Konstitusiya
Məhkəməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Birinci
fəsil. Ümumi müddəalar
Maddə
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı və əsas məqsədləri
1.1.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - «Konstitusiya
Məhkəməsi») Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə
aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
1.2.
Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası
Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını
müdafiə etməkdir.
Maddə
2. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları
Konstitusiya
Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr,
bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsi təşkil edir.
Maddə
3. Konstitusiya Məhkəməsinin səlahiyyətləri
Konstitusiya
Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü
maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 101-ci
maddəsinin V hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü
maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III - VII
hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.
Maddə
4. Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas prinsipləri
Konstitusiya
Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik,
kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Maddə
5. Konstitusiya Məhkəməsinin müstəqilliyi
5.1.
Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə
hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti
orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən
asılı deyildir.
5.2.
Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı
yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə
edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
İkinci
fəsil. Konstitusiya Məhkəməsinin təşkilinin və fəaliyyətinin əsasları
Maddə
6. Konstitusiya Məhkəməsinin tərkibi və təşkili
6.1.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə uyğun
olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
6.2.
Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır.
6.3.
Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya Məhkəməsinin bütün
hakimləri daxildir.
6.4.
Konstitusiya Məhkəməsi Plenumunun iclasları, bir qayda olaraq, Konstitusiya Məhkəməsinin
sədri tərəfindən çağırılır, bu Qanun və Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsi ilə müəyyən edilmiş qaydada keçirilir.
6.5.
Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına Konstitusiya Məhkəməsinin sədri və
ya onu əvəz edən şəxs sədrlik edir.
6.6.
Bu qanunla başqa hallar müəyyən edilməyibsə, Konstitusiya Məhkəməsi Plenumunun
iclası azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir.
6.7.
Palataların tərkibləri Konstitusiya Məhkəməsinin sədri tərəfindən müəyyən
edilir.
6.8.
Palataların təşkili, iclaslarının çağırılması və keçirilməsi, habelə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi qaydaları
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
6.9.
Palataların iclasları azı 3 hakim iştirak etdikdə səlahiyyətlidir.
6.10.
Konstitusiya Məhkəməsinin sədri və onun müavini eyni palatanın tərkibinə daxil
ola bilməzlər.
6.11.
Palataların iclaslarında Konstitusiya Məhkəməsinin hakimləri növbə ilə sədrlik
edirlər. Bu sədrliyin ardıcıllığı palataların iclaslarında müəyyən edilir.
Maddə
7. Konstitusiya Məhkəməsi palatalarının və Plenumunun iclaslarında baxılan məsələlər
7.1.
Konstitusiya Məhkəməsi palatalarının iclaslarında Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş məsələlərə
dair sorğuların, müraciətlərin və ya şikayətlərin icraata qəbul edilib-edilməməsi
məsələsi həll olunur.
7.2.
Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş məsələlərə
dair Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş sorğulara, müraciətlərə
və şikayətlərə mahiyyəti üzrə baxılır.
7.3.
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsində, 86-cı
maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində,
102-ci maddəsində, 104-cü maddəsinin II və III hissələrində, 107-ci və 153-cü
maddələrində nəzərdə tutulmuş məsələlərə birbaşa Konstitusiya Məhkəməsi
Plenumunun iclaslarında baxılır.
Maddə
8. Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı
8.1.
Konstitusiya Məhkəməsinin iclaslarında həll edilən məsələlər istisna olmaqla,
Konstitusiya Məhkəməsinin daxili fəaliyyətinə dair və digər məsələlərin baxılıb
həll edilməsi üçün Konstitusiya Məhkəməsi hakimlərinin yığıncaqları keçirilir.
8.2.
Hakimlərin yığıncaqları Konstitusiya Məhkəməsinin sədri tərəfindən çağırılır.
Hakimlərin yığıncağı hər hansı hakimin tələbi ilə də çağırıla bilər.
8.3.
Hakimlərin yığıncağı Konstitusiya Məhkəməsinin azı 6 hakimi iştirak etdikdə səlahiyyətlidir.
8.4.
Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı aşağıdakı məsələləri həll edir:
8.4.1.
Konstitusiya Məhkəməsinin işinin təşkili üçün Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsini qəbul edir;
8.4.2.
Konstitusiya Məhkəməsinin rəsmi embleminin, möhürünün, hakimlərin xüsusi geyimlərinin,
döş nişanının təsvirini və vəsiqəsinin nümunəsini təsdiq edir;
8.4.3.
Konstitusiya Məhkəməsinin saxlanması üçün Azərbaycan Respublikasının dövlət
büdcəsinin layihəsinə dair təkliflər verir;
8.4.4.
bu Qanunun 23-cü maddəsində nəzərdə tutulan hallarda Konstitusiya Məhkəməsi
hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələnin həlli
üçün təklif verir;
8.4.5.
digər təşkilati məsələləri həll edir.
8.5.
Hakimlərin yığıncağı bu qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş məsələlər
üzrə hakimlərin səs çoxluğu ilə müvafiq qərarlar qəbul edir.
Maddə
9. Konstitusiya Məhkəməsinin rəmzləri, Konstitusiya Məhkəməsi hakiminin döş
nişanı və vəsiqəsi
9.1.
Konstitusiya Məhkəməsinin rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və Konstitusiya Məhkəməsinin rəsmi
emblemidir.
9.2.
Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə iclaslarında hakimlərin xüsusi
geyimində (mantiyada), Azərbaycan Respublikası prezidentinin andiçmə mərasimində
və digər dövlət tədbirlərində isə xüsusi rəsmi geyimdə olmalıdırlar.
Maddə
10. Konstitusiya Məhkəməsinin yeri
10.1.
Konstitusiya Məhkəməsi Bakı şəhərində yerləşir.
10.2.
Konstitusiya Məhkəməsinin iclasları Konstitusiya Məhkəməsinin binasında
keçirilir. Hər hansı səbəbdən Konstitusiya Məhkəməsinin iclaslarını
Konstitusiya Məhkəməsinin binasında keçirmək mümkün olmadıqda Konstitusiya Məhkəməsi
sədrinin sərəncamı ilə Konstitusiya Məhkəməsinin iclasları başqa yerdə keçirilə
bilər.
10.3.
Konstitusiya Məhkəməsi binasının rejimi Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsi ilə müəyyən edilir.
Üçüncü
fəsil. Konstitusiya Məhkəməsi hakimlərinin statusu
Maddə
11. Konstitusiya Məhkəməsinin hakimlərinə aid tələblər
11.1.
Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq
yaşı 30-dan aşağı olmayan,
seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası
üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin
hakimi ola bilər.[1]
11.2.
Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun
olaraq Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə
tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir
sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər,
siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, əmək
haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən
başqa məvacib ala bilməzlər.
Maddə
12. Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi
12.1.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin II hissəsinə uyğun
olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası
prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin
edir.
12.2.
Konstitusiya Məhkəməsinin azı 7 hakimi təyin olunduqda Konstitusiya Məhkəməsi
öz səlahiyyətlərinin icrasına başlaya bilər.
Maddə
13. Konstitusiya Məhkəməsi hakiminin andı
13.1.
Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün Azərbaycan
Respublikası Milli Məclisinin iclasında aşağıdakı məzmunda and içir:
«Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və
vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının
aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll
edəcəyimə and içirəm».
13.2.Konstitusiya
Məhkəməsinin hakimi and içdiyi gündən öz səlahiyyətlərinin icrasına başlamış
sayılır.
Maddə
14. Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddəti
14.1.
Konstitusiya Məhkəməsinin hakimləri 15 il müddətinə təyin edilirlər.
14.2.
Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təkrarən təyin edilə bilməz.
14.3. Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70
yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin
yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.
Maddə
15. Konstitusiya Məhkəməsi hakimlərinin müstəqilliyi
15.1.
Konstitusiya Məhkəməsinin hakimləri müstəqildirlər, yalnız Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.
15.2.
Konstitusiya Məhkəməsi hakimlərinin müstəqilliyi onların səlahiyyət müddətində
dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin edilməsinin, məsuliyyətə cəlb
edilməsinin, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının
xüsusi qaydası ilə, Konstitusiya Məhkəməsinə hörmətsizlik göstərilməsinin və ya
onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi ilə təmin olunur və
onlara hakimlərin yüksək statusuna uyğun maddi və sosial təminatlar verilir.
Maddə
16. Konstitusiya Məhkəməsi hakimlərinin toxunulmazlığı
16.1.
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I—III hissələrinə
görə Konstitusiya Məhkəməsinin hakimləri toxunulmazdır.
16.2. Konstitusiya Məhkəməsinin hakimi cinayət məsuliyyətinə
cəlb edilə bilməz, tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa və gətirilməyə
məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
16.3. Konstitusiya Məhkəməsi hakiminin cinayət
başında yaxalanması halları istisna olunmaqla, cinayət və ya inzibati xəta törətməkdə
şübhə edilən şəxs qismində tutulmuş Konstitusiya Məhkəməsinin hakimi şəxsiyyəti
müəyyənləşdirildikdən sonra dərhal azad edilməli və bu barədə Konstitusiya Məhkəməsinə,
habelə Azərbaycan Respublikasının baş prokuroruna yazılı məlumat verilməlidir.
16.4. Konstitusiya Məhkəməsi hakiminin hərəkətlərində
cinayət əməlinin əlamətləri olduqda, o, Azərbaycan Respublikası
Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş
qaydada vəzifədən kənarlaşdırıla bilər.
16.5. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsi
hakiminin səlahiyyətləri onun barəsində məhkəmənin hökmü qanuni qüvvəyə minənədək
və ya cinayət təqibi orqanı tərəfindən məhkəməyədək icraatın gedişində yekun qərar
qəbul edilənədək dayandırılır.
16.6. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin
hakimi Konstitusiya Məhkəməsinin hakiminə müəyyən edilmiş əmək haqqını alır.
16.7. Konstitusiya Məhkəməsinin hakimi vəzifədən
kənarlaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsinin razılığı olduqda, Azərbaycan
Respublikası baş prokurorunun qərarına əsasən Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb oluna və
həbs edilə bilər.
16.8. Vəzifədən kənarlaşdırılmış Konstitusiya Məhkəməsinin
hakimi barəsində bəraət hökmü çıxarıldıqda və ya məhkəməyədək icraatın gedişində
cinayət təqibinə qanunvericiliklə müəyyən edilmiş bəraətverici əsaslarla xitam
verildikdə onun səlahiyyətləri bərpa olunur.
16.9. Konstitusiya Məhkəməsi hakiminin
toxunulmazlığı onun evinin, mənzilinin, xidməti otağının, əşyalarının, şəxsi və
xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus
sənədlərin, poçt-teleqraf yazışmalarının toxunulmazlığını da əhatə edir.
16.10. Konstitusiya Məhkəməsinin hakimi
Konstitusiya Məhkəməsindəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə
hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə
tələb edilə bilməz.
Maddə 17. Konstitusiya Məhkəməsi hakimlərinin
hüquqları
17.0. Konstitusiya Məhkəməsi hakimlərinin
aşağıdakı hüquqları vardır:
17.0.1. Konstitusiya Məhkəməsinin iclaslarında
iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək;
17.0.2. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
aid məsələlərin həllində iştirak etmək;
17.0.3. Konstitusiya Məhkəməsində məsələlərə
baxılarkən məruzəçi-hakimə, işdə iştirak edən tərəflərə, maraqlı subyektlərə,
şahidlərə və ekspertlərə suallar vermək;
17.0.4. qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarından, yerli özünüidarə orqanlarından, həmçinin hüquqi və fiziki şəxslərdən
Konstitusiya Məhkəməsində baxılmağa hazırlanan məsələ ilə əlaqədar hər hansı sənədi
və başqa məlumatı tələb etmək, habelə vəzifəli şəxslərin bu məsələyə dair
izahatlarını dinləmək;
17.0.5. Konstitusiya Məhkəməsinin iclasında təqdim
edilmiş vəsatətlər və materiallarla tanış olmaq;
17.0.6. hakimlərin müşavirə otağında Konstitusiya
Məhkəməsinin qəbul ediləcək qərarına dair fikir söyləmək, qərarın lehinə və ya əleyhinə
səs vermək;
17.0.7. Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı
və ya nəticə hissəsi ilə razı olmadıqda xüsusi rəyində qalmaq;
17.0.8. Konstitusiya Məhkəməsinin iclasının Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müddətlərdə keçirilməsini
tələb etmək;
17.0.9. Bu qanunda nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
Maddə 18. Konstitusiya Məhkəməsi hakimlərinin
vəzifələri
18.0. Konstitusiya Məhkəməsinin hakimləri öz fəaliyyətində:
18.0.1. Azərbaycan Respublikasının
Konstitusiyasını və bu Qanunu rəhbər tutmalı;
18.0.2. Konstitusiya Məhkəməsində məsələlərə
baxılarkən işlərə hüquq və ədalət əsasında qərəzsiz yanaşmalı;
18.0.3. Konstitusiya Məhkəməsinin iclaslarını
üzürsüz səbəbdən buraxmamalı;
18.0.4. Konstitusiya Məhkəməsində baxılan məsələlər
üzrə səsvermədə iştirak etməli;
18.0.5. Konstitusiya Məhkəməsi hakiminin yüksək
adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
18.0.6. Bu qanunun 11.2-ci maddəsində nəzərdə
tutulmuş tələbləri pozmamalı;
18.0.7. Konstitusiya Məhkəməsində baxılan məsələ
haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair fikir söyləməməlidirlər.
Maddə 19. Konstitusiya Məhkəməsi hakimlərinin
hüquq bərabərliyi
19.1. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
aid bütün məsələlərin həllində Konstitusiya Məhkəməsi hakimlərinin hüquqları bərabərdir.
19.2. Konstitusiya Məhkəməsinin sədri və sədr
müavini Konstitusiya Məhkəməsinin hakiminə mənsub olan bütün hüquqlara
malikdirlər və bütün vəzifələri daşıyırlar.
Maddə 20. Konstitusiya Məhkəməsi sədrinin
və sədr müavininin təyin və azad edilməsi
20.1. Konstitusiya Məhkəməsinin sədri və sədr
müavini Konstitusiya Məhkəməsi hakimlərinin tərkibindən Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq təyin edilirlər.
20.2. Konstitusiya Məhkəməsinin sədri və sədr
müavini yalnız öz xahişinə görə vəzifədən azad edilirlər. Bu halda onlar
Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində qalırlar.
Maddə 21. Konstitusiya Məhkəməsinin sədri
21.0. Konstitusiya Məhkəməsinin sədri:
21.0.1. qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanları ilə, yerli özünüidarə orqanları ilə, xarici dövlətlər və beynəlxalq təşkilatlarla,
habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Konstitusiya Məhkəməsini təmsil
edir;
21.0.2. Konstitusiya Məhkəməsinin işini təşkil
edir;
21.0.3. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
aid məsələləri baxılmaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına
çıxarır;
21.0.4. Konstitusiya Məhkəməsi Plenumunun
iclaslarını çağırır və iclaslarına sədrlik edir;
21.0.5. Konstitusiya Məhkəməsinin sədr müavininin
həll etdiyi məsələlərin dairəsini müəyyənləşdirir;
21.0.6. palataların tərkiblərini müəyyən edir;
21.0.7. işlərin həcmini və sayını nəzərə almaqla
hakimlər arasından bir və ya bir neçə məruzəçi-hakimi təyin edir;
21.0.8. Konstitusiya Məhkəməsinin saxlanması və fəaliyyətinin
təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə dair sərəncam verir;
21.0.9. Konstitusiya Məhkəməsinin aparatına rəhbərlik
edir;
21.0.10. Konstitusiya Məhkəməsi aparatının işçilərini
vəzifəyə təyin edir və vəzifədən azad edir, mükafatlandırır və onların intizam
qaydasında cəzalandırılması məsələsini həll edir;
21.0.11. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 22. Konstitusiya Məhkəməsi sədrinin
müavini
Konstitusiya Məhkəməsi sədrinin müavini
Konstitusiya Məhkəməsi sədrinin müəyyənləşdirdiyi məsələləri həll edir,
Konstitusiya Məhkəməsinin sədri olmadıqda, yaxud öz vəzifələrini həyata keçirə
bilmədikdə onu əvəz edir.
Maddə 23. Konstitusiya Məhkəməsi
hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
23.1. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə
aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
23.1.1. vəfat etdikdə;
23.1.2. vəzifədən könüllü çıxmaq barədə yazılı ərizə
verdikdə;
23.1.2-1. 70 yaşına çatdıqda;
23.1.3. Azərbaycan Respublikasının vətəndaşlığına
xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa
dövlət qarşısında öhdəlik götürdükdə;
23.1.4. barəsində cinayət işinə bəraətverici əsaslar
olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü
və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı
olduqda;
23.1.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud
fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə təsdiq edildikdə;
23.1.6. məhkəmənin qərarı ilə ölmüş və ya xəbərsiz
itkin düşmüş hesab edildikdə;
23.1.7. bu qanunun 11-ci maddəsində nəzərdə
tutulmuş Konstitusiya Məhkəməsinin hakimlərinə aid tələblərin pozulması aşkar
edildikdə;
23.1.7-1. Konstitusiya Məhkəməsi hakiminin
adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə;
23.1.8. üzrsüz səbəbdən dalbadal üç dəfə və ya il
ərzində üzrsüz səbəbdən on dəfə Konstitusiya Məhkəməsinin iclaslarında iştirak
etmədikdə;
23.1.9. Konstitusiya Məhkəməsində baxılan məsələyə
dair səsvermədə iştirak etməkdən imtina etdikdə;
23.1.10. altı aydan az olmayan müddətdə xəstəliyi
ilə əlaqədar vəzifəsini yerinə yetirmədikdə və bu barədə xüsusi həkim
komissiyasının xəstəliyi təsdiq edən rəyi olduqda.
23.2. Bu qanunun 23.1.1-23.1.6-cı maddələrində nəzərdə
tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi haqqında məsələ birbaşa Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilir.
23.3. Bu qanunun 23.1.7-23.1.10-cu maddələrində nəzərdə
tutulmuş hallarda Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi haqqında məsələnin Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilməsi üçün Konstitusiya Məhkəməsi
təklif verir.
Maddə 24. İstefada olan Konstitusiya Məhkəməsinin
hakimi
24.1. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət
müddəti bitdikdə, yaxud bu qanunun 23.1.2-ci, 23.1.5-ci və ya 23.1.10-cu maddələrində
nəzərdə tutulmuş hallarda səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o,
istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.
24.2. İstefada olan Konstitusiya Məhkəməsinin
hakimi Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini həyata keçirdiyi dövrdə
fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb edilə
bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb oluna bilməz.
Dördüncü fəsil. Konstitusiya Məhkəməsində
həyata keçirilən icraatın prinsipləri
Maddə 25. Qərəzsizlik və ədalət
Konstitusiya Məhkəməsində həyata keçirilən icraat
zamanı hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar.
Maddə 26. Hər kəsin qanun və
Konstitusiya Məhkəməsi qarşısinda bərabərliyi
Konstitusiya ədalət mühakiməsi hər kəsin qanun və
Konstitusiya Məhkəməsi qarşısında bərabərliyi əsasında həyata keçirilir.
Maddə 27. Açıqlıq
27.1. Konstitusiya Məhkəməsində işlərin icraatı
açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki,
Konstitusiya Məhkəməsi açıq icraatın dövlət, peşə və kommersiya sirrinin
açılmasına səbəb olacağını güman edir, vətəndaşlarin şəxsi və ya ailə həyatının
məxfiliyini qorumaq zərurətini müəyyən edir.
27.2. Konstitusiya Məhkəməsinin icraatı, bir
qayda olaraq, şifahi aparılır. Tərəflərin və ya maraqlı subyektlərin razılığı
olduqda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsi ilə müəyyən edilən qaydada işə yazılı prosedurla baxa bilər.
27.3. Konstitusiya Məhkəməsi Plenumunun iclası
haqqında məlumat iclasa azı beş gün qalmış rəsmi dövlət qəzetində dərc edilir.
Təxirəsalınmaz hallarda bu qaydaya riayət etmək mümkün olmadıqda Konstitusiya Məhkəməsi
iclasının keçirilməsi vaxtı haqqında məlumat televiziya və radio ilə elan
edilir.
Maddə 28. Tərəflərin hüquq bərabərliyi
və çəkişmə
28.1. Konstitusiya məhkəmə icraatı tərəflərin
hüquq bərabərliyi və çəkişməsi prinsipləri əsasında həyata keçirilir.
28.2. Konstitusiya Məhkəməsi konstitusiya məhkəmə
icraatında tərəflərin sübutları və dəlilləri ilə bağlı deyildir və baxılan məsələlərin
tam araşdırılmasına nail olmalıdır.
Maddə 29. İcraatın aparıldığı dil
29.1. Konstitusiya Məhkəməsində həyata keçirilən
icraat Azərbaycan Respublikasının dövlət dilində aparılır.
29.2. Konstitusiya Məhkəməsində baxılan işin
iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün
materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin
iclaslarında ana dilində çıxış etməsi təmin olunur.
Maddə 30. Kollegiallıq
Konstitusiya Məhkəməsində işlərə kollegial
qaydada baxılır.
Beşinci fəsil. Konstitusiya Məhkəməsində
icraatın başlanması
Maddə 31. Konstitusiya Məhkəməsində
icraatın başlanması üçün səbəblər
31.0. Konstitusiya Məhkəməsində icraatın
başlanması üçün səbəblər aşağıdakılardır:
31.0.1. Azərbaycan Respublikası Konstitusiyasının
104-cü maddəsinin III hissəsində və 130-cu maddəsinin III-VII hissələrində nəzərdə
tutulmuş məsələlərə dair bu qanunun 32-35-ci maddələrinin tələblərinə cavab verən
sorğu, müraciət və şikayətlər;
31.0.2. Azərbaycan Respublikası Konstitusiyasının
84-cü maddəsinin I hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində,
101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 104-cü maddəsinin II
hissəsində, 107-ci maddəsində və 153-cü maddəsində nəzərdə tutulmuş hallar.
Maddə 32. Sorğular
32.1. Azərbaycan Respublikasının prezidenti, Azərbaycan
Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III və IV hissələrində, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) isə Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsində nəzərdə
tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
32.2. Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə
tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) sorğularına Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına
aşağıdakı hallarda yol verilir:
32.2.1. tətbiq edilməli olan normativ hüquqi
akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;
32.2.2. tətbiq edilməli olmayan normativ
hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;
32.2.3. normativ hüquqi akt məhkəmə tərəfindən
düzgün şərh edilmədikdə.
32.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna Konstitusiya Məhkəməsi
tərəfindən baxılmasına barəsində sorğu verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun
olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.
32.3. Bu qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş sorğu müvafiq məhkəmə
aktının qüvvəyə mindiyi andan altı ay müddətində verilə bilər.
32.4. Sorğu Konstitusiya Məhkəməsinə yazılı şəkildə verilir. Sorğu səlahiyyətli
şəxs tərəfindən, kollegial orqanın qərarı əsasında verildikdə isə onun rəhbəri
tərəfindən imzalanır.
32.5. Sorğuda aşağıdakılar göstərilməlidir:
32.5.1. Konstitusiya Məhkəməsinin adı;
32.5.2. sorğuverənin adı, ünvanı;
32.5.3. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna
olmaqla, sorğuverənin nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;
32.5.4. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə
aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının, yaxud səlahiyyətlər
bölgüsü ilə bağlı mübahisələrdə iştirak edən dövlət orqanının adı və ünvanı;
32.5.5. Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ verən və
Konstitusiya Məhkəməsi tərəfindən həmin sorğuya baxılması səlahiyyətini təsdiq
edən Azərbaycan Respublikası Konstitusiyasının maddələri;
32.5.6. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının,
həmçinin şərh edilməsi xahiş olunan normativ hüquqi aktın dəqiq adı, qəbul
edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar;
32.5.7. məsələyə dair sorğuverənin mövqeyi və Azərbaycan Respublikası
Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına
istinadla onun hüquqi əsaslandırılması;
32.5.8. Konstitusiya Məhkəməsinə sorğu ilə əlaqədar ünvanlanmış
xahiş;
32.5.9. sorğuya qoşulmuş sənədlərin siyahısı.
Maddə
33. Müraciətlər
33.1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində, məhkəmələr isə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə
tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
33.2. Müraciət Konstitusiya Məhkəməsinə yazılı şəkildə göndərilir.
Müraciət səlahiyyətli şəxs tərəfindən, kollegial orqanın qərarı əsasında
verildikdə isə onun rəhbəri tərəfindən imzalanır.
33.3. Müraciətdə aşağıdakılar göstərilməlidir:
33.3.1. Konstitusiya Məhkəməsinin adı;
33.3.2. müraciət edən orqanın adı, ünvanı;
33.3.3. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna
olmaqla, müraciət edən orqanın nümayəndəsi və onun səlahiyyətləri haqqında
lazımi məlumatlar;
33.3.4. Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verən və
Konstitusiya Məhkəməsi tərəfindən həmin müraciətə baxılması səlahiyyətini təsdiq
edən Azərbaycan Respublikası Konstitusiyasının maddələri;
33.3.5. Konstitusiya Məhkəməsinə müraciətlə əlaqədar ünvanlanmış
xahiş;
33.3.6. müraciətə qoşulmuş sənədlərin siyahısı.
33.4. Bu qanunun 33.3.1-33.3.6-cı maddələrində göstərilənlərdən
başqa:
33.4.1. Azərbaycan Respublikası Milli Məclisinin müraciətində Azərbaycan
Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini tamamilə itirdiyi barədə məlumatın mənbəyi göstərilməlidir;
33.4.2. məhkəmənin müraciətində şərh edilməsi xahiş olunan normativ
hüquqi aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və
ona dair digər məlumatlar göstərilməlidir.
Maddə
34. Şikayətlər
34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə
aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün
Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi
məqsədi ilə şikayət verə bilər.
34.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətlərə
Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir:
34.2.1. tətbiq edilməli olan normativ hüquqi
akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;
34.2.2. tətbiq edilməli olmayan normativ
hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;
34.2.3. normativ hüquqi akt məhkəmə tərəfindən
düzgün şərh edilmədikdə.
34.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi
tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun
olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.
34.3. Bu qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə
tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir.
34.4. Konstitusiya Məhkəməsinə şikayət, bir qayda olaraq, aşağıdakı
hallarda və müddətlərdə verilə bilər:
34.4.1. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə
edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində;
34.4.2. ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan
üç ay müddətində.
34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz
zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün
olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.
34.6. Şikayətdə aşağıdakılar göstərilməlidir:
34.6.1. Konstitusiya Məhkəməsinin adı;
34.6.2. şəxsin adı, soyadı, atasının adı, ünvanı;
34.6.3. şəxsin nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;
34.6.4. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə
aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının adı və ünvanı;
34.6.5. Konstitusiya Məhkəməsinə müraciət hüququ verən Azərbaycan
Respublikası Konstitusiyasının və bu qanunun normaları;
34.6.6. mübahisə olunan aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi,
dərc olunduğu mənbə və ona dair digər məlumatlar;
34.6.7. məsələyə dair şəxsin mövqeyi və Azərbaycan Respublikası
Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına
istinadla onun hüquqi əsaslandırılması;
34.6.8. Konstitusiya Məhkəməsinə şikayətlə əlaqədar ünvanlanmış
xahiş;
34.6.9. şikayətə qoşulmuş sənədlərin siyahısı.
34.7. Şikayətdə aşağıdakılar əsaslandırılmalıdır:
34.7.1. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktı
ilə ərizəçinin hüquq və azadlıqlarının pozulması;
34.7.2. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi,
məhkəməyə müraciət etmək hüququnun pozulması və ya ağır və bərpaedilməz zərərin
vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınmasının mümkün olmaması.
Maddə
35. Sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlər
35.1. Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə
aşağıdakılar qoşulur:
35.1.1. sorğu verənin, müraciət edənin və ya ərizəçinin qənaətinə görə
işin hallarının aydınlaşdırılması üçün lazım olan izahatlar və sənədlər;
35.1.2. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna
olmaqla nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd,
habelə şəxsin Konstitusiya Məhkəməsində nümayəndə kimi çıxış etmək hüququnu təsdiq
edən sənədlərin surətləri;
35.1.3. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə
aktının, habelə yaxud sorğu və ya müraciətlə əlaqədar şərh edilməsi
xahiş olunan normativ hüquqi aktın surəti;
35.1.4. başqa dildə verilmiş bütün sənədlərin və digər materialların
Azərbaycan dilinə tərcüməsi.
35.2. Sorğu və ya müraciətə həmçinin onları təqdim edən kollegial
orqanın iclasında yetərsayın olması və həmin sorğu və ya müraciətin lazımi səs
çoxluğu ilə qəbul olunmasını təsdiq edən sənədlər qoşulur.
35.3. Şikayətə həmçinin məhkəmə aktından şikayət vermək hüququndan
tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq
edən sənədlər qoşulur.
Maddə
36. Sorğu, müraciət və şikayətlərin öyrənilməsi
36.1. Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin bu qanunun
34.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunun ilkin öyrənməsini
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada
Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir.
36.2. Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və müraciətlərlə əlaqədar,
habelə bu qanunun 36.1-ci maddəsinə uyğun olaraq ilkin öyrənilmiş şikayətlərlə əlaqədar
iclasın hazırlanması üçün bir və ya bir neçə hakim məruzəçi təyin edilir.
36.3. Məruzəçi-hakim aşağıdakı tədbirləri həyata keçirir:
36.3.1. məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri olan
sənəd və materialları toplayır;
36.3.2. dövlət və özünüidarə orqanlarından məsələyə aid olan sənəd,
material və işləri tələb edir;
36.3.3. sorğunu və ya şikayəti tərəflərə, başqa növ sənədi isə
maraqlı subyektlərə təqdim edir və məsələyə dair onların yazılı mülahizələrini
alır;
36.3.4. şahidlərin, ekspertlərin, digər şəxslərin iclasa
çağırılmasını təşkil edir;
36.3.5. məsələyə baxılması üçün başqa zəruri tədbirləri həyata
keçirir;
36.3.6. məsələ üzrə məruzə hazırlayır.
36.4. Məruzəçi-hakim Konstitusiya Məhkəməsində baxılmağa hazırlanan məsələ
üzrə Konstitusiya Məhkəməsinin aparatına tapşırıq verə bilər.
36.5. Məruzəçi-hakim iclasın hazırlanması ilə əlaqədar bütün tədbirləri
Konstitusiya Məhkəməsi adından həyata keçirir.
Maddə
37. Sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina olunması
37.0. Sorğu, müraciət və ya şikayət aşağıdakı hallarda Konstitusiya Məhkəməsinin
icraatına qəbul edilmir:
37.0.1. sorğu, müraciət və ya şikayətin tərtibi bu qanunun tələblərinə
uyğun olmadıqda;
37.0.2. məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olmadıqda;
37.0.3. sorğu, müraciət və ya şikayət belə hüquqa malik olmayan orqan
və ya şəxs tərəfindən verildikdə;
37.0.4. sorğu və ya müraciət onun Konstitusiya Məhkəməsinə verilməsi
barədə qərar qəbul etmiş kollegial orqanın iclasında yetərsay və lazımi səs
çoxluğu olmadan verildikdə;
37.0.5. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini
və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər təqdim
olunmadıqda;
37.0.6. məsələ üzrə Konstitusiya Məhkəməsinin qərarı mövcud olduqda.
Maddə
38. Sorğu, müraciət və ya şikayətin geri götürülməsi
Konstitusiya Məhkəməsinə verilmiş sorğu, müraciət və ya şikayət
Konstitusiya Məhkəməsinin icraatına qəbul edilənədək geri götürüldükdə həmin
sorğu, müraciət və ya şikayətə Konstitusiya Məhkəməsində baxılmır.
Maddə
39. Konstitusiya işinin tərtib edilməsi
39.1. Konstitusiya Məhkəməsi Plenumunun iclasına hazırlıq mərhələsində
konstitusiya işi tərtib olunur. Konstitusiya işinə aşağıdakı sənədlər daxil
edilir:
39.1.1. konstitusiya işinin başlanmasına səbəb olan sorğu, müraciət və
ya şikayət;
39.1.2. sorğuya, müraciətə və ya şikayətə qoşulan materiallar;
39.1.3. məruzəçi-hakimin konstitusiya işinə əlavə etdiyi materiallar;
39.1.4.
konstitusiya işi üzrə ekspertin rəyi;
39.1.5.
tərəflərin və ya maraqlı subyektlərin təqdim etdikləri əlavə materiallar;
39.1.6.
konstitusiya işi ilə əlaqədar olan başqa sənədlər;
39.1.7.
məruzəçi-hakimin məruzəsi.
39.2.
Konstitusiya işi tərtib edildikdən sonra Konstitusiya Məhkəməsinin hakimləri
onunla tanış ola bilərlər.
Altıncı
fəsil. Konstitusiya icraatı
Maddə
40. Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın üsulları və növləri
40.1.
Konstitusiya Məhkəməsində icraat aşağıdakı üsullarla həyata keçirilir:
40.1.1.
konstitusiya məhkəmə icraatı;
40.1.2.
xüsusi konstitusiya icraatı.
40.2.
Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə konstitusiya məhkəmə
icraatı aşağıdakı növlərdə həyata keçirilir:
40.2.1.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərin həlli
üçün verilmiş sorğular və ya şikayətlər ilə əlaqədar işlərin icraatı;
40.2.2.
qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü
ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı.
40.3.
Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya
icraatının aşağıdakı növləri həyata keçirilir:
40.3.1. müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı;
40.3.2. Azərbaycan
Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması
və təsdiqi ilə əlaqədar işlərin icraatı;
40.3.3. yeni
seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi
vaxtının təyin edilməsi ilə əlaqədar işlərin icraatı;
40.3.4. müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət
müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı;
40.3.5. Azərbaycan
Respublikası prezidenti seçkilərinin nəticələrinin rəsmi elan edilməsi ilə əlaqədar
işlərin icraatı;
40.3.6. Azərbaycan
Respublikası prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin
icraatı;
40.3.7. Azərbaycan
Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini tamamilə itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan
Respublikası Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı;
40.3.8. Azərbaycan
Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar
işlərin icraatı;
40.3.9. Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi üçün verilən
sorğular və müraciətlər ilə əlaqədar işlərin icraatı;
40.3.10. Azərbaycan
Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası prezidentinin Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə
dair Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin
icraatı.
Maddə
41. Konstitusiya məhkəmə icraatında tərəflər
41.1.
Konstitusiya məhkəmə icraatının tərəfləri sorğuverənlər və cavabverənlərdir.
41.2.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və VII hissələrində
göstərilən subyektlər konstitusiya məhkəmə icraatında sorğuverənlər ola bilərlər.
41.3.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsində göstərilən
şəxslər konstitusiya məhkəmə icraatında tərəf kimi «ərizəçilər» adlandırılır.
41.4.
Konstitusiya məhkəmə icraatında aşağıdakılar cavabverən ola bilərlər:
41.4.1.
mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş
müvafiq dövlət və ya yerli özünüidarəetmə orqanı;
41.4.2.
mübahisə olunan Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası
müqaviləsini və ya Azərbaycan Respublikasının hökumətlərarası müqaviləsini
imzalamış vəzifəli şəxs;
41.4.3.
qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü
ilə bağlı güman edilən pozuntuya yol vermiş müvafiq dövlət orqanı.
41.5.
Konstitusiya məhkəmə icraatında sorğuverənləri (ərizəçiləri) və cavabverənləri
onların nümayəndələri təmsil edə bilərlər.
Maddə
42. Xüsusi konstitusiya icraatında maraqlı subyektlər
42.1.
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsində, 86-cı
maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində,
102-ci maddəsində, 104-cü maddəsinin II və III hissələrində, 107-ci maddəsində,
130-cu maddəsinin IV və VI hissələrində və 153-cü maddəsində nəzərdə tutulmuş
hallarla əlaqədar Konstitusiya Məhkəməsinə sorğu və ya müraciət vermiş orqanlar
və bu cür sorğu və ya müraciətlər əsasında mənafelərinə toxunulan orqanlar və şəxslər
xüsusi konstitusiya icraatının maraqlı subyektləridir.
42.2.
Xüsusi konstitusiya icraatında maraqlı subyektləri onların nümayəndələri təmsil
edə bilərlər.
Maddə
43. Tərəflərin və maraqlı subyektlərin hüquq və vəzifələri
43.1.
Tərəflərin və maraqlı subyektlərin aşağıdakı hüquqları vardır:
43.1.1.
Konstitusiya Məhkəməsinin iclaslarında iştirak və çıxış etmək;
43.1.2.
sübutları və digər materialları təqdim etmək;
43.1.3.
işə baxılmasına dair vəsatət və təkliflər vermək;
43.1.4.
onlara verilən suallara cavab vermək;
43.1.5.
hakimlərə etirazlar etmək;
43.1.6.
şahid və ekspertlərin dəvət olunmasını xahiş etmək;
43.1.7.
Konstitusiya Məhkəməsi iclasının protokolu ilə tanış olmaq və ona dair öz qeydlərini
bildirmək;
43.1.8.
yekun çıxışı etmək.
43.2.
Bu qanunun 43.1-ci maddəsində göstərilənlərdən başqa, tərəflərin həmçinin
aşağıdakı hüquqları vardır:
43.2.1.
Konstitusiya işinin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək,
onların surətini çıxarmaq;
43.2.2.
sübutların tədqiqində iştirak etmək;
43.2.3.
bir-birinə, şahidlərə və ekspertlərə suallar vermək;
43.2.4.
başqa tərəfin vəsatətlərinə, sübutlarına və çıxışlarında söylədikləri fikirlərə
etiraz etmək.
43.3.
Tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsinə hörmət etməli,
konstitusiya icraatının tələblərinə riayət etməlidirlər. Tərəflər və maraqlı
subyektlər Konstitusiya Məhkəməsinə çağırıldıqları vaxtda gəlməli, Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydaya hörmətlə yanaşmalı,
Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin göstərişlərini dərhal yerinə
yetirməlidirlər.
Maddə
44. Şahid
44.1.
Konstitusiya Məhkəməsinin iclasında baxılan konstitusiya işi üzrə hər hansı
halı bilən şəxs «şahid» adlanır. Sorğuverənin, ərizəçinin, cavabverənin və ya
maraqlı subyektin xahişi ilə və ya Konstitusiya Məhkəməsinin qərarı ilə şahid
ifadə vermək üçün Konstitusiya Məhkəməsinin iclasına çağırıla bilər.
44.2.
Şahid konstitusiya işi üzrə müəyyən edilməli olan ona məlum hallar haqqında
ifadə verməlidir.
44.3.
Şahid Konstitusiya Məhkəməsinə hörmət etməli, konstitusiya icraatının tələblərinə
riayət etməlidir. Şahid Konstitusiya Məhkəməsində qəbul edilmiş qaydaya hörmətlə
yanaşmalı, Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin göstərişlərini dərhal
yerinə yetirməlidir.
44.4.
Şahid bilə-bilə yalan ifadə verməyə və ya ifadə verməkdən boyun qaçırmağa görə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb
oluna bilər.
Maddə
45. Ekspert
45.1.
Konstitusiya Məhkəməsi öz təşəbbüsü ilə və ya tərəflərin, yaxud maraqlı
subyektlərin xahişi ilə Konstitusiya Məhkəməsinin iclasında baxılan məsələ üzrə
elmi və ya başqa xüsusi biliyə malik olan şəxsi ekspert kimi dəvət edə bilər.
Ekspert iş üzrə yazılı rəy təqdim edir.
45.2.
Ekspert ona verilən suallara obyektiv və əsaslandırılmış cavab verməlidir.
Ekspert suallara cavab vermək üçün Konstitusiya işinin materialları ilə tanış
olmaq və zəruri əlavə materiallarla tanış edilmək haqqında vəsatətlə
Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Ekspert onda olan materialları
verilmiş suallara cavab vermək üçün yetərli saymadıqda, yaxud verilmiş suallara
cavab vermək üçün zəruri biliyə malik olmadıqda bu barədə Konstitusiya Məhkəməsinə
xəbər verməlidir. Ekspert Konstitusiya Məhkəməsinin iclasında sədrlik edənin
icazəsi ilə ona verilmiş suallara cavab vermək üçün tərəflərə, maraqlı subyektlərə
və şahidlərə sual verə bilər.
45.3.
Ekspert Konstitusiya Məhkəməsinə hörmət etməli, Konstitusiya icraatının tələblərinə
riayət etməlidir. Ekspert Konstitusiya Məhkəməsinə çağırıldığı vaxtda gəlməli,
Konstitusiya Məhkəməsində qəbul edilmiş qaydaya hörmətlə yanaşmalı,
Konstitusiya Məhkəməsinin iclasına sədrlik edənin göstərişlərini dərhal yerinə
yetirməlidir.
45.4.
Ekspert bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb oluna bilər.
Maddə
46. Hakimə etiraz və özü-özünə etiraz
46.1.
Aşağıdakı hallarda Konstitusiya Məhkəməsinin hakimi işə baxılmasında iştirak edə
bilməz və ya ona etiraz edilə bilər:
46.1.1.
o, əvvələr öz qulluq vəzifələrinə görə məsələ üzrə qərar qəbul edilməsində
iştirak etdikdə;
46.1.2.
o, tərəflərdən biri və ya tərəflərin birinin və ya onun nümayəndəsinin yaxın
qohumu olduqda.
46.2.
Etiraz əsaslandırılmalıdır.
46.3.
Bu qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla Konstitusiya Məhkəməsinin
hakiminə etiraz edilərsə, yaxud hakim özü-özünə etiraz edərsə, məhkəmə barəsində
etiraz edilən hakimin və digər tərəfin fikirlərini öyrənir, bu məsələni müzakirə
edərək etiraz edilmiş və ya özü-özünə etiraz etmiş hakimin iştirakı olmadan qərar
qəbul edir.
Maddə
47. Məhkəmə iclasının təxirə salınması
47.1.
Məhkəmə iclası aşağıdakı hallarda təxirə salına bilər:
47.1.1.
məsələnin əlavə öyrənilməsinə ehtiyac olduqda;
47.1.2.
yeni sübutları tədqiq etmək zərurəti yarandıqda;
47.1.3.
yetərsay olmadıqda;;
47.1.4.
baxılan məsələnin tam araşdırılmasına maneə törədən başqa hallar olduqda.
47.2.
Bu qanunun 47.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi
iclasının keçiriləcəyi yeni tarixi təyin edir. Baxılması təxirə salınan iş üzrə
iclas əvvəldən və ya onun təxirə salındığı andan başlayır.
Maddə 48. İşə baxılmasının
təzələnməsi
48.1.
Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra Konstitusiya Məhkəməsi
iş üzrə xüsusi əhəmiyyət kəsb edən əlavə halların aşkar edilməsinin və ya yeni
sübutların tədqiq edilməsinin zəruri olduğunu müəyyən edərsə, işə baxılmasının
təzələnməsi haqqında qərardad çıxarır.
48.2.
Əlavə tədqiqatların yekunlaşmasından sonra tərəflər və ya maraqlı subyektlər
yalnız yeni baxılmış hallar və sübutlarla əlaqədar təkrar yekun çıxışları etmək
hüququna malikdirlər.
Maddə
49. İş üzrə icraata xitam verilməsi
Məhkəmə
iclasının gedişində sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən
imtina olunması əsasları aşkar edildikdə, habelə sorğu, müraciət və ya şikayət
geri götürüldükdə Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə icraata xitam
verir.
Maddə
50. Konstitusiya Məhkəməsində məhkəmə xərcləri
50.1.
Konstitusiya Məhkəməsində icraat ödənişsizdir.
50.2.
Konstitusiya Məhkəməsində iş üzrə icraata çəkilən xərclər dövlət büdcəsindən ödənilir.
Maddə
51. Məhkəmə iclasının protokolu
51.1.
Məhkəmə iclasının katibi Konstitusiya Məhkəməsi iclasının protokolunu aparır.
Konstitusiya Məhkəməsi iclasının protokolu konstitusiya işinin materiallarına
daxil edilir.
51.2.
Konstitusiya Məhkəməsi iclasının protokoluna dair qeydlər verildikdə
Konstitusiya Məhkəməsi on gün ərzində həmin qeydlərə baxmalı və onların
protokola daxil edilməsi, yaxud rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul
etməlidir.
Yeddinci
fəsil. Müxtəlif növ konstitusiya işləri üzrə konstitusiya icraatının xüsusiyyətləri
Maddə
52. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar
sorğu və ya şikayətə baxılmasının xüsusiyyətləri
52.1.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin
1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar
Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30
gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və
ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina
edilməsi haqqında qərardad qəbul olunur.
52.2.
Sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən
imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək
sorğuverənə (ərizəçiyə) göndərilir.
52.3.
Sorğu və ya şikayətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə
baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün
keçənədək başlanmalıdır.
52.4.
Konstitusiya Məhkəməsinin Plenumu ağır və bərpaedilməz zərər vurulmasının
qarşısının alınması məqsədi ilə işin mahiyyəti üzrə qərar qəbul edilənədək
mübahisə olunan normativ hüquqi aktın və ya bələdiyyə aktının icrasının
dayandırılmasına dair qərar qəbul edə bilər və tərəflərə mübahisənin məhkəməyədək
nizamlanmasını təklif edə bilər.
Maddə
53. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər
bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğuya baxılmasının xüsusiyyətləri
53.1.
Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü
ilə bağlı mübahisələrlə əlaqədar sorğu haqqında məsələ, bir qayda olaraq, 15
gün müddətində Konstitusiya Məhkəməsinin palatalarının iclasına çıxarılır,
sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi
haqqında qərardad qəbul olunur.
53.2.
Sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi
haqqında qərardad qəbul olunduğu gün sorğuverən orqana və ya vəzifəli şəxsə
göndərilir.
53.3.
Sorğuya Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir
qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 30 gün keçənədək
başlanmalıdır.
Maddə
53-1. Müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının
səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri
53-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I
hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində
hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası
Milli Məclisinin çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək
uzadılması haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.
53-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar
qəbul etməkdən imtina edə bilməz.
53-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə
Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə
daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
53-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların
aparılmasının Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsinin
mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və
ya Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin
uzadılmaması barədə əsaslandırılmış qərar qəbul edir.
53-1.5. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar
Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul
edilir.
53-1.6. Bu Qanunun 53-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan
Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına göndərilir.
Maddə
54. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin
yoxlanılması və təsdiqi haqqında məsələyə baxılmasının xüsusiyyətləri
54.1.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə görə Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin
düzgünlüyünü yoxlayır və təsdiq edir. Azərbaycan Respublikası Milli Məclisi
deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq edilməsi
qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir.
54.2.
Azərbaycan Respublikasının Milli Məclisinə ümumi seçkilərin nəticələrinin
düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası
Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək
başlanmalıdır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə
bu müddəti artıra bilər.
54.3.
Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinin
düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası
Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 7 gün keçənədək
başlanmalıdır.
54.4.
Konstitusiya Məhkəməsi apellyasiya instansiyası məhkəmələrindən və Azərbaycan
Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə
baxılmış ərizələr haqqında məlumat tələb edir.
54.5.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin
düzgünlüyünü yoxlamaq üçün keçirilən Konstitusiya Məhkəməsi Plenumunun
iclasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi tərəfindən
dəvət edilmiş digər şəxslər iştirak edirlər.
54.6.
Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin bütövlükdə təsdiq
edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin 5 səs
çoxluğu ilə qərar qəbul edə bilər.
Maddə
55. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının
keçirilməsi vaxtının təyin edilməsi haqqında məsələyə baxılmasının xüsusiyyətləri
55.1.
Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinə görə Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək 83 deputatın səlahiyyətləri
təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclasının keçirilməsi vaxtını təyin edir.
55.2.
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Milli Məclisinin
83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda
yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi
vaxtını da müəyyən etməlidir.
55.3.
Bu məsələ haqqında Konstitusiya Məhkəməsinin Plenumunun qərarı hakimlərin azı 5
səs çoxluğu ilə qəbul edilir.
Maddə
55-1. Müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin
uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətləri
55-1.1. Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin V
hissəsinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müharibə şəraitində
hərbi əməliyyatların aparılması zamanı Azərbaycan Respublikası Prezidenti
seçkilərinin keçirilməsini qeyri-mümkün hesab etdikdə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması
haqqında təkliflə Konstitusiya Məhkəməsinə müraciət edir.
55-1.2. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyət
müddətinin hərbi əməliyyatların sonunadək uzadılması haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə dair qərar qəbul etməkdən
imtina edə bilməz.
55-1.3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təklifinə
Konstitusiya Məhkəməsinin Plenumunda baxılması bu təklifin Konstitusiya Məhkəməsinə
daxil olduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
55-1.4. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının təklifinə əsasən müharibə şəraitində hərbi əməliyyatların
aparılmasının Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinin
mümkünlüyünə təsirini araşdıraraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət
müddətinin hərbi əməliyyatların sonunadək uzadılması və ya Azərbaycan
Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılmaması barədə əsaslandırılmış
qərar qəbul edir.
55-1.5. Bu Qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar
Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 6 səs çoxluğu ilə qəbul
edilir.
55-1.6. Bu Qanunun 55-1.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına göndərilir.
Maddə
56. Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin rəsmən elan
edilməsinə dair icraatın xüsusiyyətləri
56.1.
Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunları haqqında məsələyə
Konstitusiya Məhkəməsinin Plenumunda baxılır.
56.2.
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası prezidenti seçkilərinin
yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən
təqdim olunmuş sənədləri öyrənir, apellyasiya instansiyası məhkəmələrindən
və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsinə
dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.
56.3.
Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin yekunlarına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sənədlərinin Azərbaycan Respublikası
Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu müəyyən etdikdə seçkilərin nəticələrinin
təsdiq edilməsi barədə qərar qəbul edir.
56.4.
Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hallar müəyyən
edildikdə Konstitusiya Məhkəməsinin Plenumu seçkilərin nəticələrinin etibarsız
hesab edilməsi barədə qərar qəbul edir.
56.5.
Bu qanunun 56.3-cü və 56.4-cü maddələrində nəzərdə tutulmuş qərarlar
Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlərin 5 səs çoxluğu ilə qəbul
edilir.
56.6.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidenti seçkilərinin
yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan
edir.
Maddə
57. Azərbaycan Respublikası prezidentinin istefa ərizəsinə baxılmasının
xüsusiyyətləri
57.1.
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II hissəsində nəzərdə
tutulmuş halda Azərbaycan Respublikasının prezidenti Konstitusiya Məhkəməsinə ərizə
verir.
57.2.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin yazılı və
imzalanmış istefa ərizəsinə baxmaqdan imtina edə bilməz.
57.3.
Azərbaycan Respublikası prezidentinin istefa ərizəsinə Konstitusiya Məhkəməsinin
Plenumunda mahiyyəti üzrə baxılması ərizənin daxil olduğu gündən ən geci 3 gün
keçənədək başlanmalıdır.
57.4.
İstefa ərizəsini Azərbaycan Respublikası prezidentinin özünün verdiyinə əmin olduğu
təqdirdə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası
prezidentinin istefasının qəbul olunması haqqında qərar çıxarır.
57.5.
İstefa ərizəsini Azərbaycan Respublikası prezidentinin özünün verdiyinə əmin
olmadığı təqdirdə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası
prezidentinin istefasının qəbul olunmaması haqqında qərar çıxarır.
57.6.
Konstitusiya Məhkəməsinin Plenumu bu qanunun 57.4-cü və 57.5-ci maddələrində nəzərdə
tutulmuş qərarları hakimlərin 5 səs çoxluğu ilə qəbul edir.
57.7.
Bu qanunun 57.4-cü maddəsində nəzərdə tutulmuş qərar dərhal Azərbaycan
Respublikasının baş nazirinə göndərilir. Bu qanunun 57.5-ci maddəsində nəzərdə
tutulmuş qərar dərhal Azərbaycan Respublikasının prezidentinə göndərilir.
Maddə
58. Azərbaycan Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini
icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün
Azərbaycan Respublikası Milli Məclisinin müraciətinə baxılmasının xüsusiyyətləri
58.1.
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində nəzərdə
tutulmuş halda Azərbaycan Respublikası Milli Məclisinin müraciəti Konstitusiya
Məhkəməsinə daxil olduğu gündən ən geci 3 gün keçənədək Konstitusiya Məhkəməsi
Plenumunun iclasına çıxarılır, hakimlərin azı 5 səs çoxluğu ilə müraciətin
icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi
haqqında qərardad qəbul olunur və həmin gün Azərbaycan Respublikasının
prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
58.2.
Müraciətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması onun
icraata qəbul edildiyi gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
58.3.
Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra
etmək qabiliyyətini tamamilə itirdiyi ilə əlaqədar vəzifəsindən kənarlaşdırılması
barədə Konstitusiya Məhkəməsinin qərarı Konstitusiya Məhkəməsi hakimlərinin 6 səs
çoxluğu ilə qəbul edilir.
58.4.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin səhhətinə görə öz
səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi faktını təsdiq etmədikdə,
məsələ bununla bitmiş sayılır və bu barədə dərhal Azərbaycan Respublikasının
prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə yazılı məlumat göndərilir.
Maddə
59. Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması haqqında
məsələyə baxılmasının xüsusiyyətləri
59.1.
Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinin I hissəsinə görə,
Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə
çıxış edə bilər.
59.2.
Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması məsələsinə
baxılmasını Konstitusiya Məhkəməsinin azı 3 hakimi təklif edə bilər. Həmin təklif
yazılı şəkildə Konstitusiya Məhkəməsinin sədrinə verilməlidir. Təklif daxil
olduğu gündən üç gün müddətində Konstitusiya Məhkəməsi Plenumunun iclası
çağırılmalı və bu məsələyə baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu təklifi
əsaslı saymazsa, bu barədə 5 hakimin səs çoxluğu ilə qərar qəbul edir.
59.3.
Konstitusiya Məhkəməsinin Plenumu təklifi əsaslı saydığı halda Azərbaycan
Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin
olub-olmaması barədə rəy almaqdan ötrü məsələni Azərbaycan Respublikasının Ali
Məhkəməsinə göndərir. Bu barədə qərar Konstitusiya Məhkəməsi hakimlərinin 6 səs
çoxluğu ilə qəbul edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi məsələyə
daxil olduğu gündən 30 gün müddətində baxmalı və Konstitusiya Məhkəməsinə
yazılı rəy göndərməlidir.
59.4.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin hərəkətlərində
ağır cinayətin əlamətlərinin olması qənaətinə gəlmədikdə məsələ bununla bitmiş
sayılır.
59.5.
Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin
Plenumu Azərbaycan Respublikası prezidentinin hərəkətlərində ağır cinayətin əlamətlərinin
olması ilə əlaqədar vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış etmək
haqqında 7 hakimin səs çoxluğu ilə qərar qəbul edə bilər. Bu cür qərar qəbul
edildikdə dərhal Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
59.6.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 107-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada Azərbaycan
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul
etdikdə, həmin qərar və onun əsasında qəbul edilmiş müraciət dərhal Konstitusiya
Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan
Respublikası Milli Məclisinin qərarını və müraciətini aldığı gündən 7 gün ərzində
həmin qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan
Respublikasının müvafiq qanunlarının tələblərinə riayət olunmasını yoxlayır.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin qərarına tərəfdar
çıxması haqqında qərarını 7 hakimin səs çoxluğu ilə qəbul edir. Azərbaycan
Respublikası Konstitusiyasının 107-ci maddəsinin II hissəsinə görə Azərbaycan
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında Azərbaycan
Respublikası Milli Məclisinin qərarını Konstitusiya Məhkəməsinin sədri
imzalayır.
59.7. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan
Respublikası Milli Məclisinin qərarına tərəfdar çıxması haqqında qərar qəbul
etməzsə, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması
haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvəyə minmir.
Maddə 60. Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə sorğuya və müraciətə
baxılmasının xüsusiyyətləri
60.1. Azərbaycan Respublikası Konstitusiyasının və
qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və
ya müraciət haqqında məsələ, bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi
palatasının iclasına çıxarılır, sorğunun və ya müraciətin icraata qəbul edilməsi,
yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul
olunur.
60.2. Sorğunun və ya müraciətin icraata qəbul
edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul
olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverən orqana və ya vəzifəli şəxsə
göndərilir.
60.3. Sorğuya və ya müraciətə Konstitusiya Məhkəməsinin
Plenumunda mahiyyəti üzrə baxılması, birqayda olaraq, onun icraata qəbul
edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.
Maddə 61. Azərbaycan Respublikası Milli
Məclisinin və ya Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair
Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar məsələyə
baxılmasının xüsusiyyətləri
61.1. Azərbaycan Respublikası Konstitusiyasının
153-cü maddəsinə görə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər
edilməsi haqqında təklif verərlərsə, bu barədə Konstitusiya Məhkəməsinin rəyi
alınmalıdır.
61.2. Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə
dair rəy verməkdən imtina edə bilməz.
61.3. Azərbaycan Respublikası Milli Məclisinin və
Azərbaycan Respublikası Prezidentinin təkliflərinə mahiyyəti üzrə Konstitusiya
Məhkəməsinin Plenumunda baxılması onların dərc olunduğu gündən ən geci 7 gün
keçənədək başlanmalıdır.
61.4. Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin
Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə
uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir.
61.5. Azərbaycan Respublikası Konstitusiyasının mətninə
dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi
rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.
Səkkizinci fəsil. Konstitusiya Məhkəməsinin
aktları
Maddə 62. Konstitusiya Məhkəməsinin
aktları
62.1. Konstitusiya Məhkəməsi palatalarının
iclaslarında qərardadlar, plenumunun iclaslarında isə qərar və qərardadlar qəbul
edilir.
62.2. Konstitusiya Məhkəməsinin aktları hakimlərin
müşavirə otağında qəbul edilir.
Maddə 63. Konstitusiya Məhkəməsi
Plenumunun qərarı
63.1. Konstitusiya Məhkəməsi Plenumunun qərarı
konstitusiya işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya Məhkəməsinin
gəldiyi qənaəti əks etdirən və Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında qəbul
edilən yazılı sənəddir.
63.2. Konstitusiya Məhkəməsi Plenumunun qərarı, Azərbaycan
Respublikasının Konstitusiyası və bu qanunla başqa qayda nəzərdə tutulmayıbsa,
5 hakimin səs çoxluğu ilə qəbul edilir.
63.3. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılır.
63.4. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
63.5. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
qəbul edilən qərarları plenumun iclasına sədrlik edən imzalayır və bir qayda
olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsinin iclasında elan edir.
Maddə 64. Konstitusiya Məhkəməsi
hakiminin xüsusi rəyi
64.1. Konstitusiya Məhkəməsinin hakimi
Konstitusiya Məhkəməsi qərarının təsviri əsaslandırıcı və ya nəticə hissəsi ilə
razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib edə bilər.
64.2. Hakimin xüsusi rəyi Konstitusiya Məhkəməsinin
qərarı ilə birlikdə dərc edilir.
Maddə 65. Konstitusiya Məhkəməsi
Plenumunun qərarının məzmunu
65.1. Konstitusiya Məhkəməsi Plenumunun qərarı
giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir.
65.2. Konstitusiya Məhkəməsi qərarının giriş hissəsində
aşağıdakılar göstərilir:
65.2.1. qərarın adı;
65.2.2. qərarın çıxarılması tarixi və yeri;
65.2.3. Konstitusiya Məhkəməsi hakimlərinin tərkibi,
məhkəmə iclasının katibi, tərəflər, maraqlı subyektlər və işdə iştirak edən digər
şəxslər;
65.2.4. konstitusiya icraatının üsulu və bu
icraatın başlanması üçün səbəblər.
65.3. Konstitusiya Məhkəməsi Plenumunun qərarının
təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:
65.3.1. sorğu, müraciət və ya şikayətin qısa məzmunu
və Konstitusiya Məhkəməsinə ünvanlanmış xahiş;
65.3.2. konstitusiya işində olan sənədlər
haqqında məlumat;
65.3.3. konstitusiya işinə baxılması zamanı müəyyən
edilmiş hallar;
65.3.4. qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan
Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının
maddələri;
65.3.5. konstitusiya işinə dair Konstitusiya Məhkəməsinin
qənaətini əsaslandıran mülahizələr;
65.4. Konstitusiya Məhkəməsi qərarın nəticə hissəsində
aşağıdakalır göstərilir:
65.4.1. Konstitusiya işinə dair Konstitusiya Məhkəməsinin
qənaəti;
65.4.2. qərarın dərc edilməsi və qüvvəyə minməsi vaxtı.
Maddə 66. Konstitusiya Məhkəməsi qərarlarının
hüquqi qüvvəsi
66.1. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan
Respublikasının ərazisində məcburi qüvvəyə malikdir.
66.2. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə
mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını
icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
66.3. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların
ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri
Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan
Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
66.4. Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və
müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
66.5. Konstitusiya Məhkəməsinin qərarının qəbul
edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının
norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi
tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.
Maddə 67. Konstitusiya Məhkəməsi qərarlarının
qüvvəyə minməsi vaxtı
67.0. Konstitusiya Məhkəməsinin qərarları aşağıda
göstərilən vaxtlardan qüvvəyə minir:
67.0.1. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə
tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar — qərarın özündə göstərilən
vaxtdan;
67.0.2. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
arasında səlahiyyətlər bölgüsü, Azərbaycan Respublikası Konstitusiyasının və
qanunlarının şərh edilməsi barədə qərarlar — dərc olunduğu gündən;
67.0.3. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
aid başqa məsələlər barədə qərarlar — elan olunduğu andan.
Maddə 68. Konstitusiya Məhkəməsinin qərardadları
68.1. Konstitusiya Məhkəməsinin palataları
sorğunun, müraciətin və ya şikayətin baxılmaq üçün qəbul edilməsi barədə,
Konstitusiya Məhkəməsinin Plenumu isə Plenumun iclaslarında yaranan məsələlərin
həlli üçün və bu qanunla nəzərdə tutulmuş başqa hallarda qərardadlar qəbul
edirlər.
68.2. Konstitusiya Məhkəməsi Plenumunun qərardadları
azı 5 hakimin səs çoxluğu ilə, palatalarının qərardadları isə hakimlərin səs
çoxluğu ilə qəbul edilir.
68.3. Konstitusiya işinə baxılarkən qəbul edilmiş
qərardadlar Konstitusiya Məhkəməsi iclasının protokolunda əks olunur.
68.4. Konstitusiya Məhkəməsi palatalarının və
plenumunun qərardadları müvafiq olaraq sədrlik edən tərəfindən imzalanır və bir
qayda olaraq, 5 gün müddətində Konstitusiya Məhkəməsinin iclaslarında elan edilir.
Maddə 69. Konstitusiya Məhkəməsinin
aktlarının dərc edilməsi
69.1. Konstitusiya Məhkəməsi Plenumunun qərarları
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.
69.2. Konstitusiya Məhkəməsi Plenumunun qərarları
və Konstitusiya Məhkəməsi tərəfindən dərc edilməsi zəruri sayılan qərardadları,
Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı başqa materiallar «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunur.
Doqquzuncu fəsil. Konstitusiya Məhkəməsinin
fəaliyyətinin təşkili və təminatları
Maddə 70. Konstitusiya Məhkəməsinin fəaliyyətinin
maliyyələşdirilməsi
70.1. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir. Konstitusiya Məhkəməsinin
fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin
məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola
bilməz.
70.2. Konstitusiya Məhkəməsinin saxlanılması üçün
ayrılan illik vəsait məhkəmənin normal fəaliyyət göstərməsinə yönələn zəruri xərcləri
özündə birləşdirir.
70.3. Konstitusiya Məhkəməsinin hər növbəti il
üçün saxlanılması xərclərinin həcminə dair təkliflər Azərbaycan Respublikası
dövlət büdcəsinin layihəsinə daxil edilmək üçün Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına göndərilir.
Maddə 71. Konstitusiya Məhkəməsi
hakiminin əmək haqqı
71.1. Konstitusiya Məhkəməsi hakiminin əmək
haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və
Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı
xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50 faizi məbləğində
vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir.
71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə
maaşı 3550 manatdır.
71.3. Konstitusiya Məhkəməsi sədrinin
müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir.
71.4. Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə
maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.
Maddə 72. Konstitusiya Məhkəməsi
hakiminin əmək məzuniyyəti
72.1. Konstitusiya Məhkəməsinin hakiminə hər il
40 təqvim günü müddətində əmək məzuniyyəti verilir.
72.2. Konstitusiya Məhkəməsi hakiminə əmək məzuniyyətinə
çıxdığı vaxt dövlət büdcəsi hesabına birdəfəlik ödəmə qismində iki aylıq əmək
haqqı məbləğində müavinət verilir.
72.3. Konstitusiya Məhkəməsinin hakiminə əmək məzuniyyətini
Konstitusiya Məhkəməsinin sədri verir.
Maddə 73. Konstitusiya Məhkəməsi
hakiminin başqa təminatları
73.1. Konstitusiya Məhkəməsinin hakimi hərbi
çağırışdan və hərbi toplanışdan azad olunur.
73.2. Konstitusiya Məhkəməsi hakiminin həyatı və
sağlamlığı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına onun 5 illik əmək
haqqı məbləğində sığorta edilir.
73.3. Konstitusiya Məhkəməsinin hakiminə və ya
onun ailə üzvlərinə məxsus əmlakın hakimlik fəaliyyəti ilə əlaqədar məhv olması
və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimə və ya onun ailə üzvlərinə
tam həcmdə ödənilir. Bu ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan
Respublikasının dövlət büdcəsindən ödənilir.
73.4. Zəruri hallarda Konstitusiya Məhkəməsi
hakimlərinin təhlükəsizliyi digər hakimlər üçün qanunvericilikdə nəzərdə
tutulan qaydada təmin edilir.
73.5. Bakı şəhərində mənzili olmayan Konstitusiya
Məhkəməsinin hakiminə mənzil verilir.
73.6. Konstitusiya Məhkəməsi hakimlərinin
müalicəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən
qaydada onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət
verilir.
73.7. Konstitusiya Məhkəməsinin hakiminin,
sabiq hakiminin və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
73.8. Pensiya yaşına çatmamış istefada olan
Konstitusiya Məhkəməsinin hakimi pensiya yaşına çatana qədər fəaliyyətdə olan
Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı məbləğində dövlət büdcəsinin
vəsaiti hesabına aylıq pul təminatı alır.
73.9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin
digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanun 71-ci, 72-ci, 73.5-ci,
73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna
olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından
seçilmiş hakimə də şamil edilir.
73.10. Konstitusiya Məhkəməsinin hakiminə bir
aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
Maddə 74. Konstitusiya Məhkəməsinin
aparatı
74.1. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi,
təşkilati, informasiya təminatını Konstitusiya Məhkəməsinin aparatı həyata
keçirir.
74.2. Konstitusiya Məhkəməsinin aparatı
Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı
haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
74.3. Konstitusiya Məhkəməsi aparatının
strukturunu, habelə dövlət büdcəsində Konstitusiya Məhkəməsinin saxlanılması
üçün nəzərdə tutulmuş xərclər çərçivəsində aparatın ştat cədvəlini, xərclərinin
smetasını və işçilərinin əmək haqqını Konstitusiya Məhkəməsinin sədri müəyyən
edir.
Maddə 75. Konstitusiya Məhkəməsi
aparatının vəzifələri
75.0. Konstitusiya Məhkəməsinin aparatı:
75.0.1. Konstitusiya Məhkəməsinin və onun hakimlərinin
işini təmin edir;
75.0.2. Konstitusiya Məhkəməsinin işi üçün zəruri
olan arayışları və başqa informasiya məlumatlarını hazırlayır;
75.0.3. Konstitusiya Məhkəməsini məhkəmə iclas
katibləri ilə təmin edir;
75.0.4. Konstitusiya Məhkəməsinin kargüzarlığını
aparır;
75.0.5. vətəndaşların qəbulunu təşkil edir;
75.0.6. müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə
daxil olmuş şikayətləri ilkin öyrənir;
75.0.7. Konstitusiya Məhkəməsi sənədlərinin
qeydiyyatını və saxlanılmasını təmin edir;
75.0.8. Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə əlaqədar
Konstitusiya Məhkəməsi sədrinin, sədr müavininin və hakimlərin ayrı-ayrı
tapşırıqlarını yerinə yetirir;
75.0.9. Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə əlaqədar
başqa vəzifələri həyata keçirir.
Maddə 76. Konstitusiya Məhkəməsinin işlər
idarəsi
76.1. Konstitusiya Məhkəməsinin fəaliyyətinin
maddi-texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin işlər
idarəsi həyata keçirir.
76.2. Konstitusiya Məhkəməsinin işlər idarəsi
Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin işlər idarəsi
haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
Maddə 77. Konstitusiya Məhkəməsi
aparatı və işlər idarəsi işçilərinin hüquq və vəzifələri
77.1. Konstitusiya Məhkəməsi aparatının və işlər
idarəsinin işçilərini Konstitusiya Məhkəməsinin sədri işə götürür və işdən azad
edir.
77.2. Konstitusiya Məhkəməsi aparatının və işlər
idarəsinin işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan
Respublikasının dövlət qulluğu haqqında qanunvericiliyi və müvafiq olaraq
Konstitusiya Məhkəməsinin aparatı haqqında və Konstitusiya Məhkəməsinin işlər
idarəsi haqqında əsasnamələrlə müəyyən edilir.
Maddə 78. Qanunun qüvvəyə minməsi
Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.
Maddə 79. Yekun müddəaları
79.1. Bu qanunun 14-cü maddəsi bu qanun qüvvəyə
mindikdən sonra təyin edilən Konstitusiya Məhkəməsinin hakimlərinə şamil
edilir. Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi
hakimlərinin səlahiyyət müddəti bundan əvvəl qüvvədə olmuş 1997-ci il 21
oktyabr tarixli «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq 10 ildir. Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin
edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin
icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə
yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab
olunur.
79.2. Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin
edilmiş Konstitusiya Məhkəməsinin hakimləri bu qanunun müddəalarına uyğun
olaraq Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə yenidən təyin edilə bilərlər.
79.3. Bu qanunun qüvvəyə mindiyi gündən «Konstitusiya
Məhkəməsi haqqında» 1997-ci il 21 oktyabr tarixli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1,
maddə 19; 2001-ci il, № 5, maddə 292; 2002-ci il, № 1, maddə 4; № 8, maddə 463;
№ 12, maddə 701) qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 23 dekabr 2003-cü il
№ 561-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (8
yanvar 2004-cü il, № 5).
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 yanvar 2004-cü il, № 1, maddə 9) .
11 iyun 2004-cü il tarixli, 688-IIQD nömrəli; 1 sentyabr 2004-cü il tarixli, 725-IIQD nömrəli; 10 aprel 2007-ci il tarixli, 305-IIIQD nömrəli; 8 may 2007-ci il tarixli, 330-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 636-IIIQD nömrəli; 4 iyul 2008-ci il tarixli, 664-IIIQD nömrəli; 18 iyun 2010-cu il tarixli, 1033-IIIQD nömrəli; 18 mart 2011-ci il tarixli, 93-IVQD nömrəli; 30 sentyabr 2011-ci il tarixli, 202-IVQD nömrəli; 22 may 2012-ci il tarixli, 360-IVQD nömrəli; 27 dekabr 2013-cü il tarixli, 855-IVQD nömrəli; 3 aprel 2015-ci il tarixli, 1244-IVQD nömrəli; 13 fevral 2018-ci il tarixli, 986-VQD nömrəli; 6 mart 2018-ci il tarixli, 1027-VQD nömrəli; 4 may 2018-ci il tarixli, 1122-VQD nömrəli; 29 mart 2019-cu il tarixli, 1544-VQD nömrəli; 29 iyun 2022-ci il tarixli, 567-VIQD nömrəli (2022-ci il sentyabrın 1-dən qüvvəyə minir), 14 iyul 2023-cü il tarixli, 981-VIQD nömrəli; 22 oktyabr 2024-cü il tarixli, 53-VIIQD nömrəli Qanunlara əsasən dəyişiklik və əlavələrlə.