Qərarlar

27.04.01 «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin üçüncü hissəsinin inzibati qaydada tutulmanın müddəti ilə bağlı müddəasının şərh edilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

«Polis haqqında» Azərbaycan Respublikası Qanununun

21-ci maddəsinin üçüncü hissəsinin inzibati qaydada tutulmanın

müddəti ilə bağlı müddəasının şərh edilməsinə dair

27 aprel 2001-ci il                                                                         Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, R.Qvaladze, B.Qəribov, E.Məmmədov (məruzəçi-hakim), S.Sal­manova, Ə.Sultanovdan ibarət tərkibdə,

İ.İsmayılovun katibliyi ilə

maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə, Azərbaycan Respublikası Milli Məclisi Apa­ra­tı­nın inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri N.Səfərov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəisi S.Mehrəliyev və İşlər idarəsinin hüquqi təminat şöbəsinin rəisi Q.Yusifovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olmuş «Polis haqqında» Azər­bay­can Respublikası Qanununun 21-ci maddəsinin üçüncü hissəsinin inzibati qaydada tutulmanın müddəti ilə bağlı müddəanın şərh edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2001-ci il tarixli, 5-2/2001 saylı sorğusu ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Ali Məh­kə­mə­si­nin hakimi M.Ağazadə, N.Səfərov və S.Mehrəliyevin çıxışlarını dinləyib müza­kirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N  E T D I:

«Polis haqqında» Qanunun 21-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulur ki, polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəx­sin təxirəsalınmadan tutulmasına 48 saatdan artıq olmayan müddətə yalnız aşağı­dakı hallarda yol verilə bilər:

1) şəxs cinayət və ya inzibati hüquqpozma törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda;

2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət və ya inzibati hüquqpozma törətdiyini göstərdikdə;

3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati hüquqpozmanın izləri tapıldıqda.

İnzibati Xətalar Məcəlləsinin 399.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması bu Məcəllənin 399.2 və 399.3-cü maddələri istisna olunmaqla üç saatdan çox ola bilməz.

İnzibati Xətalar Məcəlləsinin 399.2-ci maddəsində göstərilir ki, sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədildiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

İnzibati Xətalar Məcəlləsinin 399.3-cü maddəsinə görə isə barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat apa­rılan şəxsin inzibati qaydada tutulması 24 saatdan çox ola bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda yuxarıda göstərilmiş «Polis haqqında» Qanunun və İnzibati Xətalar Məcəlləsinin inzibati qaydada tu­tul­manın müddəti ilə bağlı müddəalarının şərh verilməsi xahiş olunur.

Sorğu ilə əlaqədar konstitusiya işinin materiallarına Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq olunmuş «Polis haqqında» Qanunun 21-ci maddəsinin üçüncü hissəsi və 22-ci maddəsinin, habelə İnzibati Xətalar Məcəlləsinin 398 və 399-cu maddələrinin rəsmi mətnləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Beynəlxalq hüquq normalarında da azadlıq hüququ əsas insan hüquqları arasında özünəməxsus mühüm yer tutur.

«İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə»nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edil­məməlidir.

BMT Baş Assambleyasının 9 dekabr 1988-ci il tarixli qətnaməsi ilə təsdiq edil­miş «Formasından asılı olmayaraq saxlanılmağa və tutulmağa məruz qalmış bütün şəxslərin müdafiə prinsipləri Toplusu»nun ikinci prinsipində deyilir: «...həbs, tutulma və ya azadlıqdan məhrum etmə yalnız qanunun müddəalarına ciddi riayət etməklə səlahiyyətli vəzifəli şəxslər tərəfindən və yaxud bu məqsəd üçün qanunla müvəkkil olunmuş şəxslər tərəfindən həyata keçirilir.»

Azadlıq hüququ ən əhəmiyyətli və əsas insan hüquqlarından biri kimi dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası da bu hüququ beynəlxalq hüquq normalarına uyğun olaraq təsbit etmişdir.

Bununla belə, konstitusiya və beynəlxalq hüquq normaları qanunla nəzərdə tutulmuş hallarda azadlıq hüququnun məhdudlaşdırılmasını istisna etmir. Məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulması hallarını və ağlabatan müddətləri qanunvericilik müəyyənləşdirir.

«Polis haqqında» Qanunun 21-ci maddəsinin müddəaları hər hansı şəxsin azadlıq hüququnun polis tərəfindən 48 saatdan artıq olmayan müddət ilə məhdud­laşdırılması cinayət və ya inzibati hüquqpozmanın törədilməsi ilə əlaqələndirir.

«Polis haqqında» Qanunun 22-ci maddəsinin ikinci hissəsində isə göstərilir ki, bu Qanunun 21-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılması müddətləri inzibati hüquqpozmanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının inzibati hüquqpozmalar haq­qında qanunvericiliyi ilə, cinayətin törədilməsi ilə əlaqədar isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilir.

Qanunun bu tələblərinə uyğun olaraq daha sonra qəbul edilmiş həm Cinayət-Prosessual Məcəlləsi, həm də İnzibati Xətalar Məcəlləsi ilə müvafiq olaraq şəxsin məhkəmənin (hakimin) qərarı olmadan cinayət və inzibati xətaların (hüquqpozmaların) törədilməsi ilə əlaqədar tutulmasının müddətləri müəyyən olunmuşdur.

Cinayət-Prosessual Məcəlləsinə görə tutulma prosessual məcburiyyət tədbiri kimi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müd­dətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır. Cinayət prosesində hər hansı şəxsin tutulmasının əsaslarını şəxsin cinayət törətməsinə şüb­hə yarandığı hallar, habelə cinayət təqibi orqanının və ya məhkəmənin qərarlarının mövcudluğu təşkil edir.

Cinayət-Prosessual Məcəlləsinin 148-ci maddəsi şəxsin cinayət törətməsinə şübhə yarandıqda məhkəmənin qərarı olmadan onun tutulma şərtlərini müəyyən edir. Bu maddənin «şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz» müddəası yuxarıda göstərilən «Polis haqqında» Qanunun 21-ci maddəsinin tutulma müddəti ilə bağlı müddəası ilə üst-üstə düşür.

İnzibati Xətalar Məcəlləsinin 398 və 399-cu maddələri müvafiq olaraq inzibati qaydada tutma (tutulma) və onun müddətlərini tənzimləyir.

İnzibati Xətalar Məcəlləsinin 398.1-ci maddəsinə görə, inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin olunması üçün zəruri hesab edildikdə tətbiq olu­na bilər.

İnzibati qaydada tutma müddətlərini tənzimləyən 399.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması həmin Məcəllənin 399.2 və 399.3-cü maddələri istisna olunmaqla üç saatdan çox ola bilməz.

399.1-ci maddədən göründüyü kimi İnzibati Xətalar Məcəlləsi inzibati xəta törətmiş şəxslərin hakimin qərarı olmadan tutulma müddətlərini bir qayda olaraq üç saat müddəti ilə məhdudlaşdırmışdır.

Lakin İnzibati Xətalar Məcəlləsinin 399.2-ci maddəsinin müddəaları sərhəd rejiminin, sərhədboyu (sərhədboyu zolaq) rejimin və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması kimi hallarda tutulmanın 3 saatadək ümumi müddətinin əvəzinə hər hansı şəxsin 24 saat müddətə və ya şəxsiyyətini təsdiq edən sənədlər olmadığı üçün belə şəxsin hakimin qərarı ilə üç günədək müddətə tutula biləcəyinə yer vermişdir.

İnzibati Xətalar Məcəlləsinin 399.3-cü maddəsinə əsasən isə barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulma müddəti 24 saatdan çox ola bilməz.

İnzibati Xətalar Məcəlləsindən göründüyü kimi hakimin qərarı olmadan inzibati qaydada tutulmanın müddəti hər hansı halda 24 saatdan artıq olmamalıdır. Bu müddət «Polis haqqında» Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş 48 saat müd­dətinin daxilində olsa da, onun yuxarı həddi ilə eyniləşdirilə bilməz.

Beləliklə, polis tərəfindən inzibati qaydada tutulma tətbiq olunarkən «Polis haqqında» Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş 48 saatdan artıq olmayan müddətin İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə görə bir qayda olaraq 3 saatadək, müstəsna hallarda isə 24 saatadək həddi əsas götürülməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 65, 66, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: 

Q Ə R A R A   A L I R:

1. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmiş tutulmanın 48 saatdan artıq olmayan müddəti Cinayət-Prosessual Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət törətməkdə şübhəli şəxsə qarşı tam şamil edilir, inzibati xəta törətmiş şəxsə qarşı isə bu müddətin daxilində olan İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulmuş müddətlərin həddləri əsas gö­tü­rül­məlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda  dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                                      Xanlar Hacıyev