AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
QƏRARI
Seyid Kazım Məhəmmədəli oğlu Seyid Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə Dair İşlər Üzrə
Məhkəmə Kollegiyasının 25 dekabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
29 iyul 2004-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Seyid Kazım Məhəmmədəli oğlu Seyid Xamuşinin, ərizəçinin nümayəndəsi E.Sarıvəliyevin,
tərcüməçilər Firudin Kusedgi və Səid İmani Corabçının iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında S.Xamuşinin şikayətinə əsasən məhkəmə aktının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 19 iyul 2004-cü il tarixli məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxıldı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçi S.Xamuşinin, ərizəçinin nümayəndəsi E.Sarıvəliyevin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 31 iyul 2003-cü il tarixli qətnaməsi ilə Seyid Kazım Məhəmmədəli oğlu Seyid Xamuşinin «A.M.A.Y.» İstehsalat Kommersiya Firmasına qarşı 3.721.776 (üç milyon yeddi yüz iyirmi bir min yeddi yüz yetmiş altı) ABŞ dolları əsas borc, 17.350.753 (on yeddi milyon üç yüz əlli min yeddi yüz əlli üç) ABŞ dolları faiz borcu, cəmi 21.072.529 (iyirmi bir milyon yetmiş iki min beş yüz iyirmi doqquz) ABŞ dollarının tutulmasına dair iddiası rədd olunmuşdur.
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 26 sentyabr 2003-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, «A.M.A.Y.» İstehsalat Kommersiya Firmasından S.Xamuşinin xeyrinə 3.721.776 (üç milyon yeddi yüz iyirmi bir min yeddi yüz yetmiş altı) ABŞ dolları əsas borc, 9.508.203 (doqquz milyon beş yüz səkkiz min iki yüz üç) ABŞ dolları faiz, cəmi 13.229.979 (on üç milyon iki yuz iyirmi doqquz min doqquz yüz yetmiş doqquz) ABŞ dollarının, iddia ərizəsi üzrə 99.000 manat, apellyasiya şikayəti üzrə 120.000 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddianın qalan hissəsi isə rədd olunmuşdur.
Tərəflərin kassasiya şikayətlərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyası (bundan sonra-Ali Məhkəmənin İMDİÜMK) 25 dekabr 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsini dəyişdirmiş, «A.M.A.Y.» İstehsalat Kommersiya Firmasının kassasiya şikayətini qismən təmin etmiş, S.Xamuşinin borc pulun qaytarılmasına dair iddiasını isə rədd etmişdır.
Ərizəçinin əlavə kassasiya şikayətinə Ali Məhkəmənin sədri 18 mart 2001-ci il tarixli məktubla cavab vermişdir ki, şikayətə Ali Məhkəmənin Plenumunda baxılması üçün əsas yoxdur.
Ərizəçinin fikrincə birinci instansiya məhkəməsi əsassız olaraq «A.M.A.Y.» İKF-nın ünvanına malların S.Xamuşi tərəfindən deyil, ayrı-ayrı firmalar tərəfindən göndərildiyini, Azərbaycan Respublikası Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə bölgə şöbəsinin kompyuter yaddaşında «Tural Ko» şirkətinin Bakı şəhəri, Moskva prospekti 101 saylı ünvanda yerləşməsi barədə heç bir məlumatın aşkar olunmamasını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 19 iyun 2003-cü il tarixli, 16/04-22/2003 saylı məktubunda S.Xamuşi tərəfindən «A.M.A.Y.» İKF-na mal idxalı barədə məlumatın və göndərilən malların qaimələrinin olmamasını, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmiş, tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabr ayının 1-dən əvvəl yarandığını nəzərə alaraq 1964-cü ildən 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş Mülki Məcəllənin (bundan sonra-MM) 73, 77 və 82-ci maddələrinə əsaslanaraq iddianı təmin etməmişdir.
Şikayətdə göstərilmişdir ki, ərizəçi Birləşmiş Ərəb Əmirliklərinin M/«Sınaq» KFT «Əl–Mərəşid Tredinq Shahad Sagheb İnternational» şirkəti vasitəsilə «A.M.A.Y.» İKF-nın Azərbaycan Respublikası Bakı şəhəri, Moskva prospekti 101 saylı ünvanda yerləşən «Tural Ko» firmasının ünvanına 1998-1999-cu illərdə ət məhsulu, 1999-cu ilin sentyabr-oktyabr aylarında «Tradinq Seid Behzad Gaziziade Mogadam» firması tərəfindən «A.M.A.Y.» şirkətinin ünvanına makaron istehsalı avadanlığı, kabel və elektrik şitləri, ət və quyruq məhsulları göndərmişdir. «A.M.A.Y.» İKF-sı 20 oktyabr 1998-ci il tarixdə daşıma şirkətinin ünvanına göndərdiyi məktubda onun adından bütün malların «Tural Ko» firması tərəfindən alınacağını göstərmiş və bütün məsuliyyəti öz üzərinə götürmüşdür.
Şikayətdə həmçinin göstərilmişdir ki, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən S.Xamuşi «A.M.A.Y.» İKF-sına ümumi dəyəri 3.721.777 ABŞ dolları məbləğində 23 adda müxtəlif mallar təhvil vermiş, lakin həmin malların dəyəri və ona hesablanmış faizlər bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. İşin materiallarında «A.M.A.Y.» İKF-na malların göndərilməsi barədə fakturalar, qaimələr vardır. «A.M.A.Y.» İKF-sı tərəfindən malların dəyərinin ödənilməməsinin nəticəsi olaraq 17 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində S.Xamuşinin «A.M.A.Y.» İKF-sının prezidenti arasında hesablaşma protokolu (müqavilə) imzalanmışdır. Həmin müqaviləyə əsasən «A.M.A.Y.» İKF-nın prezidenti borclu olduğunu inkar etməmiş, borcu, yəni 3.721.776 ABŞ dollarının qaytarılmasına, həmçinin əldə olunmuş mənfəətin beş faizini ödəməyə razı olmuş və bu razılaşmanı tərəflər öz imzaları ilə təsdiq etmişlər. Həmin razılaşma İran İslam Respublikasının Bakıdakı Səfirliyinin blankında fars və azərbaycan dillərində tərtib edilmiş, iclasda iştirak edən bütün şəxslər tərəfindən hər iki nüsxə imzalanmış və cavabdeh bu sənədə möhür vurmuşdur. Razılaşmaya əlavə edilmiş qoşmada «A.M.A.Y.» İKF-sı tərəfindən alınmış 23 adda malın adı və dəyəri göstərilmişdir. Bu sənəd necə adlandırılmasından («iclasın təşkili barədə bildiriş», «niyyət protokolu», «hesabların çürüdülməsi protokolu» və sair) asılı olmayaraq öz məzmununa və mahiyyətinə görə mövcud borcun etirafı haqqında tərəflər arasında bağlanan müqavilədir.
Ərizəçinin fikrinə görə, kassasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair gəldiyi nəticə qanunun tələblərinə cavab vermir. Belə ki, cavabdeh 17 oktyabr 2001-ci il tarixdə borcu etiraf edən hərəkətlər etdiyindən iddia müddətinin axımı kəsilmişdir. Həmin tarixdə hər iki tərəfin imzaladığı borcun etiraf edilməsi barədə razılıq onlar arasında yeni öhdəliklər yaratdığından iddia müddətinin hesablanması 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin təsiri altına düşür. Həmin Məcəllənin 373-cü maddəsinə müvafiq olaraq ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə 3 ildir.
Ərizəçinin qənaətinə görə Ali Məhkəmənin İMDİÜMK-sı qanunu düzgün təfsir etməməklə yanaşı Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 386 və 418-ci maddələrinin tələblərini köbud şəkildə pozaraq tətbiq edilməli olan qanunu tətbiq etməmiş və nəticədə qeyri-qanuni qərar çıxarmışdır. Bununla əlaqədar S.Xamuşi kassasiya instansiyası məhkəməsinin qərarının Konstitusiyanın 25, 59, 69, 71-ci maddələrinə, MM-nin 351.3, 373, 377, 380, 448, 882-ci maddələrinə və MPM-nin 386, 418-ci maddələrinə uyğun olmadığı üçün ləğv edilməsini, işə Azərbaycan Respublikasının qanunvericiliyinə üyğun olaraq yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
S.Xamuşinin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Şəxslərin şikayətləri ilə əlaqədar baxılan bir sıra işlər üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd edilmişdir ki, MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Konstitusiya Məhkəməsi Plenumunun «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyun 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» 12 aprel 2004-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatının faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır.
S.Xamuşinın iddiasına əsasən baxılmış hazırki iş üzrə kassasiya instansiyası məhkəməsi MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrinin tələblərini pozaraq belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə faktiki hallara düzgün qiymət verməmişdir. Nəticə etibarı ilə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktları qəbul etməyərək, bu faktlara özü qiymət vermişdir.
Belə ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübütlara, o cümlədən çoxsaylı mal-nəqliyyat qaimələrinə qiymət verərək hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri 1998-1999-cu illərdə yaranmışdır. Kassasiya instansiyası məhkəməsi isə bunun əksinə olaraq tərəflər arasında heç bir müqavilə münasibətlərinin olmaması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlərə istinadən cavabdehin 2001-ci ilin oktyabr ayında faktiki olaraq iddianı qəbul etdiyi nəticəsinə gəldiyi halda, kassasiya instansiyası məhəkəməsi həmin sənədlərə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh iddianı qəbul etməmişdir.
Beləliklə, kassasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliklə müəyyən edilən səlahiyyət hədlərindən kənara çıxaraq iş üzrə faktiki hallara qiymət vermiş və faktlar əsasında işə mahiyyəti üzrə baxmışdır.
Bundan başqa, kassasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətlərin 1998-1999 illərdə yaranmasına, iddiaçının məhkəməyə iddia ilə yalnız 2003-ci ildə müraciət etməsinə istinad edərək, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş MM-nin iddia müddətinə dair normalarına əsaslanmaqla iddia müddətinin ötürüldüyü nəticəsinə qəlmişdir.
Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilə yaranan zaman, yəni 1998-1999-cu illərdə qüvvədə olmuş MM-nin 78-ci maddəsinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən borcunu almaq üçün İran İslam Respublikasının Bakıdakı Səfirliyiynin iştirakı ilə onunla dəfələrlə müzakirələr aparmış, «A.M.A.Y.» İKF-nın prezidenti tərəfindən 27 fevral 2000-ci il tarixdə əsas borc (faiz hesablanmadan) etiraf edilmiş və onun beş ay ərzində ödəniləcəyi barədə öhdəlik götürülmüşdür. Cavabdeh 17 yanvar 2001-ci il tarixdə təkrarən əsas borcu və faizləri ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bu faktlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh borcunu etiraf edərək onu ödəyəcəyini vəd etdiyi üçün iddiaçı öz hüququnun pozulduğunu bilməmişdir.
Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh 17 oktyabr 2001-ci il tarixdə borcu etiraf edən hərəkətlər etdiyindən iddia müddətinin axımı kəsilmişdir. Göstərilən tarixdə hər iki tərəfin imzaladığı borcun etiraf edilməsi barədə razılıq, onlar arasında yeni öhdəliklər yaratdığından iddia müddətinin hesablanması 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş MM-nin müddəalarının təsiri altına düşür.
Konstitusiya Məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları nəzərə alaraq belə hesab edir ki, bu məhkəmə instansiyası tərəfindən 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş MM-nin normaları düzgün tətbiq edilmişdir.
Belə ki, həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf edən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
Qeyd etmək lazımdır ki, bu münasibətlərə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş MM-nin normaları tətbiq edildiyi halda belə iddia müddəti ötürülmüş kimi qəbul edilə bilməz.
Həmin MM-nin 81-ci maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır.
Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilən Məcəllənin 81-ci maddəsini düzgün şərh etməyərək belə qənaətə gəlmişdir ki, tərəflər sahibkar statusuna malik olduqları üçün cavabdehin etirafı iddia müddətinin kəsilməsi üçün əsas sayılmır.
«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Göründüyü kimi bu iş üzrə tərəflərin sahibkar statusuna malik olmaları (həmin norma tətbiq edilməli olsaydı belə) həmin mübahisə üçün heç bir əhəmiyyət kəsb etmir.
Bundan başqa, Ali Məhkəmənin İMDİÜMK-sı qərarında apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilməsini göstərsə də, faktiki olaraq həmin qətnaməni ləğv etmədən işin mahiyyəti üzrə yeni qərar qəbul etmişdir. Bununla da kassasiya instansiyası məhkəməsi MPM-nin 417-ci maddəsində təsbit olunmuş səlahiyyət çərçivəsindən kənara çıxmışdır. Bu maddənin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən Ə.Ə.İbrahimovun şikayəti üzrə baxılmış iş ilə əlaqədar qəbul edilmiş qərarında göstərmişdir: «Mülki Prosessual Məcəllənin 417-ci maddəsinin düzgün tətbiq olunması üçün kassasiya instansiyası məhkəməsi:
1) bu Məcəllənin 418 və 386-cı maddələrində nəzərdə tutulmuş maddi və prosessual normalarının pozulması və düzgün tətbiq olunmaması halları və yaxud şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv olunması halları varsa, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə və ya qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməli;
2) bu Məcəllənin 407.1.4, 407.2, 408.1.5 və 416-cı maddələrinin müddəalarını nəzərə alaraq kassasiya şikayəti ilə bağlı işin hallarının sübut olunması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılması və yaxud apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadında ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinadla həmin qətnamə və ya qərardadına dəyişiklik edilməklə iş üzrə mahiyyəti etibarı ilə yeni qərarın qəbul edilməsinə yol verməməlidir».
Kassasiya instansiyası məhkəməsi həmçinin MPM-nin 265-ci maddəsinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsində həmin iş üzrə məruzəçi hakim haqqında 25 dekabr 2003-cü il tarixli xüsusi qərar (MPM-nin 265-ci maddəsində isə xüsusi qərardad nəzərdə tutulmuşdur) çıxarmışdır.
Kassasiya instansiyası məhkəməsi xüsusi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmiş, işin mahiyyəti üçün əhəmiyyət kəsb edən sübutlar araşdırılmamışdır.
Konstitusiya Məhkəməsi bununla əlaqədar hesab edir ki, faktlara düzgün qiymət verilməməsi əsası ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakiminin haqqında xüsusi qərarın çıxarılması eyni ilə kassasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliklə müəyyən edilən səlahiyyət hədlərindən kənara çıxma kimi qiymətləndirilməlidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin İMDİÜMK-nın 03 oktyabr 2003-cü il tarixli qərarı MPM-nin 416, 417 və 418-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ziddiyyət öz növbəsində ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən və qanunla müəyyən edilmiş prosedurlar üzrə həyata keçirilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır. Ona görə də həmin qərar qüvvədən düşmüş hesab edilməli və bu işə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır. Bu qərarın qüvvədən düşməsi ilə əlaqədar xüsusi qərar da qüvvədən düşmüş hesab edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyasının Seyid Kazım Məhəmmədəli oğlu Seyid Xamuşinin «A.M.A.Y.» İstehsalat Kommersiya Firmasına qarşı əsas və faiz pul borclarının qaytarılması iddiasına dair mülki iş üzrə 25 dekabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 418-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. Bu işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
Həmin qərarın qüvvədən düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Məhkəmə Kollegiyasının 25 dekabr 2003-cü il tarixli xüsusi qərarı qüvvədən düşmüş hesab edilsin.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən: Fərhad Abdullayev