Qərarlar

29.04.03 «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109 –cu maddəsinin beşinci hissəsinə və həmin Qanunun «Keçid müddəaları»nın 7-ci bəndinə dair

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

QƏRARI

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109 –cu maddəsinin beşinci hissəsinə və həmin Qanunun

«Keçid müddəaları»nın  7-ci bəndinə  dair

29 aprel 2003-cü il                                                                                                    Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

katib İ.İsmayılovun,

sorğu verən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin,

cavab verən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı S.Kərimovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının  130-cu maddəsinin III  hissəsinə müvafiq olaraq  açıq məhkəmə iclasında «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci  hissəsinin şərh edilməsinə  və həmin Qanunun «Keçid müddəaları»nın 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 31 mart tarixli, 8-3/03 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim R.Qvaladzenin məruzəsini, tərəflərin qanuni nümayəndələri M.Ağazadə və S.Kərimovun çıxışlarını dinləyib, konstitusiya işinin materiallarını araşdıraraq,  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

MÜƏYYƏN ETDİ:

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin  beşinci  hissəsinə əsasən səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə  axırıncı iş yerlərində aldıqları  vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir.

Yuxarıda adı çəkilən Qanunun «Keçid müddəaları»nın  7-ci bəndinə görə isə hakimlərin maddi və sosial müdafiəsinə dair müddəalar bu Qanunun tələblərinə uyğun təyin edilən hakimlərə şamil edilir. Belə təyinatlardan əvvəl hakim vəzifəsində işləmiş şəxslərə yuxarıda göstərilən Qanunla müəyyən edilmiş pensiyaların şamil edilməməsini  əsassız hesab edən Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda «Məhkəmələr və hakimlər haqqında» Qanunun «Keçid müddəaları»nın 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğunluğunun yoxlanılmasını, Qanunun 109-cu maddəsinin beşinci hissəsinin isə şərh olunmasını xahiş edir.

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, həmin Qanunun «Keçid müddəaları»nın,  «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinin rəsmi mətnləri vardır.

Sorğu ilə bağlı Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hakimlərin müstəqilliyi hakimiyyətlərin bölünməsinin və məhkəmə hakimiyyətinin sərbəstliyinin təmin olunmasına  yönəlmişdir.

Hakimin yüksək statusu onun şəxsi imtiyazı deyil, ictimai maraqların, birinci növbədə isə ədalət mühakiməsi maraqlarının müdafiəsi üçün istifadə olunan bir vasitədir. Bununla əlaqədar olaraq dövlət  hakimə və onun peşəkarlığına  yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun  fəaliyyətinə hərtərəfli təminatlar verməlidir.

Belə təminatların sırasında  hakimlərin maddi və sosial müdafiəsinə xüsusi yer ayrılmışdır.

«Hakimlərin Statusuna dair Avropa Xartiyası»nın 6.1-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçılmalarına  şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər.

Konstitusiyanın müddəalarına əsasən  hər  kəs qanunla  müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (38-ci maddə).

Konstitusiyanın və beynəlxalq hüquq aktlarının müddəalarına əsaslanaraq «Məhkəmələr və hakimlər haqqında»  Qanunun on doqquzuncu fəslində hakimlərin maddi və sosial təminatları öz əksini tapmışdır.

Bu fəsildə nəzərdə tutulmuş bir sıra normaların şərhi ilə bağlı  Konstitusiya Məhkəməsi  qəbul etdiyi qərarlarda  qeyd etmişdir ki, hakimlərin qanunvericilikdə göstərilən  təminatları məhkəmələrin həqiqi müstəqilliyinin və qərəzsizliyinin təmin olunmasına yönəlmişdir.

Konstitusiya Məhkəməsi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin  beşinci  hissəsinə dair 2001-ci il 23 yanvar tarixli qərarında məhkəmələrin müstəqilliyi, hakimlərin maddi və sosial təminatı ilə bağlı qeyd etmişdir ki, hakimlərin maddi təminatı Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsidir. Dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir.

Həmin Qanunun 109-cu maddəsinin beşinci hissəsinə dair  Konstitusiya Məhkəməsinin 2001-ci il 27 iyun tarixli qərarında göstərilmişdir ki, məhkəmələrin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikasından, nüfuzundan, ixtisasından, ləyaqətindən və məsuliyyətindən  deyil, həmçinin onların real maddi – sosial təminatlarından da asılıdır.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüquqi aktların normalarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında hakimlərin müstəqilliyini və qərəzsizliyini təmin edən maddi – sosial təminatların müəyyənləşdirilməsinin vacibliyi vurğulanmışdır.

Pensiya təminatı sosial təminatın tərkib hissəsi olduğundan hər kəsin Konstitusiyada nəzərdə tutulmuş sosial təminat  hüququ  onun pensiya almaq hüququnu da özündə əks etdirir.

«Məhkəmələr və hakimlər haqqında»  Qanunun 109-cu maddəsinin  beşinci  hissəsində pensiya yaşına çatmış hakimlərə pensiyanın verilməsi şərtləri və miqdarı müəyyən edilmişdir.

Lakin Qanunun bu normasında ölkə qanunvericiliyində məhkəmə hakimiyyəti daxilində olan bəzi kateqoriya işçilərin pensiyası ilə əlaqədar edilən dəyişikliklər nəzərə alınmadığından həmin norma ilə sonradan qəbul olunan digər qanunların normaları arasında uyğunsuzluqlar yaranmışdır.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının VII fəslinə əsasən məhkəmə hakimiyyətinə aid edilmiş prokurorluq işçilərinin maddi və sosial müdafiəsi «Prokurorluq haqqında» Azərbaycan Respublikası  Qanununun 38-ci maddəsinə görə qanunvericilikdə hakimlər üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

«Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının 2001-ci il 29 iyul tarixli Qanununun 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqlarının 80 faiz miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.

Adı çəkilən Qanunun 20.14-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin təhlili göstərir ki, qanunverici hakimlərə nisbətən prokurorluq işçiləri üçün daha yüksək pensiya təminatlarını nəzərdə tutmuşdur. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunda heç bir məhdudiyyət qoyulmadan bu Qanun qəbul olunana qədər və ondan sonra pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları əmək haqqının 80 faiz miqdarında pensiya verilməsi göstərilmişdir.

«Məhkəmələr və hakimlər haqqında» Qanunun «Keçid müddəaları»nın 7-ci bəndinə görə isə bu Qanunun 109-cu maddəsinin beşinci hissəsində qeyd olunan pensiya təminatı yalnız Qanunun tələblərinə uyğun təyin edilən hakimlərə aiddir. Belə təyinatlardan əvvəl hakim vəzifəsində işləmiş və  həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə Qanunun 109-cu maddəsinin beşinci hissəsinin tələbləri şamil edilmir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun «Keçid müddəaları»nın 2-ci bəndinə əsasən həmin şəxslərə pensiya «Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında» Qanunda nəzərdə tutulan qaydada  ödənilir.

Beləliklə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun «Keçid müddəaları»nın 7-ci bəndinə görə bu Qanun əsasında keçirilmiş təyinatlardan əvvəl hakim vəzifəsində işləmiş və həmin vaxt pensiya yaşına çatmış şəxslər   sosial cəhətdən daha az müdafiə edilmiş olurlar.

Bu isə Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna (maddə 25), habelə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması barədə Konstitusiya müddəalarına (maddə 149) cavab vermir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.14-cü maddəsinə görə prokurorluq işçilərinin pensiyasına əmək haqqı artımındakı sonrakı dəyişikliklər şamil edilir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsində hakimlərə təyin edilən pensiyalara hər hansı bir artımın şamil edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır.

Göründüyü kimi Konstitusiyaya görə məhkəmə hakimiyyətinə aid edilmiş prokurorluq orqanları işçilərinin pensiya təminatı hakimlərin pensiya təminatından daha yüksəkdir.

Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun «Keçid müddəaları»nın 7-ci bəndi Konstitusiyanın 25-ci maddəsinin I hissəsi və 149-cu maddəsinin I hissəsi ilə uzlaşmadığından qüvvədən düşmüş hesab edilməli, bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və o vaxta pensiya yaşına çatmış sabiq hakimlərə  «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin müddəaları şamil edilməli, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunda tənzimlənən maddi-sosial təminatlar nəzərə alınmaqla hakimlər üçün maddi-sosial təminat qaydaları müəyyənləşdirilməlidir.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə görə əmək münasibətləri və sosial təminat məsələlərinə dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi 2001-ci il 27 iyun tarixli qərarında Milli Məclisə tövsiyyə etmişdir ki, səlahiyyət müddəti qurtarmadan pensiya yaşına çatmış, lakin həmin müddətin qurtarmasını gözləmədən öz arzusu ilə pensiyaya çıxmaq istəyən, yaxud xəstəliyi, əlilliyi və sair üzürlü səbəbdən işi davam etdirə bilməyərək pensiyaya çıxan hakimlərə pensiyanın verilmə qaydalarını müəyyən etsin.

Lakin bu tövsiyyə əsasında qanunvericiliyə heç bir dəyişikliklər edilməmişdir.

Konstitusiya Məhkəməsi hesab edir ki, Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi məqsədilə qanunvericilikdə hakimlərə onların yüksək statusuna uyğun maddi-sosial, o cümlədən pensiya təminatı qaydaları müəyyən edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və IV hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 55,57,64, 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

QƏRARA ALDI:

 1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun «Keçid müddəaları»nın 7-ci bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, bu Qərarda göstərilən xüsusiyyətləri nəzərə almaqla pensiyaya çıxan hakimlər, o cümlədən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və  həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlər üçün pensiya təminatı qaydalarını müəyyən etsin.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5.  Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.  

Sədrlik edən                                             Xanlar Hacıyev