Qərarlar

11.06.02 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

67 və 423-cü maddələrinə dair

11 iyun 2002-ci il                                                                                        Bakı  şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev,  B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğuverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun,

cavabverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı E.Əsgərovun,

ekspert Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müəllimi  M.Əliyevin iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  III hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin və 423-cü maddəsinin «şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəasının Azərbaycan Res­publikası Konstitusiyasının 60-cı maddəsinə və 71-ci maddəsinin II hissəsinə uy­ğun­luğuna dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2002-ci il 2 may tarixli 8-4/2002 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim S.Salmanovanın məruzəsini, tərəflərin qanuni nümayəndələri B.Əsədov və E.Əsgərovun çıxışlarını, ekspert M.Əliyevin rəyini dinləyib, iş materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda mülki icraatda işdə iştirak edən şəxslərin kassasiya instansiyası məhkəməsinə buraxılması ilə əlaqədar məhkəmə təcrübəsində çətinliklərin yaranmasını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin və 423-cü maddəsinin «şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasını  xahiş edir.

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düz­gün­lüyü təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67, 416, 423, 424 və 433-cü maddələrinin, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin rəsmi mətnləri vardır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasında, beynəlxalq hüquqi aktlarda təsbit olunmuş hüquq və azadlıqların təmin olunması baxımından, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən istifadə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında şikayət verildikdə, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslər yalnız vəkillə birgə məhkəmədə iştirak edirlər. Həmin Məcəllənin 423-cü maddəsinə görə isə, əlavə kassasiya qaydasında şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (Konstitusiyanın 26-cı maddəsinin II hissəsi). Bu təminatların sırasında hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi də nəzərdə tutulmuşdur.

Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (I hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyət orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu  hüququn əsas elementi kimi nəzərdə tutur (II hissə).

Qanunverici bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir.

Mülki Prosessual Məcəllənin 43-cü fəsli məhkəmə qərarlarından şikayət vermək hüququnu və onun kassasiya  qaydasında baxılmasını nəzərdə tutur.

Məhkəmə aktlarından şikayətin Mülki Prosessual Məcəllədə  nəzərdə tutulan qaydada  verilməsi və onun əsasında işə yuxarı məhkəmə instansiyasında baxılması məhkəmə müdafiəsi hüququnun ayrılmaz elementi kimi Konstitusiyanın 60-cı maddəsinin mənasından irəli gəlir. Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 424 və 433-cü maddələrinə əsasən Ali Məhkəmənin Plenumu müstəsna olaraq hüquqi məsələlər və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə işlərə baxır. Bununla əlaqədar işdə iştirak edən şəxslərin hüquqlarının hərtərəfli və keyfiyyətli müdafiəsinin təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuşdur ki, həmin instansiyada işlərə baxıldıqda göstərilən şəxslər yalnız vəkillə birgə iştirak edirlər. Mülki Prosessual Məcəllənin bu müddəaları Konstitusiyanın 61-ci maddəsinin tələbləri ilə uzlaşır. Həmin maddənin I hissəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən  Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində və İnsan Hü­quqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyasının (Avropa İnsan Hüquqları Konvensiyası) 6-cı maddəsində öz əksini tapmışdır.

Belə ki, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir.

Bu müddəalara əsasən məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi konkret təminatların mövcudluğunu nəzərdə tutur.

Konstitusiyanın 127-ci maddəsində təsbit olunmuş ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında  həyata keçirilməsi  mülki məhkəmə icraatının bu cür təminatlarından biridir.

Tərəflərin bərabərliyi və çəkişmə mülki məhkəmə icraatının başlıca prinsiplərindən biri kimi  Mülki Prosessual Məcəllənin «Əsas qaydalar» adlı 1-ci fəslində nəzərdə tutulduğundan o, mülki prosesin bütün mərhələlərini əhatə edir.

Kassasiya instansiyasında tərəflərə verilən prosessual hüquqların həcmi birinci instansiya məhkəməsində təqdim edilən prosessual hüquqların həcminə nisbətən azlıq təşkil edir. Lakin bu hüquqların müəyyən edilməsi prosesində Konstitusiyanın vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi (25-ci maddə), hüquq və azadlıqların məhkəmə tərəfindən qorunmasına təminat verilməsi (60-cı maddə), tərəflərin bərabərliyi və çəkişmə əsasında məhkəmə icraatının həyata keçirilməsi (127-ci maddə) kimi müddəaları nəzərə alınır. Bu isə o deməkdir ki, mülki prosesin müxtəlif mərhələlərində, o cümlədən kassasiya mərhələsində tərəflər bərabər prosessual hüquqlara malik olmalıdırlar.

Mülki məhkəmə icraatında prosessual bərabərlik digər şərtlərlə yanaşı tərəflərin eyni imkanlara malik olmalarını da nəzərdə tutur.

Təsadüfi deyildir ki, Konstitusiyanın 25-ci maddəsinin III hissəsində qeyd edil­mişdir ki, dövlət o cümlədən əmlak vəziyyətindən asılı olmayaraq hər kəsin hü­quq və azadlıqlarının bərabərliyinə təminat verir.

Konstitusiyanın 61-ci maddəsinin II hissəsinə görə qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

Konstitusiyanın bu normalarına əsaslanan «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

Mülki prosessual qanunvericilikdə vəkilin işdə pulsuz iştirak etməsi istisna olunmur. Belə ki, Mulki Prosessual Məcəllənin 121.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada xeyrinə qətnamə çıxarılan tərəfə hüquq məsləhətxanası hüquqi xidməti pulsuz göstərmişsə, həmin məbləğ digər tərəfdən alınıb hüquq məsləhətxanasına verilir.

Bununla belə, mülki məhkəmə icraatında dövlət hesabına ödənilən hüquqi yar­dımın məbləği və ödənilməsi qaydası müəyyən edilməmişdir. Bu məsələnin həlli isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə verilmişdir.

Ədalətli məhkəmə baxışı hüququ daxilində olan məhkəmə müdafiəsi və hüquqi yardım almaq hüquqları beynəlxalq ədalət mühakiməsi orqanları tərəfindən birmənalı və  aydın şəkildə qəbul olunur. 

Göstərildiyi kimi, ədalətli məhkəmə baxışı hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Eyrinin İrlandiyaya qarşı iddiasına dair iş üzrə qəbul olunmuş 1979-cu il 9 oktyabr  tarixli qərarında qeyd olunur ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin birinci bəndi bir sıra iştirakçı dövlətlərin daxili qanunvericiliyinə əsasən müəyyən kateqoriya işlər üzrə və ya prosesin mürəkkəbliyinə görə hüquqi nümayəndəlik  məcburi sayıldığından ədalət mühakiməsinə buraxılmanı real təmin etmək üçün zəruri olduqda bəzi hallarda dövlətləri vəkil köməyini təmin etməyə məcbur edə bilər.

Qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz hüquqi yardım almaq hüququ hər şeydən əvvəl ədalət mühakiməsinin maraqları ilə əlaqələndirilməlidir ki, bu da əsasən tərəflərin imkanlarının bərabərliyi prinsipinin təmin edilməsinə aiddir.

Ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil hüquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq konstitusiya hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir.

Göstərilənlərə əsasən Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin «şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi                             

Q Ə R A R A   A L D I:

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  67-ci maddəsi və 423-cü maddəsinin «şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab olunsun.

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsi və 423-cü maddəsinin «şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəasının tətbiqi zamanı Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququ (maddə 25), məhkəmə müdafiəsi hüququ (maddə 60) və hüquqi yardım almaq hüququ (maddə 61), habelə aztəminatlı şəxslərin hüquqi yardım almaq hüququnun dövlət hesabına həyata keçirilməsi barədə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələblərı təmin edilməlidir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, mülki mühakimə icraatında ehtiyacı olan aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardımın məbləğini və ödənilməsi qaydasını  müəyyənləşdirsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

   Sədrlik edən                                                                                      Xanlar Hacıyev