Qərarlar

11.05.04 E. Əlizadə və digərlərinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI KONSTITUSIYA

MƏHKƏMƏSI  PLENUMUNUN

Q Ə R A R I

E. Əlizadə və digərlərinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına

və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

11 may 2004-cü il                                                                             Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Eldar Məmməd oğlu Əlizadə, Zərifə Böyükağa qızı Qənbərova və Nabat Hüseynxan qızı Ramazanovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edildikdən sonra məsələnin Avropa İnsan Hüquqları Məhkəməsində baxılmasının gözlənilməsi barədə ərizəçilərin vəsatəti belə səbəb «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 47-ci maddəsində məhkəmə iclasının təxirə salınması üçün nəzərdə tutulmuş hallar sırasında olmadığına görə təmin edilməmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu ərizəçilərin gəlməməsi səbəbindən müstəsna olaraq məhkəmə iclasını 2004-cü il aprelin 16-dan 28-nə keçirmişdir.

Məhkəmə iclasının keçirilməsinin vaxtı barədə əvvəlcədən yazılı xəbərdar edilmələrinə baxmayaraq ərizəçilərin iclasa gəlmədiklərini, habelə işin cavabverənin nümayəndəsinin iştirakı olmadan baxılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 30 mart 2004-cü il tarixli, 8m-512«a»/03 saylı məktubu nəzərə alınaraq konstitusiya işinə tərəflərin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim E.Məmmədovun məruzəsini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

M Ü Ə Y Y Ə N     E T D I:

E. Əlizadə və digərlərinin  ərizələrindən görünür ki, 04 aprel 2001-ci il tarixdə Bakı şəhərində «Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım» ictimai birliyi təsis olunmuş və 09 aprel 2001-ci il tarixdə təsisçilər müvafiq sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edərək həmin birliyin dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. Bundan 39 gün sonra, yəni 18 may 2001-ci il tarixdə birliyin Nizamnaməsində «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə zidd olaraq fəaliyyət ərazisi göstərilmədiyinə görə təsis sənədləri geri qaytarılmışdır.

Ərizələrdə həmçinin bildirilir ki, göstərilən Qanunun 6 və 13-cü maddələrində qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi ilə bağlı onun Nizamnaməsində ayrıca müddəa şəklində hər hansı bir xüsusi məlumatın göstərilməsi nəzərdə tutulmasa da, təsisçilər Ədliyyə Nazirliyinin tələbinə edərək  04 iyun 2001-ci il tarixdə sənədləri yenidən nazirliyə  təqdim etmişlər. Nazirlik bu dəfə təsis sənədlərini üç aydan artıq özündə saxlayaraq, 10 sentyabr 2001-ci il tarixdə adı çəkilən Qanunun 25.1-ci maddəsinə zidd olaraq birliyin Nizamnaməsində Nəzarət Təftiş Komissiyasının səlahiyyət müddəti göstərilmədiyinə görə həmin sənədləri bir daha təsisçilərə qaytarmışdır. İradı nəzərə alan təsisçilər müvafiq düzəliş edərək 02 oktyabr 2001-ci il tarixdə sənədləri üçüncü dəfə nazirliyə təqdim etmişlər. 279 gün sonra, yəni 05 iyul 2002-ci il tarixdə birliyin Nizamnaməsinin  sözü gedən Qanunun 10.3-cü maddəsinə uyğun olmaması  əsası ilə sənədlər yenidən təsisçilərə geri qaytarılmışdır. Bu çatışmazlıq da aradan götürülərək 29 iyul 2002-ci il tarixdə sənədlərin dördüncü dəfə Ədliyyə Nazirliyinə təqdim edilməsinə baxmayaraq ictimai birlik dövlət qeydiyyatına alınmamışdır.

Təsisçilər Ədliyyə Nazirliyinin «Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım» ictimai birliyini dövlət qeydiyyatına almaqdan yayındığını hesab edərək, dörd dəfə Yasamal rayon məhkəməsinə müxtəlif ərizələrlə müracət etmişlər. Müraciətlərdə onlar məhkəmədən birləşmək hüququnun həyata keçirilməsində və birliyin dövlət qeydiyyatına alınmasında vəzifəli şəxslər tərəfindən yaradılan maneələrin aradan götürülməsini, Ədliyyə Nazirliyinin hərəkətlərinin qanunsuz hesab olunmasını, onun üzərinə ictimai birliyin dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulmasını xahiş etmişlər. Bununla yanaşı, ictimai birliyin təsisçiləri ərizələrinin birində dəymiş mənəvi zərərin əvəzi kimi 25.000.000 manat məbləğində kompensasiya ödənilməsi haqqında qətnamə, digərində isə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi haqqında xüsusi qərar qəbul olunmasını tələb etmişlər.

2-1112/02 saylı (burada və bundan sonra işlərə birinci instansiya məhkəməsində verilən say nəzərdə tutulur) mülki işin materiallarından göründüyü kimi, 15 iyul 2002-ci il tarixdə N.Ramazanova, E.Zeynalov, Z.Qənbərova və E.Əlizadənin verdikləri ərizəyə baxan Yasamal rayon məhkəməsi iddiaçıların ictimai birliyin dövlət qeydiyyatına dair Ədliyyə Nazirliyinin 05 iyul 2002-ci il tarixli, 11/762 saylı qərarının qanunsuz hesab edilməsi və s. tələbləri əsassız olduğundan ərizənin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Bu qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (bundan sonra MİÜMK) 19 sentyabr 2002-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən, iddiaçıların apellyasiya şikayəti isə təmin olunmadan saxlanılmışdır. Sonuncu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 20 noyabr 2002-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

2-1423/02 saylı mülki işin materiallarından görünür ki, 05 sentyabr 2002-ci il tarixdə xüsusi iddia icraatı qaydasında N.Ramazanova, E.Zeynalov, Z.Qənbərova və E.Əlizadə tərəfindən verilmiş ərizəyə baxan Yasamal rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.1-ci maddəsinə istinadən həmin ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmışdır. Bu qərardad Apellyasiya Məhkəməsinin MİÜMK-nın 01 noyabr 2002-ci il tarixli qərardadı ilə, sonuncu qərardad isə Ali Məhkəmənin MİÜMK-nın 10 yanvar 2003-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

DO 4873/02 saylı mülki işin materiallarından göründüyü kimi, 18 dekabr 2002-ci il tarixdə Yasamal rayon məhkəməsi MPM-in 153.3-cü maddəsini rəhbər tutaraq Z.Qənbərova, E.Əlizadə, N.Ramazanova və E.Zeynalov tərəfindən verilmiş ərizənin qəbulundan imtina edilməsinə və iş üzrə ərizənin qaytarılması barədə qərardad çıxarmışdır. Bu qərardad Apellyasiya Məhkəməsinin MİÜMK-nın 05 mart 2003-cü il tarixli qərardadı ilə,  sonuncu qərardad isə Ali Məhkəmənin MİÜMK-nın 26 sentyabr 2003-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

DO-247/03 saylı mülki işin materiallarından məlum olur ki, 26 fevral 2003-cü il tarixdə N.Ramazanova və E.Əlizadənin ərizəsinə baxan Yasamal rayon məhkəməsi öz qərardadı ilə yenə də MPM-in 153.3-cü maddəsini rəhbər tutaraq iddianın qəbul olunmasından imtina etmişdir. Bu qərardad Apellyasiya Məhkəməsinin MİÜMK-nın 30 may 2003-cü il tarixli qərardadı ilə, sonuncu qərardad isə Ali Məhkəmənin MİÜMK-nın 03 sentyabr 2003-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

E.Əlizadə və digər iddiaçıların göstərilən dörd mülki iş üzrə əlavə kassasiya qaydasında verilmiş şikayətlərinə Ali Məhkəmənin Plenumunda baxılması üçün əsasların olmaması barədə cavablar göndərilmişdir.

E.M.Əlizadə və digərləri Konstitusiya Məhkəməsinə şikayətlər verərək  «Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım» ictimai birliyinin dövlət qeydiyyatına alınmaması ilə bağlı pozulmuş hüquqlarının bərpasını xahiş etmişlər.

Konstitusiyanın 127-ci maddəsinin X hissəsinin müddəaları nəzərə alınaraq baxılan işin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və ana dilində çıxış etmək hüquqlarını təmin etmək şərti ilə Konstitusiya Məhkəməsində həyata keçirilən icraat Azərbaycan Respublikasının dövlət dilində aparılır. Konstitusiyanın 130-cu maddəsinin V hissəsi Konstitusiya Məhkəməsinə məhkəmə aktlarından şikayət vermək hüququnu yalnız ümumi yurisdiksiyalı məhkəmələrin aktlarına münasibətdə nəzərdə tutur. Bu səbəblərə görə E.Əlizadə və digərlərinin şikayətinin Konstitusiya Məhkəməsinin hərəkətlərinin Konstitusiyanın 21 (dövlət dili) və 45-ci (ana dilindən istifadə etmək hüququ) maddələrinin müddəalarına uyğun olub-olmamasının yoxlanılmasına dair hissəsi konstitusiya məhkəmə icraatının predmeti deyildir.

Məhz buna görə, Konstitusiya Məhkəməsi palatasının 23 fevral 2004-cü il tarixli qərardadı ilə E.Əlizadə və digərlərinin şikayətinin Yasamal rayon məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qəbul olunmuş məhkəmə aktlarının Konstitusiyanın 58, 60 və 71-ci maddələrinin müddəalarına uyğunluğunun yoxlanılmasına dair hissəsi Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya işinə aid məsələlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Birləşmək hüququ insanın əsas və ayrılmaz hüququdur. Konstitusiyanın 58-ci maddəsində təsbit olunmuş bu hüquq hər kəsin ictimai birlik yaratmaq, bu birliyə sərbəst daxil olmaq (və ya olmamaq) və ondan çıxmaq hüququnu özündə əks etdirir.

Birləşmək konstitusiya hüququ beynəlxalq-hüquqi aktların, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin (20-ci maddə), Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (22-ci maddə), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (11-ci maddə) assosiasiya azadlığı hüququ ilə uyğunluq təşkil edir.

Konstitusiyanın 58-ci maddəsi birləşmək hüququnu bəyan etməklə yanaşı ictimai birliklərin sərbəst fəaliyyətinə təminat verir. Bu təminat birliklərin təşkilatdaxili fəaliyyət sərbəstliyini də əhatə edir (birliklərin öz nizamnamələrini sərbəst qəbul etmək hüququ, rəhbər orqanlarını sərbəst seçmək hüququ, öz mülkiyyətini müstəqil idarə etmək hüququ, fəaliyyət proqramını müəyyən etmək və həyata keçirmək hüququ və s.).

Eyni zamanda nəzərə alınmalıdır ki, birləşmək hüququ mütləq deyil və onun həyata keçirilməsinə müəyyən məhdudiyyətlər qoyula bilər. Lakin beynəlxalq-hüquqi aktlarda həmin hüququn məhdudlaşdırılmasına yalnız o hallarda yol verilir ki, bu qanunla müəyyən edilsin, demokratik cəmiyyətdə zəruri olsun, yüksək ictimai zərurətə cavab versin və qanunun məqsədlərinə müvafiq olsun.

Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsinin 2-ci bəndinə əsasən bu hüququn həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

Avropa İnsan Hüquqları Məhkəməsinin ""Sidiropulos və digərləri Yunanıstana qarşı"" işi üzrə 10 iyul 1998-ci il tarixli qərarında məhkəmənin bu məsələyə dair hüquqi mövqeyi aşağıdakı kimi ifadə olunub: ""Konvensiyanın 11-ci maddəsinin mətni yalnız həmkarlar ittifaqları yaratmaq hüququ barədə xatırlatma ilə məhdudlaşsa belə, birliklər yaratmaq hüququ həmin maddədə bəyan edilmiş hüququn ayrılmaz tərkib hissəsidir. Vətəndaşların öz maraqları dairəsində birgə fəaliyyət göstərmək üçün hüquqi şəxs yaratmaq imkanı ictimai birliklər azadlığı hüququnun kifayət qədər vacib aspektidir, bunsuz göstərilən hüquq öz mənasını itirir. Milli qanunvericilik tərəfindən bu hüququn təsbit edilmə üsulu və hakimiyyətin praktiki fəaliyyətində onun tətbiqi sözü gedən ölkədə demokratiyanın göstəricisidir. Sözsüz ki, dövlətlər birliyin məqsədlərinin və fəaliyyətinin qanunvericilik normalarına uyğunluğuna nəzarət etmək hüququna malikdirlər, lakin onlar bu hüquqdan Konvensiya üzrə öhdəliklərinə zidd olmayan üsullarla istifadə etməlidirlər"".

Ölkəmizdə birləşmək hüququnun məhdudlaşdırılması halları Konstitusiya və digər qanunlarda nəzərdə tutulur. 

Belə ki, digər insan hüquq və azadlıqları ilə yanaşı bu hüququn da həyata keçirilməsi Konstitusiyanın 71-ci maddəsinin III hissəsinə əsasən müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər.  Bununla bağlı Azərbaycan Respublikasının qanunvericilik aktlarında, o cümlədən ""Fövqəladə vəziyyət haqqında"" Qanunun 17-ci maddəsinin 8-ci bəndində, ""Hərbi vəziyyət haqqında"" Qanunun 11-ci maddəsinin 11-ci bəndində müvafiq müddəalar müəyyən olunmuşdur.

«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən birləşmək hüququ dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, cinayətin qarşısının alınması məqsədi ilə, həmçinin iğtişaşların qarşısının alınması üçün, ictimai təhlükəsizliyin qorunması üçün məhdudlaşdırıla bilər.

Qeyd olunmalıdır ki, mövcud qanunvericiliyə görə ictimai birliklər dövlət və ya yerli özünüidarə orqanlarının ilkin icazəsi (razılığı) olmadan vətəndaşlar (və ya digər şəxslər) tərəfindən yaradıla bilər. Onların dövlət qeydiyyatı yaradıldıqdan sonra həyata keçirilir.

09 aprel 2001-ci il tarixdə (təsisçilərin «Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım» ictimai birliyinin sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdiyi vaxtda)  qüvvədə olmuş ""Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında"" Qanunun 4-cü maddəsinə əsasən belə qeydiyyatın bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi ədliyyə orqanlarına həvalə olunmuşdur. Tərəflərin münasibətlərinə şamil olunan həmin Qanunun 9-cu maddəsi nəzərdə tuturdu ki, qeydiyyat üçün müraciət edildikdə ədliyyə orqanının səlahiyyətləri: sənədləri baxılmaq üçün qəbul etməkdən; dövlət qeydiyyatı üçün müraciət edənə 10 gün müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına alınmaqdan imtina barədə yazılı məlumat verməkdən; dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə yol verilmiş çatışmazlıqlar aradan qaldırıldıqda həmin sənədləri baxılmaq üçün qəbul etməkdən və dövlət qeydiyyatına almaq barədə 5 gün müddətində qərar qəbul etməkdən ibarətdir.

""Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında"" Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Bu Qanunun 17.1-ci maddəsinə müvafiq olaraq qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız həmin ad altında digər qeyri-hökumət təşkilatı mövcud olduqda və ya dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına zidd olduqda və ya sənədlərdə yanlış məlumatlar olduqda imtina edilə bilər.

Özü-özlüyündə dövlət qeydiyyatı və onunla bağlı qanunda nəzərdə tutulmuş bir sıra formal tələblərə əməl edilməsi zərurəti ictimai birlik yaratmaq sərbəstliyinə məhdudiyyət qoyulması kimi qiymətləndirilə bilməz. Lakin dövlət qeydiyyatının olmaması birliyin hüquqi şəxsə malik hüquqları əldə etməməsi nəticəsini doğurur və bu zaman onun hüquq subyektliyi məsələsi ortaya çıxa bilər. Bu mənada, birliyin dövlət qeydiyyatına alınmaması təsisçilərin birləşmək hüququnun pozulmasının mübahisələndirilməsinə səbəb ola bilər. Belə olan halda, bu şəxslər dövlət qeydiyyatına alınmaqdan imtina qərarından məhkəməyə şikayət vermək hüququndan istifadə edərək  qeydiyyata alınmamış birliyin fəaliyyətini davam etdirə bilərlər.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi ilə qeyd edir ki, məhkəməyə daxil olmuş hər bir ərizə üzrə müvafiq növ məhkəmə icraatının qaydalarını nəzərdə tutan mövcud qanunvericiliyin tələblərinə əsasən zəruri hərəkətlər edilməli və lazımi qərarlar qəbul olunmalıdır. Bu zaman ilk növbədə Azərbaycan Respublikası ərazisində ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın müddəaları, o cümlədən insan hüquq və azadlıqlarının konstitusiya təminatları diqqət mərkəzində saxlanmalıdır.

Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləməyin və qorumağın  qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğunu müəyyən edən göstəriş Konstitusiyanın 71-ci maddəsinin I hissəsində nəzərdə tutulmuşdur. Bu, eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının mühüm konstitusiya təminatlarından biridir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki,  Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bununla da Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsi hesab olunan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) tələblərinin məhkəmə icraatında nəzərə alınması  yalnız müsbət nəticə verə bilər.

Hər bir başqa iş üzrə olduğu kimi «Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım» ictimai birliyinin dövlət qeydiyyatına alınmaması ilə bağlı təsisçilərin Ədliyyə Nazirliyinin qeyri-qanuni hərəkətləri barədə ərizələri üzrə mübahisənin həlli üçün də yuxarıda göstərilmiş qeydlərin nəzərə alınması, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi mühüm əhəmiyyətə malikdir.

İctimai birliyin dövlət qeydiyyatına alınmaması ilə bağlı mübahisənin həlli üçün MPM-in xüsusi iddia icraatına həsr olunmuş 27-ci fəslinin müddəaları və digər ümumi normalar əsas götürülməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 14.1 və 88-ci maddələri). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in  217.1 və 217.3-cü maddələri).

Məhkəmə icraatında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür (MPM-in 287-ci maddəsi). Məhkəmə isə şəxsin hüquq və azadlıqlarının pozulması, onların həyata keçirilməsinə maneçilik yaranması, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulması və ya onun qanunsuz olaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı halların mövcud olub-olmadığını müəyyənləşdirməlidir (MPM-in 297.1-ci maddəsi).

«Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım» ictimai birliyinin dövlət qeydiyyatına alınmamasına dair ərizə ilə bağlı MPM-in 297.1-ci maddəsində nəzərdə tutulmuş üç haldan hər hansı birinin olub-olmamasını  müəyyən etmək məqsədi ilə iddiaçının tələblərini əsaslandırmaq və cavabdehin mövqeyini müdafiə etmək üçün istifadə olunmuş sübutlar məhkəmələr tərəfindən tədqiq olunaraq hüquqi cəhətdən qiymətləndirilməli idi.  Bu zaman birləşmək hüququna təminat verən, bu hüququn qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırılmasına imkan verən normativ aktlara, ictimai birliklərin dövlət qeydiyyatını tənzimləyən qanunvericilik normalarına istinadən  dövlət qeydiyyatını həyata keçirən vəzifəli şəxslərin hərəkətlərinə (hərəkətsizliklərinə) də qiymət verilməli idi.

2-1112/02 saylı mülki iş üzrə iddiaçıların ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə Yasamal rayon məhkəməsinin 15 iyul 2002-ci il tarixli qətnaməsi işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılması və tərəflərin sübutlarının qiymətləndirilməsi ilə bağlı məhkəmənin üzərinə düşən vəzifələr yerinə yetirilmədən çıxarılmışdır. Bu hal MPM-in yuxarıda göstərilmiş 14.1, 88, 217.1, 217.3, 287 və 297.1-ci maddələrinin müddəaları ilə uzlaşmır. 

İşə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə  kimi,  işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamaq səlahiyyətinə malikdir (MPM-in 372.1-ci və 372.7-ci maddələri).

Apellyasiya instansiyası məhkəməsi: məhkəmə qətnaməsini dəyişmədən saxlaya bilər; onu tamamilə və ya qismən ləğv edə və yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə, onu tamamilə və  ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər (MPM-in 384-cü maddəsi). Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olaraq: maddi  hüquq normalarının və ya  prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin; məhkəmənin  gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasının; birinci  instansiya  məhkəməsi  tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinin; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinin müəyyən edilməsi zəruridir (MPM-in 385.1-ci maddəsi).

Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 372.1, 372.7, 384 və 385.1-ci maddələrini düzgün tətbiq etməməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş, qanunun tələblərinə cavab verməyən  qətnaməni qüvvədə saxlamış və bununla da prosessual hüquq normalarını pozmuşdur.

Kassasiya instansiyası məhkəməsi öz növbəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416-cı maddəsi). Bu zaman işin mahiyyəti üzrə yeni məhkəmə aktının qəbulu istisna olmaqla mübahisənin düzgün həlli üçün kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri MPM-in 417-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri kimi kifayət qədər genişdir.

Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq  olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Eyni zamanda, prosessual  hüquq normalarının  pozulması və ya düzgün tətbiq olunmaması düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnərsə və ya nəticələnə bilərsə, bu, qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün  əsas  olur (MPM-in 418.1 və 418.3-cü maddələri).

MPM-in 416, 417, 418.1 və 418.3-cü maddələrinin müddəalarına baxmayaraq, kassasiya instansiya məhkəməsi onları tətbiq etməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq  qanunla üzərinə düşən vəzifələri yerinə yetirməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin «Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsinə yardım» ictimai birliyinin dövlət qeydiyyatına alınmaması ilə bağlı eyni  iddiaçılar tərəfindən 2-1112/02 saylı mülki işdən  kənar verilmiş müxtəlif ərizələr üzrə qəbul edilmiş digər məhkəmə aktları ilə əlaqədar  aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

2-1423/02 saylı mülki işin materiallarından göründüyü kimi həmin məhkəmə aktlarından bir hissəsi MPM-in 259.0.1-ci maddəsinin müddəalarına əsaslanmaqla çıxarılmışdır. Lakin bu normanın (məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır) müvafiq orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlərə heç bir aidiyyəti yoxdur. Həmin məhkəmə səhvi yenə də MPM-in 372.1, 372.7, 384, 385.1, 416, 417, 418.1 və 418.3-cü maddələrinin tələblərinə baxmayaraq yuxarı məhkəmə instansiyalarının diqqətindən kənarda qalmışdır.

DO 4873/02 və DO-247/03 saylı mülki işlərin materiallarından məlum olur ki, bu dəfə məhkəmələr MPM-in 153.3-cü maddəsini rəhbər tutaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair  2-1112/02 və 2-1423/02 saylı mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından yuxarı məhkəmə instansiyalarına şikayət vermək imkanları tükənmədiyi üçün iddianın yolverilməzliyinə görə onu qəbul etməkdən imtina barədə məhkəmə aktları çıxarmışlar (əslində isə bu hal MPM-in 153.2.4-cü maddəsində nəzərdə tutulur).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən: 2-1112/02 saylı mülki iş üzrə MPM-in 14.1, 88, 217.1, 217.3, 287, 297.1, 372.1, 372.7, 384, 385.1, 416, 417, 418.1 və 418.3-cü maddələrinin tələblərinə riayət edilməməsi; 2-1423/02 saylı mülki işin materialları üzrə MPM-in tətbiq olunmamalı 259.0.1-ci maddəsinin tətbiq olunması, habelə MPM-in 372.1, 372.7, 384, 385.1, 416, 417, 418.1 və 418.3-cü maddələrinin tələblərinə riayət edilməməsi; DO 4873/02 və DO-247/03 saylı mülki işlərin materialları üzrə qəbul edilmiş məhkəmə aktlarında 2-1112/02 və 2-1423/02 saylı mülki işlər üzrə qanunvericiliyin tələblərini yerinə yetirmədən çıxarılmış məhkəmə aktlarına istinad olunması ərizəçilərin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırır və Konstitusiyanın 71-ci maddəsinin I hissəsi ilə müəyyən edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının gözlənilməsinin və qorunmasının konstitusiya təminatını pozur.

Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

1)        N. Ramazanova, E.Əlizadə və digərlərinin ərizələrinə dair 2-1112/02 saylı mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 20 noyabr 2002-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, MPM-in  416, 417, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir. Bu iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə aktları Konstitusiyanın 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, habelə müvafiq olaraq MPM-in 14.1, 88, 217.1, 217.3, 287, 297.1, 372.1, 372.7, 384 və 385.1-ci maddələrinə uyğun olmayan hesab edilməlidir;

2)        N. Ramazanova, E.Əlizadə və digərlərinin ərizələrinə dair  2-1423/02 saylı mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 10 yanvar 2003-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, MPM-in  416, 417, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir. Bu iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə aktları Konstitusiyanın 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, habelə müvafiq olaraq MPM-in 259.0.1, 372.1, 372.7, 384 və 385.1-ci maddələrinə uyğun olmayan hesab edilməlidir;

3)      N. Ramazanova, E.Əlizadə və digərlərinin ərizələrinə dair DO 4873/02 və DO-247/03 saylı mülki işlərin materialları üzrə Ali Məhkəmənin MİÜMK-nın müvafiq olaraq 26 sentyabr 2003-cü il və 03 sentyabr 2003-cü il tarixli qərarları Konstitusiyanın 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməlidir. Bu işlərin materialları üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin aktları (2-1112/02 və 2-1423/02 saylı mülki işlər üzrə qanunvericiliyin tələblərini yerinə yetirmədən çıxarılmış məhkəmə aktlarına istinadla qəbul edildiyi üçün) Konstitusiyanın 60-cı maddəsinə və 71-ci maddəsinin I hissəsinə uyğun olmayan hesab edilməlidir;

4)  2-1112/02 və 2-1423/02 saylı mülki işlər üzrə, habelə DO 4873/02 və DO-247/03 saylı mülki işlərin materialları üzrə qəbul edilmiş məhkəmə aktları icra olunmamalı və onlara qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır. Məhkəmə aktlarına yenidən baxılması zamanı ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən ərizəçilərin Konstitusiyanın 58-ci maddəsi ilə nəzərdə tutulmuş birləşmək hüququnun pozulub-pozulmamasına dair mübahisənin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı və məhkəmə aktlarında tərəflərin sübutlarına tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX  və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A    A L D I:

1. N. Ramazanova, E.Əlizadə və digərlərinin ərizələrinə dair 2-1112/02 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 20 noyabr 2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  416, 417, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

Bu iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə aktları Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, habelə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 217.1, 217.3, 287, 297.1, 372.1, 372.7, 384 və 385.1-ci maddələrinə uyğun olmayan hesab edilsin;

 2. N. Ramazanova, E.Əlizadə və digərlərinin ərizələrinə dair  2-1423/02 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 10 yanvar 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

Bu iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə aktları Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə, habelə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 372.1, 372.7, 384 və 385.1-ci maddələrinə uyğun olmayan hesab edilsin;

3. N. Ramazanova, E.Əlizadə və digərlərinin ərizələrinə dair DO 4873/02 və DO-247/03 saylı mülki işlərin materialları üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın müvafiq olaraq 26 sentyabr 2003-cü il və 03 sentyabr 2003-cü il tarixli qərarları Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin I hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

Bu işlərin materialları üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin aktları (2-1112/02 və 2-1423/02 saylı mülki işlər üzrə qanunvericiliyin tələblərini yerinə yetirmədən çıxarılmış məhkəmə aktlarına istinadla qəbul edildiyi üçün) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və 71-ci maddəsinin I hissəsinə uyğun olmayan hesab edilsin;

4. 2-1112/02 və 2-1423/02 saylı mülki işlər üzrə, habelə DO 4873/02 və DO-247/03 saylı mülki işlərin materialları üzrə qəbul edilmiş məhkəmə aktları icra olunmasın və onlara qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılsın.

5. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

6. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

7.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                      Fərhad Abdullayev