Qərarlar

30.09.02 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410 və 423-cü maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin

410 və 423-cü maddələrinin şərh edilməsinə dair

30 sentyabr 2002-ci il                                                                                  Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), ha­kimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nə­cəfov, S.Salmanova və Ə.Sultanovdan  ibarət  tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə və Azərbaycan Res­publikası Milli Məclisi Aparatının  əməkdaşı E. Əsgərovun,

ekspert, Bakı Dövlət Universiteti hüquq fakültəsinin cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru R.İsgəndərovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410 və 423-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 09 sentyabr tarixli 8-9/2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri M.Ağazadə və E.Əsgərovun çıxışlarını, ekspert R.İsgəndərovun rəyini dinləyib, iş materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsinə görə bəraət hökmündən və ya cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 ay müddətində kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 410.1.3-cü maddəsinə əsasən daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini ağırlaşdıran digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 12 ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsində  isə kassasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən sonra 12 ay müddətində bu qərardan əlavə kassasiya şikayəti, kassasiya protesti və ya təqdimat verilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410 və 423-cü maddələrinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində yaranan çətinlikləri nəzərə alaraq, həmin maddələrin şərh olunmasını xahiş edir.

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düz­gün­lüyü təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410, 416, 420, 423 və 427-ci maddələrinin rəsmi mətnləri vardır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiya Məhkəməsi əvvəllər qəbul etdiyi qərarlarda dəfələrlə vurğulamışdır ki, vətəndaşların məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi ilə bağlı olan konstitusiya müddəalarının məhdudlaşdırılması yolverilməzdir.

Sorğunun mahiyyəti üzrə Konstitusiya Məhkəməsi bir daha qeyd etməyi vacib bilir ki, Konstitusiyanın 60-cı maddəsində öz təminatını tapmış məhkəmə müdafiəsi hüququ cinayət mühakiməsi iştirakçılarının məhkəmə qərarlarından yuxarı məhkəmə instansiyasına şikayət etmək hüququnu da nəzərdə tutur.

Bu hüquq Cinayət-Prossesual Məcəlləsinin 410-cu maddəsində də öz əksini tapmışdır.

Belə ki, həmin Məcəllənin 410.1.2 və 410.1.3-cü maddələrinin müəyyən etdiyi qaydalara əsasən cinayətdən zərər çəkmiş şəxs və prokuror bəraət hökmündən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından, daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yün­gül­lüyü və ya məhkumun vəziyyətini ağırlaşdıran digər əsaslar üzrə ittiham hök­mündən kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malikdirlər.

Maraqlı şəxslərin yuxarıda göstərilən əsaslarla məhkəmənin qərarından şikayət vermək hüququnun qanunvericilikdə təsbit edilməsi Konstitusiyada bəyan edilmiş insan hüquq və azadlıqlarının təminatlarına əsaslanır və məhkəmə səhvlərinin  tezliklə aradan qaldırılmasına xidmət edir.

Məhkəmə qərarlarından şikayət (protest) verilməsi müəyyən prosessual müd­dətlərlə tənzimlənir.

Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddətlər cinayət prosesinin tez və səmərəli keçirilməsinə yönəlib. Prosessual müddətlər proses iştirakçılarının onlara məxsus olan hüquqlardan istifadə etmələri üçün zəruri prosessual təminatdır. Bu məqsədlə Cinayət-Prossesual Məcəlləsində istintaq orqanlarının və məhkəmələrin hərəkətlərindən şikayət vermək üçün real müddətlər nəzərdə tutulmuşdur.

Bununla belə, qanunverici cinayət mühakiməsində məhkumun hüquqi statusuna uyğun, onun hüquqlarını daha da səmərəli qoruyan, cinayət-prosessual xarakteri daşıyan əlavə təminatlar da nəzərdə tuta  bilər. 

Belə təminatlardan biri də Cinayət-Prossesual Məcəlləsinin 410.1.2 və 410.1.3-cü maddələrində nəzərdə tutulan müddətlərdir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin  6-cı bəndinin (məhkəmə icraatı, məhkəmə qərarlarının icrası qaydalarının Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilməsi) müddəasına uyğun olaraq və humanizm prinsiplərini rəhbər tutaraq qanunverici Cinayət-Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsində bəraət  hökmündən və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 ay, Məcəllənin 410.1.3-cü maddəsində isə məhkumun vəziyyətini ağırlaşdıran əsaslar üzrə məhkəmə qərarlarından 12 ay müddətində  kassasiya şikayəti və ya kassasiya protes­tinin verilməsini nəzərdə tutmuşdur.

Bu müddətlərə riayət edilmədən verilmiş şikayətin və ya protestin hüquqi qüv­vəsi yoxdur.

Cinayət-Prosessual Məcəlləsinin 410.1.2 və 410.1.3-cü maddələrində nəzərdə tutulmuş müddətlər ərzində verilmiş şikayət və ya protest əsasında  işlərə isə kassasiya instansiyası məhkəməsində Məcəllənin  418 və 419-cu maddələrində təsbit edilmiş qaydalar üzrə və müddətlərdə baxılmalıdır.

Sorğuda həmçinin qeyd edilir ki, Cinayət-Prossesual Məcəlləsində əlavə kassasiya məhkəməsi tərəfindən məhkumun vəziyyətini ağırlaşdıran əsaslarla məhkəmə qərarlarının ləğv edilməsi ilə bağlı müddət nəzərdə tutulmadığından, həmin Məcəllənin 423-cü maddəsinin şərh edilməsinə də ehtiyac vardır.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsi Cinayət-Prossesual Məcəlləsinin bəzi müddəalarının təhlil edilməsini zəruri  hesab edir.

İlk növbədə qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin müddəaları digər hallarla yanaşı qanunsuz və əsassız cinayət məsuliyyətinə, cinayət təqibinə və mühakiməsinə məruz qalmış hər bir kəsin müdafiəsinə yönəlmişdir.

Hüquq və azadlıqların müdafiəsi bilavasitə qanunda müəyyən edildiyi təqdirdə onun məhdudlaşdırılmasının mümktnlüyü barədə konstitusiya müddəaları da nəzərə alınmalıdır. Apellyasiya və kassasiya icraatı normalarının təhlili göstərir ki, cinayət prossesinin bu mərhələlərində məhkəmə qərarlarının yenidən baxılmasının konkret əsasları nəzərdə tutulmuş və yalnız həmin əsaslar məhkəmə hökmlərinin və qə­rar­larının ləğv edilməsinin və yaxud dəyişdirilməsinin özülünü təşkil edə bilər.

Göstərilən mərhələlərdə məhkumun vəziyyətini ağırlaşdıran əsaslarla məhkəmə qərarlarına yenidən baxılmasına yol verilir.

Lakin işi birinci instansiya məhkəməsinə göndərmədən məhkumun vəziyyətinin ağırlaşdırılmasının mümkünlüyünü nəzərdə tutan apellyasiya icraatından fərqli olaraq, cinayət-prosessual qanunvericiliyinin müddəalarına əsasən kassasiya instansiyası məhkumun vəziyyətini ağırlaşdıra bilməz. Bu icraatda prokurorun protesti və yaxud zərər çəkmiş şəxsin şikayəti əsasında məhkumun vəziyyətini ağırlaşdıran motivlərlə məhkəmə qərarı ləğv oluna, iş isə yeni məhkəmə araşdırılmasına göndərilə bilər (CPM-nin 416.0.21, 420.2 və 420.3-cü maddələri).

Kassasiya icraatının davamı olan əlavə kassasiya qaydasında aparılan icraat hakimlərin müstəqilliyi, onların ancaq qanuna tabe olmaları, məhkəmələrin kollegiallığı və aşkarlığı, bütövlükdə ədalət mühakiməsinin təməli sayılan digər demokratik prinsiplərə əsaslanır.

Bununla belə, əlavə kassasiya özünəməxsus xüsusiyyətlərə də malikdir.

Belə ki, proses iştirakçılarının kassasiya şikayəti və protesti əsasında işlərə kassasiya qaydasında baxılmasından fərqli olaraq, əlavə kassasiya qaydasında onlara yenidən baxılması Cinayət-Prosessual Məcəlləsinin 422-ci maddəsində konkret göstərilmiş şəxslərin mülahizəsi əsasında həyata keçirilir və bu şəxslər yalnız Məcəllənin 421-ci maddəsində göstərilən hallar üzrə təqdimat, protest və şikayət verə bilər.

Kassasiya və əlavə kassasiya icraatında məhkəmə qərarlarına yenidən baxılmanın qaydaları və əsasları da bir-birindən fərqlənir.

Həmin Məcəllənin 427.4-cü maddəsi kassasiya qərarının Ali Məhkəmənin Plenumu tərəfindən yenidən baxılmasının əsaslarını nizamlayır.

Məcəllənin 421 və 427.4-cü maddələrində Ali Məhkəmənin Plenumu tərəfindən məhkumun vəziyyətini ağırlaşdıran əsaslarla kassasiya qərarlarının ləğv edilməsi nəzərdə tutulmur.

Əlavə kassasiya qaydasında kassasiya qərarlarının yenidən baxılmasının əsaslarını və qaydalarını nizamlayan maddələrdə həmin qərarların məhkumun vəziyyətini ağırlaşdıran əsaslarla ləğv edilməsi barədə birbaşa göstəriş yoxdur. Buna görə də Ali Məhkəmənin Plenumu məhkumun vəziyyətini ağırlaşdıran qərarlar qəbul edə bilməz.

İşlərə əlavə kassasiya qaydasında baxılması mahiyyət etibarı ilə onlara kassasiya instansiyası məhkəməsində təkrar  baxılması  deməkdir.

Kassasiya icraatının davamı kimi əlavə kassasiya qaydasında aparılan icraat özəl xüsusiyyətlərə malik olmasına baxmayaraq, onun hüdudlarından kənara çıxa bilməz.

Məhz bu səbəbdən əlavə kassasiya icraatı kassasiya icraatının özü kimi bəraət almış və yaxud məhkum olunmuş şəxsin vəziyyətini ağırlaşdıran  qərarın çıxarılması ilə nəticələnə bilməz. O, kassasiya qərarını bu əsaslarla ləğv edib işi yeni məhkəmə baxışına göndərə bilərdi. Lakin Məcəllənin 427.4-cü maddəsində belə qərarın qəbul edilməsi nəzərdə tutulmamışdır.

Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi  qanunverici məhkəmə qərarlarından bəraət almış və yaxud məhkum olunmuş şəxslərin  vəziyyətini ağırlaşdıran  əsaslarla kassasiya qaydasında şikayət və ya protest verilməsi üçün xüsusi müddətlər müəyyən etmişdir (müvafiq olaraq 6 və 12 ay).

Qanunvericinin belə mövqeyi onunla izah olunmalıdır ki, bəraət almiş şəxsin mühakimə edilməsi, məhkumun isə vəziyyətinin ağırlaşdırılması təhlükəsi qeyri-müəyyən vaxta  saxlanılmamalıdır.    

Bunları, habelə Cinayət-Prosessual Məcəlləsinin ümumi prinsiplərini nəzərə alaraq qanunverici bəraət hökmündən və ya məhkəmənin icraata xitam verilməsi haqqında qərarından, habelə məhkumun vəziyyətini ağırlaşdıran əsaslarla məhkəmə qərarlarından şikayətin və ya protestin verilməsi müddətlərini yalnız kassasiya icraatında nəzərdə tutmuşdur. Əlavə kassasiyada belə müddətlərin nəzərdə tutulmaması ona dəlalət edir ki, qanunverici əlavə kassasiya qaydasında yuxarıda göstərilən əsaslarla məhkəmə qərarlarının ləğv edilməsini qeyri mümkün hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  

Q Ə R A R A   A L D I:

1. Bəraət hökmlərindən, cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından, daha ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini ağırlaşdıran digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarlarından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.2 və 410.1.3-cü maddələrində nəzərdə tutulmuş müddətlər ərzində verilmiş kassasiya şikayəti və ya kassasiya protesti əsasında işlərə həmin Məcəllənin 418 və 419-cu maddəsində göstərilən qaydalar üzrə və müddətlərdə baxılmalıdır.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulan 12 ay müddəti yalnız bu Məcəllənin 421.1-ci maddəsində göstərilən hallar üzrə tətbiq edilir. Bu zaman Cinayət-Prosessual Məcəlləsinin ümumi prinsipləri və 410, 416.0.21, 420.2, 420.3, 421.1 habelə 427.4-cü maddələrinin müddəalarına münasib olaraq  əlavə kassasiya icraatında bəraət alan şəxsin və məhkumun vəziyyətinin ağırlaşdırılması ilə nəticələnən qərar qəbul edilə bilməz.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan” qəzetində dərc olunsun.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev