Qərarlar

03.08.01 2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun mümkünlüyü haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış

məhkəmə aktlarından  şikayət vermək hüququnun mümkünlüyü haqqında

3 avqust 2001-ci il                                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Sal­manova, Ə.Sultanovdan ibarət tərkibdə,

İ.İsmayılovun katibliyi,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Mirzəliyev və Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Kərimov,

ekspert Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki-prosessual hüquq kafedrasının müdir əvəzi hüquq elmləri namizədi M.Mövsümovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə 2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun mümkünlüyünün şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məh­kəməsinin 2001-ci il 26 iyun tarixli 8-7/2001 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim B.Qəribovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Ə.Mirzəliyev və S.Kərimovun çıxışlarını, ekspert M.Mövsümovun rəyini dinləyərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi    

M Ü Ə Y Y Ə N   E T D İ:                             

«Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 5-ci bəndinə əsasən həmin Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müd­dəaları əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafiq apellyasiya instansiyası məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq yenidən baxıla bilər.

Lakin «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununda 2000-ci il sentyabrın 1-dək çıxarılan məhkəmə aktlarından 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları ilə baxılması nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikasının Ali Məhkəməsi 2000-ci il sentyabrın 1-dək məhkəmələr tərəfindən mülki işlər üzrə çıxarılan məhkəmə aktlarından vətəndaşların şikayətləri üzrə apellyasiya və ya kassasiya qaydasında baxılmasının mümkün­lü­yünün şərh edilməsini xahiş edir.

Konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş «Azərbaycan Respublikasının Cinayət-Pro­sessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tən­zimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin mətnləri əlavə edilmişdir.

Sorğu ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd edir.

«Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azər­baycan Respublikasının Qanununa əsasən 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının daha dolğun və səmərəli müdafiəsi və təmin olunması baxımından yeni institutlar (əmr icraatı, apellyasiya, kassasiya, əlavə kassasiya və s.) nəzərdə tutulmuşdur.

Mülki Prosessual Məcəllə mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasının təmin edilməsi ilə əlaqədar, məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.           

Bu Məcəlləyə görə mülki işlər üzrə məhkəmə icraatı müəyyən olunmuş mərhələlərdən ibarətdir. İcraatın ardıcıllığının müəyyənləşdirilməsi (iddianın verilməsi, işlərin məhkəmədə baxılmağa hazırlanması, məhkəmə baxışı və qərarın çıxarılması, qüvvəyə minməmiş qərarlardan şikayət verilməsi və s.) işin hərtərəfli, tam və obyektiv araşdırılmasına, proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə təminat verməklə nəticədə işin ədalətli həll olunmasına yönəlmişdir.

Məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunmasını nəzərdə tutan mərhələlər çıxarılmış məhkəmə aktlarının qanuniliyi və əsaslığını tez və hərtərəfli  yoxlanılmasına xidmət edir və Mülki Prosessual Məcəllənin müvafiq normaları ilə tənzimlənir.

Lakin «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanunu 2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından bu Məcəllənin müvafiq maddələrinə əsasən şikayət vermək hüququna malik olan şəxslərin belə prosessual hüququnun həyata keçirilməsi üçün şərait yaratmamışdır.

Bununla əlaqədar olaraq qeyd etmək vacibdir ki, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş əsas konstitusiya müddəaları sırasında hüquq və azadlıqların məhkəmə təminatını və məhkəməyə təkrar müraciət etmək hüququnu müəyyənləşdirən müddəalar xüsusi əhəmiyyət kəsb edir (Azərbaycan Respublikası Konstitusiyasının 60, 65-ci maddələri).

Konstitusiyanın bu müddəalarına əsaslanan «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsinə görə məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Bu Qanunla belə qaydanın müəyyənləşdirilməsi ədalət mühakiməsində iştirak edən şəxslərin birinci instansiya məhkəmələrinin aktlarından şikayət vermək hüququnu təmin etməklə yanaşı, onların qanuniliyi və əsaslığının apellyasiya və kassasiya instansiyaları vasitəsilə yoxlanmasına yönəlmişdir.    

Qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi də mül­­ki işlər üzrə məhkəmələr tərəfindən çıxarılan aktlardan apellyasiya və kassasiya qaydasında şikayət verilməsi hüququnu təmin etmişdir.

Lakin «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edil­məsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununda 2000-ci il sentyabrın 1-dək çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi üçün müvafiq müddəaların olmaması qanunsuz və əsassız məhkəmə aktlarının qüvvədə qalmasına şərait yaradır, mülki işlər üzrə məhkəmə icraatı mərhələlərinin ardıcıllığına və bü­tövlüyünə xələl gətirməklə yanaşı, 2000-ci il sentyabrın 1-dən sonra yaranan mü­na­si­bətlərə nisbətdə işdə iştirak edən şəxslərin şikayət vermək hüququ ilə bağlı prosessual imkanlarını zamana görə məhdudlaşdırır.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə ma­likdir. Konstitusiyada təsbit olunan bu müddəa Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsində də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1.2-ci mad­dəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.

Hüquqların bərpa edilməsinin təmin olunmasına dair müddəalar bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

«İnsan Hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi mülki və cinayət işlərinin məhkəmədə ədalətli həll olunmasına təminat verir. Belə ki, insan hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsinə əsasən, bu Konvensiyanın  6-cı maddəsinin tələbləri mülki və cinayət işlərinin ədalətli həll olunması ilə bağlı nəinki birinci instansiya məhkəmələrinə həmçinin apellyasiya instansiyalarına da aiddir. Bu tələb birinci instansiya məhkəmələrinin qərarlarından (aktlarından) verilmiş şikayətlər əsasında apellyasiya və kassasiya qaydasında baxılan işlərin ədalətli həll olunmasına yönəlmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Azər­bay­can Respublikası Konstitusiyasının yuxarıda göstərilən müddəalarına əsasən 2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından Azər­baycan Res­publikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində (357-401, 402-431, 432-438-ci maddələr) nəzərdə tutulmuş qaydada və müddətlərdə apellyasiya və kassasiya instansiyalarına şikayət verilə bilər.

Məhkəmə aktlarından şikayət vermək hüququnun Mülki Prosessual Məcəllədə müəyyənləşdirilən müddətlərdə həyata keçirilməsini nəzərə alaraq, 2000-ci il sent­yabrın 1-dək çıxarılan məhkəmə aktlarından şikayət vermə müddətinin hesablanması bu Qərarın qüvvəyə mindiyi gündən başlanır. 

Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A   A L D I:

1. Bu Qərar qüvvəyə mindiyi gündən 2000-ci il sentyabrın 1-dək mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  müvafiq maddələrində (357-401, 402-431, 432-438-ci maddələr) nəzərdə tutulmuş qaydada və müddətlərdə apellyasiya və ya kassasiya instansiyalarına şikayət verilə bilər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev