Qərarlar

27.08.04 AR İXM-nin 398.1.1-ci mad.«şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə» müd-n AR Konstitusiyasına uyğunluğunun yoxlanılması

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir

edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin II hissəsinə və 80-ci

maddəsinə uyğunluğunun yoxlanılmasına dair

27 avqust 2004-cü il                                                                                                           Bakı şəhəri

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov və Ə. Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

 konstitusiya məhkəmə icraatında tərəflərin nümayəndələri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri R.Rəhimovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı S.Məmmədovun iştiraki ilə,

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinə, 71-ci maddəsinin II hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 28 iyun 2004-cü il tarixli, 1/3485-04 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim B.Qəribovun məruzəsini, konstitusiya məhkəmə icraatında tərəflərin nümayəndələri R. Rəhimov və S.Məmmədovun çıxışlarını dinləyib, konstitusiya işinin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) sorğuda qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, inzibati xəta haqqında protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədilə səlahiyyətli vəzifəli şəxs inzibati xətalar haqqında işlərin icraatını təmin etmək tədbirlərini tətbiq edə bilər. Həmin maddədə sadalanmış tədbirlərdən biri də inzibati qaydada tutma tədbirdir. Bu Məcəllənin 398.1-ci maddəsinə görə inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər.

 Məcəllənin 398.1.1-ci maddəsində inzibati qaydada tutmanın tətbiq edilməsinə əsas verən hərəkətlər sırasında şəxsin insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəlməsi də nəzərdə tutulur.

 İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən hər hansı bir şəxsin insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəlməsi onun inzibati qaydada tutulmasına və bununla da müvəqqəti olaraq azadlığının məhdudlaşdırılmasına səbəb olur. Lakin bu Məcəllədə şəxsin insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəlməsinə görə heç bir məsuliyyət nəzərdə tutulmur. Belə halda isə azadlıq hüququnun müvəqqəti məhdudlaşdırılmasının heç bir əsası yoxdur və inzibati qaydada tutmanın tətbiqi İnzibati Xətalar Məcəlləsininin 398.1-ci maddəsində müəyyən edilmiş məqsədlərə ziddir.

 Göstərilənlərə əsasən sorğuverən İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyati təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci, 71-ci maddəsinin II hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanmasını xahiş edir.

 Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

    Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir.

   Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

    İnzibati Xətalar Məcəlləsində də (daha sonra İXM) inzibati xətalar kimi müəyyənləşdirilmiş əməllərin törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur.

   İXM-nin 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

   Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

   Göründüyü kimi fərdin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir.

   Digər tərəfdən həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

   İXM-nin müddəalarının təhlilindən aydın olur ki, inzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddi-hüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir.

   İXM-nin 398.1-ci maddəsinə əsasən inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər.

   Həmin Məcəllənin 398.1.1-ci maddəsində isə qeyd edilir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmadıqda, şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə, ov, balıq ovu və balıq ehtiyyatlarını mühafizə qaydaları pozulduqda inzibati qaydada tutmanı həyata keçirirlər.

   İnzibati qaydada tutma inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, inzibati xəta haqqında protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədilə müəyyən olunmuş tədbirlər sırasındadır (İXM-nin 396-cı maddəsi).

    İXM-nin xüsusi hissəsində şəxsin insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəlməsini inzibati məsuliyyətə səbəb olan əməl (xəta) kimi müəyyənləşdirən maddi hüquq norması mövcud deyildir.

   Belə hal isə faktiki olaraq hüquq pozuntusu törətməyən şəxs barəsində inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi nəzərdə tutulmayan hərəkətə görə azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan inzibati xəta haqqında işin icraatının təmin edilməsi tədbirinin tətbiqinə gətirib çıxarır.

   Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər (Konstitusiyanın 28-ci maddəsinin I, II hissələri). Konstitusiyanın 71-ci maddəsinin II hissəsində isə təsbit olunmuşdur ki, insan və vətandaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

   Göründüyü kimi şəxsin insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəlməsinin inzibati məsuliyyətə səbəb olmasına dair İXM-nin xüsusi hissəsində maddi hüquq normasının nəzərdə tutulmamasına baxmayaraq onun xəta kimi bu Məcəllənin 398.1.1-ci maddəsində inzibati qaydada tutmanın (tutulmanın) tətbiq edilməsi müəyyənləşdirilən digər inzibati xətalar sırasında olması bir tərəfdən Konstitusiyanın 28-ci maddəsinin I, II hissələrilə və 71-ci maddəsinin II hissəsilə uyğunluq təşkil etmir, digər tərəfdən isə İXM-nin maddi və prosessual normalarının sistem vəhdətini pozmaqla prosessual hüquq normasının maddi hüquq normasını inkar etməsinə səbəb olur. Həmin hal İXM-nin məqsədləri baxımından hər hansı bir hüquqi nəticənin əldə edilməsinə nail olunmamasına gətirib çıxarmaqla yanaşı, göstərilən prosessual qaydanı əsassız bir hüquqi alətə çevirir ki, bu da normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına və qanunların Konstitusiyaya zidd olmamasına dair Azərbaycan Respublikası Konstitusiyasının tələblərinin pozulması ilə nəticələnir (Konstitusiyanın 149-cu maddəsinin I, III hissələri).

 Konstitusiya Məhkəməsi həmçinin qeyd edir ki, cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi sahəsində səlahiyyət Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə mənsubdur. Bu səlahiyyətin həyata keçirilməsi zamanı prossesual hüquq normalarının maddi hüqüq normalarından irəli gəlməsinə və onlara mütənasib olmasına riayət edilməsi zəruri şərtdir.

 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəası həmin Məcəllənin xüsusi hissəsində bu əmələ (xətaya) görə inzibati məsuliyyəti müəyyən edən norma nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I,II hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 80-ci maddəsinə, 149-cu maddəsinin I, III hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.

 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65- 67 və 69-cu maddələrini rəhbər tuturaq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu:

Q Ə R A R A ALDI:

 1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəası həmin Məcəllədə bu əmələ (xətaya) görə inzibati məsuliyyət müəyyən edən norma nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I,II hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 80-ci maddəsinə, 149-cu maddəsinin I, III hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

 2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

 3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı» nda dərc edilsin.

 4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                               Fərhad Abdullayev