Qərarlar

27.12.01 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair

27 dekabr 2001-ci il                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər:  F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi  İ.İsmayılovun,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun və Azərbaycan Res­publikası Milli Məclisi Aparatının əməkdaşı İ.Rəfibəylinin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı  üzrə  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin  2001-ci il  08 noyabr tarixli 8-10/ 2001 saylı sorğusu ilə bağlı konstitusiya işinə  baxdı.

Hakim S.Salmanovanın məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri B.Əsədov və İ.Rəfibəylinin çıxışlarını, ekspert, professor Y.Mehdiyevin rəyini  nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  

M Ü Ə Y Y Ə N   E T D İ:

1964-cü il 11 sentyabr tarixdə  qəbul olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi.

2000-ci il sentyabrın 1-dən qüvvədə olan  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Bu maddədə həmçinin xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Mülki Məcəllənin 373-cü maddəsində müəyyən olunmuş iddia müddətlərinin bu Məcəllə qüvvəyə minənə kimi mövcud olmuş tələblərə şamil edilib-edilməməsini aydınlaşdırmaq üçün həmin maddənin şərh olunmasıni xahiş edir.

Baxılan məsələ ilə əlaqədar konstitusiya işinin materiallarına 1999-cu il 28 dekabr tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə  məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun, 2000-ci il  sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci, 373-cü maddələri və  qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş rəsmi mətnləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Konstitusiyanın həmin maddəsinin III hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.

Bu müddəalar həmçinin iddia müddətinə də aiddir.

Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna  müddət  şamil edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına  kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil.

Xüsusi iddia müddətləri bəzi  iddialar  üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər.        

2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə  tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur.

1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il  sentyabrın 1-dən  qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hü­­ququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti)  üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə  isə bir il müəyyən edilmişdi.

Göründüyü kimi, yeni Mülki Məcəllədə iddia müddətləri əvvəlki Məcəllədə müəyyən olunmuş müddətlərdən fərqlənir. Lakin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin tədbiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununda yeni Mülki Məcəllədə müəyyən olunmuş iddia müddətlərinin tətbiqinə dair müddəalar göstərilməmişdir.

Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüv­vəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Bu Məcəllənin 7.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.

Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsində göstərilən istisnalardan başqa mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

Qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir.

Göstərilənələrə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranan  hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış  hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsi 

Q Ə R A R A   A L D I:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri  Mülki Məcəllənin 7-ci mad­dəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə  və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev