Qərarlar

01.08.03 Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLIKASI

KONSTITUSIYA  MƏHKƏMƏSININ

Q Ə R A R I

Azərbaycan  Respublikası Konstitusiyasının 100-cü maddəsinin 

“…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının şərh edilməsinə dair

01 avqust 2003-cü il                                                                     Bakı şəhəri          

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F.Abdullayev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi V.Zeynalovun,

xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndələri - Azərbaycan Respublikası Baş Prokurorunun müavini E.Nuriyevin, Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi-təminat şöbəsinin rəisi A.Cəfərovun,

ekspert, Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi R.İsmayılovun

 mütəxəssis - Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru L.Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun 2003-cü il 15 iyul tarixli 11/65-2298 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim B.Qəribovun məruzəsini, maraqlı subyektin qanuni nümayəndəsi E.Nuriyevin çıxışını, ekspert R.İsmayılovun rəyini, L.Hüseynovun arayışını dinləyib, konstitusiya işinin materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Prokurorluğu sorğuda Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının şərh edilməsini xahiş edir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar qeyd edir ki, demokratik dövlətin əsas göstəricilərindən biri konstitusiya seçki hüququnun təmin olunmasıdır.

Azərbaycan Respublikası vətəndaşının dövlət orqanlarına və bələdiyyələrə seçmək və seçilmək, həmçinin referendumlarda iştirak etmək hüququ onun konstitusiya statusunun vacib elementlərindən biridir. Demokratiyanın mühum institutu kimi qəbul olunan seçki hüququnun reallaşdırılması, dövlət hakimiyyəti orqanlarının formalaşdırılmasının əsas amili  kimi çıxış edir. Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ və seçki hüququ Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır (Konstitusiyanın 55 və 56-cı maddələri).

Seçki hüququnun məzmununu təşkil edən aktiv seçki (seçmək) hüququ ilə yanaşı passiv seçki (seçilmək) hüququnun həyata keçirilməsi müəyyən şərtlərlə məhdudlaşdırılır.

Belə ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin,  Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin isə seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər (Konstitusiyanın  56-cı maddəsi).

Seçki hüququ, bir sıra beynəlxalq hüquqi aktlarda da (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 21- ci maddəsi; Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsi; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolu və s.) tanınmaqla yanaşı, beynəlxalq insan hüquq müdafiə təsisatları həmin hüququn dövlət tərəfindən qanunla müəyyən edilmiş qaydada məhdud-laşdırılmasının mümkünlüyünü istisna etmir.

Seçki hüququ bir sıra ümumi və əlavə tələblərlə məhdudlaşdırılır. Bir qayda olaraq passiv seçki hüququ daha sərt tələblərlə müşayət olunur. Belə tələblər seçkilərdə müəyyən şəxslər tərəfindən öz namizədliklərinin irəli sürülməsinə maneə yaradır.

Seçilmək hüququnun həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər müəyyənləşdirilmişdir. Bu maddəyə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Konstitusiyanın bu tələbləri ilk növbədə prezident vəzifəsinə münasib və layiqli şəxsin seçilməsinin təmin olunması məqsədinə xidmət edir.

Prezidentliyə namizədlərə aid tələblər sırasındakı “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının hüquqi mənasının aydınlaşdırılması üçün bəzi məsələlərin hüquqi təhlilinin aparılmasının vacibliyini yaradır.

Öhdəlik əsasən nəinsə icra olunmasının zəruriliyini nəzərdə tutur, yaranan hüquq münasibətlərinin xüsusiyyətləri baxımından isə bir tərəfin digər tərəfə bağlılığına və ondan asılılığına səbəb olur.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində göstərilən tələb vətəndaşın istənilən öhdəliyini deyil, yalnız başqa dövlət qarşısındakı öhdəliyini nəzərdə tutur. Hüquq sisteminin təsnifatı baxımından belə tələb bir qayda olaraq xüsusi (mülki) hüquq münasibətləri ilə bağlı öhdəlikləri istisna etməklə, ümumi (ictimai) hüquq münasibətlərindən yaranan öhdəliklərlə əlaqəlidir.

Başqa dövlətlər qarşısında fərdin öhdəlikləri müxtəlif əsaslarla, o cümlədən həmin dövlətdə qaçqın statusu, sığınacaq, yaşamağa icazə almaq və s. hallarda yarana bilər. Lakin fərdlə dövlət arasında olan münasibətlər, fərdin statusu və bu statusdan yaranan öhdəliklər həmin dövlətin daxili qanunvericiliyindən asılı olur.

Vətəndaşın başqa dövlət qarşısında öhdəliyinin əmələ gəlməsi həmin dövlətin qanunvericiliyinə əsasən yaranmış hüquqi faktların mövcudluğu ilə sıx bağlıdır. Hüquq normaları ilk növbədə dövlət daxilində vətəndaşları ilə münasibətlərinin tənzimlənməsinə yönəldilir. Olduqları ölkə daxilində əcnəbilərin hüquq və vəzifələri onların dövlətdaxili hüquqi statusu və ölkədə olma rejimi (müvəqqəti olma rejimi, müvəqqəti yaşama rejimi və ya daimi yaşama rejimi) ilə bağlıdır və müvafiq rejimlə düz mütənasiblik təşkil edir.

Ölkədə olma rejimindən asılı olaraq əcnəbinin yaşadığı dövlət qarşısında müxtəlif öhdəlikləri də yarana bilər. Dövlətlərin qanunvericiliyi ilə müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən  əcnəbilərin üzərinə qeydiyyatdan keçmək, yaşadıqları yerdən çıxmamaq, dövlətin ərazisini müəyyən edilmiş müddətdən artıq tərk etməmək, nəzərdə tutulan hallarda vergi ödəmək, müəyyən yaş həddlərində hərbi xidmət keçmək üçün qeydiyyata alınmaq kimi öhdəliklər və öhdəlik yaradan digər əsaslar müəyyənləşdirilə bilər.

Bir sıra dövlətlərin qanunvericiliyində olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsi də vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini ödəmək vəzifəsini onun vergi öhdəliyi hesab edir.

Bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 2001-ci il 12 iyul tarixli qərarında (Ferratsinin İtaliyaya qarşı işi) göstərilmişdir ki, vergi məsələləri üzrə icraatda maddi xarakter aydındır. Lakin bu mülki hüquqi aspektin mövcudluğunu nəzərdə tutmur. Məhkəmənin ənənəvi təcrübəsinə əsasən dövlət qarşısında müstəsna olaraq ümumi hüquq dairəsinə aid olan və mülki hüquq və vəzifə kimi qəbul edilməyən öhdəliklər mövcud ola bilər. Məhkəmə hesab etmişdir ki, vergilər dövlət orqanlarının müstəsna səlahiyyətlərinin özəyini təşkil edir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyətin müdafiəsi ilə əlaqədar olmasına baxmayaraq, vergilərin ödənilməsini təmin etmək məqsədi ilə zəruri qanunların qəbul olunması səlahiyyətini dövlətdə saxlayır. Məhkəmə qeyd etmişdir ki, vergi ödəyicisi üçün maddi nəticələrə səbəb olmasına baxmayaraq vergi mübahisələri mülki hüquq və vəzifələrin “hədlərindən kənarda” qalmış olur. Beləliklə, Məhkəmə vergi öhdəliyinin məzmunca mülki hüquq münasibətlərindən irəli gəlməməsini qəbul etmişdir.

Başqa dövlət qarşısında öhdəliyin yaranmasına bəzi beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan normaların reallaşdırılması da səbəb olur.

         Belə ki, “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 6, 8-ci maddələrində eyni şəxsin iki və daha çox dövlətin diplomatik nümayəndəliyinin başçısı kimi akreditasiya etmək hüququ, habelə diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin vətəndaşının diplomatik nümayəndəliyin mənsub olduğu dövlətin diplomatik nümayəndəsi kimi təyin edilməsi mümkünlüyü müəyyənləşdirilib. Bu baxımdan göstərilən hüquqların da həyata keçirilməsi vətəndaşın başqa dövlət qarşısında siyasi-hüquqi öhdəliyinin meydana çıxması ilə nəticələnir.

“Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasının 22-ci maddəsi də konsul vəzifəsinə təmsil etdiyi dövlətin vətəndaşı ilə yanaşı, konsulluğun yerləşdiyi dövlətin vətəndaşının təyin olunmasına yol verir. Təbiidir ki, ikinci halda fəxri konsul vəzifəsinə təyin olunmuş vətəndaşın başqa dövlət qarşısında siyasi-hüquqi öhdəliyinin əmələ gəlməsi danılmazdır.

Qeyd olunmalıdır ki, beynəlxalq hüquqi aktların məzmununda öhdəliklərlə bağlı müddəalar nəzərdə tutula bilər. “Qaçqınların statusu haqqında” Cenevrə Konvensiyasının ümumi öhdəliklərə dair 2-ci maddəsində göstərilir ki, hər bir qaçqının olduğu ölkə qarşısında öhdəlikləri, o cümlədən qanunlara və sərəncamlara, habelə ictimai qaydanın qorunmasına yönəldilmiş tədbirlərə tabe olmaq öhdəlikləri mövcuddur.

Dövlətin ali hakimiyyət təsisatlarının, o cümlədən prezident institutunun layiqincə formalaşdırılması xalqın təmsil olunmasının hüquqi ideyasını əks etdirir. Prezident qismində xalqı təmsil edən şəxs vətəndaşların gələcəklə bağlı ümidlərini, öz dövlətinin siyasi iradəsini müstəqil, sərbəst həyata keçirməyə və dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlyünü qorumağa qadir olan vətəndaş olmalıdır. Bununla əlaqədar həmin şəxsin nəinki vətəndaşı olduğu dövlətlə, həmçinin xalqla özünün bilavasitə möhkəm bağlılığı, davamlı, sabit münasibət və əlaqələrinin mövcudluğu zəruridir. Bu baxımdan prezidentliyə namizədliyini irəli sürmək istəyən şəxsin digər dövlətlərlə dövlətdaxili ümumi və ya beynəlxalq hüquqdan yaranan öhdəliklərinin olması, həmin dövlətlərlə bağlılığı və onlardan asılılığı yuxarıdakı vəzifələrlə bir araya sığmır.

Yuxarıda göstərilən öhdəliklərdən hər biri seçki hüquqlarının həyata keçirilməsinə maneə törədən əsas kimi qəbul edilməməlidir. Başqa dövlət qarşısında hər hansı bir öhdəlik müəyyənləşdirilərkən öhdəliyin xarakteri, münasibətlərin yaranma müddəti, şəxsin digər dövlətlə bağlılığının və ondan asılılığının həddi, münasibətlərin möhkəmliliyi, davamlılığı və sabitliyi nəzərə alınmalıdır.

Xaricdə yaşama faktı ilə bağlı öhdəliklər araşdırılarkən,  Konstitusiyanın təhlil olunan müddəasının tələbi baxımından elə öhdəliklər nəzərə alınmalıdır ki, onlar vətəndaşa gələcəkdə dövlət başçısı kimi öz səlahiyyət və funksiyalarını sərbəst yerinə yetirməyə maneə törətsin və onu başqa dövlətin siyasi iradəsinə uyğun davranışa məcbur etsin. Qeyd olunanlar nəzərə alınmazsa nəticədə bu amillər seçiləcək prezidentin xarici dövlətin siyasi və iqtisadi maraqlarının təsir dairəsinə düşməsinə gətirib çıxara bilər.

Səlahiyyətli dövlət orqanları tərəfindən başqa dövlət qarşısında olan öhdəlik hər bir konkret halda göstərilən xüsusiyyətlər nəzərə alınmaqla qiymətləndirilməlidir.

Bununla yanaşı Konstitusiya Məhkəməsi xüsusi ilə qeyd edir ki, Konstitusiyaya görə prezident seçilmək hüququnu məhdudlaşdıran başqa dövlətlər qarşısında öhdəliyin mövcudluğu müstəsna xarakter daşıyır və bu hal xaricdə və Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə maneəçilik törədə bilməz.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir.

Hər bir konkret halda belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola bilər.

Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası  Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tuturaq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

QƏRARA  ALDI:

1.      Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir.

Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola bilər.

2.   Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.  Qərar   «Azərbaycan»   qəzetində   və   « Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»-nda dərc edilsin.

4.   Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə  bilməz.

        

Sədrlik edən                                            Fərhad Abdullayev