Qərarlar

21.06.02 Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R   I

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsinə dair

21 iyun 2002-ci il                                                                       Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov (məruzəçi-hakim), İ.Nə­cəfov, S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,

İ.İsmayılovun katibliyi ilə,

xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndəsi Azər­bay­can Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və Hüquq Ekspertizası Mə­sələləri şöbəsinin müdiri Ş.Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının referendum Aktının layihəsinə rəy verilməsinə dair 2002-ci il 14 iyun tarixli 1/287 saylı müraciəti ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakimlər E.Məmmədov və R.Qvaladzenin məruzələrini, maraqlı sub­yek­tin qanuni nümayəndəsi Ş.Əliyevin çıxışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N  E T D İ:

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitu­si­yasının 153-cü maddəsinə uyğun olaraq «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının referendum Aktının layihəsini rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konsti­tu­siyasında aşağıdakı dəyişiklikləri etməyi məqsədə müvafiq hesab edir:

I. 3-cü maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

«III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

vergilər və dövlət büdcəsi;

amnistiya və əfv etmə;

seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.»

II.        27-ci maddənin IV hissəsindən «fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi» sözləri çıxarılsın.

III.       71-ci maddənin III hissəsindən «yalnız» sözü çıxarılsın.

IV.      76-cı maddənin II hissəsindən «alternativ hərbi xidmətlə» sözləri «alternativ xidmətlə» sözləri ilə əvəz edilsin.

V.       83-cü maddədə «və proporsional seçki sistemləri» sözləri «seçki sistemi» sözləri ilə əvəz edilsin.

88-ci maddənin I hissəsinin birinci abzasında «iki növbəti sessiyaya» sözləri «iki növbəti yaz və payız sessiyalarına» sözləri ilə əvəz edilsin; ikinci, üçüncü və dördüncü abzaslar çıxarılsın; altıncı abzasında «fevralın 1-dək» sözləri «martın 10-dək» sözləri ilə əvəz edilsin.

89-cu maddənin I hissəsindən 6-cı bənd çıxarılsın.

VIII. 95-ci maddədə:

- I hissənin 6-cı və 19-cu bəndləri aşağıdakı redaksiyada verilsin:

«6)      Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respub­li­kasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;»;

«19)    amnistiya.».

- III hissə aşağıdakı redaksiyada verilsin:

«III. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.»

IX.      96-cı maddənin I və V hissələrinə «Ali Məhkəməsinə» sözlərindən sonra «Azər­baycan Respublikasının Prokurorluğuna» sözləri, II və IV hissələrinə isə «Ali Məh­kəməsinin» sözlərindən sonra «Azərbaycan Respublikası Prokurorluğunun» sözləri əlavə edilsin

X. 101-ci maddədə:

- II hissədə «üçdə iki səs çoxluğu ilə» sözləri «yarısından çoxunun səs çoxluğu ilə» sözləri ilə əvəz edilsin;

- IV hissədən «sadə» sözü çıxarılsın.

XI.      102-ci maddədə «7» rəqəmi «14» rəqəmi ilə əvəz edilsin.

XII.     105-ci maddədə:

- I hissədə «Azərbaycan Respublikası Milli Məclisinin sədri» sözləri «Azərbaycan Respublikasının Baş naziri» sözləri ilə əvəz edilsin;

- II hissədə «Azərbaycan Respublikası Milli Məclisinin sədri istefa verdikdə» sözləri «Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə» sözləri ilə, «Azərbaycan Respublikasının Baş naziri icra edir» sözləri isə «Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir» sözləri ilə əvəz edilsin.

- III hissədə «Azərbaycan Respublikasının Baş nazirinin» sözləri «Azərbaycan Respublikası Milli Məclisi sədrinin» sözləri ilə əvəz edilsin.

XIII. 109-cu maddənin 14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;».

XIV. 95-ci, 109-cu və 125-ci maddələrdə «İqtisad Məhkəməsi» sözləri «apellyasiya məhkəmələri» sözləri ilə əvəz edilsin.

XV. 125-ci maddənin IV hissəsində «Konstitusiya icraatı istisna olmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində» sözləri «Cinayət məhkəmə icraatında» sözləri ilə əvəz edilsin.

XVI. 130-cu maddədə:

- III hissəsinin 7-ci bəndi çıxarılsın, 8-ci və 9-cu bəndlər müvafiq olaraq 7-ci və 8-ci bəndlər hesab edilsin;

- V, VI və VII hissələr müvafiq olaraq VIII, IX və X hissələr hesab edilsin;

aşağıdakı redaksiyada V, VI və VII hissələr əlavə edilsin:

«V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə  şikayət verə bilər.»

«VI. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.»

«VII. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu mad­dənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.»

XVII. 131-ci maddənin I hissəsində «o, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir» sözləri «o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir» sözləri ilə əvəz edilsin.

XVIII. 132-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 132. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri

I. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.

II. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi təyin edir.»

XIX. 133-cü maddənin I hissəsində «qaydada» sözündən sonra «və hallarda» sözləri əlavə edilsin; «eyni cür və dürüst» sözləri çıxarılsın.

XX. 34-cü maddəyə aşağıdakı məzmunda VI hissə əlavə edilsin:

«VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir».

XXI. 142-ci maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:

«III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.».

XXII. 149-cu maddənin III hissəsində «icra hakimiyyəti» sözləri «qanunvericilik, icra» sözləri ilə əvəz edilsin.

XXIII.  155-ci maddədə «dəyişikliklər» sözündən sonra «və ya onların ləğv» sözləri əlavə edilsin; «müddəaların» sözü «insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə» sözləri ilə əvəz edilsin.

XXIV. 158-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edil­məsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz».

Azərbaycan Respublikası Prezidentinin müraciəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I hissəsinə görə Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi yalnız referendumla həll oluna bilər (Konstitusiyanın 3-cü maddəsinin II his­səsinin 1-ci bəndi).

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər yalnız referendum­la qəbul edilə bilər (Konstitusiyanın 152-ci maddəsi).

Referendum xalq hakimiyyətinin və xalqın iradəsinin ali və bilavasitə təzahürüdür. Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin I hissəsinə görə sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Bununla əlaqədar nəzərə alınmalıdır ki, idarəetmə forması dedikdə bir qayda olaraq hüquqda ali dövlət hakimiyyəti orqanlarının (burada ilk növbədə dövlət başçısı, parlament və hökumət nəzərdə tutulur) strukturu, təşkili və qarşılıqlı əlaqələri, habelə xalqın həmin orqanların seçilməsində iştirakı başa düşülür.

Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Konstitusiyada dəyişikliklərin edilməsinə dair təkliflərlə çıxış etmək və bununla əlaqədar əvvəlcədən rəy alınması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ vardır.

Azərbaycan Respublikasının Prezidenti bu konstitusiya hüququndan istifadə edərək yuxarıda göstərilən təkliflə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikasının referendum Aktının layihəsində təklif olunan dəyişikliklər hüquqi nöqteyi nəzərdən Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsinə, hər bir şəxsin hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəldilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması halları (Azərbaycan Respublikası Konstitusiyasının 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklərin edilməsi, 3-cü fəslində nəzərdə tutulmuş müddəaların məhdudlaşdırılması) nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının referendum Aktının layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin müddəalarına uyğundur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsini və 153-cü maddəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 74 - 76, 78 - 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının referendum Aktının layihəsinə aşağıdakı rəy verilsin:

«Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təklifləri xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin müddəalarına uyğundur».

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.  Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev