Qərarlar

21.05.04 Aydın Həsənbala oğlu Zalovun şikayəti üzrə AR Ali Məhkəməsinin Plenumunun 01 fevral 2002-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Aydın Həsənbala oğlu Zalovun şikayəti üzrə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun

01 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

21 may  2004-cü il                                                            Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov (məruzəçi-hakim), S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi Aydın Həsənbala oğlu Zalov və onun  nümayəndəsi Leyla Polad qızı Məmmədovanın,

şikayətdə hüquqlarına və  mənafelərinə toxunulmuş Fəxriyyə Ənvər qızı Zalovanın  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında, Aydın Həsənbala oğlu Zalovun 13 fevral 2004-cü il tarixli şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun  01 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 10 may 2004-cü il tarixli, 8m-14/02  saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, ərizəçinin nümayəndəsi Leyla Məmmədovanın, şikayətdə hüquqlarına və mənafelərinə toxunulmuş Fəxriyyə Zalovanın çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə  Məhkəmə Kollegiyasının 11 yanvar 2001-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılan  Yasamal rayon Məhkəməsinin 13 noyabr 2000-ci il tarixli qətnaməsi ilə F.Zalovanın Bakı şəhəri 5-ci Yasamal küçəsində olan 121 saylı evə köçürülməsi barədə iddiası təmin edilməmişdir.

İddiaçının kassasiya şikayətinə əsasən 18 aprel 2001-ci il tarixdə işə baxan Azərbaycan Republikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

F.Zalovanın əlavə kassasiya şikayətinə əsasən 01 fevral 2002-ci il tarixdə  işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmış və yuxarıda qeyd edilən məhkəmə aktlarının dəyişdirilməsi, F.Zalovanın iki uşağı ilə birlikdə iddia edilən evə köçürülməsi barədə qərar qəbul edilmişdir.  Plenumun qərarında göstərilmişdir ki, iş üzrə məhkəmələrin gəldiyi nəticələr işin aydınlaşdırılmamış faktiki hallarına əsaslanır və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Qərarda  həmçinin göstərilmişdir ki, işin halları iş üzrə iddianın əsaslı olması və işin yenidən araşdırılmasına zərurət olmaması nəticəsinə gəlməyə əsas verir.

A.Zalov şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya şikayəti üzrə qərar qəbul edərkən səlahiyyət həddini aşaraq iddiaya mahiyyəti üzrə baxmış, bununla da onun və mübahisə olunan evdə yaşayan digər ailə üzvlərinin  Konstitusiyada və digər qanunlarda təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ, hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.  Ona görə də, o, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mübahisə ilə əlaqədar 01 fevral 2002-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, A.Zalov 1989-cu ildə F. Zalova ilə qanuni nikah bağlamış və bu nikahdan iki övladı olmuşdur. Onlar 1993-cü ilədək Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 121 saylı evdə yaşamışlar. Sonradan ər-arvad arasında münasibətlər pozulduğundan və birgə yaşamaları qeyri-mümkün olduğundan  ərizəçinin atası Həsənbala Zalov 1993-cü ildə gəlininə Yeni Yasamal-2 yaşayış massivində  2 saylı binada 2 otaqdan ibarət 49 saylı mənzili almışdır. Fəxriyyə öz razılığı ilə həmin mənzilə köçüb yaşamağa başlamış və onlara qarşı heç bir ev iddiası olmamışdır. Bundan sonra A.Zalov yeni ailə qurmuşdur. 13 noyabr 2000-ci ildə onun F.Zalova ilə nikahları pozulmuşdur. H.Zalovun vəfatından sonra F.Zalova qayınatasının evinə köçüb yaşamaq istəmiş, lakin qayınanası Sona Zalova buna razı olmamışdır. Bu zaman o, mənzilə köçürülməyə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. F.Zalova məhkəmə instansiyalarında tələbini onunla əsaslandırmışdır ki, onun üçün alınmış mənzil şəraitsiz olduğundan qayınatası mənzili dəyişəcəyinə söz vermiş, sonra isə buna imkanı çatmadığını əsas gətirərək mənzili satıb onların yanında yaşamağı təklif etmişdir. F.Zalova bu təkliflə razılaşaraq mənzilini satmış, əldə olunan 12 min ABŞ dollarını qayınatasının müalicəsi ilə əlaqədar A.Zalova vermişdir. A.Zalov isə ondan pul aldığını qətiyyətlə təkzib etmişdir.

Ali Məhkəmə Plenumunun qeyd edilən qərarından sonra, F.Zalovanın yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi əsasında Yasamal rayon məhkəməsinin çıxardığı 04 iyul 2003-cü il tarixli qətnamə ilə 5-ci Yasamal küçəsi, 121 saylı  evdən istifadə qaydası müəyyən edilmiş, sahəsi 18 kvm və 21 kvm olan iç-içə otaqlar F.Zalovanın istifadəsinə verilmişdir. A.Zalovun apellyasiya şikayəti əsasında işə baxan Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyası 23 dekabr 2003-cü il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır .

Ərizəçinin şikayətindən görünür ki, Apellyasiya Məhkəməsinin 23 dekabr 2003-cü il tarixli qətnaməsindən onun verdiyi kassasiya şikayətinə hələ baxılmamışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  şikayətlə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların  məhkəmə təminatı hüququnun (Konstitusiyanın 60-cı maddəsi) konkret məhkəmə icraatı növlərinə münasibətdə səhv məhkəmə aktına yenidən baxılması imkanının olmaması, şəxsin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırır.

Konstitusiyanın 65-ci maddəsində təsbit edilmiş məhkəməyə təkrar müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır və ilk növbədə məhkəmə səhvlərinin tezliklə aradan qaldırılmasına xidmət edir. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir.

Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici ilk növbədə pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz. Dövlətin hüquq və azadlıqların səmərəli müdafiəsini təmin etmək öhdəliyi baxımından belə qərarların qüvvədə qalması yol verilməzdir. Ona görə də, ədalət mühakiməsinin həyata keçirilməsi qaydasını müəyyən edərkən qanunverici məhkəmə sistemi çərçivəsində bu cür səhv qərarların aradan qaldırılmasının hüquqi mexanizmini də nəzərdə tutmuşdur.

 Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində bu məqsədlərə nail olmaq üçün, qanunvericilikdə  məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının müvafiq instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Yeni məhkəmə icraatlarının və prosedurlarının tətbiqini nəzərdə tutan Mülki Prosessual Məcəllədə müəyyənləşdirilmiş mülki işlər üzrə icraatın mərhələlərindən (iddianın verilməsi, işlərin məhkəmədə baxılmağa hazırlanması, məhkəmə baxışı və qərarın çıxarılması və s.) biri də məhkəmə aktlarından şikayət verilməsidir (Mülki Prosessual Məcəllənin 357-401, 402-431, 432-438-ci maddələri).

Mülki Prosessual Məcəllədə məhkəmə aktlarına əlavə kassasiya qaydasında icraat üzrə yenidən baxılması qaydaları hər kəsin məhkəməyə təkrar müraciət etmək hüququnun həyata keçirilməsi vasitələrindən biri kimi təsbit edilmişdir və mülki prosesin qanuniliyinin, əsaslılığının və obyektivliyinin daha yüksək səviyyədə təmin edilməsinə xidmət edir. Mülki prosesin mərhələlərindən biri olan əlavə kassasiya qaydasında icraat zamanı Ali Məhkəmənin Plenumunda kassasiya məhkəməsinin qərarlarına yenidən baxılır ( MPM-nin 422-ci maddəsi). Belə icraata başlamağın  müstəsna əsasları isə Mülki Prosessual Məcəllənin 424-cü maddəsində dəqiq göstərilmişdir.

Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya məhkəməsindən fərqli olaraq  əlavə kassasiya icraatı qaydasında isə  müstəsna əsaslar olduqda hüquqi məsələlər üzrə işlərə baxılır (Mülki Prosessual Məcəllənin 424.1-ci maddəsi). Həmin müstəsna əsaslar Mülki Prosessual Məcəllənin 424.2-ci maddəsində göstərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu A.Zalovun şikayəti ilə əlaqədar  mübahisə olunan məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun qiymətləndirilməsi baxımından, mülki mühakimə icraatının mərhələlərindən biri kimi əlavə kassasiya qaydasında icraat hüdudunda  Ali Məhkəmənin Plenumunun səlahiyyətləri ilə bağlı bəzi hüquqi məsələlər üzərində təhlil aparılmasını zəruri hesab edir.

Hər şeydən əvvəl qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə mülki işlərə əlavə kassasiya icraatı qaydasında baxılması, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat istisna olmaqla, mövcud ümumi yurisdiksiyalı məhkəmə sistemi daxilində məhkəmə qərarlarından şikayət vermənin mümkün olduğu son imkandır. Bu isə belə icraat zamanı ədalət mühakiməsinin obyektivliyinin, səmərəliliyinin və ədalətliliyinin təmin edilməsindən ötrü məhkəmənin maddi və prosessual hüquq normalarının düzgün tətbiqi üçün daha diqqətli olmasını tələb edir.

Mülki Prosessual Məcəllənin 429.0.2-ci maddəsinə görə Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək hüququna malikdir.

 Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, əlavə kassasiya qaydasında icraatın hüquqi təbiəti baxımından bu icraat çərçivəsində kassasiya məhkəməsinin qərarlarına dəyişiklik edilməsi işin mahiyyəti ilə bağlı olmayan halları əhatə etməlidir. Belə ki, işin mahiyyətinə nüfuz etməklə kassasiya instansiyası məhkəməsinin qərarında dəyişiklik edilməsi Ali Məhkəmənin Plenumunun müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxması vəzifəsi ilə üst-üstə düşmür. Ali Məhkəmənin Plenumu tərəfindən kassasiya qərarının dəyişdirilməsinə o hallarda yol verilir ki, işin halları buna səlahiyyətli olan əvvəlki məhkəmə instansiyalarında hərtərəfli və düzgün müəyyən edilsin, onların yenidən araşdırılmasına, iş üzrə əlavə sübutların toplanılmasına və ya təkrarən yoxlanılmasına lüzum qalmasın. Konstitusiya Məhkəməsinin artıq formalaşdırdığı hüquqi mövqeyinə görə, işlərə əlavə kassasiya qaydasında baxılması mahiyyət etibarilə onlara kassasiya instansiyası məhkəməsində təkrar baxılması deməkdir. Kassasiya məhkəməsi işə faktlar üzrə baxmadığı üçün Ali Məhkəmənin Plenumu da faktlara əsasən kassasiya məhkəməsinin qərarına dəyişikliklər etməyə haqlı deyil.

Beləliklə, əlavə kassasiya icraatı zamanı kassasiya instansiyasının  qərarına dəyişiklik edilməsi işin mahiyyəti ilə bağlı olmayan halları əhatə etməlidir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, kassasiya və əlavə kassasiya məhkəməsində işə mahiyyəti üzrə baxılmır, yəni, yeni sübutlar qəbul edilmir, işin faktiki halları araşdırılmır, sübutlara hüquqi qiymət verilmir. Ümumiyyətlə, işə mahiyyəti üzrə baxıb qərar çıxarmaq o halda mümkündür ki, iş üzrə əvvəlki məhkəmə instansiyalarında araşdırılmış faktlardan başqa digər faktlar da araşdırılsın. Belə səlahiyyət isə qanunvericiliklə yalnız birinci və apellyasiya instansiya məhkəmələrinə verilmişdir. Kassasiya və ya əlavə kassasiya məhkəmələri bu hüquqa malik deyildirlər.

Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarına yalnız əvvəlki məhkəmə instansiyalarında müəyyən edilmiş işin hallarından çıxış etməklə dəyişiklik edə bilər. Deməli, əlavə kassasiya məhkəməsi əvvəlki məhkəmə instansiyalarında müəyyən edilməmiş işin mahiyyətinə dair hallara istinadla kassasiya instansiyası məhkəməsinin qərarında dəyişiklik etmək səlahiyyətinə malik deyildir. Əlavə kassasiya icraatı zamanı iş üçün əhəmiyyətli olan yeni hallar aşkar edildikdə, işin yeni faktlar üzrə araşdırılması, sübutların toplanılması və qiymətləndirilməsi zərurəti meydana çıxdıqda, əlavə kassasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin faktlarla bağlı məsələlərə baxmaq səlahiyyətinin olmadığını da nəzərə alaraq (Mülki Prosessual Məcəllənin 407.2 və 416-cı maddələri) həm kassasiya, həm də onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarlarını tam və ya qismən ləğv etməli və işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərməlidir. Ali Məhkəmənin Plenumunun bu səlahiyyəti Mülki Prosessual Məcəllənin 429.0.3-cü maddəsində təsbit edilmişdir.

Digər tərəfdən isə Mülki Prosessual Məcəllənin 429-cu maddəsinin mənasına görə, Ali Məhkəmənin Plenumu əlavə kassasiya icraatı zamanı yalnız kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edə bilər.        Bu maddədə əlavə kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin qətnaməsində dəyişiklik etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin Plenumu isə mübahisəli mülki işə baxarkən qeyd edilən maddənin müddəalarının ziddinə olaraq, həm də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi haqqında qərar qəbul etmişdir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllənin təhlilindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə münasibətdə Ali Məhkəmənin Plenumu yalnız bu məhkəmə instansiyasının qərarını (qətnaməsini və ya qərardadını) tam və ya qismən ləğv etmək, yaxud qüvvədə saxlamaq hüququna malikdir (Mülki Prosessual Məcəllənin 429.0.3 və 429.0.5-ci maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əlavə kassasiya məhkəməsinin mübahisəli mülki işlə bağlı qərarı ərizəçinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qanunla müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsindən kənara çıxmadan həyata keçirilməsindən ibarətdir. Təsadüfi deyildir ki, beynəlxalq-hüquqi aktlarda da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə mühakimə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir (İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi və s.). Öz növbəsində, səlahiyyətli  məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə baxmaq səlahiyyətinin olmasını ehtiva edir. Buna görə, hər hansı mübahisənin həll edilməsi məhkəməyə mütləq və yalnız qanunla verilmiş səlahiyyət daxilində olmalıdır. Məhkəmə isə qanunla müəyyən edilmiş hallarda, qaydada və müddətlərdə belə mübahisəni həll etməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində də nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir (Mülki Prosessual Məcəllənin 6-cı maddəsi, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 8-ci maddəsi). Konkret olaraq mübahisəli bu mülki işlə bağlı qərarında isə əlavə kassasiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş səlahiyyət dairəsindən kənara çıxmaqla qərar qəbul etmiş, nəticədə isə Sona Zalova və qeyrilərinin  hüquq və azadlıqların məhkəmə təminatına dair konstitusiya hüquqları pozulmuşdur.

Beləliklə, Ali Məhkəmənin Plenumu F.Zalovanın əlavə kassasiya şikayəti ilə əlaqədar mübahisəli mülki işə mahiyyəti üzrə baxaraq qərar çıxarmaqla Mülki Prosessual Məcəllənin 424.1, 429.0.2. və 429.0.3-cü maddələrinin müddəalarına zidd hərəkət etmiş və  ərizəçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi  hüququnu pozmuşdur.

Ona görə də,Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarı qüvvədən düşmüş hesab olunmalı və işə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Ali Məhkəmənin Plenumundan sonra bu işlə bağlı  digər iddia üzrə qəbul edilmiş məhkəmə aktları icra  edilməməli və onlara prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1.         Zalova Fəxriyyə Ənvər qızının Zalova Sona Xalıq qızı və Zalov Aydın Həsənbala oğluna qarşı mənzilə köçürülmə tələbinə dair əlavə kassasiya qaydasında şikayəti üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 01 fevral 2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 424.1, 429.0.2 və 429.0.3-cü maddələrinin müddəalarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin.

Bu işlə əlaqədar F.Zalovanın S.Zalovaya qarşı Bakı şəhəri, 5-ci Yasamal küçəsi, 121 saylı evdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə bağlı çıxarılmış məhkəmə qərarları icra olunmasın və bu işlərə Azərbaycan Respublikasının prosessual  qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2.         Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.         Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,  «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.         Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                      Fərhad Abdullayev