Qərarlar

03.08.04 «İcarəçi Aqrar Sənaye Birliyi»nin şikayəti üzrə AR Ali Məhkəməsinin İMDİÜMK-n 17/08/01il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

«İcarəçi Aqrar Sənaye Birliyi»nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair

İşlər üzrə Məhkəmə Kollegiyasının 17 avqust 2001-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına

və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

03 avqust 2004-cü il                                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (Sədr), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim),  S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçinin  nümayəndəsi A.Qaziyevanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «İcarəçi Aqrar Sənaye Birliyi»nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 17 avqust 2001-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 16 iyul 2004-cü il tarixli, 3i-103 saylı məktubuna əsasən konstitusiya işinə cavabverənin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin  nümayəndəsi A.Qaziyevanın çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D I:

 Aqrar Sənaye Birliyi (bundan sonra – Aqrosənaye Birliyi) iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinə müraciət edərək, «Qeyrət» Aqroşirkətindən 21.339.078 manat icarə haqqının tutulmasını, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə «Qeyrət» Aqroşirkəti arasında bağlanmış 25 oktyabr 1999-cu il tarixli,  399/6975 saylı icarə müqaviləsinin, «Qeyrət» Aqroşikrətinin adına verilmiş 2836 inventar saylı 26 fevral 1998-ci il tarixli, 04085 saylı texniki pasportun ləğv olunmasını xahiş etmişdir. Həmin iddia tələbləri Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin 12 yanvar 2001-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir.

Bununla razı olmayan Aqrosənaye Birliyi Azərbaycan Respublikası İqtisad Məhkəməsinə apellyasiya şikayəti vermişdir. O, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edərək, onun ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

İddiaçı apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, icarə müqaviləsi ilə Ə.Rəcəbli küçəsi 1968-ci məhəllədə yerləşən 156,5 kv.m sahənin icarəyə verilməsinə baxmayaraq «Qeyrət» Aqroşirkəti 2215,1 kv.m ərazini zəbt etmiş və ona dair texniki pasport almışdır. Dövlət Əmlakı Nazirliyi icarə müqaviləsini bağlayarkən balans sahibi kimi Aqrosənaye Birliyini 2215,1 kv.m istehsalat sahəsindən 156,5 kv.m-lik hansı hissənin icarəyə verilməsi barədə məlumatlandırmamış, nəticədə təmir tikinti sahəsinin tamamilə qanunsuz tutulmasına şərait yaratmışdır.

İddiaçı həmçinin bildirmişdir ki, Dövlət Əmlakı Nazirliyi «Qeyrət» Aqroşirkətinin 1995-1997-ci illər üzrə iddiaçiya 16.492.500 manat icarə borcu və 3.680.916 manat buraxılmış mal-materiallar üçün borcu olduğunu bilə-bilə onunla icarə müqaviləsi bağlamışdır. Şikayətçi Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsində iddia müddətinin buraxılmasına görə pul tələbi üzrə iddianın rədd edilməsini əsassız hesab edərək göstərmişdir ki, bu mübahisənin 1997-ci ildə məhkəmə baxışının predmeti olduğu nəzərə alınmamışdır.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 24 aprel 2001-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin 12 yanvar 2001-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə «Qeyrət» Aqroşirkəti arasında bağlanmış icarə müqaviləsi və həmin  şirkətin adına verilmiş texniki pasport ləğv edilmiş, iddianın 21.339.078 manat vəsait tutulması barədə hissəsi isə rədd edilmişdir.

Azərbaycan Respublikası İqtisad Məhkəməsinin  qətnaməsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsi Aqrosənaye Birliyinin razılığı ilə «Qeyrət» Aqroşirkətinə 1920 kv.m yardımçı sahə ayrılmasına və həmin sahədə aparılan tikinti quraşdırma işlərinin 2 nömrəli formalarını təsdiq etdiyinə istinadən iddianı rədd etmişdir. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən iddianın bu hissəsi üzrə işin halları tam aydınlaşdırılmamış, lazım olan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

Qətnamədə göstərilir ki, Aqrosənaye Birliyi «Bakıbaştikinti» İdarəsi tərəfindən 01 fevral 1991-ci il tarixdə həmin idarənin icarəçisi kimi  yaradılmışdır. Bu icarə təşkilatının Nizamnaməsinə əsasən o, bu Nizamnamədə göstərilən xidmətləri yerinə yetirmək üçün müqavilə əsasında «Bakıbaştikinti» İdarəsindən icarəyə götürülmüş əsas istehsal fondundan istifadə edir və öz fəaliyyətini 28 noyabr 1992-ci il tarixli «İcarə haqqında» Azərbaycan Respublikasının Qanununa və Nizamnaməyə uyğun aparır. Bu Qanuna əsasən icarəyə verilmiş əmlakın ikinci əldən icarəyə verilməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Lakin iddiaçı mübahisəli sahəni «Qeyrət» Aqroşirkətinə satılma hüququ ilə icarəyə verərkən «Bakıbaştikinti» İdarəsinin razılığını almamışdır. Bu fakt iş materialları ilə təsdiq olunmuşdur.

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmçinin qeyd olunur ki, «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli, 629 saylı Fərmanına əsasən Fərman imzalanan günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsində icarəyəverənlərin hüquqi varisi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi hesab olunmuş və Fərmanının 2-ci bəndinin 1-ci abzasına əsasən Dövlət Əmlak Komitəsinə dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış müqavilələri təhlil etmək və mövcud qanunvericiliyə zidd olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi tapşırılmışdır. Lakin Dövlət Əmlak Komitəsi «Qeyrət» Aqroşirkəti ilə 156,5 kv.m qeyri-yaşayış sahəsinin 01 yanvar 1998-ci ildən 01 iyun 1998-ci il tarixədək icarəyə verilməsi barədə 11 may 1998-ci il tarixli, 399 saylı icarə müqaviləsi bağlayarkən həmin sahənin «Satılma hüququ ilə icarəyə verilməsi barədə» 01 iyun 1995-ci il tarixli icarə müqaviləsinə hüquqi qiymət verməmiş, yol verilmiş qanun pozuntusu barədə müvafiq tədbir görməmiş, əksinə həmin müqavilə əsasında icarəyə vermək səlahiyyətləri ona verildiyindən «Qeyrət» Aqroşirkəti ilə icarə müqaviləsi bağlayaraq Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilmiş Fərmanının 2.1-ci bəndinin tələblərini pozmuşdur. Ona görə də, 01 iyun 1995-ci il tarixli icarə müqaviləsi qeyri-qanuni olduğundan onun əsasında bağlanmış 11 may 1998-ci il tarixli müqavilə və 25 oktybr 1999-cu il tarixli icarə müqaviləsi Azərbaycan Respublikası İqtisad Məhkəməsi tərəfindən ləğv edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, «Qeyrət» Aqroşirkətin adına verilmiş texniki pasportda Nərimanov rayonu Ə.Rəcəbli küçəsi 1968-ci məhəllədə yerləşən təmir-tikinti sahəsinin 1363,5 kv.m sahədən istifadə olunduğu göstərilmişdir. Digər tərəfdən 30 iyul 1998-ci il tarixdə Dövlət Əmlak Komitəsi tərəfindən həmin sahəyə Aqrosənaye Birliyinin adına başqa bir texniki pasport  verilmişdir.

«Qeyrət» Aqroşirkəti Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 24 aprel 2001-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyası (bundan sonra Ali Məhkəmənin İMDİÜMK) 17 avqust 2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 24 aprel 2001-ci il tarixli qətnaməsini dəyişdirərək Dövlət Əmlakı Nazirliyi ilə  «Qeyrət» Aqroşirkəti arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbini rədd etmiş, Dövlət Əmlak Komitəsi tərəfindən «Qeyrət» Aqroşirkətinin adına verilmiş 2836 inventar saylı, 26 fevral 1998-ci il tarixli, 04085 nömrəli texniki pasportun ləğv edilməsinə dair iddia hissəsinin icraatına xitam vermişdir. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

Aqrosənaye Birliyi Ali Məhkəmənin İMDİÜMK-nın 17 avqust 2001-ci il tarixli qərarından əlavə kassasiya qaydasında şikayət vermişdir. İddiaçı bu qərarı qanunsuz hesab edərək göstərmişdir ki, o mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla çıxarılmışdır.  Lakin 28 mart 2002-ci il tarixdə şikayətçiyə daxil olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin  məktubu ilə ərizəçiyə bildirilmişdir ki, şikayət əsassızdır və onun Ali Məhkəmənin Plenumuna göndərilməsi üçün heç bir əsas yoxdur.

Bundan sonra Aqrosənaye Birliyinin direktoru Konstitusiya Məhkəməsinə şikayət verərək Azərbacan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olmadığına görə Ali Məhkəmənin İMDİÜMK-nın 17 avqust 2001-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya işinə aid məsələlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (Konstitusiyanın 12-ci maddəsi və 26-cı maddəsinin II hissəsi).

Konstitusiya təminatları sırasında hüquq və azadlıqların məhkəmə təminatı özünəməxsus mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi bu təminatı verərək, hər kəsin dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verilməsinin mümkünlüyünü təsbit edir.

Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində öz əksini tapmışdır.

Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir.

Bu müddəalar əsasən məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi zamanı konkret təminatların mövcudluğunu nəzərdə tutur.

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (Konstitusiyanın 71-ci maddəsinin I  və II hissələri).

Konstitusiyanın 127-ci maddəsində nəzərdə tutulmuş ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsi prinsipi mülki prosesin bütün mərhələlərinə şamil edilir.

Kassasiya instansiyasında tərəflərə verilən prosessual hüquqların həcmi birinci instansiya məhkəməsində təqdim edilən prosessual hüquqların həcminə nisbətən azlıq təşkil edir. Lakin bu hüquqların müəyyən edilməsi prosesində Konstitusiyanın vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi (25-ci maddə), hüquq və azadlıqların məhkəmə tərəfindən qorunmasına təminat verilməsi (60-cı maddə), məhkəmə icraatının tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddə) kimi müddəaları nəzərə alınır. Bu isə o deməkdir ki, mülki prosesin müxtəlif mərhələlərində, o cümlədən kassasiya mərhələsində tərəflər bərabər prosessual hüquqlara və imkanlara malik olmalıdırlar.

Məhkəmə aktlarından şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tutulan qaydada verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz elementi kimi Konstitusiyasının 60-cı maddəsinin mənasından irəli gəlir.

Qanunverici bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir.

Vəkilin prosesdə məcburi iştirakını nəzərdə tutan MPM-in 67-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kasasiya qaydasında şikayət verildikdə, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslər yalnız vəkillə birgə məhkəmədə iştirak edirlər.

İşin materiallarından göründüyü kimi iddiaçı kassasiya qaydasında işə baxılmazdan əvvəl Ali Məhkəmənin İMDİÜMK-na ərizə ilə müraciət edərək, onların maraqlarını müdafiə edən vəkilin başqa prosesdə olması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş edərək, məhkəmə iclasında vəkilsiz iştirak etməkdən imtina etdiyini bildirmişdir. Buna baxmayaraq Ali Məhkəmənin İMDİÜMK məhkəmə iclasını keçirmiş və öz qərarında işin baxılmasına etiraz etmiş Aqrosənaye Birliyini məhkəmə iclasının iştirakçıları sırasında qeyd etmişdir.

Bu hal eyni zamanda aşağıdakılara dəlalət edir. Bir tərəfdən o, kassasiya instansiyası məhkəməsinin MPM-in 67-ci maddəsinin tələbini pozduğunu göstərir. Digər tərəfdən iddiaçının iclasdan əvvəl iştirakdan imtina etməsi və iclasdan sonra  məhkəmə iclasında iştirak etdiyinə etiraz etməsi, Ali Məhkəmənin İMDİÜMK-nın 17 avqust  2001-ci il tarixli qərarında MPM-in  419.2.7-ci maddəsinin ziddinə olaraq məhkəmə iclasında iştirak edən şəxslər sırasında kassasiya şikayətinə dair Aqrosənaye Birliyinin izahatının əks olunmaması, bu qərarın surətinin MPM-in 419.3-cü maddəsinin tələblərinə əməl edilmədən iddiaçıya 1 ay əvəzinə 2 aydan artıq müddətdə göndərilməsi, habelə MPM-in 270-ci maddəsinin tələblərindən irəli gələn keçirilmiş məhkəmə içlasının protokolunun tərtib olunmaması iddiaçının kassasiya qaydasında keçirilmiş məhkəmə iclasında iştirakına əsaslı şübhə doğurur.

 Bundan başqa, Ali Məhkəmənin İMDİÜMK-nın qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş işin hansı faktiki hallarını nəzərə alınaraq qərar qəbul edilməsi göstərilməmişdir.

MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.  Bu zaman o, faktiki halların yoxlanılması səlahiyyətinə malik deyil.

Kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən edən MPM-in 417-ci maddəsində həmin məhkəmənin yeni qətnamə çıxarılmasına bərabər hesab oluna biləcək qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmur. Buna baxmayaraq Ali Məhkəmənin İMDİÜMK MPM-in 417.0.2-ci maddəsinə istinad edərək iddia tələblərindən biri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi adı altında faktiki olaraq iş üzrə yeni qətnamə çıxarmışdır. 

Kassasiya icraatının hədləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi «Ə.Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair»  Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında ətraflı göstərilmişdir. Bundan sonra məsələyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fikirləri onun tərəfindən qəbul olunmuş digər qərarlarda dəfələrlə açıqlanmışdır.

Ali Məhkəmənin İMDİÜMK baxılmış mülki iş üzrə digər iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək mülki icraatın bir hissəsinə xitam vermişdir. Nəzərə alınmalıdır ki, bu zaman tətbiq olunmuş «iddianın … hissəsinin icraatına xitam verilsin» ifadəsi MPM-də nəzərdə tutulmamışdır. Bununla əlaqədar olaraq yalnız həmin Məcəllənin 20-ci fəslində, habelə 417.0.4-cü maddəsində iş üzrə icraata xitam verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

İcraata xitam verilmə əsasları isə MPM-in 261-ci maddəsində göstərilmişdir. Təsadüfi deyildir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə məhz iş üzrə icraata xitam verilməsinin mümkünlüyünü aid edən MPM-in 417.0.4-cü maddəsi də bunun MPM-in 261.0.1 – 261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə uyğun olmasını tələb edir. Belə olan halda iş üzrə icraata xitam verilməsinin əvəzinə, iddianın müəyyən hissəsinin icraatına xitam verilməsi halı Ali Məhkəmənin İMDİÜMK-nın səlahiyyət hədlərindən kənara çıxma kimi qiymətləndirilməlidir.

Bütün yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu   belə nəticəyə gəlir ki, «Qeyrət» Aqroşirkətindən 21.339.078 manat icarə haqqının tutulmasına, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə «Qeyrət» Aqroşirkəti arasında bağlanmış icarə müqaviləsinin, «Qeyrət» Aqroşikrətinin adına verilmiş texniki pasportun ləğv olunmasına dair mülki iş üzrə Ali Məhkəmənin İMDİÜMK-nın 17 avqust 2001-ci il tarixli qərarı Konstitusiyanın 25, 60 və 127-ci maddələrinə, MPM-in 67, 261, 416, 417-ci maddələrinin müddəalarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab olunmalı, icra olunmamalı və işə mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. «Qeyrət» Aqroşirkətindən 21.339.078 manat icarə haqqının tutulmasına, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə «Qeyrət» Aqroşirkəti arasında bağlanmış icarə müqaviləsinin, «Qeyrət» Aqroşikrətinin adına verilmiş texniki pasportun ləğv olunmasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nın 17 avqust 2001-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 127-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67, 261, 416 və 417-ci maddələrinin müddəalarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin, icra olunmasın və işə mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən:                                                                  Fərhad Abdullayev