AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə»Azərbaycan Respublikasının
28 noyabr 2003-cü il tarixli Qanununun II hissəsinin şərh edilməsinə dair
7 sentyabr 2004-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev, B.Qəribov,R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov,S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi R.Mahmudovun,
maraqlı subyektlərin nümayəndələri 1 saylı Yerli iqtisad məhkəməsinin sədri S.Bəktaşi və hakimi Ü.Mayılovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdirinin müavini İ.Rəfibəylinin,
mütəxəssis Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşı F.Nəcəfovun iştiraki ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununun II hissəsinin şərh edilməsi haqqında 1 saylı Yerli iqtisad məhkəməsinin 25 iyun 2004-cü il tarixli, M-161/5 saylı müraciəti ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim Ə.Sultanovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri S.Bəktaşi və İ.Rəfibəylinin çıxışlarını, mütəxəssis F.Nəcəfovun rəyini dinləyib, konstitusiya işinin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikasının 1 saylı Yerli iqtisad məhkəməsi icraatında olan «ASKKO» şirkətinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialına qarşı iddiasına dair işlə əlaqədar Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətdə göstərmişdir ki, Bakı şəhəri, Vergilər Departamentinin 2 saylı filialı «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununun 01 yanvar 2004-cü il tarixdən qüvvəyə minməsini əsas götürərək iş üzrə iddiaçı təşkilatın («ASKKO» şirkəti) 2004-cü il yanvar ayı üçün təqdim etdiyi əlavə dəyər vergisi üzrə bəyannaməsini nəzərə almamış, kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 01 yanvar 2004-cü il tarixədək qüvvədə olmuş 175.1-ci maddəsində göstərilən qaydada əvəzləşdirilən əlavə dəyər vergisinin 13.754.700 manat məbləğində olan hissəsini qəbul etməmiş və onun təkrar ödənilməsi üçün iddiaçı təşkilatın bank hesabına 2 mart 2004-cü il tarixli 99793/6846, 99794/6846 və 99795/6846 saylı sərəncamlar verilmişdir.
Müraciətdə həmçinin qeyd edilir ki, «ASKKO» şirkəti iddiasında «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Qanunun 31 yanvar 2004-cü il tarixdən dərc edilməsini, ona görə də yanvar ayı üçün olan əlavə dəyər vergisinin əvvəlki qanuna əsəsən hesablanıb ödənildiyini, lakin onun 11 fevral 2004-cü ildə təqdim etdiyi bəyannamənin Vergilər Departamenti tərəfindən qəbul edilmədiyini əsassız hesab edərək bank hesabına verilmiş sərəncamların ləğv olunmasını xahiş etmişdir.
1 saylı Yerli iqtisad məhkəməsi yuxarıda göstərilən Qanunun II hissəsinin tətbiqində yaranmış qeyri - müəyyənliyin aradan qaldırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edərək həmin Qanunun hansı tarixdən qüvvəyə minməsinin şərh olunmasını xahiş etmişdir.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Qanun cəmiyyətdə ictimai münasibətlərin nizamlanmasında, ölkənin iqtisadi, sosial və s. problemlərinin həllində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında və onların məsuliyyət hissinin artırılmasında mühüm əhəmiyyət kəsb edən yazılı hüquqi sənəddir. Bu baxımdan qanunların hazırlanması, qəbul edilməsi və onun dərc olunub icra edilməsi əsas şərtdir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkənin əsas qanunu olmaqla ən yüksək hüquqi qüvvəyə malikdir. Qanunlar Konstitusiyaya zidd olmamalıdır və onlar dərc edildiyi gündən hamı üçün məcburi xarakter daşıyır.
Azərbaycan Respublikasının qanunvercilik sistemi və ona daxil olan normativ-hüquqi aktlara dair müddəalar Konstitusiyanın 147-151-ci maddələri ilə müəyyən edilir.
Konstitusiyada təsbit olunmuşdur ki, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir və öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir (81 və 93-cü maddələr).
Konstitusiyaya əsasən qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir (97-ci maddənin I hissəsi).
Azərbaycan Respublikasının Prezidenti qanunları imzalayır və dərc edir (109-cu maddənin 19-cu bəndi).
Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər (110-cu maddə).
Müraciətdə göstərilənlərlə əlaqədar ilk növbədə qanunların və digər normativ hüquqi aktların hansı vaxtdan qüvvəyə minməsi, tətbiqi və icra edilməsi məsələsinə aydınlıq gətirilməsi vacibdir.
«Normativ-hüquqi aktlar haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunların və başqa normativ-hüquqi aktların hazırlanması, qüvvəyə minməsi, şərhi və bunlarla əlaqədar müvafiq dövlət orqanlarının qarşılıqlı fəaliyyət qaydaları müəyyənləşdirilir.
Konstitusiyanın 98-ci maddəsinə görə qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.
Bu maddənin mənasına görə qanunun və qərarın özündə onların qüvvəyə minməsi vaxtı göstərildiyi halda qanun və qərar özündə müəyyən edilən tarixdən qüvvəyə minir.
Bununla belə, məsələnin həlli üçün qanunların tətbiqi və icra edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Qəbul olunmuş qanunların tətbiqi və icrası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit olunmuşdur. Həmin maddənin III hissəsində qeyd edilir : «… Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir».
Ümümiyyətlə, şəxsin hüquq, azadlıq və vəzifələrinə toxunan hər bir normativ - hüquqi akt ictimaiyyətin nəzərinə çatdırılmaq üçün dərc edilmədikdə tətbiq və icra edilə bilməz.
Məhz buna görə də «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunun 38-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları rəsmi nəşrlər sayılan «Azərbaycan» qəzetində və Azərbaycan Respublikasının qanunvericilik toplusunda dərc olunmalıdır.
Qanunun və digər normativ - hüquqi aktların dərc edilməsi və icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi əhəmiyyət kəsb edir.
Avropa Məhkəməsinin təcrübəsinə görə qanun açıq-aşkar, sadə, aydın olmalı, qabaqcadan xəbər verilməklə son dərəcə dəqiq və dürüst ifadə edilməli, həmçinin onun təsiri altına düşən şəxslərlə rəftar zamanı özbaşınalığa rəvac vermə təhlükəsinə qarşı təminatları özündə cəmləşdirməlidir.
Azadlıq hüququndan məhrum etmə məxfi və yaxud dərc olunmamış hüquqi normalar əsasında aparıldıqda, aşkarlıq tələbinə riayət edilməyəcəkdir. Aşkarlıq tələbi, həmçinin qanundan aşağı hüquqi qüvvəli aktlara da şamil edilir. Belə ki, Amuur Fransaya qarşı iş üzrə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozulduğu müəyyən edilərkən, tranzit ərazisində xarici vətəndaşların saxlanılması məsələlərini nizamlayan dərc edilməmiş təlimat Məhkəmə tərəfindən kifayət qədər həcmli olmayan və əsl qanuna xas olan müvafiq təminatları ehtiva etməyən hesab edilmişdir.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, yalnız dərc edilmiş qanun tətbiq və icra edilə bilər. Əks halda dərc olunmamış qanunun tətbiqindən, icrasından və onun törədəcəyi məsuliyyətlə əlaqədar məsələlərdən danışmaq mümkün deyildir.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 28 noyabr 2003-cü il tarixdə qəbul olunmuş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Qanunun II hissəsində qeyd edilir ki, bu Qanun 01 yanvar 2004-cü il tarixdən qüvvəyə minmişdir. Lakin həmin Qanun 31 yanvar 2004-cü ildə «Azərbaycan» qəzetində dərc edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun II hissəsinə görə 01 yanvar 2004-cü il tarixdən qüvvəyə minmiş həmin Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin III hissəsinə uyğun olaraq dərc edildiyi 31 yanvar 2004-cü il tarixdən tətbiq və icra olunmalıdır. Bununla belə, qeyd etmək lazımdır ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hallarda normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Ona görə də yuxarıda adı çəkilən Qanun tətbiq və icra edilərkən Konstitusiyanın göstərilən müddəaları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60,62,63,65,66,67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun II hissəsinə görə 01 yanvar 2004-cü il tarixdən qüvvəyə minmiş həmin Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin III hissəsinə uyğun olaraq dərc edildiyi 31 yanvar 2004-cü il tarixdən tətbiq və icra olunmalıdır. Göstərilən Qanun tətbiq və icra olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəaları nəzərə alınmalıdır.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədrlik edən Fərhad Abdullayev