AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
18 iyul 2018-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçi “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Elxan Ağayev, bankın nümayəndəsi Hüquq idarəsinin rəisi Röyam Hüseynzadə və vəkili Muxtar Mustafayevin,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Asif Qədirovun,
mütəxəssis Azərbaycan Respublikası Mərkəzi Bankının Korporativ Hüquq şöbəsinin aparıcı məsləhətçisi Pərviz Hüseynovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin nümayəndəsi və vəkilinin, mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Mars-M” firması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Xalq Bank” ASC) ilə aralarında bağlanmış 8 iyul 2015-ci il tarixli kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. “Xalq Bank” ASC isə “Mars-M” firmasına qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qarşılıqlı iddia vermişdir.
İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “Xalq Bank” ASC ilə “Mars-M” firması arasında 4 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. 8 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə borcalan 4 oktyabr 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, “Mars-M” firmasına məxsus Bakı şəhəri S.Vurğun küçəsi 120 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair “Xalq Bank” ASC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, “Xalq Bank” ASC-nin qarşılıqlı iddiası təmin edilərək 8 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, 11.161,62 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 19.400.119,08 ABŞ dollarının və 26 may 2016-cı ildən başlamaqla iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdeh “Mars-M” firmasından iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan, borcalana məxsus qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunduğu kimi 26.000.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən iddiaçı “Mars-M” firması, eləcə də Hacıyeva Könül Rəşid qızı və Ağa-zadə Afət Rəşid qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər. Sonradan K.Hacıyeva və A.Ağa-zadə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi “Xalq Bank” ASC-yə və “Mars-M” firmasına qarşı sonuncu ilə aralarında bağlanmış müqavilələrə əsasən onlara məxsus qeyri-yaşayış sahələrinə aid hissədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişlər. K.Hacıyeva iddia tələbini onunla əsaslandırmışdır ki, “Mars-M” firması ilə aralarında 20 may 2011-ci il tarixində bağlanmış ilkin müqaviləyə əsasən, o, “Mars-M” firmasına 39.360 manat ödəməyi, “Mars-M” firması isə mübahisəli qeyri-yaşayış binasında 24.6 kv.m sahəni ona təhvil verməyi öhdəsinə götürmüşdür. A.Ağa-zadə isə iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “Mars-M” firması arasında 17 noyabr 2009-cu il tarixində bağlanmış müqaviləyə əsasən onun tərəfindən “Mars-M” firmasına 79.200 ABŞ dolları ödənilməli, digər tərəf isə 24.6 kv.m sahəni ona təhvil verməli idi. 15 avqust 2013-cü il tarixində həmin müqaviləyə imzalanmış əlavəyə əsasən “Mars-M” firmasına 24.000 manat ödənilməli, sonuncu isə 30.2 kv.m sahəni A.Ağa-zadəyə təhvil verməli idi. Qeyd olunan müqavilələr üzrə tərəflər öz öhdəliklərini tam icra etmişlər. Sonradan həmin müqavilələrin predmetini təşkil edən sahələrin yerləşdiyi qeyri-yaşayış binasının bütövlükdə “Mars-M” firması tərəfindən ipoteka qoyulduğu onlara məlum olmuşdur.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 aprel 2017-ci il tarixli qətnaməsi ilə “Mars-M” firmasının, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-zadənin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı “Xalq Bank” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia qismən təmin edilmişdir. K.Hacıyeva və A.Ağa-zadəyə məxsus qeyri-yaşayış sahələri istisna olmaqla, ipoteka müqaviləsi üzrə tutmanın mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin sahənin ilkin satış qiymətinin 38.473.040 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə iddiaçı “Mars-M” firmasının iddia tələbinin təmin edilməməsi, “Xalq Bank” ASC-nin “Mars-M” firmasından kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının “Xalq Bank” ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-zadənin “Mars-M” firmasına və “Xalq Bank” ASC-yə qarşı iddiası təmin edilmiş, ipoteka müqaviləsi onlara məxsus qeyri-yaşayış sahələrinin ipoteka qoyulması hissəsində etibarsız hesab edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 18 oktyabr 2017-ci il tarixli qərarı ilə “Mars-M” firmasının və “Xalq Bank” ASC-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 5 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
“Xalq Bank” ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi şikayətində göstərmişdir ki, məhkəmələr işə baxarkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktları qəbul etmişlər.
Ərizəçinin fikrincə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı ilə onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140 və 146-cı maddələrinin tələbləri pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı işin araşdırılması üçün mülki qanunvericiliyin əşya və öhdəlik hüququ ilə bağlı bir sıra normalarının açıqlanmasına zərurət vardır.
Mülki hüququn ən mühüm sahələrindən biri olan əşya hüququ maddi nemətlərin fiziki və hüquqi şəxslərə, dövlət və bələdiyyəyə məxsusluğu ilə bağlı yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusundan ibarət olmaqla, özündə mülkiyyət, sahiblik və məhdud əşya hüquq institutlarını birləşdirir. Mülkiyyət hüququ əşyanın mülkiyyətçiyə məxsus olması ilə əlaqədar yaranan münasibətləri nizamlayan normaların məcmusudur. Sahiblik hüququ özündə şəxsin əşyaya faktiki sahiblik etməsini tənzimləyən normaları birləşdirir. Mülkiyyətçi ilə yanaşı, digər şəxslərin əşyadan istifadəsi ilə bağlı qaydalar isə məhdud əşya hüquq institutu ilə müəyyən edilir və bu instituta girov, ipoteka, servitut hüququ və s. kimi yarıminstitutlar daxildir. Əşya hüquqları mütləq xarakterli hüquqlar olub əşya üzərində birbaşa hakimiyyəti təmin edən və hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli haqlardır. Yəni əşyanın mülkiyyətçisi, qanuni sahibi və ya məhdud əşya hüququnun sahibi hər kəsdən həmin əşyaya dair hüquqlarını pozmamağı tələb etmək səlahiyyətinə malikdir.
Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Həmin Məcəllənin 139-1-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.
Daşınmaz əmlaka dair bağlanan müqavilələrdən biri ipoteka müqaviləsidir. İpoteka müqaviləsi ipoteka qoyanla (borclu və ya digər şəxs) ipoteka saxlayan (kreditor) arasında bağlanmaqla sonuncunun ipoteka predmeti üzərində məhdud əşya – ipoteka hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 309.1-ci maddəsinə uyğun olaraq, ipoteka rəsmi reyestrdə qeydiyyata alınmalıdır və qeydə alınma anından qüvvəyə minir.
Şikayətdən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, “Mars-M” firmasının ona məxsus torpaq sahəsi üzərində tikintisi başa çatmamış qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qabaqcadan dövlət qeydiyyatı həyata keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hüquqların qabaqcadan dövlət qeydiyyatı haqqında arayış verilmişdir. Bundan sonra tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsi əsasında “Xalq Bank” ASC-yə həmin əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.
Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərh etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.
Kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 417.1.3 və 418.1-ci maddələri).
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Mars-M” firmasının “Xalq Bank” ASC-yə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Mars-M” firmasının “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev