Vətəndaşların
müraciətləri haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə
uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun
həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin
müraciətlərə baxması qaydasını müəyyən edir.
Maddə 1.
Müraciət etmək hüququ
1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət
və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya
paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan
hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən
və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə
müraciət etmək hüququ vardır.
1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst
və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi
digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.
1.3. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə,
mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara,
həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin
müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
Maddə 2.
Vətəndaşların müraciətləri haqqında qanunvericilik
Vətəndaşların müraciətləri haqqında
qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3.
Əsas anlayışlar
3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas
anlayışlardan istifadə edilir:
3.0.1. müraciət edən şəxs — fiziki və ya hüquqi şəxs;
3.0.2. müraciət — müraciətə baxan subyektə və ya
onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən
elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi
və ya kollektiv təklif, ərizə, şikayət;
3.0.3. təklif — qanunların və digər normativ
hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər
müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət,
hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli
barədə edilən müraciət;
3.0.4. ərizə — hüquq və azadlıqların həyata
keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
3.0.5. şikayət — pozulmuş hüquq və azadlıqların bərpası
və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
3.0.6. müraciətə baxan subyekt — fiziki və hüquqi
şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və
bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər
və büdcə təşkilatları;
3.0.7. müraciətə baxan subyektin canlı yayımlanan
televiziya və radio proqramındakı nümayəndəsi — müraciətə baxan
subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs;
3.0.8. müraciətə baxan subyektin vəzifəli şəxsi —
müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və
hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici
və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin
vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;
3.0.9. şifahi müraciət — vətəndaşların fərdi və
kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı
ilə canlı yayımlanan televiziya və radio proqramları zamanı, habelə
telefon müraciət xidməti vasitəsilə edilən müraciət;
3.0.10. telefon müraciət xidməti — müraciət edənin
şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və
cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;
3.0.11. yazılı müraciət — kağız üzərində və ya
elektron formada tərtib edilmiş müraciət;
3.0.12. elektron müraciət — müraciətə baxan
subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi
internet saytı vasitəsilə daxil edilən müraciət;
3.0.13. kollektiv müraciət — eyni məsələyə dair
iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata
keçirilməsi ilə əlaqədar olan müraciətlər;
3.0.14. təkrar müraciət — müraciətin bu Qanunla
müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət
cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan
subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;
3.0.15. anonim müraciət — müraciətə baxan subyektə
və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi
və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi
ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət.
Maddə 4.
Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri
4.0. Vətəndaşların müraciətlərinə baxılmasının əsas
prinsipləri aşağıdakılardır:
4.0.1. qanunçuluq;
4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və
könüllü həyata keçirməsinə şərait yaradılması;
4.0.3. müraciətlərə dair tələblərin vahidliyi;
4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və
qanuni mənafelərinin qorunması;
4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və
süründürməçiliyə yol verilməməsi;
4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli
şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;
4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə
dövlət maraqlarının uzlaşdırılması.
Maddə 5.
Bu Qanunun tətbiq dairəsi
5.1. Azərbaycan Respublikasının Konstitusiya
qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ
hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların
bütün müraciətlərinə şamil edilir.
5.2. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə
icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil
edilmir.
5.3. Hərbi qulluqçuların xidmətlə əlaqədar
bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması
qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi
və İntizam Nizamnaməsi ilə tənzimlənir.
5.4. Referendumun və seçkilərin bilavasitə təşkili
və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
5.4-1. Vətəndaşların qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməsi ilə bağlı yaradılmış təşəbbüs qrupunun və Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun
(qərar) layihəsinin qeydiyyata alınması məqsədilə ərizələrin verilməsi və bu ərizələrə
baxılması qaydası «Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü
hüququndan istifadə etməsi qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu
ilə tənzimlənir.
5.5. Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin
verilməsi və bu şikayətlərə baxılması qaydası «Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının
Konstitusiya Qanunu ilə tənzimlənir.
5.6. İnformasiya əldə edilməsi üçün sorğunun
verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası
«İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.7. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin
əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası «Məişət zorakılığının
qarşısının alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.8. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə,
habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət
və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara
müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu Qanunla tənzimlənir.
5.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları
əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə
şamil edilir.
Maddə 6.
Vətəndaşların müraciətlərinə dair tələblər
6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə
baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların
vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.
6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə
vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində
göstərilən qaydada göndərilir.
6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir:
6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli
şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən
müraciətlər istisna olmaqla);
6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının
adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;
6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim
edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.
6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri
olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı
birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə
cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər
və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.
6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs
və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı
və tarix qoymalıdır.
6.6. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim
edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə
olunmalıdır.
6.7. Elektron müraciət həmin müraciətə baxan
subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun
rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet
saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
6.8. Elektron sənəd formasında göndərilən müraciət
elektron imza ilə təsdiq olunmalıdır.
6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə
edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və
böhtana yol verilməməlidir.
Maddə 7.
Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması
qaydası
7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli
şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq
qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu
Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina
qadağandır.
7.2. Vətəndaşların müraciətləri ilə bağlı
kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır
və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.
7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul
edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək
hüququ vardır.
7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi
və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin
qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.
7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və
bu barədə vətəndaşa (kollektiv müraciətlərdə — müraciət edən şəxslərdən birinə)
əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət
dilində cavab verilir.
7.6. Elektron müraciətlərə müraciətə baxan
subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi
elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə
poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə
müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə
yazılı cavab verilir.
7.7. Vətəndaşın müraciətinə baxılmasına dair
cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər
və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin
edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab
məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.
7.9. Müraciətə baxan subyekt və ya onun vəzifəli
şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi
üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec
olmayaraq cavab verilməlidir.
7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli
şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid
olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və
müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə
müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş
günündən gec olmayaraq həmin subyektlərə göndərilir.
7.11. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini
baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə
baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı
dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat
verilməlidir.
7.12. Vətəndaşın müraciətində göstərilən məsələlər
«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət
sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid
edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının
mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.
7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə
baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən
edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün
olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək
hüququ izah olunur.
Maddə 8.
Müraciətin baxılmamış saxlanılması
8.1. Müraciət aşağıdakı hallarda baxılmamış
saxlanılır:
8.1.1. bu Qanunun 5-ci maddəsinə uyğun olaraq
müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;
8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində
göstərilən tələblərə cavab vermədikdə;
8.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində
3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin
həlli üçün yeni məlumatlar olmadıqda;
8.1.5. bu Qanunun 7.9-cu maddəsində göstərilən
hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə
olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;
8.1.6. müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci
maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.
8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən
hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə
səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış
saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış
saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.
8.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən
hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.
Maddə 9.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri
9.1. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar
hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla,
bu Qanuna müvafiq olaraq baxılır.
9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə
müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma
təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti
aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi
barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə
materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin
bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.
9.2-1. Barəsində məlumat verilən şəxsə, həmçinin
araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə
edilə bilməz.
9.3. Dövlət orqanının rəhbəri xidməti
araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan
birini qəbul edir:
9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə,
eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər
olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi,
cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;
9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə,
lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər
olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;
9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə
şikayət üzrə icraata xitam verilməsi barədə.
9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar
haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ
izah olunur.
9.5. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından
yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət
orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
9.6. Dövlət orqanları istisna olmaqla, digər
müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə
müraciətlərə bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində
baxılır.
Maddə
10. Müraciətə baxılması müddəti
10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü
maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən
geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən
geci 30 iş günü müddətində baxılır.
10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və
10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması
üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb
edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini
ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa,
habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər
müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat
verilməlidir.
10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin
müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
10.4. Əgər məlumatın verilməsi barədə müraciətə
yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini
itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil
olduğu andan 24 saat keçənədək baxılmalıdır.
10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən
müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən
başlanır.
Maddə
11. Vətəndaşların qəbul edilməsi qaydası
11.1. Müraciətə baxan subyektlər vətəndaşların qəbul
edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az
olmamaqla təmin etməlidirlər.
11.2. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri
və ya digər vəzifəli şəxsləri qəbul edirlər.
11.3. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə
və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz
tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya
digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.
11.4. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və
ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron
xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq
edən sənədi təqdim etməlidir.
11.5. Qəbul zamanı təqdim edilmiş yazılı müraciət
bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona
baxılır.
11.6. Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula
dair qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin
həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə
müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın
müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda müraciət yazılı şəkildə
təqdim olunur. Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması
qaydası bu Qanunun 11.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
11.7. Vətəndaşın qəbulu zamanı onun müraciətində
qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin
səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə
müraciət etmə qaydası izah olunur.
11.8. Müraciətə baxan subyektlərin rəhbərlərinin
və digər vəzifəli şəxslərinin səyyar və videoqəbullar, o cümlədən onlayn
konfranslar keçirmək hüququ vardır. Bu cür qəbul zamanı təqdim edilən müraciətlərin
qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu maddəyə uyğun olaraq həyata
keçirilir.
Maddə
12. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri
12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli
şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən
edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər
vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün
şərait yaradılmasını təmin etməlidirlər.
12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli
şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli,
onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.
12.3. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri
vətəndaşların müraciətlərinə baxarkən:
12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında
baxılmasını təmin etməlidirlər;
12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli
üçün lazımi sənədləri tələb etməlidirlər;
12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında
vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini
göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların
qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin
etməlidirlər.
12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin,
siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin,
habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə
bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və
müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.
12.5. Müraciətlərə baxılması zamanı müraciətə
baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli
ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və
qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə
baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə
göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi
məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması,
saxlanılması, istifadəsi və yayılması qadağandır.
12.6. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin)
qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş
müraciətlərə bu Qanuna və «Prokurorluq haqqında» Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə
aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın
müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti
üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya
onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir.
12.7. Azərbaycan Respublikasının Baş prokuroru bu
Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə
altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat
verir.
Maddə
13. Nəzarətin həyata keçirilməsi
13.1. Dövlət orqanlarında, dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə
və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə
tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Maddə
14. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları
14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı
hüquqları vardır:
14.0.1. müraciətin tam və hərtərəfli
araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə
edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;
14.0.2. müraciətə baxılmasının dayandırılması barədə
ərizə ilə müraciət etmək;
14.0.3. təkrar yazılı müraciətə ilkin müraciətə
baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;
14.0.4. ictimai informasiya və fərdi məlumatların
əldə edilməsi məqsədi ilə sorğu vermək;
14.0.5. müraciətin baxılmasına dair sənədlərin və
materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və
ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara
aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;
14.0.6. müraciətin qeydiyyat nömrəsi və daxilolma
tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat
nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;
14.0.7. müraciətə baxılması barədə yazılı cavab və
ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq;
14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla
razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət
vermək;
14.0.9. müraciətin məzmununda vətəndaşın ailə və
şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin
və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək.
Maddə
15. Canlı yayımlanan televiziya və radio proqramları və ya telefon müraciət
xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri
15.1. Canlı yayımlanan televiziya və radio
proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan
izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak
edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq
hüququ vardır.
15.2. Vətəndaşların canlı yayımlanan televiziya
və radio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması
mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası
bu Qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
15.3. Telefon müraciət xidməti vasitəsilə şifahi
müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması bu Qanunun tələbləri
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata
keçirilir.
Maddə
16. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan
Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə
17. Yekun müddəa
«Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, № 5, maddə 417; 1998, № 7, maddə 444; 1999, № 10,
maddə 570; 2001, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002, № 8,
maddə 463; 2004, № 1, maddə 10; 2006, № 5, maddə 390, № 12, maddə 1005; 2007, №
11, maddə 1053; 2010, № 3, maddə 173; 2011, № 7, maddə 615) ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
№ 1308-IVQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (15
noyabr 2015-ci il, № 251).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc
edilmişdir (30 noyabr 2015-ci il, № 11(221), maddə 1248).
25 aprel 2017-ci il tarixli, 623-VQD nömrəli; 22 iyun 2022-ci il
tarixli, 552-VIQD nömrəli; 17 fevral 2023-cü il tarixli 813-VIQD nömrəli
Qanunlara əsasən dəyişikliklərlə.