Qərarlar

06.01.04 «Azərbaycan Respublikasının CPM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» AR Qanununun 7-ci maddəsinin 2 və 3-cü abzaslarının müddəalarının

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

QƏRARI

«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında»

Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2 və 3-cü abzaslarının müddəalarının şərh edilməsi haqqında

06 yanvar 2004-cü il                                                                       Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F.Abdullayev (Sədr), hakimlər F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

maraqlı subyektlərin qanuni nümayəndələri Kəpəz rayon məhkəməsinin sədri H.İsmayılov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdirinin müavini S.Kərimovun,

ekspert «Azərbaycan» Univerisetinin cinayət hüququ və cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri nəmizədi A.Yusubovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2 və 3-cü abzaslarının müddəalarının şərh edilməsi barədə Kəpəz rayon məhkəməsinin 2003-cü il 28 noyabr tarixli, 1-19 saylı müraciəti ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstiusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri H.İsmayılov və S.Kərimovun çıxışlarını, ekspert A.Yusubovun rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

MÜƏYYƏN  ETDİ:

«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci abzasında göstərilir ki, bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərarlar 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətlər daxilində qüvvədə saxlanılır.

Həmin maddənin 3-cü abzasında isə müəyyən edilir ki, bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin istintaq aidiyyətinə dair müddəalarına uyğun olaraq ibtidai istintaq aparan orqan həmin cinayət işi üzrə ibtidai istintaqı yeni Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) müddəalarını nəzərə alaraq aparır.

Yuxarıda göstərilən müddəaların tətbiqi zamanı yeni Cinayət-Prosessual Məcəlləsi (CPM) qüvvəyə minənədək qəbul edilmiş həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərarların qüvvəsinə dair mübahisələrin yaranması ilə bağlı Kəpəz rayon məhkəməsi bu müddəaların şərh edilməsi xahişi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiya işin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq olunmuş «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcələsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin, 7-ci maddəsinin 2-4-cü abzaslarının, habelə CPM-nin 4.1, 12.1, 12.4, 14.2, 14.3, 156.2-ci maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.

Konstitusiya Məhkəməsi müraciətlə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycanda aparılan məhkəmə – hüquq islahatları çərçivəsində yeni CPM-nin qəbul edilməsi ilə cinayət təqibi və cinayət məhkəmə icraatı artıq yeni qaydalar üzrə həyata keçirilir. Bu qaydaların müəyyənləşdirilməsində insan hüquq və azadlıqlarına əməl edilməsi və onların müdafiəsinin konstitusiya təminatlarının təmin edilməsi mühüm yer tutur.

Cinayət prosesində edilmiş mühüm dəyişikliklərdən biri yeni həbs prosedurlarının müəyyən olunmasıdır. Hər hansı bir şəxsin həbsə alınmasına məhkəmə tərəfindən razılıq verilməsini ehtiva edən bu yenilik azadlıq hüququnun təmin edilməsi ilə əlaqədar bəşəriyyətin uzun inkişaf prosesi nəticəsində yaranan dünya hüquq mədəniyyətindən irəli gəlir.

Azadlıq hüququ doğulduğu andan hər bir insanın təbii və ayrılmaz hüququdur. O, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq – hüquqi aktlarda nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının sırasındadır (Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsi).

Həmin aktlar azadlıq hüququnu nəinki bəyan edir, həm də bu hüququn təmin edilməsi üçün müəyyən təminatlar nəzərdə tuturlar. Beləki, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində göstərilir ki, heç kəs zorla həbs və ya dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafiq prosedurlara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası da hər kəsin azadlıq hüququnun olduğunu müəyyən edir. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər (28-ci maddənin I və II hissələri).

Azadlıq hüququ ilə bağlı, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin, 12-ci maddəsinin I və II hissələrinin, 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin I, II, VI və VII hissələrinin müddəaları da nəzərə alınmalıdır. Bu müddəalar insan hüquq və azadlıqlarının: toxunulmaz, pozulmaz və ayrılmaz olduğunu; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməli olduğunu; təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilən bu hüquqları gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğunu; onların həyata keçirilməsinin məhdudlaşdırılmasının yolverilməzliyini; Azərbaycan Respublikasının ərazisində birbaşa qüvvədə olduğunu; pozulması ilə əlaqədar mübahisələrin məhkəmələr tərəfindən həll edildiyini və nəhayət, məhkəmə müdafiəsinə təminat verildiyini müəyyənləşdirir.

İnsan hüquq və azadlıqlarına dair konstitusiya müddəalarını təkrarlayaraq yeni CPM azadlıq hüququna münasibətdə həmçinin müəyyən edir ki, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Şəxsin həbsdə saxlanılmasına, habelə tibb və ya tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsinə yalnız məhkəmə qərarı əsasında yol verilir (CPM-nin 14.2 və 14.3-cü maddələri).

Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər (CPM-nin 12.1 və 12.4-cü maddələri).

CPM-nin 156.2-ci maddəsinə görə həbs müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, həbelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər.

Yeni CPM-də azadlıq hüququna edilən məhdudiyyətlərin həddinin müəyyənləşdirilməsi üçün həmçinin şəxsi toxunulmazlıq hüququ, bərabərlik hüququ, mənzil toxunulmazlıqı hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ, müraciət etmək hüququ, hüquqi yardım almaq hüququ, təqsirsizlik prezumpsiyası, hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ kimi insan hüquq və azadlıqlarına aid olan konstitusiya normaları da nəzərə alınmışdır.

Yeni CPM-nin müddəalarına müvafiq olaraq cinayət prosesində şəxsin hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması ilə bağlı olan bütün məsələlər, o cümlədən həbsin tətbiqi və həbsdə saxlanılma ilə bağlı məsələlər məhkəmə nəzarəti qaydasında həll olunur.

Məhkəmə nəzarəti bu və ya digər ölçüdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinin bütün formalarında mövcuddur. Lakin onun ibtidai istintaq mərhələsində həyata keçirilməsi xüsusi səciyyəyə malikdir. O nəinki cinayət təqibi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) və ya qərarlarından (o cümlədən bəzi qətimkan tədbirləri ilə bağlı qərarlardan) verilən şikayətlərə baxılması, həmçinin vətəndaşların konstitusiya hüquq və azadlıqlarını məhdudlaşdıran prosessual məcburiyyət tədbirlərinin tətbiqi və ya məcburi istintaq hərəkətlərinin, yaxud əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin razılaşdırılması formalarında həyata keçirilir.

Məhkəmə nəzarəti ideyasının mahiyyəti əsasən aşağıdakılardan ibarətdir: 1) ibtidai istintaq mərhələsində insan hüquq və azadlıqlarının (o cümlədən azadlıq hüququnun) məhdudlaşdırılması zamanı qanunçuluğa nəzarət cinayət prosesində tərəflərdən asılı olmayan hakimiyyət orqanı kimi məhz məhkəmə tərəfindən həyata keçirilməsi; 2) cinayət prosesində dövlət orqanlarının funksiyaları dəqiq bölüşdürülməsi (cinayət təqibi orqanı cinayətlərin ibtidai araşdırmasını aparır və zərurət yarandıqda təqsirləndirilən şəxsin həbs edilməsi məsələsinə dair təşəbbüslə çıxış edir, məhkəmə isə müəyyən edilmiş proseduraya müvafiq olaraq hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxır və ibtidai istintaqın gedişində insan hüquq və azadlıqlarının (o cümlədən azadlıq hüququnun) məhdudlaşdırılmasına dair qərar çıxarır; 3) konstitusiya hüquq və azadlıqlarının (o cümlədən azadlıq hüququnun) məhdudlaşdırılması təhlükəsinə məruz qalan hər kəs məhkəmə müdafiəsi hüququndan tez və tam istifadə etmək hüququ təmin edilməsi.

Azadlığın hər cür məhdudlaşdırılmasının hakim nəzarətinə verilməsi şəxsin azadlığını əsassız qəsdlərdən qorumağa yönəlmişdir və bunun qarşısının alınmasının əhəmiyyətli elementlərindən biridir. Məhkəmə nəzarəti ibtidai istinintaqın gedişində istənilən şəxsin özbaşınalıqdan müdafisinin, ədalət mühakiməsinin səmərəliliyinin və ona olan inamın artırılmasının mühüm təminatıdır.

Həbslə bağlı məhkəmənin qərarı təqsirləndirilən və ya cinayətin törədilməsində şübhə edilən şəxsin qeyri-müəyyən vəziyyətinə hədd müəyyən edir. Bu, nəinki həmin şəxs üçün, həm də “hüquqi müəyyənlik” anlayışı nöqteyi-nəzərindən olduqca vacibdir.

Təsadüfi deyil ki, yeni CPM-də qanunverici nəinki qətimkan tədbirinin anlayışını və növlərini, eləcə də onların tətbiqi əsaslarını, seçilməsinin şərtlərini və ümumi qaydasını, həbs qismində qətimkan tətbirinin tətbiq edilməsinin şərtlərini və qaydasını, həbsdə saxlama müddətlərini, bu müddətlərin uzadılmasının şərtləri və qaydasını da ətraflı tənzimləmişdir (CPM-nin 154-159-cu maddələri).

Konstitusiya Məhkəməsi həbsəalma və həbsdə saxlanılma ilə əlaqədar yeni cinayət-prosessual prosedurların düzgün anlaşılmasının, habelə onlara ciddi və şərtsiz əməl edilməsinin mühümlüyünü xüsusilə qeyd edir.

«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəalar istisna olmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları 2000-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Beləliklə, göstərilən Qanuna görə andlı iclasçılara, habelə zərərçəkmiş şəxsə kompensasiya verilməsinə dair müddəalardan başqa, bütün yeni Cinayət-prosessual qaydalar, o cümlədən həbsəalma və həbsdə saxlama ilə bağlı məhkəmə proseduraları 2000-ci il sentyabrın 1-dən etibarən qüvvədədir.

Bununla yanaşı, təcrübədə məhkəmə, prokurorluq və istintaq orqanlarının tədricən yeni CPM-nin tələblərinin təmin edilməsinin zəruriliyini nəzərə alan iş şəraitinə keçməsi üçün göstərilən Qanunda bir sıra keçid müddəaları müəyyən olunmuşdur.

Belə ki, göstərilən Qanunun 7-ci maddəsinin 2-ci abzasına müvafiq olaraq bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərarlar 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətlər daxilində qüvvədə saxlanılır.

Həmin keçid müddəasından göründüyü kimi o, həbsin tətbiq edilməsinə məhkəmə nəzarəti haqqında yeni CPM-nin müəyyən etdiyi ümumi Cinayət-prosessual qaydalardan istisna təşkil edir. Qanunverici bu istisnanı yalnız yeni CPM qüvvəyə minənədək başlanmış işlər üzrə prokuror və müstəntiq tərəfindən qəbul edilmiş həbs haqqında qərarlara münasibətdə müəyyən etmişdir. Bu müddəa muvəqqəti xarakter daşıyır, çünki həbs haqqında qabaqcadan qəbul edilmiş qərarlar yalnız əvvəlki CPM-nin müddətləri həddində qüvvədədirlər.

Bu keçid müddəasının məqsədi məhkəmə-hüquq sisteminin işində hüquq ardıcıllığını təmin etmək və yeni CPM qəbul edildikdən sonra onun qüvvəyə minməsinədək başlanmış cinayət işləri üzrə prokurorluq və istintaq orqanları tərəfindən əvvəlki CPM-nin tələblərinə əsasən seçilmiş bütün həbs qərarlarına yenidən baxmamaqdan ibarətdir.

Bunula yanaşı, həmin qərarların hansı hissədə və hansı müddətlər daxilində qüvvədə olduğunu aydınlaşdırmaq üçün göstərilən Qanunun 7-ci maddəsinin digər keçid müddəaları təhlil edilməlidir.

Belə ki, göstərilən Qanunun 7-ci maddəsinin 3-cü abzasına görə bu Məcəllə qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin istintaq adiyyətinə dair müddəalarına uyğun olaraq ibtidai istintaq aparan orqan həmin cinayət işi üzrə ibtidai istintaqı yeni Cinayət-Prosessual Məcəlləsinin müddəalarını nəzərə alaraq aparır.

Bu sonuncu keçid müddəasından göründüyü kimi yeni CPM-nin qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədi ilə Qanun istintaqı aparan orqanların qarşısına istintaqı əvvəlki CPM-də nəzərdə tutulan istintaq adiyyətinə dair qaydalara uyğun olaraq davam etdirmək, ibtidai istintaqı yeni CPM-nin müddəalarını nəzərə almaqla aparmaq vəzifəsini qoyur.

Beləliklə, Qanun bir tərəfdən məhkəmədənkənar qaydada qabaqcadan qəbul edilmiş həbs qərarlarının qüvvəsinin müvəqqəti davam etməsinə dair keçid müddəasını müəyyənləşdirmiş, lakin digər tərəfdən ibtidai istintaq orqanlarının qarşısında istintaqı yeni CPM-nin müddəalarını nəzərə almaqla aparmasına dair vəzifə qoymuşdur.

Bunların düzgün başa düşülməsi üçün göstərilən Qanunun 7-ci maddəsinin 4-cü abzasının müddəasını da nəzərə almaq vacibdir. Həmin müddəa birbaşa göstərir ki, bu Məcəllə qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan cinayət işləri üzrə həmin Məcəllə qüvvəyə minənədək aparılmış istintaq və digər prosessual hərəkətlərin qanuniliyi və əsaslılığı 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi müddəalarının tələbləri daxilində müəyyən olunur.

Buradan belə nəticə çıxarılmalıdır ki, yeni CPM qüvvəyə mindikdən sonra bu Məcəllə qüvvəyə minənədək aparılmış istintaq və digər prosessual hərəkətlərin qanuniliyi və əsaslılığı əvvəlki CPM-nin tələbləri daxilində müəyyən olunur. Bu istisna yalnız yeni CPM qüvvəyə minənədək ibtidai istintaq orqanları tərəfindən aparılmış bütün prosessual hərəkətlərin qanuniliyinin və əsaslılığının müəyyənləşdirilməsinə aiddir. Bundan sonra isə aparılmış prosessual hərəkətlərin qanuniliyi və əsaslılığı artıq yeni CPM müddəaları əsasında dəyərləndirilməlidir.

Bunula bağlı nəzərə almaq lazımdır ki, yeni CPM-nin 4.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

Odur ki, göstərilən Qanunun 7-ci maddəsinin 2-ci abzasındakı həbs qismində qətimkan tədbiri seçilməsi haqqında qərarların qüvvəsinin əvvəlki CPM ilə müəyyən edilmiş müddətlər həddində saxlanılmasına dair müddəa həm bu maddənin 3 və 4-cü abzaslarındakı müddəalarla, həm də yeni CPM-nin 4.1-ci maddəsinin müddəası ilə ziddiyyət təşkil etməməlidir.

Həmçinin nəzərə almaq vacibdir ki, 92-ci maddədə nəzərdə tutulmuş həbsdə saxlanılma müddətlərindən başqa əvvəlki CPM həbs qismində qətimkan tədbiri seçilməsi haqqında qərarın qüvvəsinə aid hər hansı konkret müddətlər müəyyən etmirdi. Həmin CPM-nin 98-ci maddəsinin müddəasına əsasən isə prosessual müddətlərin, o cümlədən də həbs müddətlərinin günlərlə hesablanması müvafiq prosessual hərəkət aparıldığı gündən etibarən başlanaraq hesablanmalı idi. Bu baxımdan həbs müddəti şəxsin tutulduğu və həbsə alındığı gündən etibarən hesablanmalıdır.

Yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsi hesab edir ki, göstərilən Qanunun 7-ci maddəsinin 2-ci abzasının müddəası yeni CPM qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə, həmin anadək tutulmuş və həbsdə saxlanılmış şəxs barəsində olan həbs qismində qətimkan tətbiri seçilməsi haqqında qərarlara dair, əvvəlki CPM-nin 92-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlama müddətləri həddində tətbiq olunmalıdır.

Yeni CPM qüvvəyə mindiyi günədək prokurorluq və istintaq orqanları tərəfindən qəbul edilmiş həbs qismində qətimkan tətbirinin seçilməsi haqqında digər qərarların qüvvəsinin saxlanılması göstərilən Qanunun 7-ci maddəsinin 2-ci abzasının keçid müddəasının predmeti ola bilməz və belə qərarların qüvvədə saxlanılması Azərbaycan Respublikası Konstitusiyasının hüquqi mövqelərinə ziddir.

Məhkəmədənkənar azadlığın hər hansı formada məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən 12-ci maddəsinin, 60-cı maddəsinin I hissəsinin, 71-ci maddəsinin I, II, VI, VII hissələrinin və digər maddələrinin müddəaları ilə uzlaşır və belə hal insan hüquq və azadlıqlarının konstitusiya təminatlarının pozulması kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

QƏRARA  ALDI:

1. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci abzasının müddəası yeni CPM qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə, həmin anadək tutulmuş və həbsdə saxlanılmış şəxs barəsində olan həbs qismində qətimkan tətbiri seçilməsi haqqında qərarlara dair, əvvəlki CPM-nin 92-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlama müddətləri həddində tətbiq olunmalıdır.

2. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü abzasının müddəası yeni CPM qüvvəyə minənədək başlanmış cinayət işləri üzrə ibtidai istintaqı hərtərəfli, tam, obyektiv və vaxtında qurtarmaq məqsədi ilə istintaqın əvvəlki CPM-də nəzərdə tutulan istintaq aidiyyətinə dair qaydalara uyğun olaraq davam etdirilməsinə və onun yeni CPM-nin müddəaları nəzərə alınmaqla aparılmasına dair Qanunun istintaqı aparan orqanların qarşısında qoyduğu vəzifə kimi qəbul olunmalıdır.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                            Fərhad Abdullayev