Qərarlar

28.01.19 M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

28 yanvar 2019-cu il                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Mirsaleh Sarıyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında M.Sarıyevin  şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Məhəmməd Məmmədov M.Sarıyevə qarşı 10.000 manat məbləğində borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə M.Sarıyevdən 10.030 manat pulun alınaraq M.Məmmədova verilməsi qət edilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə M.Sarıyevin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 5 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

M.Sarıyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək  Ali Məhkəmənin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri irəli sürülmüş tələb üzrə hər hansı öhdəliyin yaranıb-yaranmadığını və bu halı təsdiq edən sübutların mövcudluğunu araşdırmamış, iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, eləcə də zaminlik müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərini nəzərə almamışlar. Ərizəçi hesab edir ki,  kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 386, 470 və 471-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun  Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququ  pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiya insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, məhkəmələr tərəfindən onların müdafiəsinə də təminat vermişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin I hissəsi).

Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, M.Sarıyevin tanışları Qulu və qeyriləri M.Məmmədovdan 14.700 manat dəyərində çıl-çıraq almış, malın dəyərindən 4.700 manatı ödəmiş, qalan 10.000 manatı isə ödəməmişlər. M.Məmmədov M.Sarıyevdən borcun ödənilməsini dəfələrlə tələb etmiş, lakin M.Sarıyev bu məbləği ödəməmişdir. Bundan sonra M.Məmmədov məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, M.Sarıyev digərləri ilə birlikdə ondan götürdüyü malın dəyərini tam ödəməmişdir. M.Sarıyev isə iddianı qəbul etməyərək məhkəmədə verdiyi izahatda göstərmişdir ki, M.Məmmədovdan heç bir mal almamış, yalnız malın digər şəxslərə satılmasında vasitəçilik etmiş və aralarında hər hansı zaminlik müqaviləsi bağlanmamışdır.

İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının M.Sarıyevin zaminliyi ilə sonuncunun tanışlarına 14.700 manat məbləğində çıl-çıraq satması müəyyən olunur və mülki işdə bu faktı təkzib edən, eləcə də öhdəliyin icra edilməsini təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya instansiyası məhkəməsi cavabdehin öz dəlillərini sübut edə bilməməsini əsas gətirmiş, Mülki Məcəllənin öhdəliklərin icrası ilə bağlı normalarına istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

Kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsinin iş üzrə düzgün hüquqi nəticəyə gəldiyini, qanuni və əsaslı qətnamə qəbul etdiyini, maddi və prosessual hüquq normalarını pozmadığını göstərmiş və qətnaməni dəyişdirmədən saxlamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı, ilk növbədə, işə baxan məhkəmələr tərəfindən Mülki Məcəllənin istinad edilmiş öhdəlik və öhdəliklərin icrası ilə bağlı normalarına, eləcə də zaminlik müqaviləsinə dair bir sıra normalarına nəzər salınmasını zəruri hesab edir.

Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi).

Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir.

Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin  zərər  vurulması,  əsassız  varlanma  və  ya bu Məcəllədə  nəzərdə  tutulmuş  digər  əsaslar  nəticəsində  əmələ  gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.

Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.

Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir:

- subyekt tərkibindən;

- məzmundan;

- formadan.

Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir.

Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür.

Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır.

Mülki Məcəllənin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər.

Beləliklə, yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir.

Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik müqaviləsi isə Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə təminat kimi çıxış edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır.

Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.

Göründüyü kimi, zaminlik müqaviləsi əsas öhdəliyin icrasını təmin edən üsullardan biridir və bu müqavilədə əsas öhdəliyin müəyyən edilməsi vacib şərtlərdən hesab olunur. Zaminlik müqaviləsinin hüquqi qüvvə alması üçün zəruri tələblərdən biri də onun yazılı formada bağlanmasıdır. Belə ki, Mülki Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə isə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da, ilk növbədə, zaminin maraqları qorunur.

Beləliklə, qanunvericiliyin zaminlik müqaviləsinin yazılı şəkildə bağlanmasına dair imperativ tələbinə riayət edilmədən bağlanmış müqavilə etibarlı hesab edilə bilməz.

Hazırkı işdə öhdəliyin əmələ gəlmə əsasının müəyyən edilməməsinə, istinad edilən zaminliyin yazılı müqavilə formasında bağlanmamasına, iddiaçı tərəfindən iddianı təsdiq edən hər hansı sübutun təqdim edilməməsinə baxmayaraq, tərəflər arasında, ümumiyyətlə, öhdəlik münasibətlərinin mövcud olub-olmamasını araşdırmadan, öhdəliyin icra edilməsini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsini və mülki işdə bu halı təsdiq edən sübutun olmadığını əsas gətirərək birinci instansiya məhkəməsi M.Sarıyevin öhdəliyin icrası üçün məsuliyyət daşıdığı qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu qənaəti düzgün hesab etmişdir.

Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).

Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb  və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir.

Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsi hazırkı işin həqiqi hallarını müəyyən etmək üçün qanunvericiliyin verdiyi mümkün vasitələrdən lazımınca istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə tam əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasına düzgün qiymət verməyərək qətnaməni dəyişdirilmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, M.Məmmədovun M.Sarıyevə qarşı pul tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 386.1 və 471-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Məhəmməd Məmmədovun Mirsaleh Sarıyevə qarşı pul tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 və 471-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                               Fərhad Abdullayev