

09 oktyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

19 noyabr 2004-cü il                                                                                                            Bakı şəhəri  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

 məhkəmə katibi İ.İsmayılovun,

 ərizəçi «Səma-10» firmasının baş direktoru D.M.Əliyevin  və onun nümayəndəsi  M. Y. Novruzovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «Səma-10» firmasının  şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 09 oktyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının  Konstitusiyasına    və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Konstitusiya işinə cavabverən tərəfin  iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, D.M.Əliyevin və  M.Y.Novruzovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək,  Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N       E T D İ :

Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad məhkəməsinin 19 may 2003-cü il tarixli qətnaməsi ilə «Səma-10» firmasının «Etilen-Polietilen» zavoduna qarşı 320.130.000 manat məbləğində borcun ödənilməsinə dair iddiası təmin olunmuş:

- Etilen-Polietilen» zavodundan «Səma-10» firmasının xeyrinə 20.500.000 manat əsas borc;

- 298.275.000 manat cərimə;

- 1.355.000 manat vergi orqanı tərəfindən ödənilməsi tələb olunan məbləğin tutulması qət edilmişdir.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 12 avqust 2003-cü il tarixli qətnaməsi ilə yuxarıda adı çəkilən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının (İMDİÜMK-nın) 09 oktyabr2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, «Səma-10» firmasının iddiasının 298.375.000 manat cəriməyə aid hissəsi rədd edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 20 aprel 2004-cü il tarixli məktubuna əsasən «Səma-10» firmasının əlavə kassasiya qaydasında verdiyi şikayət    Azərbaycan   Respublikası  Mülki  Prosessual  Məcəlləsinin (MPM-nin) 424-cü maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına göndərilməmişdir.

Ərizəçi «Səma-10» firması kassasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək onun Konstitusiyaya və mülki qanunvericiliyə uyğunluğunun yoxlanılmasını xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tətbiq edilməli olmayan, 1964-cü ildən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-nin) 74-cü maddəsini tətbiq etməklə əsassız olaraq iddianın cəriməyə aid olan hissəsini rədd etmişdir.

Bundan başqa, şikayətdə göstərilir ki, kassasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq səlahiyyət həddlərindən kənara çıxaraq mahiyyət etibarı ilə yeni qərar qəbul etmişdir.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, «Səma-10» firması ilə Sumqayıt «Etilen-Polietilen» zavodu arasında bağlanmış 28 aprel 2000-ci il tarixli, 17/ 18-1-06-00 saylı müqaviləyə əsasən «Səma-10» firması «Etilen-Polietilen» zavoduna elektrik  avadanlığı satmağı, zavod isə aldığı avadanlığın haqqının ödənilməsini öhdəsinə  götürmüşlər. Müqavilənin şərtlərinə görə zavod aldığı malın haqqının ödənilməsini gecikdirdikdə, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 3 faizi miqdarında cərimə ödəməlidir. Firma 2001-ci ilin ayrı-ayrı aylarında zavoda cəmi 92. 000.000 manat məbləğində elektrik avadanlığı vermiş,  zavod  isə həmin məbləğdən 71. 500. 000 manat ödəmiş, 20. 500.000 manatı isə ödəməmişdir.

Buna  görə  də  «Səma-10»  firması  «Etilen-Polietilen»  zavodundan 20. 500. 000 manat əsas borc, əsas borcun ödənilməsinin gecikdirildiyi hər gün üçün 3 faiz olmaqla  298. 275.000 manat cərimənin və zavod pulu gec  ödədiyinə görə vergi orqanının müəyyən etdiyi 1. 355. 000 manat cərimənin tutulması iddiası  ilə məhkəməyə müraciət etmişdir.

     «Etilen-Polietilen» zavodunun «Səma-10» firmasına 20.500.000 manat əsas borcun olması, həmin borca vergi idarəsinin «Səma-10» firmasından 1.355.000 manat verginin ödənilməsinin tələb etməsi və bu borcun cavabdehin təqsiri üzündən baş verməsini bütün məhkəmə instansiyaları mübahisəsiz qaydada qəbul etmişlər.

     Ali Məhkəmənin  İMDİÜMK-sı əsas borca və cəriməyə dair hissədə birinci və apellyasiya instansiyası məhkəməsinin qətnamələrini qanuni və əsaslı hesab etməklə, həmin məhkəmə aktlarını bu hissədə dəyişdirmədən saxlamışdır.

Kassasiya instansiyası məhkəməsi «Səma-10» firmasının «Etilen-Polietilen» zavoduna qarşı iddianın 298. 375.000 manat cəriməyə aid hissəsində birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşmayaraq,  müqavilənin 2000-ci ilin aprel ayında bağlanıldığını,  iddianın isə 2003-cü ilin  aprel ayında qaldırıldığını əsas götürərək, belə nəticəyə gəlmişdir ki, «Səma-10» firması tərəfindən iddia müddəti keçirilmişdir. Bu əsaslarla Ali Məhkəmənin İMDİÜMK-sı  iddianın  cəriməyə  aid hissəsini rədd etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin mülki qanunvericiliyin tələblərinə uyğun olmadığını qeyd edir.

İddia müddətlərinin dəqiq hesablanması üçün  müddətin axımının başlanğıcının  müəyyənləşdirilməsi  həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış  müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

Hüququn subyekti bir qayda olaraq  hüquq pozuntusunun baş verdiyi vaxtdan öz hüququnun pozulmasını bilir və yaxud da bilməlidir. Şəxs öz hüququnun pozulmasını dərk etməyincə, pozulmuş hüququnun qorunması üçün dövlət orqanlarına müraciət edə bilməz. Bu səbəbdən qanun iddia vermək hüququnu şəxsin öz hüququnun pozulmasını bildiyi və yaxud da bilməli olduğu gün ilə əlaqələndirir. Belə ki, 2000-ci ilin sentyabrın 01-dək qüvvədə olmuş MM-nin 78-ci maddəsinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.

Məhkəmə instansiyaları tərəfindən müəyyən edilmişdir ki, «Səma-10» firması «Etilen-Polietilen» zavodu ilə bağlanmış tədarük müqaviləsinin şərtlərinə tam əməl etmiş, sonuncu isə aldığı məhsulun dəyərinin yalnız bir qismini ödəmişdir.

Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən həmçinin görünür ki, «Etilen-Polietilen» zavodu «Səma-10» firmasına 20.500.000  manat  məbləğində  borcun  olmasını  etiraf  edərək, buna dair 25 fevral 2002-ci il və 19 mart 2003-cü il tarixli üzləşmə aktlarını imzalamış və möhürlə təsdiq etmişdir.

Beləliklə,  iş  üzrə  müəyyən  edilmiş hallardan göründüyü kimi, «Etilen-Polietilen» zavodu 2003-cü ilin aprel ayına qədər,  yəni «Səma-10» firması məhkəmədə iddia qaldıranadək,  həmin firmaya olan borcu etiraf etmişdir.

2000-ci ilin sentyabrın 01-dək qüvvədə olmuş MM-nin 78-ci maddəsinin müddəalarına uyğun olaraq, qəbul edilmiş məhsulun  və yaxud göstərilmiş xidmətlərin  dəyərinin ödənilməsinə dair iddia müddəti  alıcının  (sifarişçinin)  məhsulun dəyərini və yaxud xidmət haqqını ödəməkdən imtina etməsi barədə tədarükçünün bildiyi və yaxud da bilməli olduğu gündən hesablanır. Qanunun bu tələbi həm əsas,  həm də əlavə borclara şamil edilir.

Ali Məhkəmənin İMDİÜMK-sı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin hüquqi baxımdan qanuniliyini yoxlayarkən,  tətbiq edilməli olan 2000-ci ilin sentyabrın 01-dək qüvvədə olmuş  MM-nin 78-ci maddəsini tətbiq etməyərək,  mahiyyət etibarı ilə düzgün olmayan qərar qəbul etmişdir.

 Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu «Aztelekom» İstehsalat Birliyi, A.H.Zalovun, «Saip Azər Machine Company» şirkətinin şikayətləri üzrə qəbul etdiyi qərarlarında vurğulamışdır ki, qanunverici tərəfindən müəyyən edilmiş qaydalara görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən aktların hüquqi baxımdan qanuniliyini, yəni maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Qanunun bu müddəasına görə kassasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətmamə və qərardadını ləğv edə bilər (MPM-nin 418.1-ci maddəsi). Bu halda kassasiya instansiyası məhkəməsi işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (MPM-nin 417.0.3-cü maddəsi).

«Səma-10» firmasının iddiası ilə bağlı iş üzrə Ali Məhkəmənin İMDİÜMK-sı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq etmədiyini müəyyənləşdirərək, qətnaməni ləğv edib, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmək əvəzinə, onun dəyişdirilməsi adı ilə faktiki olaraq mahiyyət üzrə yeni qərar qəbul etmişdir.

Bunula əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, «Səma-10» firması tərəfindən mübahisələndirilən kassasiya instansiyası məhkəməsinin qərarı 2000-ci ilin sentyabrın 01-dək qüvvədə olmuş MM-nin 78-ci, MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Bu isə, öz növbəsində, «Səma-10» firmasının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, «Səma-10» firmasının «Etilen-Polietilen» zavoduna qarşı borcun ödənilməsinə dair iş  üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 09 oktyabr 2003-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, qüvvədən düşmüş MM-nin 78-ci, MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından  qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun  olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə  müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI :

1. «Səma-10» firmasının «Etilen-Polietilen» zavoduna qarşı borcun ödənilməsinə  dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 09 oktyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 78-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.  İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə  yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

Sədrlik edən:                                                                                 Fərhad Abdullayev