Qərarlar

27.06.01 “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun

109-cu maddəsinin beşinci hissəsinə dair

27 iyun 2001-ci  il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Sal­manova və Ə.Sultanovdan ibarət tərkibdə,

İ.İsmayılovun katibliyi,

maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məh­kəməsinin hakimi Ə.Mirzəliyev, Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı E.Əsgərovun  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2001-ci il 30 aprel tarixli 8-4/2001 № -li sorğusu ilə bağlı  konstitusiya işinə baxdı.         

Hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin qanuni  nümayəndələri Ə.Mirzəliyev və E.Əsgərovun çıxışlarını dinləyib, konstitusiya işinin materiallarını araşdıraraq, Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N    E T D İ:

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsində səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilməsi nəzərdə tutulmuşdur.

Qanunun bu müddəasını anlaşılmaz hesab edən Azərbaycan Respublikasının Ali Məhkəməsi həmin normanın şərh olunmasını xahiş edir.                                  

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düz­­günlüyü təsdiq edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respub­likası Qanununun 109 və 113-cü maddələrinin rəsmi mətnləri vardır.

Sorğuda qaldırılan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, hakimlərin maddi və sosial təminatları  onların  müstəqilliyinin  tərkib hissəsidir.    

Dövlətin inkişaf səviyyəsindən asılı olmayaraq məhkəmənin fəaliyyətinə təsir göstərmək cəhdləri qaçılmazdır. Məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız ha­kimlərin  etikasından,  nüfuzundan,  ixtisasından, ləyaqətindən və məsuliyyətindən deyil, həmçinin onların real maddi-sosial təminatlarından da asılıdır.

Məhz buna görə də BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri”nin 7-ci maddəsində nəzərdə tu­tulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət  qədər vəsait ayırmağa  borcludur.

“Hakimlərin Statutuna dair Avropa Xartiyası”nın 6.1-ci maddəsində göstərilir: “Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər”.

Azərbaycan Respublikası Konstitusiyasına (7, 38, 127-ci maddələr), beynəlxalq hüquqi aktlara əsaslanaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun on doqquzuncu fəslində hakimlərin maddi və sosial təminatları nəzərdə tutulmuşdur. Həmin təminatlar məhkəmələrin həqiqi müstəqilliyinin və qərəzsizliyinin təmin olunmasına yönəlmişlər.

Bununla belə, adı çəkilən Qanunun 109-cu maddəsinin beşinci hissəsində qeyri-müəyyənlilik olduğundan yuxarıda göstərilən  konstitusiya müddəalarının həyata keçirilməsi üçün çətinliklər yaranır.

Qeyd olunan normada sabiq hakimə axırıncı iş yerində aldığı vəzifə maaşının 80 faizi miqdarında pensiya verilməsi nəzərdə tutulduğundan, həmin şəxslərə hakim işlədikləri vaxt aldığı vəzifə maaşının, yaxud hakimin səlahiyyət müddəti qurtardıqdan sonra pensiyaya çıxana kimi başqa yerdə işlədikləri  vəzifə maaşının 80 faizi miqdarında pensiya verilməli olması aydın deyildir. Məhz buna görə də Azərbaycan Respublikasının Ali Məhkəməsi  həmin normanın şərh olunmasını xahiş edir.

Bununla əlaqədər olaraq Konstitusiya Məhkəməsi onu göstərməyi vacib bilir ki, “Hakimlərin Statutuna dair Avropa Xartiyası”nın 6.4-cü maddəsinə əsasən, müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə mümkün olduğu miqdarda onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.

Beləliklə, Xartiyada sabiq hakimə pensiya təyin olunarkən onun axırıncı iş yerində hakim kimi aldığı vəzifə maaşının nəzərə alınması vurğulanır. Əks halda  səlahiyyəti qurtardıqdan sonra pensiya yaşı çatanadək başqa yerdə işləyən sabiq hakim, səlahiyyət müddəti qurtarandan sonra bilavasitə pensiyaya çıxan hakim ilə qeyri bərabər vəziyyətə düşmüş olur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə ziddiyyət  təşkil edə bilər.

Bununla yanaşı “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimə  pensiyanın  verilməsinin digər şərtləri göstərilməmişdir.

Belə ki, adı çəkilən Qanunun 113-cü maddəsinin ikinci hissəsinin birinci və doqquzuncu bəndlərində hakimin səlahiyyətlərinə vaxtından əvvəl  xitam  verilməsi üçün  şərt kimi  öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı ərizə verməsi, dörd aydan artıq müddətə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-müm­künlüyü barədə Ali Məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyası rə-yinin olması nəzərdə tutulmuşdur.

Lakin səlahiyyət müddəti qurtarmadan pensiya yaşına çatmış və həmin müd­dəti gözləmədən pensiyaya çıxmaq istəyən, yaxud da xəstəliyi, əlilliyi və sair üzürlü səbəbdən işi davam etdirə bilməyərək pensiyaya çıxan hakimlərə hansı qaydada pensiya verilməsi Qanunda öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində hər kəsin qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat  hüququna malik olması təsbit edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə görə  əmək münasibətləri  və sosial təminat  məsələlərinə dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 64, 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi            

Q Ə R A R A     A L D I :

1. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “axırıncı iş yerlərində al­dıqları vəzifə maaşları” dedikdə axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşları başa düşülməlidir.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, səlahiyyət müddəti qurtarmadan pensiya yaşına çatmış, lakin həmin müddətin  qurtarmasını  gözləmədən  öz arzusu ilə  pensiyaya çıxmaq istəyən,  yaxud xəstəliyi, əlilliyi və sair üzürlü səbəbdən işi davam etdirə bilməyərək, pensiyaya çıxan hakimlərə pensiyanın verilmə qaydalarını  müəyyən etsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan” qəzetində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc  edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.        

Sədrlik edən                                                                                 Xanlar Hacıyev