Qərarlar

05.09.18 “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun  2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair

5 sentyabr 2018-ci il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndələri Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin Problemli maliyyə sahələri ilə iş sektorunun böyük hüquqşünası Məhəmməd Həsənli, Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aslan Zeynalov və Hüquq Departamentinin Korporativ hüquq şöbəsinin müdiri Həmidə Quliyeva, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Nadir Sultanovun,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın,

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidov və Azərbaycan Respublikası Mərkəzi Bankının Korporativ hüquq şöbəsinin aparıcı məsləhətçisi Pərviz Hüseynovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin  şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının  Konstitusiya  Məhkəməsinə (bundan sonra – Konstitusiya  Məhkəməsi) sorğu ilə müraciət edərək təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilmiş əmanətlərin, həmçinin illik faiz dərəcəsinə əlavə bonuslar tətbiq olunmuş əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi baxımından “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmanətlərin sığortalanması haqqında” Qanun) 2.1.2.6-cı maddəsinin şərh  edilməsini xahiş etmişdir.

Sorğuda göstərilir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Maliyyə Bazarlarına Nəzarət Palatası) Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarı ilə "Dəmir Bank" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Dəmir Bank” ASC) bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 1992-ci il 23 fevral tarixli lisenziya ləğv edilmişdir. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli qərarı ilə "Dəmir Bank" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) banka ləğvedici təyin edilmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatası "Dəmir Bank" ASC-yə qarşı qorunan əmanətlərin həcminin artırılması, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanmasının dayandırılması barədə təshih tədbirləri tətbiq etmiş və bu barədə 2017-ci il 27 sentyabr tarixli məktubla banka, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.4.4-cü maddəsinə əsasən 2017-ci il 19 oktyabr tarixli məktubla Fonda məlumat vermişdir.

Qeyd olunan təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, “Dəmir Bank” ASC  tərəfindən əmanətlərin (depozitlərin) şərtləri əmanət müqavilələrinə əlavə sazişlər bağlanılması yolu ilə  dəyişdirilərək faiz dərəcələri aşağı salınmış və bununla da qorunmayan əmanətlər qorunan əmanətlər statusuna aid edilmişdir.

Sorğuverən həmçinin qeyd edir ki, “Dəmir Bank” ASC bankın əmanət məhsulu olan “Yığım” və “Göy” əmanət məhsulları üzrə əmanət müqavilələrinə əlavə saziş imzalamaqla Fondun Himayəçilik Şurası tərəfindən qorunan əmanətlər üzrə müəyyən edilən illik faiz dərəcəsinin yuxarı həddi olan (milli valyutada illik 15 faiz, xarici valyutada illik 3 faiz)  əmanət faizlərindən başqa əmanətçilərə bonus (+2 faiz) verilməsi öhdəliyi götürmüşdür.

Sorğuverən hesab edir ki, yuxarıda qeyd olunan əmanətlərin  qorunan əmanət hesab edilib-edilməməsi ilə bağlı təcrübədə yaranan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədi ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair”   2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.

“Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir.

Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.

Qeyd olunmalıdır ki, Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir.  Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi  15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. Fondun Himayəçilik Şurasının 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir.

Göründüyü kimi, Fondun Himayəçilik Şurası tərəfindən ayrı-ayrı vaxtlarda qəbul olunmuş qərarlarda qorunan əmanətlər üzrə müxtəlif  faiz dərəcələri nəzərdə tutulmuşdur.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsinə görə, əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir.

Bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Banklar haqqında” Qanun) ilə tənzimlənir.

Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Beləliklə, bank əmanəti müqaviləsində faizlərin miqdarı göstərilmədiyi halda belə, faizlər Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsi əsasında təyin edilir.

Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.

Bununla əlaqədar qeyd edilməlidir ki,  “Əmanətlərin sığortalanması haqqında” Qanunun 13.4-cü maddəsinə əsasən, təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir. Qeyd edilən Qanunun 22.1.1-ci maddəsinə əsasən, Fond banklardan əmanətlər haqqında hesabatlar alır.

Həmçinin Fondun Himayəçilik Şurası tərəfindən təsdiq edilmiş “İştirakçı banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqvim haqlarının ödənilməsi və hesabatların təqdim edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, təqvim haqları banklar tərəfindən hər rüb ödənilir. Bu Qaydaların 3.1-ci bəndinə görə, bankın verdiyi rüblük hesabatlarda da əmanətin qorunan və ya qorunmayan olması müəyyənləşdirilə bilər.

“Əmanətlərin sığortalanması haqqında” Qanun iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddinə riayət olunmaqla bağlanılaraq bankın əməliyyat sisteminə qorunan əmanət kimi daxil edilmiş bank əmanəti müqavilələri əsasında kompensasiya ödənilməsini nəzərdə tutur.

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki,  “Dəmir Bank” ASC-nin fəaliyyət göstərdiyi dövrdə əmanət müqaviləsi üzrə faiz dərəcələri əsas götürülməklə qeyd olunan əmanətlər bankın əməliyyat sisteminə qorunan əmanət kimi daxil edilmiş və həmin əmanətlərə görə Fonda təqvim haqları hesablanaraq ödənilmişdir.

Qeyd olunduğu kimi, “Dəmir Bank” ASC müştərilərlə iki müqavilə bağlamışdır. Bunlardan biri illik faiz dərəcəsinin yuxarı həddində bank əmanəti müqaviləsi, digəri isə əlavə bonus ödənişlərinin verilməsi barədə saziş olmuşdur.

Bank ilə əmanətçilər (müştərilər) arasında bağlanılan 2 faiz bonus (mükafat) müqavilələri mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinə əsaslanmışdır.

Müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –Konstitusiya) 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar.

Bank əmanətçiləri cəlb etmək üçün öz təşəbbüsü ilə  digər ödənişlər edə bilər. Belə ki, əmanətdən əldə edilən digər növ gəlirlər (hədiyyə, bonus) bankın əmanət siyasətinin bir formasıdır. Bu baxımdan əmanətçi (müştəri) tam sərbəst şəkildə əlavə gəlir əldə etmək məqsədi ilə bankla əlavə müqavilə bağlamaq  hüququna malikdir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün əmanətə görə ödənilən cəmi faiz qorunan əmanətlər üçün müəyyən edilmiş illik faiz dərəcəsindən artıq olmamalıdır. Əmanətdən əldə edilən bonus bankın əmanət siyasətinin bir forması olduğundan illik faiz dərəcəsinə aid edilməməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, bonuslar nəzərə alınmamaqla əmanət müqaviləsi üzrə qorunan əmanətlər üçün müəyyən edilmiş illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin bankın əməliyyat sisteminə qorunan əmanət kimi daxil edilməsi və Fonda təqvim haqlarının ödənilməsi sığorta hadisəsi baş verən zaman əmanətçilərə kompensasiyanın ödənilməsi üçün əsas hesab edilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan digər məsələ - təshih tədbirinin tətbiqindən sonra şərtləri dəyişdirilmiş (faiz dərəcəsinin aşağı salınması yolu ilə) əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi ilə əlaqədar, ilk növbədə, “təshih tədbirləri”nin mahiyyətinə aydınlıq gətirilməsini vacib hesab edir.

“Banklar haqqında” Qanunun 47.1-ci maddəsinə uyğun olaraq, bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsinə, maliyyə bazarlarına nəzarət orqanının verdiyi lisenziyaya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının banka təsir tədbirlərini tətbiq etmək hüququ vardır.

Həmin  Qanunun 47.4-cü maddəsinə görə, maliyyə bazarlarına nəzarət orqanının banka icrası məcburi olan sərəncamında bu Qanunun 48-ci maddəsində göstərilmiş təshih tədbirlərinin həyata keçirilməsi və çatışmazlıqların aradan qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir. Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılmasına yönəldilən təshih tədbirləri tətbiq edildikdə, bank verilən sərəncama müvafiq olaraq tədbirin həyata keçirilməsi planını iki həftə müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

Maddənin məzmunundan göründüyü kimi, təshih tədbirinin tətbiqi həmçinin bankların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, bankın restrukturizasiyası və bərpasına yönəlir. “Banklar haqqında” Qanunun 48-ci maddəsində əks olunmuş təshih tədbirlərinin əsas məqsədi mövcud durumu nəzərə alaraq bankın özünə yeni öhdəliklər yaratmaması, mövcud öhdəliklərinin artırılmaması və həmin öhdəliklərin həcminin azaldılmasıdır. Həmin maddəyə görə, maliyyə bazarlarına nəzarət orqanı banka aşağıdakı təshih tədbirlərini tətbiq edə bilər:

- bank fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlaşdırılması və ya dayandırılması;

- inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması;

- banka aidiyyəti olan şəxslərlə bank əməliyyatlarının və əqdlərin həyata keçirilməsinin dayandırılması;

- depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması;

- maliyyə güzəştlərinin verilməsinin dayandırılması  və s.

Onu da qeyd etmək lazımdır ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 13.2, 14.3, 21.4.4, 21.6, 22.3.2, 27.13 və 30.2-ci maddələrində də Maliyyə Bazarlarına Nəzarət Palatasının iştirakçı bankın əmanətləri cəlb etmək hüququnun dayandırılması səlahiyyəti öz əksini tapmışdır. Burada da qanunvericiliyin əsas məqsədi bankın özünə yeni öhdəliklər yaratmaması və ya mövcud öhdəliklərin həcminin artırılmamasıdır.

Qanunvericiliyin tələbinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarına nəzarət orqanı olaraq banka tətbiq etdiyi təshih tədbiri ilə funksiyası bitmiş sayılmamalı və bu tədbirlərə bank tərəfindən əməl olunmasına da nəzarəti həyata keçirməlidir.

Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 1.1-ci maddəsinə uyğun olaraq, Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin maliyyə bazarları üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır.

Həmin Nizamnamənin 2.2.5 və 2.2.7-ci bəndlərinə əsasən, maliyyə bazarlarında davamlı və hərtərəfli nəzarətin həyata keçirilməsi, yoxlamalar aparılması və ya bu yoxlamaların keçirilməsinin üçüncü şəxslərə həvalə edilməsi, hesabatların alınması və əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi Palatanın fəaliyyət istiqamətlərinə daxildir.

Nizamnamənin 3.2.3-cü bəndinə müvafiq olaraq, Palata nəzarət etdiyi subyektlərin sağlamlaşdırılması sahəsində tədbirlər planı hazırlayır, onun icrasını əlaqələndirir və icrasına nəzarət edir.

Bununla yanaşı, “Banklar haqqında” Qanunun 43-cü maddəsinə görə, banklar bank fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməli, Palataya və Mərkəzi Banka təqdim etməlidirlər. Həmin Qanunun 44-cü maddəsinə müvafiq olaraq, bankın maliyyə fəaliyyəti hər il kənar auditor tərəfindən yoxlanılmalıdır. Kənar auditor həmçinin bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti haqqında tam və obyektiv təsəvvür yaradıb-yaratmaması barədə hesabat və rəy hazırlayır, inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında məlumat verir. Həmin Qanunun 46.2-ci maddəsinə görə, banklar Palatanın inspektorları və ya Palata tərəfindən təyin edilən kənar auditorlar tərəfindən ildə bir dəfə yoxlanılır.

Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı banklar üzərində nəzarət funksiyalarını həyata keçirərkən, onların Fonda ödədikləri sığorta haqlarının hesablanması, əmanətçilərin ümumiləşdirilmiş uçotunun aparılması vəziyyətini yoxlayır və iştirakçı bankların Fond qarşısında bu qanunla müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiklərini aşkar etdikdə, pozuntuların aradan qaldırılması və düzgün hesablanmamış sığorta haqlarının ödənilməsi barədə həmin banka göstəriş verərək, bu haqda Fonda məlumat verir.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, banklara qarşı tətbiq edilən təshih tədbirləri ictimaiyyətin nəzərinə çatdırılmalı və əmanətçilər həmin tədbirlər barədə məlumatı əldə etmək imkanına malik olmalıdırlar.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir.

Fondun Himayəçilik Şurasının 2011-ci il 8 iyul tarixli qərarı ilə “İştirakçı banklar tərəfindən əmanətlərin sığortalanmasına dair ictimaiyyətin məlumatlandırılması Qaydaları” təsdiq edilmişdir. Bu qaydalar iştirakçı banklar tərəfindən Fondun iştirakçısı olması barədə, əmanətlərin sığortalanması və kompensasiyaların ödənilməsi şərtləri haqqında ictimaiyyətin məlumatlandırılması, həmin məlumatın əmanətçilərin sərbəst şəkildə əldə edə biləcəkləri yerlərdə və anlaşıqlı formada yerləşdirilməsi, habelə əmanətçilər tərəfindən müvafiq məlumatın əldə edilməsi üçün onların yazılı və şifahi sorğularının cavablandırılması məsələlərini tənzimləyir.

Hər bir halda dövlət orqanları banklar tərəfindən təshih tədbirlərinə riayət edilməsinə nəzarət edərək əmanətçilərin maraqlarının  qorunmasını təmin etməlidirlər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklar tərəfindən “Banklar haqqında” Qanunun 47 və 48-ci maddələrinin tələbləri pozularaq təshih tədbirlərinə riayət edilməməsi əmanətçilərin maraqlarına mənfi təsir göstərməməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 4.1.8-ci maddəsinə əsasən, Fond ödədiyi kompensasiya üzrə məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək hüququna malikdir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA  ALDI:

1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.

2.        Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

3.        Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.        Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                              Fərhad Abdullayev