AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun
1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və
48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və
477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
25 iyul 2019-cu il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
maraqlı subyektlərin
nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik sektorunun böyük
məsləhətçisi Fərid Hacıyevin,
mütəxəssislər Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin
kiçik hüquqşünası Günay Mahmudova, Azərbaycan Respublikası Mərkəzi Bankının
böyük hüquq məsləhətçisi Rasim Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının
hüquq ekspert qrupunun sədri, vəkil Qorxmaz Ağayev, Bank VTB (Azərbaycan) Açıq
Səhmdar Cəmiyyətinin Hüquq idarəsinin müdiri Əsgər Kərimovun iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq
xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”
Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında
konstitusiya işinə baxdı.
İş üzrə
hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin
çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Banklar haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan
sonra – “Banklar haqqında” Qanun) 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan
sonra – “İpoteka haqqında” Qanun) 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –Mülki Məcəllə) 307.4, 405.1 və 477.0.1-ci maddələrinin tələbləri baxımından, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyi halda
bağlanmış kredit müqavilələrində mühüm şərt hesab
olunan faiz
dərəcəsi barədə zaminin razılığının alınmamasının, eləcə də kredit öhdəliyinin icrası
müddətinin uzadılmasının əsas
və faiz borcuna (o
cümlədən cərimə borcuna), yaxud
yalnız faiz və
cərimə borcuna münasibətdə zaminin, ipoteka
(girov) ilə təmin edilmiş öhdəliklərdə isə ipoteka (girov) qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilməli
olub-olmamasının şərh edilməsini xahiş
etmişdir.
Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür
ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank VTB (Azərbaycan)
ASC) V.Əmiraslanov, N.Əliyev və Z.Əliyevə qarşı kredit müqaviləsi üzrə əsas
borc, faiz borcu və cərimə ilə birlikdə 13.692,67 ABŞ dolları məbləğində pulun
cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması barədə məhkəmədə iddia
qaldırmışdır.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr
2016-cı il tarixli qətnaməsi ilə həmin məbləğin cavabdeh V.Əmiraslanovdan
tutulması qət edilmiş, digər cavabdehlər N.Əliyev və Z.Əliyevin isə qarşılıqlı
iddiaları təmin edilmiş və zaminlərin 14 noyabr 2013-cü il tarixli zaminlik
müqavilələrindən irəli gələn öhdəliklərinə xitam verilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17
aprel 2017-ci il tarixli qətnaməsi ilə Bank VTB (Azərbaycan) ASC tərəfindən
verilmiş apellyasiya şikayəti zaminlik müqavilələrində öhdəliyin konkret məbləği,
faiz dərəcəsi və icra müddəti göstərilmədiyindən Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci
maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarına
istinad edilməklə təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 21 sentyabr
2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv
edilərək iş yeni məhkəmə baxışına qaytarılmışdır.
İşə yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsi
Konsitusiya Məhkəməsinə müraciət edərək məsələ ilə bağlı mülki qanunvericiliyin
bir sıra normalarının şərh edilməsini xahiş etmişdir.
Həmin müraciət əsasında
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında”
Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərar (bundan sonra –
Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarı) qəbul
etmişdir.
Konstitusiya Məhkəməsi
Plenumunun 2018-ci il 31 may tarixli Qərarı qəbul edildikdən sonra işə
baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin Qərarda ifadə
edilmiş hüquqi mövqelərə əsaslanaraq bankın apellyasiya şikayətini rədd etmişdir.
Ali Məhkəmənin
Mülki Kollegiyası isə 25 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya
instansiyası məhkəməsinin qətnaməsini təkrarən ləğv edərək işi yeni məhkəmə
baxışına qaytarmışdır.
Apellyasiya
instansiyası məhkəməsi işə növbəti dəfə baxarkən Konstitusiya Məhkəməsi
Plenumunun qeyd olunan Qərarının tətbiqi ilə bağlı məhkəmə instansiyaları
arasında fikir ayrılığı yarandığından vahid məhkəmə təcrübəsinin
formalaşdırılması məqsədi ilə yuxarıda qeyd olunan normaların əlaqəli şəkildə şərh
edilməsini Konstitusiya Məhkəməsindən xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin bir çoxuna
Plenumun 2018-ci il 31 may tarixli Qərarında aydınlıq gətirildiyindən
onlar geniş şəkildə təkrarlanmadan, hazırkı müraciət əsasında şərh edilməli
olan məsələlərin məhz həmin Qərarda əks olunmuş hüquqi mövqelər baxımından nəzərdən
keçirilməsi məqsədə müvafiqdir.
Konstitusiya Məhkəməsi
Plenumunun sözügedən Qərarda əks olunmuş hüquqi mövqeyinə görə, zaminlik
müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri
aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin
həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən
onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında”
Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə
uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və
faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən
məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin
mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid
edilə bilər.
Zaminliyə xitam
verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir.
Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi
öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə
və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
Zaminin məsuliyyətinin
artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər
dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə
götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur.
Göründüyü kimi,
Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin
maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə
tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı
olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin
artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.
Zaminin məsuliyyətinin
artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara:
- kreditin ümumi məbləğinin artırılması;
- kreditin faizinin artırılması;
- kreditin valyutasının dəyişdirilməsi;
- kreditin qaytarılma müddətinin uzadılması və
digər mühüm hallar aid edilə bilər.
Göstərilənləri nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında
belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün
kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi,
valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində
faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi
barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin
477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə
tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit
müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini
və digər halları nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin
Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin
bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit
müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab
etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin
razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və
ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə,
zaminliyə xitam verilməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gələrkən bir sıra ölkələrin mülki qanunvericiliyinin
zaminliyə xitam verilməsinə dair normalarının müqayisəli təhlilini apararaq, bu
məsələnin fərqli qaydada tənzimləndiyini müəyyən etmiş və müvafiq şərhi məhz
Mülki Məcəllənin 477-ci maddəsinin məna və məzmunu çərçivəsində
vermişdir. Gələcəkdə mülki dövriyyənin sabitliyinin, dayanıqlığının və
bank sektorunun inkişafının təmin edilməsi baxımından qanunverici tərəfindən həmin
normaların təkmilləşdirilməsi istisna edilmir.
Müraciətdə
qaldırılan və məhkəmə təcrübəsində fikir ayrılığına səbəb olan məsələlərdən
biri zaminin məsuliyyətinin artmasına gətirib çıxaran hallar baş verdikdə
zaminliyə qismən və yaxud bütövlükdə xitam verilməsi və ya zaminin imzaladığı
müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə
bağlıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, qeyd edilən məsələyə aydınlıq gətirilməsi üçün mülki
qanunvericiliyin zaminlik müqaviləsinin anlayışı və zaminin məsuliyyətinin həddini,
eləcə də zaminliyə xitam verilməsini müəyyən edən normaları bir daha nəzərdən
keçirilməlidir.
Mülki Məcəllənin
470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin
kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra
etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini
müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin
edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə
və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə
tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc
tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya
lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi
də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət
daşıyır.
Maddələrin məzmunundan
göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin
borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti
üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri,
zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır.
Bu baxımdan və Mülki
Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində
zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin
məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ,
müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi
halda zaminliyə bütövlükdə xitam verilir.
Göstərilənləri nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi
qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində
razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor
qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək
qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar
baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.
Kredit xətti
müqavilələri üzrə ipoteka təminatına dair müraciətdə qaldırılan məsələ ilə əlaqədar
isəqeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində
ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən,
ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer),
ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan
digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları
və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer
və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla
ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər,
ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya
bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq
bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin
satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi,
ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin
məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği
müəyyən etmə qaydası göstərilməlidir.
Həmçinin Mülki Məcəllənin
307.4-cü maddəsinə müvafiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği
gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin
qaydası və digər zəruri şərtləri göstərilməlidir.
Konstitusiya Məhkəməsi
Plenumunun 2018-ci il 31 may tarixli Qərarında qeyd olunmuşdur
ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində
ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən
olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı
hüquqi mövqeyə görə, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti
müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli
dərəcədə aydın göstərilməlidir.
Həmin Qərarda
Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 307.4-cü
maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə,
ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri
göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin,
valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.
Qanunvericiliyin
tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ,
müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə
də müvafiq dəyişikliklər edilməlidir. Belə ki, İpoteka haqqında” Qanunun
14.1-ci maddəsinə görə, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz
əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim
edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka
müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə,
əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə
və s.
Konstitusiya Məhkəməsinin
Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, ipoteka qoyanın
məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər
daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində
qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin
sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi
halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində
məsuliyyət daşıyacaqdır.
İpotekaya xitam
verilməsinin qaydaları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsi ilə tənzimlənir.
Həmin maddəyə görə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə,
əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka
predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və qanunda nəzərdə tutulmuş
digər hallarda ipotekaya xitam verilir.
Göründüyü kimi,
zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinə xitam verilmə
halları sırasında ipoteka qoyanın razılığı olmadan öhdəliyin həcminin dəyişdirilməsi
və bu dəyiişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olması halı nəzərdə tutulmamışdır.
Lakin qeyd
olunduğu kimi, Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli
Qərarda belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər
ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə,
ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri
göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin,
valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.
Bununla da öhdəliyin
təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarda həmçinin hesab etmişdir
ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit
müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı
alınmalıdır.
Nəzərə
alınmalıdır ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq,
ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka
müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi
ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə
əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün
ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas
müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və
digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin
icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci
maddəsi).
Sadalanan
normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas
öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
Qeyd edilən
mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi
Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi
mövqeləri rəhbər tutaraq Plenum hesab edir ki, kredit xətti müqaviləsinin təminatı
kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin,
faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər
barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli
olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb
olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində
müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı
hallara şamil edilmir.
Bu cür yanaşma
Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin
maddəyə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb
olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin
predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri
adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində
razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
Konstitusiya Məhkəməsi
Plenumunun 2018-ci il 31 may tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin
tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq Plenum qeyd etməyi
vacib bilir ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Konstitusiya Məhkəməsi haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci maddələrinə görə,
Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi
qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-IIQD saylı Azərbaycan
Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə
uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə istinadən bir daha qeyd edir ki, məhkəmələr öz qərarlarını
Konstitusiya Məhkəməsi tərəfindən iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində
qəbul etməlidir. Məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks
olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul etməklə Konstitusiyanın
130-cu maddəsinin IX hissəsinin və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun
63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmuş olurlar.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin
472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa
qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun
bütün zəruri şətlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində
razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor
qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin 477-ci maddəsinin
məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam
verilir.
- “İpoteka
haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə
müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış
ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi,
valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində
belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi
həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu
müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə
bilməz.
Bu qayda kredit
xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər
barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.
İpoteka müqaviləsində
qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və
bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı
olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində
müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq,
zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə
qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi,
valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin
borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun
olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə
səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
2. “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq
olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka
müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və
s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər
barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit
müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn
öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
Bu qayda kredit
xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər
barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.
İpoteka müqaviləsində
qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və
bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı
olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində
müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr Fərhad Abdullayev