Qərarlar

23.01.01 «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 106-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA   MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun

106-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair

23 yanvar 2001-ci il                                                                                    Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), ha­kimlər: F.Babayev, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sul­tanovdan ibarət tərkibdə,

İ. İsmayılovun katibliyi ilə,

maraqlı subyektlər:

Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyektin nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri M.Ağazadə və Ə.Mir­zəliyevin;

sorğu ilə mənafelərinə toxunulan orqanın nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşı E.Əsgərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 11 dekabr tarixli 5-2000 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri M.Ağazadə, Ə.Mirzəliyev və E.Əsgərovun çıxışlarını dinləyib, konstitusiya işinin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N   E T D İ:

 «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-ci maddəsinin ikinci hissəsində hakimlərə hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq verilməsi nəzərdə tutulmuşdur.

Qanunun göstərilən müddəası maliyyə orqanları tərəfindən tətbiq olunarkən anlaşılmazlıq yarandığına görə Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda yeni seçilmiş hakimlərə bu Qanun qüvvəyə minənədək mövcud olan hakimlik stajının nəzərə alınması məsələsinin şərh olunmasını xahiş edir.

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100 və 106-cı maddələrinin rəsmi mətnləri vardır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, hakimlərin maddi təminatı Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsidir. Dövlət və cəmiyyət hakimlərə, xüsusiilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir.

Məhkəmə hakimiyyəti müstəqilliyinin təminatları Azərbaycan Respublikası Konstitusiyasında, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununda və bir sıra beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə məhkəmə hakimiyyətini hakimiyyətlərin bölünməsi prinsipi əsasında Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Konstitusiyanın 127-ci maddəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ta­bedirlər.

BMT-nin «Məhkəmə orqanlarının müstəqilliyini təmin edən Əsas Prinsiplər»inin müddəalarına görə hakimlərin səlahiyyət müddəti, onların müstəqilliyi, təhlükəsizliyi, əmək haqqı, iş şəraiti qanunla lazımi qaydada təmin olunmalıdır.

«Hakimlərin nizamnaməsi üzrə Avropa Xartiyası»nın 6.1 maddəsində nəzərdə tutulmuşdur ki, peşəkər əsaslarla öz funksiyalarını həyata keçirən hakimlərə, qərarların qəbul olunmasını və ya ümumiyyətlə hakimlərin fəaliyyətinə təsir etmək məqsədilə təzyiq göstərmək imkanlarını istisna edən, eyni zamanda onların müstəqilliyini və qərəzsizliyini təmin edən əmək haqqı müəyyən olunur.

«Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etməklə və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmalıdır.

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, hakimlərin müstəqilliyini təmin etmək üçün onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Bununla əlaqədar həmin Qanunun 106-cı maddəsində hakimlərə yüksək səviyyəli vəzifə maaşları ilə yanaşı, hakimlik stajının hər 5 ilinə görə, hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq verilməsi nəzərdə tutulur.

Bu Qanunun tətbiqi zamanı yeni təyin olunmuş hakimlərə əvvəlki hakimlik stajına görə əlavə haqqın verilməsi məsələsi üzrə mübahisə yaranmışdır.

Göstərilənlərlə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hü­quq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bu baxımdan «Məhkəmələr və hakimlər haqqında» Azər­baycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsi heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləyən şəxslərə şamil edilməlidir. Əks halda göstərilən norma Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində təsbit edilmiş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanılması prinsipi ilə ziddiyyət təşkil etmiş olur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 65, 66, 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A  A L D I:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsinin müddəaları bu Qanuna əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslərə onların Qanun qəbul edilənədək olan hakimlik stajı nəzərə alınmaqla şamil edilir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan” qəzetində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                                   Xanlar Hacıyev