Normativ
hüquqi aktlar haqqında
Azərbaycan
Respublikasının Konstitusiya Qanunu
Bu Konstitusiya Qanunu normativ hüquqi aktların
hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması,
şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Bu Konstitusiya
Qanununda istifadə olunan əsas anlayışlar
1.0.
Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1.
normativ hüquqi akt — tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə,
qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər
üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş,
hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər
dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı
rəsmi sənəd;
1.0.2. qanunvericilik aktları — Azərbaycan
Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar;
1.0.3. normativ xarakterli akt — bu Konstitusiya Qanununun
4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi
davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə
tutulmuş müəyyən formalı rəsmi sənəd;
1.0.4. hüquqi akt — normativ hüquqi akt, normativ
xarakterli akt və ya qeyri-normativ hüquqi akt;
1.0.5. qanunvericiliyin sistemləşdirilməsi —
normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid
sistemə çevrilməsi üzrə fəaliyyət;
1.0.6. inkorporasiya — normativ hüquqi aktların məzmunu
dəyişdirilmədən müəyyən qaydada toplularda (külliyyatlarda) birləşdirilməsi;
1.0.7. məcəllələşdirmə — normativ hüquqi aktların
forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ hüquqi
aktlarda birləşdirilməsi;
1.0.8. qanunlar külliyyatı — Azərbaycan
Respublikasının qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu;
1.0.8-1. Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu (bundan sonra — toplu) — qəbul edilmiş Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının dərc edildiyi aylıq rəsmi
toplu;
1.0.9. qanunvericilikdə boşluqlar — konkret
ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması;
1.0.10. qanunun analogiyası — konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin
ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik
normalarının tətbiq edilməsi;
1.0.11. hüququn analogiyası — yalnız konkret
ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə
qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret
sahələrinə aid prinsiplərin tətbiq edilməsi;
1.0.12. normativ hüquqi aktların kolliziyası —
eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların
ziddiyyəti (uyğunsuzluğu);
1.0.13. normayaratma fəaliyyəti — normativ hüquqi
aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər
edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi
üzrə fəaliyyət;
1.0.14. normayaratma fəaliyyətinin subyekti —
normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər);
1.0.15. qanunvericilik təşəbbüsü — Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə müəyyən edilmiş
subyekt tərəfindən qanun layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə rəsmən təqdim edilməsi;
1.0.16. normativ hüquqi aktın rəsmiləşdirilməsi —
normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;
1.0.17. normayaratma orqanı — normativ hüquqi
aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı;
1.0.18. normayaratma prosesi — dövlət orqanının
normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə
normayaratma fəaliyyəti;
1.0.19. normayaratma texnikası — normativ hüquqi
aktların layihələrinin hazırlanması qaydalarının sistemi;
1.0.20. normativ hüquqi aktın açıqlanması —
normativ hüquqi aktın rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, digər kütləvi
informasiya vasitələrinin və ya başqa mümkün kommunikasiya vasitələrinin köməyi
ilə rəsmi yayılması yolu ilə ümumi diqqətə çatdırılması;
1.0.21. lokal normativ hüquqi akt — qüvvəsi bir və
ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt;
1.0.22. texniki normativ hüquqi aktlar — texniki
reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, standartlar,
o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları,
texniki şərtlər, aviasiya qaydaları, zoogigiyena, baytarlıq,
baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları,
gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi
qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi
normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və
qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və
qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, texniki-iqtisadi məlumatların
dövlət təsnifatı, dövlət statistika müşahidələrinin formaları və onların
doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və
hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və
aparılmasına dair təlimatlar, idarə hesabat formaları və onların doldurulmasına
dair göstərişlər, daşınmaz maddi tarixi-mədəni dəyərlərin qorunması zonalarının
layihələri, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə texniki
normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş) digər
normativ hüquqi aktlar;
1.0.23. normativ hüquqi aktda dəyişikliklərin
edilməsi — normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə
normaların daxil edilməsi;
1.0.24. normativ hüquqi aktdan sui-istifadə
imkanı — normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına
kömək edən müddəaların mövcudluğu;
1.0.25. diskresion səlahiyyətlər — orqanın (şəxsin)
öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri;
1.0.26. dispozitiv imkan — orqanın (şəxsin) öz
seçimi ilə davranış imkanı;
1.0.27. normativ hüquqi aktın hüquqi qüvvəsi —
normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini,
habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini
müəyyən edən xarakteristika.
Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
2.1. Normativ hüquqi aktların növləri Azərbaycan
Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.
2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və
151-ci maddəsi ilə müəyyən edilir.
2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra
— referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan
Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan
Respublikasının Konstitusiyası tətbiq edilir.
2.4. Qanun, fərman və ya digər normativ hüquqi
akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir.
2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil
etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
2.6. Fərman və ya digər normativ hüquqi akt
qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla
ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq
edilir.
2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların,
reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi
aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.
2.10. Naxçıvan Muxtar Respublikasının dövlət
orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası
Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri ilə müəyyən
edilir.
Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və
ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya
digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar
qeyri-normativ hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq
normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına
istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar
aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamları;
3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatını həyata keçirən orqanların aktları;
3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq
qeyri-normativ hesab edilən digər hüquqi aktlar.
Maddə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi
4.1. Azərbaycan Respublikasının normativ
xarakterli aktları aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul
edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarları, təlimatları və izahları;
4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;
4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5. Azərbaycan Respublikası Audiovizual
Şurasının qərarları;
4.1.6. yerli özünüidarə orqanlarının qərarları;
4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2. Normativ xarakterli aktlar onların icra
olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
4.3. Normativ xarakterli aktlar müvafiq normativ
hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində
nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ
xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə
ziddiyyət təşkil edə bilməz.
Maddə 5. Bu Konstitusiya Qanununun tətbiq dairəsi
5.1. Bu Konstitusiya Qanunu Azərbaycan
Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc
edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən
edir.
5.2. Bu Konstitusiya Qanunu referendum aktlarının
hazırlanması, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına
şamil edilir.
5.3. Bu Konstitusiya Qanunu aşağıdakı aktların rəsmiləşdirilməsi,
dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına
şamil edilir:
5.3.1. beynəlxalq müqavilələr;
5.3.2. texniki normativ hüquqi aktlar;
5.3.3.
lokal normativ hüquqi aktlar;
5.3.4.
normativ xarakterli aktlar.
5.4.
Ələt azad iqtisadi zonasının ərazisində «Ələt azad iqtisadi zonası haqqında»
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya
Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti
ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə
malikdir.
Maddə 6. Normativ hüquqi
aktlar sistemi
Normativ
hüquqi aktlar onların iyerarxiyasının müəyyən edilməsi, qarşılıqlı
uzlaşdırılması, habelə daxili uzlaşdırma ilə səciyyələnən və ictimai münasibətlərin
hüquqi tənzimlənməsini təmin edən Azərbaycan Respublikasının müvafiq qanunlar
külliyyatının hazırlanması yolu ilə vahid sistemə salınır.
Maddə 7. Dövlət orqanlarının qəbul
etdikləri normativ hüquqi aktlar barəsində hüquq varisliyi
7.1.
Normativ hüquqi aktlar qəbul etmək hüququna malik olan dövlət orqanı yenidən təşkil
edildikdə onun hüquq varisinə normativ hüquqi aktları qəbul etmək hüququ ilə
yanaşı, səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi
aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv
edilməsi səlahiyyəti verilir.
7.2.
Dövlət orqanı ləğv edildikdə və ya onun hüquq varisi müvafiq normativ hüquqi
aktları qəbul etmək hüququna malik olmamaqla yenidən təşkil edildikdə, əvvəllər
qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini
dayandırmaq və ləğv edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına
verilir.
7.3.
Müvafiq normativ hüquqi aktları qəbul edən dövlət orqanının statusunun dəyişdirilməsi
əvvəllər qəbul edilmiş normativ hüquqi aktların qüvvəsinin itirilməsinə səbəb
olmur.
7.4.
Dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb
olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı
əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir.
Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar
adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur.
7.5.
Dövlət orqanı bölündükdə və ya ayrıldıqda onun yenidən təşkili haqqında qərarda
səlahiyyətlərin aydın bölgüsü nəzərdə tutulmalıdır və həmin qərar hansı
normativ hüquqi aktların yeni yaradılmış hansı dövlət orqanlarına hansı həcmdə
şamil edilməsini müəyyənləşdirməyə imkan verməlidir. Bu zaman bölünmə və ya
ayrılma haqqında qərarı qəbul etmiş dövlət orqanı üç ay müddətində müvafiq
normativ hüquqi aktlarda bütün zəruri dəyişikliklər edilməsini təmin etməlidir.
Maddə 8. Normayaratma fəaliyyətinin
əsas prinsipləri
8.0.
Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin
I hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
8.0.1.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
8.0.2.
aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına
uyğunluğu;
8.0.3.
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
8.0.4.
mütənasiblik;
8.0.5.
dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
8.0.6.
normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
8.0.7.
normativ hüquqi aktların ziddiyyətsizliyi;
8.0.8.
insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və
sosial ədalət;
8.0.9.
ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
Maddə 9. Normayaratma
orqanlarının fəaliyyətində aşkarlıq
9.1.
Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq aşağıdakı vasitələrlə təmin
edilir:
9.1.1.
normayaratma orqanlarının fəaliyyəti və onların qəbul etdikləri normativ hüquqi
aktlar haqqında fiziki və hüquqi şəxslərin məlumatlandırılması;
9.1.2.
normativ hüquqi aktların rəsmi nəşrlərdə, digər kütləvi informasiya vasitələrində
dərc edilməsi və ya onların digər üsullarla açıqlanması;
9.1.3.
normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet
informasiya ehtiyatlarında yerləşdirilməsi.
9.2.
Normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi açıq (ictimai
və ya peşəkar) müzakirəyə çıxarıla bilər.
II fəsil. Normativ hüquqi aktların kolliziyası
Maddə 10. Normativ hüquqi
aktların kolliziyasının həlli qaydaları
10.1.
Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun
2-ci maddəsinin tələbləri nəzərə alınır.
10.2.
Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən
sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının
qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə
üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə
malikdir.
10.3.
Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə,
konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin
münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.
10.4.
Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud
olduqda xüsusi norma tətbiq edilir.
10.5.
Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər
qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə
malikdir.
10.6.
Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni
vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab
edilmir.
10.7.
Dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək
hüququna malik deyildirlər.
10.8.
Naxçıvan Muxtar Respublikasında normativ hüquqi aktların kolliziyası həll edilərkən
bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır.
Maddə 11. Normativ hüquqi
aktların kolliziyasının aradan qaldırılması qaydalarının tətbiqinin ardıcıllığı
11.0.
Normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır:
11.0.1. birinci növbədə ardıcıl olaraq bu
Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir;
11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci
növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin
normaları tətbiq edilir.
Maddə 12. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının
üsulları
12.1. Normativ hüquqi aktların kolliziyası
aşağıdakı üsullarla aradan qaldırılır:
12.1.1. normativ hüquqi aktın ləğv edilməsi;
12.1.2. normativ hüquqi aktda dəyişikliklər edilməsi;
12.1.3. normativ hüquqi aktların məcəllələşdirilməsi.
12.2. Normativ hüquqi aktların kolliziyasına
yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı onların qəbul olunması ilə əlaqədar
ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni
zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim
olunan qanun və Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri
ilə yanaşı onların qəbul edilməsi ilə əlaqədar ləğv və dəyişikliklər edilməli və
hazırlanmalı olan Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri də
eyni zamanda təqdim olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur
elementlərinin) siyahısı müəyyən edilməlidir.
12.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi
aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi
ilə bu Konstitusiya Qanununun 12.1.1-12.1.3-cü maddələrində göstərilən tədbirlər
görülməlidir.
III fəsil.
Qanunvericilikdə boşluqlar
Maddə 13. Hüququn analogiyasından və qanunun analogiyasından istifadə
olunması qaydası
13.1. Konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun
analogiyasından istifadə oluna bilər.
13.2. Əvvəlcə qanunun analogiyasından istifadə
olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları
olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları tətbiq edilir.
13.3. Mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və
onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu
onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir.
13.4. Konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar
ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün
olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan
Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret
sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur.
Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə
alınmalıdır.
13.5. Cinayət, inzibati xətalar və vergi
qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin
müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun
analogiyasından istifadə oluna bilməz.
Maddə 14. Qanunvericilikdə boşluqların aşkar edilməsi
14.0. Qanunvericilikdə boşluqlar aşkar edilərkən
aşağıdakılar nəzərə alınmalıdır:
14.0.1. faktiki hal hüquqi tənzimləmə dairəsinə
aid olmalıdır;
14.0.2. konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmamalıdır;
14.0.3. faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir
(tam tənzimlənməməlidir).
Maddə 15. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə
olunması haqqında qərar
15.1. Qanunvericilikdə boşluqları aşkar edən və
bu Konstitusiya Qanununun 14-cü maddəsini tətbiq edən subyekt konkret ictimai
münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi normayaratma
orqanına bu barədə məlumat verməlidir.
15.2. Hüququn analogiyasından və ya qanunun
analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Maddə 16. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə
olunmasını istisna edən hallar
16.0. Aşağıdakı hallarda hüququn analogiyasından
və ya qanunun analogiyasından istifadə oluna bilməz:
16.0.1. qanunvericilikdə boşluqlar zahiri
xarakter daşıdıqda;
16.0.2. normativ tənzimləmə zərurəti olmadıqda;
16.0.3. normativ tənzimləmə qanunla qadağan
olunduqda;
16.0.4. normativ tənzimləmə mövcud olduqda.
IV fəsil.
Normativ hüquqi aktların növləri
Maddə 17. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi
aktları
17.1. Azərbaycan Respublikası Konstitusiyasının
93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ
hüquqi aktları qanunlar formasında qəbul edilir.
17.2. Tənzimlənməsi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsi və 95-ci maddəsinin II hissəsi ilə Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər
qanunla tənzimlənir.
17.3. Azərbaycan Respublikası Milli Məclisinin
normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan
Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin
icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 18. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları
18.1. Azərbaycan Respublikası Konstitusiyasının
113-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin normativ
hüquqi aktları fərman formasında qəbul edilir.
18.2. Azərbaycan Respublikası Prezidentinin fərmanları
Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan
məsələlər üzrə qəbul edilir.
18.3. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər
aktlar Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilir.
18.4. Azərbaycan Respublikası Prezidentinin
normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan
Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin
icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktları
19.1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikası Prezidentinin aktları əsasında, Azərbaycan Respublikası
Konstitusiyasının, referendum aktının, Azərbaycan Respublikası qanunlarının və
Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası
Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə
aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul
edir.
19.2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə
tutan digər aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq
edilir.
19.3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən
məsələlər üzrə normativ hüquqi aktlar qəbul edir.
19.4. Normativ hüquqi akt Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi
aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan
Respublikası Prezidentinin aktı göstərilməli və bu Konstitusiya Qanununun
19.1-ci maddəsində göstərilən aktların icrasını təmin etmək məqsədi ilə qəbul
olunduğu qeyd edilməlidir.
Maddə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları
20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktına, habelə
Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan
Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından
irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən,
yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə
aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.
20.2. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları qərarlar formasında qəbul edilir.
20.3. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq
edilir.
20.4. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın qəbulu üçün bu
Konstitusiya Qanununun 20.1-ci maddəsinə uyğun olaraq əsas olmuş akt göstərilməli
və həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 21. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ
hüquqi aktlarının növləri
Naxçıvan Muxtar Respublikasının dövlət
orqanlarının normativ hüquqi aktlarının növləri Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası ilə müəyyən edilir.
V fəsil.
Azərbaycan Respublikasının normativ hüquqi aktlarında beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş prinsip və normalarının və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin normalarının həyata keçirilməsi
Maddə 22. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və
normalarının üstünlüyü
Azərbaycan Respublikası beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan
Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir.
Maddə 23. Beynəlxalq müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı
nisbəti
23.1. Azərbaycan Respublikası Konstitusiyasının
148-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik
sisteminin tərkib hissəsidir.
23.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrin Azərbaycan Respublikasının normativ hüquqi
aktlarına münasibətdə hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
151-ci maddəsi ilə müəyyən edilir.
23.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə
razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə
malikdir.
23.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi
üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar
istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
Maddə 24. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin həyata
keçirilməsinə yönəlmiş normativ hüquqi aktların qəbul edilməsinin əsasları
24.0. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsinə yönəlmiş
normativ hüquqi aktlar aşağıdakı hallarda qəbul edilir:
24.0.1. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin predmetini Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə tənzimlənməyən məsələlər təşkil etdikdə;
24.0.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi
müvafiq normativ hüquqi akt qəbul edilmədən mümkün olmadıqda;
24.0.3. beynəlxalq müqavilənin tərəfləri müvafiq
normativ hüquqi aktların qəbul edilməsi barədə razılığa gəldikdə.
VI fəsil.
Normativ hüquqi akta dair ümumi tələblər
Maddə 25. Normativ hüquqi aktın tərtib edilməsi üslubu
25.1. Normativ hüquqi aktlar daxilən
uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.
25.2. Normativ hüquqi aktın normaları ifadə edilərkən
həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə,
eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və
onların çoxluğuna yol verilməməlidir.
25.3. Normativ hüquqi aktın (onun struktur
elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur
elementinin) əsas mahiyyətini əks etdirməlidir.
25.4. Normativ hüquqi aktın normaları yığcam şəkildə,
əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir.
25.5. Normativ hüquqi aktın mətnində istifadə
edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır.
Maddə 26. Normativ hüquqi aktda normaların yerləşdirilməsinin ardıcıllığı
Normativ hüquqi aktın mətnində əvvəl ümumi, sonra
isə daha konkret müddəalar yerləşdirilir.
Maddə 27. Normativ hüquqi aktların layihələrinin dövlət orqanları tərəfindən
hazırlanmasının, razılaşdırılmasının, qəbul edilməsinin və dərc edilməsinin
tənzimlənməsi
27.1. Normativ hüquqi aktların müxtəlif növlərinin
layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi
qaydasının xüsusiyyətləri, onlar üçün texniki-hüquqi tələblər, habelə bu
Konstitusiya Qanunu ilə tənzimlənməmiş digər məsələlər müvafiq olaraq Azərbaycan
Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilən qaydalarla müəyyən edilir.
27.2. Normativ hüquqi aktların layihələrinin
hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası
normayaratma fəaliyyətinin subyektlərinin və normayaratma orqanlarının
hüquqlarını məhdudlaşdıra bilməz.
VII fəsil.
Normativ hüquqi aktın strukturu
Maddə 28. Normativ hüquqi aktların rekvizitləri
28.0. Normativ hüquqi aktların məcburi rekvizitləri
aşağıdakılardır:
28.0.1. aktın növü (Azərbaycan Respublikasının
Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı və s.);
28.0.2. hüquqi tənzimləmə predmetini əks etdirən
normativ hüquqi aktın adı (sərlövhəsi);
28.0.3. aktın qəbul edildiyi tarix, yer və
qeydiyyat nömrəsi;
28.0.4. müvafiq normativ hüquqi aktı rəsmi
imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və imzası.
Maddə 29. Normativ hüquqi aktın adı
29.1. Hər bir normativ hüquqi akt onun hüquqi tənzimləmə
predmetini və əsas mahiyyətini əks etdirən ada malik olmalıdır.
29.2. Bu Konstitusiya Qanununun 29.3-cü maddəsində
nəzərdə tutulan hallar istisna olmaqla, bir və ya bir neçə normativ hüquqi
aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt
ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın
adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların)
adı (adları) göstərilməlidir.
29.3. Aşağıdakı hallarda dəyişikliklər edilən
və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adının (adlarının) göstərilməməsinə
yol verilir:
29.3.1. ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar
bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə
normativ hüquqi akt ləğv edildikdə;
29.3.2. yeni normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə
bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə və ya bir neçə
normativ hüquqi akt ləğv edildikdə;
29.3.3. yeni normativ hüquqi aktla həmin aktın
tənzimləmə predmetinə aid digər normativ hüquqi akt ləğv edildikdə.
29.4. Bu Konstitusiya Qanununun 29.3.2-ci maddəsində
nəzərdə tutulmuş hallarda həmin normativ hüquqi aktın adında onun hansı
normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olduğu qeyd edilir.
Maddə 30. Normativ hüquqi aktın struktur elementləri
30.1. Normativ hüquqi aktın struktur elementləri
preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və
abzasdan ibarətdir.
30.2. Normativ hüquqi aktın mətni onun növündən
asılı olaraq, bölmədə birləşən fəsillərə, fəsildə birləşən maddələrə, maddədə
birləşən hissələrə, hissədə birləşən bəndlərə, bənddə birləşən yarımbəndlərə və
yarımbənddə birləşən abzaslara bölünə bilər. Qanun, o cümlədən dəyişiklikləri nəzərdə
tutan qanun, qanunla təsdiq edilən əsasnamə, nizamnamə, qayda və norma nəzərdə
tutan digər akt maddələrə, digər normativ hüquqi aktlar, o cümlədən referendum
aktı hissələrə bölünür. Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə digər struktur elementləri də ola bilər. Məcəllədə
mündəricat verilməlidir. İri həcmli digər normativ hüquqi aktlarda da mündəricat
verilə bilər.
30.3. Normativ hüquqi aktın preambulası onun qəbul
edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən giriş hissəsidir.
Preambulaya normativ göstərişlərin daxil edilməsinə yol verilmir.
30.4. Normativ hüquqi aktın bölməsi fəsilləri
özündə birləşdirən struktur elementidir. Bölmə rum rəqəmi ilə nömrələnir,
mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən
ada malik olmalıdır.
30.5. Normativ hüquqi aktın fəsli maddələri özündə
birləşdirən struktur elementidir. Fəsil ərəb rəqəmi ilə nömrələnir, mahiyyətini
əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik
olmalıdır.
30.6. Normativ hüquqi aktın maddəsi hissələri
özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur
elementidir. Maddə ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur.
Maddə, o cümlədən qanunla təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın və
norma nəzərdə tutan digər aktın maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə
yazılan ada malik olmalıdır. Dəyişiklikləri nəzərdə tutan qanunun və hər hansı əsasnaməni,
nizamnaməni, qaydanı və norma nəzərdə tutan digər aktı təsdiq edən qanunun maddəsinin
adı olmur.
30.7. Maddə olmayan normativ hüquqi aktda hissə bəndləri
özündə birləşdirə bilən və tamamlanmış normativ müddəanı əks etdirən əsas
struktur elementidir. Hissə (maddədə hissənin nömrəsinin birinci rəqəmi maddənin
nömrəsini təkrarlamaqla) ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə
qoyulur. Hissənin mətni sətri hərflərlə yazılır və nöqtə ilə tamamlanır.
Normativ hüquqi aktla (qanun istisna olmaqla) təsdiq edilən əsasnamədə,
nizamnamədə, qaydada və norma nəzərdə tutan digər aktda, mərkəzi icra hakimiyyəti
orqanının normativ hüquqi aktında hissənin mahiyyətini əks etdirən, sətri hərflərlə
yazılan və sətrin ortasında yerləşdirilən adı olmalıdır.
30.8. Normativ hüquqi aktın bəndi yarımbəndləri
özündə birləşdirə bilən, hissənin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən
və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Bəndin mətni sətri hərflərlə
yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.9. Normativ hüquqi aktın yarımbəndi abzasları
özündə birləşdirə bilən, bəndin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən
və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Yarımbəndin mətni sətri hərflərlə
yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.10. Normativ hüquqi aktın abzası yarımbəndin tərkib
hissəsi olan, yarımbəndin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən
və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Abzasın mətni sətri hərflərlə
yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.11. Struktur elementləri ardıcıl və bütün
normativ hüquqi akt üçün eyni qaydada nömrələnməlidir. Sətrin ortasında yerləşdirilməli
olan struktur elementləri istisna olmaqla, struktur elementləri mətnin birinci
sətrinin əvvəlində (abzas yarımbəndin mətninin birinci sətrinə münasibətdə)
boş yer buraxılmaqla yerləşdirilir. Normativ hüquqi aktda maddənin hissəsinə, bəndinə
və ya yarımbəndinə, yarımbəndinə və abzasına istinad edilərkən, onlar
maddə adlandırılır.
30.12. Normativ hüquqi aktlarda bu maddədə göstərilən
struktur elementlərindən onlara xas olmayan rəqəm və ya digər işarələrlə
istifadə edilməsinə müstəsna hallarda və normativ hüquqi aktlarda xüsusi qeyd-şərtlər
olduqda yol verilir.
Maddə 31. Məcəllələşdirilmiş normativ hüquqi aktların strukturunun
xüsusiyyətləri
31.1. Məcəllələşdirilmiş normativ hüquqi aktın
bölmələri ümumi və xüsusi hissələrdə birləşdirilə bilər.
31.2. Məcəllələşdirilmiş normativ hüquqi aktın
ümumi hissəsi aşağıdakıları əks etdirməlidir:
31.2.1. əsas müddəalar (prinsiplər, anlayışların
tərifi, əsas təsisatlar);
31.2.2. ixtisaslaşdırılmış normativ müddəalar
(prezumpsiyalar, preyudisiyalar);
31.2.3. yüksək dərəcəli ümumiləşdirmə və
sabitliklə səciyyələnən və xüsusi hissənin normalarının istifadəsi üçün hüquqi əsas
yaradan digər ilkin normativ müddəalar.
31.3. Məcəllələşdirilmiş normativ hüquqi aktın
xüsusi hissəsi aşağıdakıları ifadə edən normaları əhatə edə bilər:
31.3.1. mümkün və lazımi davranışın (hüquq və vəzifələr)
növü və ölçüsü (qaydaları);
31.3.2. hüquq normalarının mümkün pozuntularının
mənfi nəticələrinin (hüquqi məsuliyyətin) növü və ölçüsü.
Maddə 32. Normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinin texniki
parametrləri
32.1. Normativ hüquqi aktın struktur elementi
(bölməsi, fəsli, maddəsi, hissəsi və s.) qüvvədən düşmüş hesab edildikdə və ya
ləğv edildikdə, o qüvvədə olan aktdan çıxarılır, lakin onun nömrəsi saxlanılır
və normativ hüquqi aktın struktur elementlərinin (bölmələrin, fəsillərin, maddələrin,
hissələrin və s.) nömrələri dəyişmir.
32.2. Normativ hüquqi akta yeni struktur element
(bölmə, fəsil, maddə, hissə və s.) əlavə edildikdə, o, aktın struktur elementlərinin
nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir.
32.3. Bir neçə struktur elementlərindən ibarət
struktur elementə edilən dəyişikliyin onu təşkil edən digər struktur elementlərə
(hissənin bəndlərinə, bəndin yarımbəndlərinə və yarımbəndin abzaslarına) şamil
edilmədiyi mötərizədə göstərilməklə müəyyənləşdirilir və bu cür mötərizənin
olmaması müvafiq dəyişikliyin bütövlükdə struktur elementi əhatə etdiyini
bildirir.
Maddə 33. Normativ hüquqi aktlarda başqa aktlara istinad edilməsi və
başqa aktların müddəalarının təkrarlanması
Zəruri hallarda normativ hüquqi aktda digər bərabər
və ya daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların struktur
elementlərinə istinadlara, habelə daha yüksək hüquqi qüvvəyə malik olan
normativ hüquqi aktlara istinad etməklə, belə normativ hüquqi aktların
ayrı-ayrı müddəalarının təkrarlanmasına yol verilir. Bu cür təkrarlanmada
müvafiq normaya istinad olmalı, həmin norma dürüst ifadə edilməli və daha yüksək
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın normasının mənası dəyişdirilməməlidir.
Maddə 34. Normativ hüquqi aktların maddələrində başqa maddələrə istinad
edilməsi
Hüquq normaları arasında qarşılıqlı əlaqəni
pozmamaq və ya təkrarlara yol verməmək zərurəti olduğu hallarda normativ hüquqi
aktın maddələrində həmin aktın başqa maddələrinə istinad edilə bilər.
Maddə 35. Sətiraltı qeydlər və əlavələr
35.1. Normativ hüquqi aktların (onların struktur
elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair sətiraltı qeydlər
ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan
onlar normativ hüquqi aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə
bilmədikdə istifadə edilir.
35.2. Normativ hüquqi aktda cədvəllər, qrafiklər,
xəritələr, sxemlər, siyahılar, illüstrasiyalar və s. göstərildikdə onlar əlavə
formasında rəsmiləşdirilməli, normativ hüquqi aktın müvafiq struktur elementlərində
isə həmin əlavələrə dair istinadlar olmalıdır.
Maddə 36. Normativ hüquqi aktda məsuliyyət tədbirlərinin nəzərdə
tutulması
Dövlət və yerli özünüidarə orqanlarının, siyasi
partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin,
habelə fiziki şəxslərin vəzifələrini nəzərdə tutan aktlarda həmin vəzifələrin
pozulmasına görə qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə
tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri göstərilməlidir.
VIII fəsil.
Normayaratma prosesi
Maddə 37. Hüquq sisteminin sabitliyi
Qanunlarla və ya fərmanlarla digər hal nəzərdə
tutulmadıqda, normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan tez
müddətdə dəyişikliklər edilməsinə daha yüksək hüquqi qüvvəyə malik olan
normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi aktın hüquqi, linqvistik,
iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə ekspertizasının rəyi əsasında yol
verilir.
Maddə 38. Qanunvericilik təşəbbüsü hüququnun subyektləri
Qanunvericilik təşəbbüsü hüququ Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsi ilə müəyyən edilmiş subyektlərə mənsubdur.
Maddə 39. Normayaratma təşəbbüsünün subyektləri
39.1. Normayaratma təşəbbüsünün subyektləri
onlara verilmiş səlahiyyətlərə uyğun olaraq normativ hüquqi aktın layihəsinin və
ya onun hər hansı struktur elementinin qəbul olunması, aktda dəyişikliklər
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi zərurəti
haqqında təklifi bu Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq
normayaratma orqanına təqdim etmək hüququ olan subyektlərdir.
39.2. Normayaratma təşəbbüsünün subyekti olmayan
dövlət orqanları və vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər normativ
hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın
layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər.
Bu halda bu Konstitusiya Qanununun 48-ci maddəsinə riayət olunmaya bilər.
Maddə 40. Normayaratma prosesinin mərhələləri
40.0. Normayaratma prosesi aşağıdakı mərhələlərdə,
müəyyən olunmuş prosedura əməl etməklə həyata keçirilir:
40.0.1. normayaratma fəaliyyətinin
planlaşdırılması;
40.0.2. normayaratma təşəbbüsü (normativ hüquqi
aktın layihəsinin hazırlanması);
40.0.3. normativ hüquqi aktın qəbul edilməsi;
40.0.4. normativ hüquqi aktın Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;
40.0.5. normativ hüquqi aktın dərc edilməsi.
Maddə 41. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının
planlaşdırılması
41.1. Normativ hüquqi aktların layihələrinin
hazırlanması planlı əsasda həyata keçirilir.
41.2. Normativ hüquqi aktların layihələrinin
hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən
aşağıdakıların təsdiq edilməsi daxildir:
41.2.1. normativ hüquqi aktların layihələrinin
hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları;
41.2.2. qanun layihələrinin hazırlanmasının illik
planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər
planları.
Maddə 42. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının
tərtib edilməsi qaydası
42.1. Müvafiq olaraq Azərbaycan Respublikasının
Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin
hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Qanun
layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun
layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər.
42.2. Normayaratma orqanları dövlət proqramları və
ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi
aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə
bilərlər.
42.3. Normativ hüquqi aktların layihələrinin
hazırlanması planları tərtib edilərkən normayaratma fəaliyyətinin subyektlərinin,
digər maraqlı orqanların, elmi təşkilatların, habelə digər fiziki və hüquqi şəxslərin
təklifləri nəzərə alına bilər.
Maddə 43. Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin
hazırlanması planlarının həyata keçirilməsinə nəzarət
Dövlət proqramlarının və normativ hüquqi aktların
layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə onları təsdiq etmiş
normayaratma orqanları nəzarət edirlər.
Maddə 44. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının
planlaşdırılması üzrə fəaliyyətdə aşkarlığın təmin edilməsi
44.1. Dövlət proqramları və normativ hüquqi
aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma
orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir.
44.2. Təsdiq edilmiş dövlət proqramları və
normativ hüquqi aktların layihələrinin hazırlanması planları məlumat üçün əlaqədar
dövlət orqanlarına göndərilir.
Maddə 45. Normativ hüquqi aktın layihəsinin hazırlanması qaydası
45.1. Normativ hüquqi aktın layihəsinin
hazırlanmasına aşağıdakılar daxil edilə bilər:
45.1.1. normayaratma təşəbbüsünə baxılması və
layihənin hazırlanması üzrə qərarın qəbul edilməsi;
45.1.2. layihənin hazırlanmasının təşkilati-texniki
və maliyyə təminatı;
45.1.3. zəruri materialların və məlumatların
toplanması;
45.1.4. layihənin konsepsiyasının hazırlanması;
45.1.5. layihənin mətninin tərtib edilməsi;
45.1.6. layihənin razılaşdırılması;
45.1.7. hüquqi, linqvistik, maliyyə və digər zəruri
ekspertizaların keçirilməsi.
45.2. Normayaratma orqanı normativ hüquqi aktın
layihəsinin hazırlanmasını müstəqil surətdə həyata keçirə və ya normayaratma təşəbbüsünün
digər subyektinin səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin subyektə
tapşıra bilər, habelə layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə,
bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına
tapşırıq verə bilər.
45.3. Normativ hüquqi aktın layihəsi müvafiq dövlət
orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
Maddə 46. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması
46.1. Normativ hüquqi aktın layihəsinin
razılaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi
olduqda, habelə normativ hüquqi aktda Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə bağlı
normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda həmin layihə normayaratma
orqanına təqdim edilməzdən əvvəl maraqlı dövlət orqanları ilə
razılaşdırılmalıdır.
46.2. Normativ hüquqi aktın layihəsinin
razılaşdırılması aşağıdakı vasitələrlə həyata keçirilir:
46.2.1. dövlət orqanı tərəfindən mövcud irad və təkliflər
əsaslandırılmaqla və ya təklif edilən normativ göstərişlərlə razılaşmadıqda,
normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementi normayaratma
texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq layihəyə
dair yazılı formada razılığın verilməsi və verilməməsi;
46.2.2. dövlət orqanının rəhbəri (o olmadıqda
isə onun vəzifələrini icra edən şəxs) tərəfindən normativ hüquqi aktın
layihəsinin vizalanması (ona dair irad və təkliflər olduqda onları əsaslandırmaqla
və normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementinin təklif
edilən redaksiyası normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə
edilməklə).
46.3. Normativ hüquqi aktın layihəsinin
razılaşdırılması zamanı hüquqi cəhətdən əsaslandırılmamış irad və təkliflərə
baxılmır.
46.4. Azərbaycan Respublikası Prezidentinin və ya
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə
tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət
orqanı tərəfindən müvafiq layihəyə dair razılıq verilməsi və ya verilməməsi
layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək,
onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir. Normativ
hüquqi aktın layihəsi razılaşdırıldıqdan sonra ən geci 7 gün keçənədək
vizalanmalıdır, əks halda layihə vizalanmış hesab olunur.
46.5. Razılaşdırılma haqqında məlumat bu
Konstitusiya Qanununun 46.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim
edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu
müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin
uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi
razılaşdırılmış hesab olunur.
46.6. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihəsi bütün
maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.
46.7. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarının layihəsi mərkəzi icra hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdır, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktının
layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdır.
Maddə 47. Normativ hüquqi aktın layihəsinin ekspertizası
Bu Konstitusiya Qanunu ilə ekspertizanın məcburi
qaydada keçirilməsi nəzərdə tutulan hallar istisna olmaqla, normayaratma
orqanının və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə səlahiyyətlər
verilmiş digər dövlət orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi başqa
ekspertizadan (maliyyə, iqtisadi, ekoloji, kriminoloji və s.) keçirilə bilər.
Maddə 48. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim
edilməsi
48.1. Normativ hüquqi aktın layihəsinin
normayaratma orqanına təqdim edilməsi qaydası bu Konstitusiya Qanunu, Azərbaycan
Respublikasının digər qanunvericilik aktları və müvafiq normayaratma orqanının
aktları ilə müəyyən edilir.
48.2. Normayaratma orqanına təqdim edilən
normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə
edilir:
48.2.1. müşayiət məktubu, normativ hüquqi
aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə
olunmaqla (olduğu halda) və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin
əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;
48.2.2. normativ hüquqi aktın layihəsinin
razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;
48.2.3. normativ hüquqi aktın layihəsinə dair
ekspert rəyləri;
48.2.4. normativ hüquqi aktın layihəsini
hazırlamış şəxslərin siyahısı;
48.2.5. normativ hüquqi aktın layihəsinə aid digər
sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən).
48.2-1. Normativ hüquqi aktın layihəsinin
uyğunluğunun təmini haqqında arayışa aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.2-1.1. qanun və fərman layihələrinin qəbul
olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan digər
qanun və fərman layihələrinin olub-olmaması (olduğu halda müvafiq layihələr əlavə
olunur);
48.2-1.2. layihənin hansı dövlət orqanları
(qurumları) ilə razılaşdırıldığı.
48.3. Normativ hüquqi aktın qəbul olunması zərurətinin
əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.3.1. normativ hüquqi aktın layihəsinin
hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən
struktur elementlərinin hüquqi tənzimləmə predmeti;
48.3.2. Azərbaycan Respublikası
qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin
qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş
materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə
dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;
48.3.3. normativ hüquqi aktın qəbul edilməsinin
ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;
48.3.4. normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının və mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin)
siyahısı.
48.4. Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edilən qanun layihəsinə layihənin redaksiyasına dair ekspert rəyləri əlavə
olunur. Bu zaman layihədə texniki xarakter daşıyan dəyişikliklər edildikdə
layihə təkrar ekspert rəylərinin alınması üçün göndərilmir.
48.5. Qanunda dəyişikliklər edilməsi haqqında
qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin
redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla
maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə
müqayisəli cədvəl əlavə olunur.
48.6. Azərbaycan Respublikasının Milli Məclisinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə
yalnız müşayiət məktubu əlavə olunur və bu Konstitusiya Qanununun 48.3-cü və
48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında saxlanılır.
48.7. Normativ hüquqi aktın layihəsinin
hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi
vasitəsilə həyata keçirilir. (2024-cü il yanvarın 1-dən qüvvəyə minir)
IX fəsil.
Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası
Maddə 49. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi
ekspertizasının keçirilməsi qaydası
49.1. Normativ hüquqi aktın layihəsi və Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanun məcburi hüquqi
ekspertizadan keçirilməlidir.
49.2. Məcburi hüquqi ekspertiza, normativ hüquqi
aktın növündən asılı olaraq, aşağıdakı qaydada keçirilir:
49.2.1. qanun layihələri — Azərbaycan
Respublikası Milli Məslisinin işinin təşkilati təminatını həyata keçirən
qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.2. Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilən normativ hüquqi aktların layihələri və imzalanmaq üçün təqdim edilən
qanunlar — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının səlahiyyətli
struktur bölməsi tərəfindən;
49.2.3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar layihələri — Azərbaycan Respublikası Nazirlər Kabinetinin
işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi
tərəfindən;
49.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının layihələri — həmin orqanların hüquq xidmətləri tərəfindən.
Maddə 50. Normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər
50.0. Normativ hüquqi aktın layihəsinə dair ümumi
tələblər aşağıdakılardır:
50.0.1. bu Konstitusiya Qanununun 8-ci maddəsində
müəyyən edilən prinsiplərə uyğunluğu;
50.0.2. normativ hüquqi aktın normalarının
normativ hüquqi aktın məqsəd və vəzifələrinə uyğunluğu;
50.0.3. normativ tənzimləmə predmetinə uyğunluğu;
50.0.4. normativ hüquqi aktın formasının və
mahiyyətinin uyğunluğu;
50.0.5. daxili strukturun məntiqliliyi;
50.0.6. daxil edilməsi nəzərdə tutulan normaların
qarşılıqlı ziddiyyətsizliyi;
50.0.7. bir dövlət orqanının digər dövlət
orqanının səlahiyyətlərinə müdaxilə etməməsi;
50.0.8. normativ hüquqi aktın müvafiq səlahiyyətə
malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi;
50.0.9. normativ hüquqi aktın Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada qəbul
edilməsi;
50.0.10. normayaratma texnikasına uyğunluğu;
50.0.11. bu Konstitusiya Qanununun 37-ci maddəsinin
tələblərinə riayət olunması.
Maddə 51. Məcburi hüquqi ekspertizanın rəyi
51.1. Məcburi hüquqi ekspertizanın rəyi bu
Konstitusiya Qanununa əlavə olunmuş 1 nömrəli Əlavəyə uyğun tərtib edilir.
51.2. Normativ hüquqi aktın layihəsinə dair məcburi
hüquqi ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:
51.2.1. normativ hüquqi aktın layihəsi rədd
edilir;
51.2.2. normativ hüquqi aktın layihəsi yenidən
işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;
51.2.3. normativ hüquqi aktın layihəsi dəstəklənir.
51.3. Qanuna dair məcburi hüquqi ekspertizanın rəyində,
onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması və ya
imzalanmadan öz etirazları ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə
qaytarılması təklif edilir.
Maddə 52. Məcburi hüquqi ekspertizanın keçirilməsinin ardıcıllığı
Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi
hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl
keçirilməlidir.
X fəsil.
Normativ hüquqi aktın layihəsinin məcburi linqvistik ekspertizası
Maddə 53. Normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər
Normativ hüquqi aktın mətni lakonik formada,
normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi
dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib
edilir.
Maddə 54. Normativ hüquqi aktın terminologiyası
54.1. Normativ hüquqi aktın terminologiyası aydın
anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə
formalaşdırılmalıdır.
54.2. Normativ hüquqi aktda eyni terminlər bir mənada
işlədilməli və vahid formaya malik olmalıdır.
54.3. Normativ hüquqi aktda istifadə edilən
terminlərin və onların tərifinin dəqiqləşdirilməsi zərurəti olduqda həmin aktda
onların mənasını izah edən maddə (hissə, bənd) yerləşdirilir.
Maddə 55. Xüsusi nişanlanmalardan istifadə olunması
55.1. Normativ hüquqi aktda xüsusi
nişanlanmalardan yalnız müvafiq xüsusi sahədə işlədilən mənada istifadə olunur.
55.2. Zərurət olduqda, xüsusi nişanlanmalar
normativ hüquqi aktda izah edilir.
Maddə 56. Normativ hüquqi aktın mətninə dair üslub tələbləri
56.0. Normativ hüquqi aktın mətnində
aşağıdakıların ifadə edilməsinə yol verilmir:
56.0.1. loru dili, Azərbaycan dilinin dialektləri
və danışıq nitqinin ekspressiv formaları;
56.0.2. eyni mənada müxtəlif anlayışlar (terminlər);
56.0.3. Azərbaycan dilində eynimənalı sözlər və
terminlər olduqda başqa dillərdən alınma sözlər;
56.0.4. anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş
düşüncələr, çağırışlar, bədii müqayisələr, epitetlər, metaforalar;
56.0.5.
abreviaturalar (məlum olanlar istisna olmaqla).
Maddə 57. Normativ hüquqi
aktlarda ifadə edilən ixtisarlar və ümumiləşdirilmiş anlayışlar
57.1.
Dövlət orqanlarının normativ hüquqi aktlarda ifadə edilən adları onların əsasnamələrinə
(nizamnamələrinə), yaradılması, adlandırılması və adlarının dəyişdirilməsi
haqqında aktlara tam uyğun olaraq göstərilir.
57.2.
Dövlət orqanlarının ixtisar edilmiş adlarının ifadə olunmasına onların ixtisar
edilmiş adları rəsmi olduqda və yalnız texniki normativ hüquqi aktlarda,
qeyri-normativ hüquqi aktlarda, habelə stenoqramlarda, protokollarda, xidməti məktublarda,
arayış xarakterli sənədlərdə, hüquqi aktlara dair mətndən kənar əlavələrdə yol
verilir.
57.3.
Dövlət orqanlarını ifadə edən ümumiləşdirilmiş anlayışlardan (sözlərdən, söz
birləşmələrindən) normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız müvafiq
ümumiləşdirilmiş anlayışın istənilən dövlət orqanına şamil olunduğu nəzərdə
tutulan hallarda yol verilir. Normativ hüquqi aktın mətnində dövlət
orqanının adının dəfələrlə göstərilməsi tələb olunduqda və ya sözlər qrupu ilə
ifadə olunan bu və ya digər anlayış dəfələrlə işlədildikdə bu dövlət orqanının
və ya anlayışın adı ilk dəfə istifadə edilən müddəada tam verilir və bu zaman
mötərizədə növbəti müddəalarda göstəriləcək ixtisar (şərti nişanlanma) qeyd
olunur.
57.4. Tam adın göstərilməsi məqsədəuyğun
olmadıqda dəfələrlə istinadlar edilən normativ hüquqi aktın adına da bu qayda tətbiq
edilir.
Maddə 58. Normativ hüquqi aktlarda istinadların tətbiq edilməsi
Normativ hüquqi aktda həmin normativ hüquqi akta
və ya onun struktur elementinə istinad yalnız «bu» sözündən istifadə etməklə
edilir.
Maddə 59. Normativ hüquqi aktların layihələrinin məcburi linqvistik
ekspertizasının rəyi
59.0. Normativ hüquqi aktın layihəsinə dair məcburi
linqvistik ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:
59.0.1. normativ hüquqi aktın layihəsi rədd
edilir;
59.0.2. normativ hüquqi aktın layihəsi yenidən
işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;
59.0.3. normativ hüquqi aktın layihəsi dəstəklənir.
Maddə 60. Normativ hüquqi aktların layihələrinin məcburi linqvistik
ekspertizasının forması
Məcburi linqvistik ekspertizanın rəyi normativ
hüquqi aktın layihəsinin mətnində aparılan düzəlişlər formasında tərtib edilir.
XI fəsil.
Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının keçirilməsi
Maddə 61. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertizasının keçirilməsinin məqsədi
Məcburi hüquqi ekspertizadan keçirilən normativ
hüquqi aktların layihələrində və Azərbaycan Respublikasının Prezidentinə
imzalanmaq üçün təqdim edilən qanunlarda (bu fəslin məqsədləri üçün bundan
sonra — normativ hüquqi aktlar (onların layihələri)) sui-istifadə təzahürləri
üçün şərait yaranmasına kömək edən müddəaların əmələ gəlməsinin qarşısını
almaq, onları aşkar etmək və aradan qaldırmaq məqsədi ilə normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair
ekspertizası keçirilir.
Maddə 62. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə
amilləri
62.1. Bu Konstitusiya Qanununun məqsədləri üçün
sui-istifadə amilləri dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin
təzahürünə səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası
olan, yaxud sui-istifadə əməllərinə legitim şərait yaradan, sui-istifadə əməllərinə
yol verən və ya onlara təhrik edən normativ hüquqi aktların müddəaları (o cümlədən,
normanın və hüquqi düsturların qüsurları) nəzərdə tutulur.
62.2. Özündə sui-istifadə amillərini ehtiva edən
normalar (normativ hüquqi aktlar, onların layihələri) sui-istifadəyə məruz
qalmış normalar (normativ hüquqi aktlar, onların layihələri) hesab edilir.
62.3. Tipik sui-istifadə amillərinə əsasən, tənzimləmə
predmetindən asılı olmayaraq normativ hüquqi aktlarda (onların layihələrində)
daha tez-tez rast gəlinən və şübhəsiz və ya böyük ehtimalla sui-istifadə təzahürlərinə
səbəb olan sui-istifadə amilləri aid edilir.
62.4. Normativ hüquqi aktların layihələrinin
hazırlanması və təkmilləşdirilməsi zamanı onlara bu Konstitusiya Qanununda qeyd
edilən tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin,
habelə sui-istifadəyə şərait yaranmasına səbəb olacaq digər müddəaların daxil
edilməsinə yol verilmir.
Maddə 63. Sui-istifadə amillərinin növləri
63.0. Normativ hüquqi aktın (onun layihəsinin)
ekspertizası aparılarkən aşağıdakı tipik sui-istifadə amilləri və sui-istifadəyə
məruz qalma təzahürləri aşkar edilməli və aradan qaldırılmalıdır:
63.0.1. dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri;
63.0.2. hüquqi boşluqların mövcudluğu ilə əlaqədar
olan tipik sui-istifadə amilləri;
63.0.3.
sistem xarakterli tipik sui-istifadə amilləri;
63.0.4.
sui-istifadəyə məruz qalmanın tipik təzahürləri.
Maddə 64. Dövlət orqanının (vəzifəli
şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik
sui-istifadə amilləri
64.1.
Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata
keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aşağıdakılar
aiddir:
64.1.1. diskresion səlahiyyətlərin geniş olması;
64.1.2. səlahiyyətin dispozitiv imkan kimi müəyyənləşdirilməsi;
64.1.3. şəxsə məxsus hüquqların həyata keçirilməsi
üçün ona lazım olduğundan daha yüksək tələblərin irəli sürülməsi;
64.1.4. fiziki və hüquqi şəxslərin hüquqlarından
dövlət orqanı (vəzifəli şəxs) tərəfindən sui-istifadə edilməsi imkanı;
64.1.5. hüquqların həcminin əsassız dəyişdirilməsi;
64.1.6. qanundan irəli gələn normayaratmanın həddindən
artıq sərbəst xarakter daşıması;
64.1.7. hüquqi-linqvistik sui-istifadəyə məruz
qalma;
64.1.8. icra hakimiyyəti orqanının səlahiyyətindən
kənar normativ hüquqi aktın qəbul edilməsi;
64.1.9. qanundakı boşluqların icra hakimiyyəti
orqanının normativ hüquqi aktları ilə doldurulması.
64.2. Vəzifəli şəxsə qərar qəbul edilməsi zamanı
öz mülahizələrinə görə hərəkət etmək imkanı verən normativ hüquqi aktdakı
diskresion səlahiyyətlər özbaşına həyata keçirilə bilməz.
64.3. Normativ hüquqi aktda diskresion səlahiyyətlərin
geniş olması nəticəsində qərar qəbul etmə müddətlərinin müəyyən edilməməsinə və
ya bu müddətin qeyri-müəyyənliyinə, bu və ya digər qərarın qəbul edilməsi şərtlərinin
və əsaslarının qeyri-müəyyənliyinə, müxtəlif dövlət orqanlarının səlahiyyətlərinin
bir-birini təkrarlamasına yol verilmir.
64.4. Dövlət orqanı üçün hüquq və vəzifələr onun
səlahiyyətlərini təşkil edir və bu səbəbdən normativ hüquqi aktda həmin orqanın
hüququ konkret icraçının mülahizəsindən asılı olan bu və ya digər hərəkətlərin
edilməsi, dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Normativ hüquqi aktda
dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən
edilməsinə, «orqan edə bilər», «bir qayda olaraq», «müstəsna hallarda yol
verilir», «orqan öz səlahiyyətləri daxilində», «zərurət olduqda» və bunlara bənzər
qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
64.5. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin
öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri
olan tələblər (şərtlər) ağır və (və ya) çətin yerinə yetirilən tələblər (şərtlər)
ola bilməz.
64.6. Normativ hüquqi aktda lazım olduğundan yüksək
və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim
edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina
üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə
imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol
verilmir.
64.7. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin
hüquqlarının dəqiq (dürüst) nizamlanmaması yolu ilə vəzifəli şəxslər üçün
diskresion səlahiyyətlərin və dispozitiv imkanların yaradılmasına yol verilmir.
Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərə başlanmış inzibati prosedur çərçivəsində
hərəkətlərin edilməsi üçün üsul və müddətlərin sərbəst seçimi əvəzinə yalnız
hüquqların alternativ seçilməsi imkanının nəzərdə tutulmasına yol verilmir.
64.8. Normativ hüquqi aktda vəzifəli şəxsin öz
mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan
istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda
vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa
və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz.
64.9. Qanunda normaların həddindən artıq
detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş
icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib
çıxarmamalıdır.
64.10. Vəzifəli şəxsin diskresion səlahiyyətlərinin
genişləndirilməsi üçün ikimənalı və təcrübədə az yerini tapan terminlərdən, məfhumlardan
(anlayışlardan) və xülasələrdən, qiymətləndirmə xassəli kateqoriyalardan
istifadə edilə bilməz.
64.11. İcra hakimiyyəti orqanı normativ hüquqi
aktları yalnız öz səlahiyyətləri daxilində qəbul etməlidir və digər icra
hakimiyyəti orqanının fəaliyyət dairəsinə müdaxilə edə bilməz.
64.12. Qanunun olmadığı halda digər normativ
hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə
və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol
verilmir.
Maddə 65. Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik
sui-istifadə amilləri
65.1. Hüquqi boşluqlar bu və ya digər məsələnin
hüquqi tənzimlənməməsi nəticəsində, normativ hüquqi aktın tənzimləmə üçün
istifadə edilmədiyi halda, habelə normativ hüquqi aktın mətninə hüquq
pozuntularına görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutan və onların fəaliyyətinə
nəzarəti tənzimləyən sui-istifadə əleyhinə preventiv normalar daxil edilmədikdə
yaranır.
65.2. Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar
olan tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:
65.2.1. hüquqi tənzimləmədə boşluqların
mövcudluğu;
65.2.2. inzibati prosedurların olmaması;
65.2.3. müsabiqə (hərrac) prosedurlarının
olmaması;
65.2.4. konkret fəaliyyət sahəsində vəzifəli şəxslər
üçün qadağa və məhdudiyyətlərin olmaması;
65.2.5. hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin
müəyyən edilməməsi;
65.2.6. dövlət orqanlarına, vəzifəli şəxslərə nəzarətin,
o cümlədən ictimai nəzarətin müəyyənləşdirilməməsi;
65.2.7. informasiyanın şəffaflığı rejiminin
pozulması.
65.3. Hüquqi tənzimləmədə boşluqların mövcudluğu
hüququn tətbiqi zamanı boşluğun dövlət orqanının (vəzifəli şəxsin) mülahizəsinə
görə doldurulmasına imkan verməməlidir. Bu və ya digər fəaliyyət növü üzrə dövlət
orqanına həvalə edilmiş funksiyaların həyata keçirilməsi tənzimlənməlidir.
65.4. İnzibati akt həm vəzifəli şəxs üçün, həm də
fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən
məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və
müddətləri müəyyən edilməlidir.
65.5. İmtiyaz verən konkret hüququn verilməsi
(hüquqi vəziyyətin yaradılması) üçün namizədin seçilməsi ilə bağlı hərəkətlər
müsabiqə (hərrac) prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret hüququn
inzibati qaydada verilməsinə (hüquqi vəziyyətin inzibati qaydada
yaradılmasına), habelə müsabiqələrin (hərracların) keçirilməsi zamanı
diskresion səlahiyyətlərin geniş olmasına yol verilmir.
65.6. Normativ hüquqi aktda vəzifəli şəxslərin
hüquq pozuntularına görə hüquqi məsuliyyətə dair aktlara uyğun gələn məsuliyyəti
haqqında, habelə vəzifəli şəxslərin hərəkətindən (hərəkətsizliyindən) şikayət
verilməsinin mümkünlüyü ilə bağlı normalar əks olunmalıdır.
65.7. Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli
şəxslərin) daha çox əhəmiyyətli fəaliyyət istiqamətlərinə nəzarətin, o cümlədən
ictimai nəzarətin mümkünlüyünü təmin edən normalar əks olunmalıdır.
65.8. Normativ hüquqi aktda dövlət orqanlarının
informasiya açıqlığını təmin edən normalar əks olunmalıdır. Konkret məsələ üzrə
qərar qəbul edilməsində əhəmiyyət kəsb edən informasiyanın fiziki və hüquqi şəxslər
üçün qapalı informasiya kimi müəyyən edilməsinə, habelə normativ hüquqi aktda
belə informasiyanın əldə olunmasının mümkünlüyünün və qaydasının müəyyən edilməməsinə
yol verilmir.
Maddə 66. Sistem xarakterli tipik sui-istifadə amilləri
66.1. Sistem xarakterli tipik sui-istifadə amilləri
normativ hüquqi aktın ayrı-ayrı normalarını deyil, onun bütün mətninin sistemli
təhlili nəticəsində aşkar edilə bilən tipik sui-istifadə amillərini özündə
ehtiva edir.
66.2. Sistem xarakterli tipik sui-istifadə amillərinə
aşağıdakılar aiddir:
66.2.1. yanlış məqsəd və prioritetlər;
66.2.2. kolliziyalar;
66.2.3. məcbur edilmiş sui-istifadəyə məruz
qalma.
66.3. Normativ hüquqi aktın hüquqi tənzimləmənin
həqiqi tələblərinə uyğun gələn aydın məqsədləri və prioritetləri olmalıdır.
Normativ hüquqi aktın qəbul edilməsi üçün obyektiv məqsədəuyğunluğun
olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə, normativ hüquqi aktın
normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə ziddiyyət təşkil etməsinə
yol verilmir.
66.4. Digər normativ hüquqi aktla tam və ya qismən
ziddiyyət təşkil edən normativ hüquqi aktda vəzifəli şəxslər üçün konkret halda
tətbiq edilməli olan aktı sərbəst seçmək imkanının yaradılmasına, həmin
kolliziyanın həlli mümkünlüyünün vəzifəli şəxsin iradəsindən asılı olmasına yol
verilmir.
66.5. Daha üstün hüquqi qüvvəyə malik olub-olmamasından
asılı olmayaraq hər hansı normativ hüquqi aktın sui-istifadəyə məruz qalmış
normaları digər normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış normaların əks
etdirilməsinə səbəb ola bilməz.
Maddə 67. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri
67.1. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri
müəyyən şəraitdə artıq baş vermiş sui-istifadə faktları (sui-istifadə
indikatorları) barədə xəbər verən və (və ya) sui-istifadə amillərinin
yaranmasına (sui-istifadə qabağı amillər) şərait yaradan müddəaların birləşməsidir.
67.2. Sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə
aşağıdakılar aiddir:
67.2.1. normativ hüquqi aktın qəbul edilməsi
zamanı formal-texniki şərtlərə riayət olunmaması;
67.2.2. normativ hüquqi aktın qəbul edilməsi müddətinin
göstərilməməsi;
67.2.3. mənafelər balansının pozulması (yalnız
bir qrup subyektlər üçün imtiyazların nəzərdə tutulması).
67.3. Formal-texniki xassəli tələblərin yerinə
yetirilməməsinə, normativ hüquqi aktların hüquqi ekspertizası zamanı aşkar edilən
pozuntuların aradan qaldırılmamasına, o cümlədən normativ hüquqi aktın qəbul
edilməsi qaydasının və (və ya) formasının pozulmasına yol verilmir.
67.4. Normativ hüquqi aktın qəbul edilməsi müddətlərinin
müəyyənləşdirilməməsinə, qəbul edilməsi nəzərdə tutulan normativ hüquqi aktın qəbul
edilməsi əvəzinə məcburi davranış qaydalarının sərbəst inzibati mülahizə əsasında
fərdi hüquq tətbiq etmə aktları ilə əvəzlənməsinə yol verilmir.
67.5. Mənafelər balansının pozulması nəticəsində
bir subyektlər qrupunun zərərinə olaraq digər subyektlər qrupuna güzəştlərin və
imtiyazların xüsusi norma müəyyən edilməsi yolu ilə verilməsinə yol verilmir.
Maddə 68. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertiza keçirilməsinin əsas qaydaları
68.1. Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair ekspertizasının səmərəliliyi onun
sistemliliyi, etibarlılığı və nəticələrinin yoxlanılmasının mümkünlüyü ilə müəyyənləşdirilir.
68.2. Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair ekspertizasının sistemliliyinin,
etibarlılığının və nəticələrinin yoxlanılmasının təmin edilməsi üçün aşağıdakı
qaydalara riayət olunmalıdır:
68.2.1. normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair ekspertizası və onun nəticələrinin ifadə
olunması eyniliklə — normativ hüquqi aktda (onun layihəsində) tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri cədvəlində (bu
Konstitusiya Qanununa 2 nömrəli Əlavə) göstərilən tərkib və ardıcıllıq üzrə
aparılmalıdır;
68.2.2. hər bir tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi aktın (onun
layihəsinin) hər bir normasında mövcud olub-olmamasına dair yoxlanılmalıdır;
68.2.3. tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi akta (onun
layihəsinə) qəsdən və ya bilmədən daxil edilib-edilməməsindən asılı olmayaraq,
bu səbəblərə qiymət vermədən aşkar edilir və göstərilir;
68.2.4. ekspertiza nəticəsində aşkar olunmuş istənilən
tipik sui-istifadə amili və sui-istifadəyə məruz qalmanın təzahürü normativ
hüquqi aktdan (onun layihəsindən) çıxarılmalıdır;
68.2.5. normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə iş
sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələri üzrə rəylər əsasında
müvafiq normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi üçün müəyyən
edilmiş qaydada aparılır;
68.2.6. təhlil nəticəsində aşkar edilmiş
sui-istifadəyə şərait yaradan qeyri-tipik müddəalar normativ hüquqi aktların
(onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri
üzrə rəydə göstərilir və tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz
qalma təzahürləri üçün müəyyən edilmiş qaydada çıxarılmalıdır.
68.3. Normativ hüquqi aktlarda (onların layihələrində)
sui-istifadə amillərinin mövcud olmamasına dair bu Konstitusiya Qanununun tələbləri
normativ hüquqi aktı (onun layihəsini) bilavasitə hazırlayan mütəxəssislər tərəfindən
yerinə yetirilir.
Maddə 69. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertizasının nəticələrinin rəsmiləşdirilməsi
69.1. Normativ hüquqi aktlarda (onların layihələrində)
sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin,
sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların
mövcud olub-olmamasına dair nəticə aşağıdakı qaydada rəsmiləşdirilir:
69.1.1. normativ hüquqi aktın (onun layihəsinin)
məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyin tərkibində;
69.1.2. normativ hüquqi aktın (onun layihəsinin)
məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyinə əlavə olunan izahedici
arayışda.
69.2. Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən müddəalar aşkar
edildikdə həmin müddəalar bu Konstitusiya Qanununun 69.1-ci maddəsində nəzərdə
tutulan sənəddə bu Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş ardıcıllıqla
tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri onların
aşkar edildiyi struktur elementlər (bölmə, fəsil, maddə, hissə və s.) göstərilməklə
izah edilir.
69.3. Bu Konstitusiya Qanununun 69.1-ci maddəsində
nəzərdə tutulan sənəddə habelə digər tipik sui-istifadə amillərinin və
sui-istifadəyə məruz qalmanın digər təzahürlərinin, sui-istifadənin təzahürlərinə
kömək edən digər müddəaların aşkar edilmədiyi göstərilir.
69.4. Normativ hüquqi aktda (onun layihəsində)
aşkar edilmiş tipik sui istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri
ekspertizanın nəticələri üzrə hazırlanmış sənəddə bu Konstitusiya Qanununa əlavə
edilmiş 2 nömrəli cədvəl şəklində göstərilir.
69.5. Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadənin təzahürlərinə kömək edən müddəaların aşkar edilmədiyi hallar
istisna olmaqla, təhlil edilən normativ hüquqi aktın (onun layihəsinin)
sui-istifadəyə məruz qalma dərəcəsi bütövlükdə sui-istifadəyə məruz qalmaya
dair ekspertizanın nəticələrini əks etdirən sənəddə müəyyənləşdirilir.
69.6. Sui-istifadəyə məruz qalmaya dair
ekspertizanın nəticələrini əks etdirən sənəddə sui-istifadənin təzahürlərinə şərait
yaranmasına kömək edən müddəaların aşkar edildiyi normativ hüquqi aktın layihəsinin
göstərilən iradlar nəzərə alınmaqla yenidən işlənməsi (normativ hüquqi aktda dəyişikliklər
edilməsi) ilə bağlı tövsiyələr nəzərdə tutulmalıdır.
XII fəsil.
Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsi
Maddə 70. Normativ hüquqi aktın layihəsinə baxılması
70.1. Müəyyən edilmiş qaydada təqdim edilmiş
normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır.
70.2. Normayaratma orqanı normativ hüquqi aktın
layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər:
70.2.1. normativ hüquqi aktın layihəsinin bəyənilməsi
və qəbul edilməsi;
70.2.2. əsaslar və səbəblər göstərilməklə layihənin
rədd edilməsi;
70.2.3. normativ hüquqi aktın layihəsinin qəbul
edilməsinin müəyyən müddətə təxirə salınması;
70.2.4. irad və təkliflər göstərilməklə layihənin
yenidən işlənilmək üçün qaytarılması.
70.3. Azərbaycan Respublikasının Milli Məclisində
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası
diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri,
dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə
tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə,
uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter
daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin
hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan
qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə
tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin
Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır.
Maddə 71. Normativ hüquqi aktın layihəsinin geri çağırılması
71.1. Normayaratma təşəbbüsünün subyekti təqdim
etdiyi normativ hüquqi aktın layihəsini, zərurət olduqda, həmin layihə qəbul
edilənədək geri çağırmaq hüququna malikdir.
71.2. Qanunvericilik təşəbbüsü hüququnun subyekti
Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etdiyi qanun layihəsini
onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.
Maddə 72. Normativ hüquqi aktın qəbul edilməsi qaydası
72.1. Normativ hüquqi akt ona baxılmasından sonra
normayaratma orqanı tərəfindən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş
prosedura əməl edilməklə qəbul edilir.
72.2. Normativ hüquqi akt normayaratma orqanı tərəfindən
dövlət dilində qəbul edilir.
Maddə 73. Qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsinin təminatları
73.1. Qanunvericilik təşəbbüsü hüququnun subyekti
və ya onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Milli Məclisində
layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.
73.2. Qanun layihəsi Azərbaycan Respublikasının
Milli Məclisində layihədə edilmiş dəyişikliklərlə birlikdə aşağıdakılarla
razılaşdırılmalıdır (rəy alınmalıdır):
73.2.1. qanun layihəsini təqdim etmiş
qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;
73.2.2. dəyişikliklər edilməsi dövlət vəsaitlərinin
ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə
Azərbaycan Respublikasının Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə.
73.3. Bu Konstitusiya Qanununun 46.2-ci maddəsi
ilə nəzərdə tutulan razılaşdırılma (rəy) nəticəsində Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edilmiş dəyişikliklər qanun layihəsinin alındığı gündən
on dörd gün keçənədək bu şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə
məcburi hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə baxılmasının təcili
elan edilməsi ayrı müddət tələb etməsin. Əlavə məlumatın alınması zərurəti
olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri üzrə rəyin hazırlanması və
razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması) üçün daha uzun müddət müəyyən
edilə bilər.
73.4. Rəyə göndərilmədən və razılaşdırılmadan
müvafiq qanun layihəsində dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər
istisna olmaqla) edilməsinə yol verilmir.
73.5. Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi
qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.
73.6. Azərbaycan Respublikasının Milli Məclisində
birinci, ikinci və üçüncü oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun
layihəsi müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış qanunvericilik təşəbbüsü
hüququnun subyektinə təqdim edilir.
Maddə 74. Normativ hüquqi aktın imzalanması
74.1. Normativ hüquqi aktın rəsmi imzalanması
aşağıdakılar tərəfindən həyata keçirilir:
74.1.1. qanunlar və fərmanlar — Azərbaycan
Respublikasının Prezidenti;
74.1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarları — Azərbaycan Respublikasının Baş naziri;
74.1.3. digər normativ hüquqi aktlar — aktı qəbul
etmiş orqanın rəhbəri;
74.1.4. Azərbaycan Respublikasının qanunvericilik
aktları ilə digər hal nəzərdə tutulmadıqda, aktı qəbul etmiş orqanın rəhbəri
olmadıqda, onun vəzifələrini icra edən şəxs.
74.2. Qanun Azərbaycan Respublikasının
Prezidentinə imzalanmaq üçün təqdim edildikdə qanunun ikinci nüsxəsinin son səhifəsində
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və ya onu əvəz edən şəxsin
vizası qoyulur.
XIII fəsil.
Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi, onların ləğv edilməsi
Maddə 75. Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi
75.1. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin
normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi
aktda dəyişikliklərin edilməsi zərurətinin yarandığı hallar (bu Konstitusiya
Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir
normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər.
Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda,
həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol
verilir.
75.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə
qüvvədə olan normativ hüquqi aktlarda onları qəbul etmiş orqan tərəfindən
müvafiq dəyişikliklər edilir.
75.3. Azərbaycan Respublikasının qanunları, Azərbaycan
Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarında dəyişiklik edilən zaman dəyişikliyi nəzərdə tutan
normativ hüquqi aktın mətnində mötərizədə, dəyişiklik edilən normativ hüquqi
aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən
topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri
ardıcıllıqla göstərilir. Hər 10 ildən bir Azərbaycan Respublikasının
qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə dəyişiklik
edilən hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks
etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri
onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir. (ikinci
cümlə 2024-cü il yanvarın 1-dən qüvvəyə minir)
Maddə 76. Normativ hüquqi aktların ləğv edilməsi qaydası
76.1. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan,
yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə
malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya
Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.
76.2. Normativ hüquqi aktın ləğv edilməsi barədə
həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci
abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.
76.3. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin
normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi
aktın ləğv edilməsi zərurətinin yarandığı hallar (bu Konstitusiya Qanununun
29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normativ
hüquqi akt yalnız bir normativ hüquqi aktı ləğv edə bilər. Bu halda ləğv edilməli
olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ
hüquqi akt çərçivəsində edilməsinə yol verilir.
76.4. Azərbaycan Respublikasının qanunları, Azərbaycan
Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarları ləğv edilən zaman onların ləğv edilməsinə dair normativ
hüquqi aktın mətnində mötərizədə ləğv edilən normativ hüquqi aktın dərc
edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların
(külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri ardıcıllıqla göstərilməklə
verilir. Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan
Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarının mətnində mötərizədə ləğv edilən hüquqi aktın dərc
edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların
(külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik
edilərkən birləşdirilərək Cild kimi qeyd edilir. (ikinci cümlə 2024-cü
il yanvarın 1-dən qüvvəyə minir)
76.5. Bu Konstitusiya Qanununun 76.4-cü maddəsinə
uyğun olaraq ləğv edilən normativ hüquqi aktla yanaşı onun ləğv edilməsinə dair
normativ hüquqi aktın mətnində göstərilən toplulara (külliyyatlara) uyğun
olaraq ona əvvəllər edilmiş dəyişiklikləri nəzərdə tutan normativ hüquqi akt və
ya onun müvafiq struktur elementi də ləğv edilmiş hesab edilir. Bu qayda bir
neçə normativ hüquqi akta dəyişikliyi nəzərdə tutan normativ hüquqi aktlara
münasibətdə də tətbiq edilir. Bu zaman onların adında və mətnində həmin dəyişikliyə
dair müddəalar ləğv edilmiş hesab edilir.
Maddə 77. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv
edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi
aktların (onların struktur elementlərinin) siyahıları
77.1. Yeni normativ hüquqi aktın qəbul edilməsi
zamanı bu Konstitusiya Qanununun 12.2-ci maddəsinin tələblərinə riayət
olunmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur
elementlərinin) sayı çox olduqda onların siyahıları həmin normativ hüquqi aktın
əlavəsində əks edilə bilər.
77.2. Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin)
siyahısı olmadan layihələrinin hazırlanmasına yalnız bunun üçün bir ildən artıq
müddət tələb edildikdə yol verilir. Bu halda müvafiq siyahının hazırlanması barədə
tapşırıq hazırlanır və layihələrin normayaratma orqanına təqdim edilməsi müddəti
müəyyən edilir.
XIV fəsil.
Azərbaycan Respublikasının hüquqi aktların dövlət reyestri
Maddə 78. Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi qaydası
78.1. Hüquqi aktlar aparılması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə (bundan sonra — Hüquqi Aktların Dövlət Reyestri)
daxil edilməlidir.
78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət
orqanı tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin
aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir.
78.3. Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi
surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları
formasında təqdim edilir.
78.4. Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
78.5. Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi
ekspertizanın rəyi əlavə olunur.
78.6. Naxçıvan Muxtar Respublikasının dövlət və
yerli özünüidarə orqanlarının hüquqi aktları Naxçıvan Muxtar Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Naxçıvan Muxtar
Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinin tərkib hissəsi hesab olunur.
Maddə 79. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən hüquqi aktların
rekvizitləri
79.1. Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi
aktların aşağıdakı rekvizitləri daxil edilir:
79.1.1. aktın növü;
79.1.2. qəbul edildiyi tarix;
79.1.3. qeydiyyat nömrəsi;
79.1.4. adı;
79.1.5. rəsmi dərc edildiyi mənbə (bu
Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlara münasibətdə);
79.1.6. qüvvəyə minmə tarixi;
79.1.7. Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı
üzrə indeks kodu (kodları);
79.1.8. Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi;
79.1.9. hüquqi aktın Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edildiyi tarix.
79.2. Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya
qüvvədən düşmüş hüquqi aktlar üzrə Hüquqi Aktların Dövlət Reyestrinə həmin
aktlarda dəyişikliklər etmiş, onları ləğv etmiş və ya qüvvədən düşmüş hesab
etmiş hüquqi aktın rekvizitləri, habelə Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi və hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmə
tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.
79.3. Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə
birgə istinad üçün rəsmi mənbə hesab olunur.
79.4. Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilmiş və rəsmi dərc edilmiş hüquqi aktların mətnləri arasında ziddiyyət
olarsa, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətninə
üstünlük verilir.
Maddə 80. Hüquqi Aktların Dövlət Reyestrinin strukturu
80.0. Hüquqi Aktların Dövlət Reyestri aşağıdakı
bölmələrdən və fəsillərdən ibarətdir:
80.0.1.
I bölmə — «Normativ hüquqi aktlar»:
80.0.1.1.
1-ci fəsil — «Azərbaycan Respublikasının Konstitusiyası, referendum aktları və
konstitusiya qanunları;
80.0.1.2.
2-ci fəsil — «Azərbaycan Respublikasının qanunları»;
80.0.1.3.
3-cü fəsil — «Azərbaycan Respublikası Prezidentinin fərmanları»;
80.0.1.4.
4-cü fəsil — «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları»;
80.0.1.5.
5-ci fəsil — «Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları».
80.0.2.
II bölmə — «Normativ xarakterli aktlar»:
80.0.2.1.
«Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş və hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları»;
80.0.2.2.
«Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və
izahları»;
80.0.2.3.
«maliyyə bazarları tənzimləyicisinin qərarları»;
80.0.2.4.
«Məhkəmə-Hüquq Şurasının qərarları»;
80.0.2.5.
«Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları»;
80.0.2.6.
«Yerli özünüidarə orqanlarının qərarları»;
80.0.2.7.
«Yerli icra hakimiyyəti orqanlarının qərarları».
80.0.3.
III bölmə — «Qeyri-normativ hüquqi aktlar»:
80.0.3.1.
«Azərbaycan Respublikası Milli Məclisinin qərarları»;
80.0.3.2.
«Azərbaycan Respublikası Prezidentinin sərəncamları»;
80.0.3.3.
«Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları».
Maddə 81. Hüquqi Aktların Dövlət
Reyestrinin nəşri
Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilən məlumatlar 3 ayda bir dəfə toplu şəklində
dərc edilməlidir.
XV fəsil. Normativ hüquqi aktların rəsmi dərc edilməsi və
qüvvəyə minməsi
Maddə 82. Normativ hüquqi
aktların rəsmi dərc edilməsi qaydası
82.1.
Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir.
82.2.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi
dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında
yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi
yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların
ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu
nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini
əvəz etmir.
82.3.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir.
82.4.
Normativ hüquqi aktın digər dillərdə rəsmi dərc olunmasına yalnız həmin aktın
müvafiq dövlət orqanı tərəfindən bu aktın qəbul edilməsi üçün müəyyən edilmiş
qaydada təsdiq edilmiş müvafiq dilə tərcüməsi mövcud olduqda yol verilir.
82.5.
Normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi
dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi)
gün hesab olunur.
82.6.
Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən normativ hüquqi
aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə
normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc
edilməsi tarixi ilə müəyyən edilir.
82.7.
Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc
edilmir.
82.8.
Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna
olmaqla, natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
82.9.
Normativ hüquqi aktlar onların məcburi rekvizitləri göstərilməklə dərc edilir.
82.10.
Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi dərc edilməsi
qaydası Naxçıvan Muxtar Respublikasının qanunu ilə müəyyən edilir.
Maddə 83. Normativ hüquqi
aktın rəsmi dərc edilmə müddətləri və şərtləri
83.1.
Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən
imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
83.1-1.
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan
Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir.
83.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra
72 saat müddətində rəsmi dərc edilməlidir.
83.3.
Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən
sonra hökmən rəsmi dərc edilməlidir.
83.4.
Səlahiyyətli dövlət orqanlarından rəsmi nəşr orqanlarına (Hüquqi Aktların Dövlət
Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ hüquqi aktlar, bu
Konstitusiya Qanununun 83.1-ci, 83.1-1-ci və 83.2-ci maddələrində nəzərdə
tutulmuş normativ hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu gündən 5
gün gec olmayaraq dərc edilməlidir.
Maddə 84. Normativ hüquqi
aktların qeyri-rəsmi nəşrlərdə və digər kütləvi informasiya vasitələrində
açıqlanması
84.1.
Normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə, habelə televiziya və
radio ilə ümumi diqqətə çatdırıla, məlumat yayılmasının digər üsulları ilə
ötürülə bilər.
84.2.
Natamam normativ hüquqi aktlar «Çıxarış» qeydi ilə dərc edilə bilər.
84.3.
Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab
edilir.
84.4.
Normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi yalnız onun hüquqi məlumatın
yayılması üzrə fəaliyyətə irəli sürülən tələblərə əməl olunmaqla rəsmi dərc
edilməsindən sonra həyata keçirilir. Bu zaman hər bir normativ hüquqi akt üçün
rəsmi dərc edilmə mənbəyi, habelə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa
(lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi
razılığın (lisenziyanın) verilmə nömrəsi və tarixi hökmən göstərilir.
Maddə 85. Normativ hüquqi
aktların qüvvəyə minməsi
85.1.
Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin
aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc
edildiyi gündən qüvvəyə minir.
85.2.
Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla,
digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
85.3.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha
artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən
normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə
mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması
şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə
tutulmuş müddətdə qüvvəyə minə bilər.
XVI fəsil. Normativ hüquqi aktların zamana, məkana və şəxslərə
görə qüvvəsi və icrası
Maddə 86. Normativ hüquqi
aktın zamana görə qüvvəsi
86.1.
Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir.
86.2.
Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti
müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun
qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv
edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və
ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt
(onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət
başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın
(onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz
statusunun verilməsi haqqında qərar qəbul edə bilər.
Maddə 87. Normativ hüquqi
aktın geriyə qüvvəsi
87.1.
Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
87.2.
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini
aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin
normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən
asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil
edilir.
87.3.
Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb
olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya
ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil
edilməsinə yol verilmir.
Maddə 88. Normativ hüquqi
aktların məkana və şəxslərə görə qüvvəsi
88.1.
Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə
malikdir.
88.2.
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan
Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan
Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
şamil edilir.
Maddə 89. Normativ hüquqi
aktın qüvvəsinin itirilməsi
89.1. Normativ hüquqi akt (onun struktur
elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
89.1.1. normativ hüquqi aktın (onun struktur
elementinin) tətbiqi müddəti başa çatdıqda;
89.1.2. normativ hüquqi akt (onun struktur
elementi) Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu
və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;
89.1.3. normativ hüquqi akt (onun struktur
elementi) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab
edildikdə.
89.2. Bu
Konstitusiya Qanununun 89.1.3-cü maddəsinə uyğun olaraq normativ hüquqi akt
(onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun
struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.
Maddə 90. Normativ hüquqi
aktların rəsmi şərh edilməsi qaydası
90.1.
Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi
təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma
orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV
hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
müvafiq normaları rəsmi şərh edir.
90.2.
Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir,
onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif
aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən
edilir.
90.3.
Normativ hüquqi akt şərh edildikdən sonra aktda həmin şərh nəticəsində dəyişikliklər
edilməsinə yol verilmir.
90.4.
Genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və
mənası arasında açıq-aşkar fərq olanda yol verilir.
90.5.
Normativ hüquqi aktın məzmununun izahı onun şərhi hesab edilmir.
Maddə 91. Normativ hüquqi
aktların icrası şərtləri
Normativ
hüquqi aktların qəbul edilməsində və qüvvəyə minməsindən sonra onların
icrasının lazımi təşkili — qəbul edilmiş aktların məzmununun icraçıların diqqətinə
vaxtında çatdırılması, aktların səlahiyyətli dövlət orqanları tərəfindən rəsmi
şərhi, aktın məzmununun izahı, şərhlərin, praktiki vəsaitlərin nəşri, aktların
icrasının maliyyə, maddi-texniki, hüquqi və təşkilati-texniki təminatı,
aktların icra müddətlərinə əməl olunması təminatı həyata keçirilməlidir.
Maddə 92. Normativ hüquqi
aktların icrasına nəzarət
Normativ
hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli
şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar
(şəxslər) tərəfindən həyata keçirilir.
Maddə 93. Normativ hüquqi
aktların icrasının yoxlanılması
93.1.
Normayaratma orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli xüsusi orqanlar
(şəxslər) normativ hüquqi aktların icrasına nəzarət və onun yoxlanılması, habelə
müraciətlərin təhlili əsasında normativ hüquqi aktların qüvvədə olmasının
keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən edirlər.
93.2. Normativ hüquqi aktlarda boşluqlar, daha
yüksək hüquqi qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər
və ya digər nöqsanlar aşkar edildikdə normayaratma orqanı (vəzifəli şəxslər)
onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə səlahiyyətli
orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların
ləğv edilməsi barədə təkliflər verməlidirlər.
Maddə 94. Normativ hüquqi aktların icra olunmamasına görə məsuliyyət
Normativ hüquqi aktların icra olunmamasında təqsirli
bilinən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət
daşıyırlar.
XVII fəsil.
Normativ hüquqi aktların inkorporasiyası
Maddə 95. Azərbaycan Respublikasının qanunlar külliyyatı
95.1. Azərbaycan Respublikasının qanunlar
külliyyatı Azərbaycan Respublikasının qanunvericilik aktlarının müntəzəm təzələnən
və elektron formada nəşr edilən sistemləşdirilmiş toplusudur.
95.2. Azərbaycan Respublikasının qanunlar
külliyyatının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin
edilir.
Maddə 96. Normativ hüquqi aktların rəsmi topluları və məcmuələri
96.1. Normativ hüquqi aktların icrasına kömək
göstərmək məqsədi ilə normativ hüquqi aktların rəsmi topluları və məcmuələri
hazırlanır və nəşr edilir.
96.2. Normativ hüquqi aktların rəsmi topluları və
məcmuələri bilavasitə normayaratma orqanları və ya onların tapşırığı ilə digər
dövlət orqanları tərəfindən nəşr edilir.
Maddə 97. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri
97.1. Normativ hüquqi aktların qeyri-rəsmi
topluları və məcmuələri fiziki və hüquqi şəxslər tərəfindən nəşr edilə bilər.
97.2. Normativ hüquqi aktların qeyri-rəsmi
topluları və məcmuələri nəşr edildikdə normativ hüquqi aktın mətninin hansı rəsmi
mənbədən götürüldüyü göstərilməlidir.
XVIII fəsil.
Yekun müddəalar
Maddə 98. Bu Konstitusiya Qanununun qüvvəyə minməsi qaydası
98.1. Bu Konstitusiya Qanunu dərc edildiyi gündən
qüvvəyə minir.
98.2. Bu Konstitusiya Qanunu qüvvəyə mindiyi gündən
1999-cu il noyabrın 26-da qəbul olunmuş «Normativ hüquqi aktlar haqqında» Azərbaycan
Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 21 dekabr 2010-cu il
№ 21-IVKQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (17
fevral 2011-ci il, № 37)
30 sentyabr 2016-cı il tarixli, 304-VKQD nömrəli; 12
iyun 2018-ci il tarixli, 1174-VKQD nömrəli; 7 dekabr 2018-ci il tarixli,
1378-VKQD nömrəli; 3 may 2019-cu il tarixli, 1570-VKQD nömrəli; 13 mart 2020-ci
il tarixli, 9-VIKQD nömrəli; 30 sentyabr 2021-ci il tarixli, 375-VIKQD nömrəli;
30 sentyabr 2022-ci il tarixli 591-VIKQD nömrəli; 14 iyul 2023-cü il tarixli
971-VIKQD nömrəli (1.6.3-cü, 1.9.3-cü və 1.10.2-ci maddələri 2024-cü il
yanvarın 1-dən qüvvəyə minir) Qanunlara əsasən dəyişikliklərlə.
Əlavə 1
Normativ
hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu
1. Normativ hüquqi aktın layihəsinin (qanunun) tənzimləmə
sahəsinə aid normativ tənzimləmənin vəziyyəti (qüvvədə olan konkret normativ
hüquqi aktların təhlili).
2. Normativ hüquqi aktın layihəsinin (qanunun)
normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu.
3. Normativ hüquqi aktın layihəsinin (qanunun)
normalarının onun məqsəd və vəzifələrinə uyğunluğu.
4. Normativ tənzimləmə predmetinə uyğunluğu.
5. Normativ hüquqi aktın layihəsinin (qanunun)
formasının və mahiyyətinin uyğunluğu.
6. Normativ hüquqi aktın layihəsinin (qanunun)
daxili strukturunun məntiqliliyi.
7. Normativ hüquqi aktın layihəsinə daxil edilən
(qanunda olan) normaların qarşılıqlı ziddiyyətsizliyi.
8. Normativ hüquqi aktın layihəsində (qanunda)
bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi.
9. Normativ hüquqi aktın layihəsinin (qanunun)
müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti
daxilində qəbul edilməsi.
10. Normativ hüquqi aktın layihəsinin (qanunun)
müəyyən edilmiş qaydada və formada qəbul edilməsi.
11. Normayaratma texnikasına uyğunluğu.
12. Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin,
sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların
mövcud olub-olmaması.
13. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
ləğv edilməli, dəyişikliklər edilməli olan Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
(onların struktur elementlərinin) siyahısının düzgünlüyü.
14. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
hazırlanmalı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının siyahısının
düzgünlüyü.
15. Çıxarılan nəticə.
Əlavə 2
Normativ
hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amilləri
Tipik sui-istifadə amili,
sui-istifadəyə məruz qalma təzahürü |
Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadə amilinin aşkar edildiyi struktur elementi |
||
A |
Dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan
tipik sui-istifadə amilləri |
||
1. |
vəzifəli şəxsin (orqanın) diskresion səlahiyyətlərinin genişliyi |
||
2. |
vəzifəli şəxsin (orqanın) səlahiyyətinin dispozitiv imkan kimi müəyyənləşdirilməsi |
||
3. |
şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olunandan yüksək
tələblərin irəli sürülməsi |
||
4. |
vəzifəli şəxs (orqan) üçün fiziki və hüquqi şəxslərin hüquqlarından
sui-istifadə imkanının yaradılması (dispozitiv imkanın verilməsi) |
||
5. |
vəzifəli şəxsin (orqanın) hüquqlarının həcminin əsassız olaraq dəyişdirilməsi |
||
6. |
qanundan irəli gələn normayaratmanın həddindən artıq azadlığı |
||
7. |
hüquqi-linqvistik sui-istifadəyə məruz qalma |
||
8. |
orqanın səlahiyyətindən kənar normativ hüquqi aktının qəbul edilməsi |
||
9. |
qanun boşluqlarının icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə
doldurulması |
||
B |
Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri |
||
10. |
hüquqi tənzimlənmədə boşluqlarının mövcudluğu |
||
11. |
inzibati prosedurların olmaması |
||
12. |
müsabiqə (hərrac) prosedurlarının olmaması |
||
13. |
konkret fəaliyyət sahəsində vəzifəli şəxs üçün qadağa və məhdudiyyətlərin
olmaması |
||
14. |
hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi |
||
15. |
orqana və vəzifəli şəxslərə nəzarətin müəyyənləşdirilməməsi |
||
16. |
informasiyanın şəffaflığı rejiminin pozulması |
||
C |
Sistem xarakterli tipik
sui-istifadə amilləri |
||
17. |
yanlış məqsəd və prioritetlər |
||
18. |
kolliziyalar |
||
19. |
məcbur edilmiş sui-istifadəyə məruz qalma |
||
Ç |
Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri |
||
20. |
normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət
olunmaması |
||
21. |
normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi |
||
22. |
mənafelər balansının pozulması |
||
D |
Digər sui-istifadə amilləri |