Qərarlar

05.06.18 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci  maddəsinin həmin

Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair

5 iyun 2018-ci il                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru Anar Rzayev və həmin departamentin baş direktorunun müavini Azər Əkbərov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin məsləhətçisi Yunis İsmayılovun,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət qulluğu haqqında” Qanun) 2.3-cü maddəsi nəzərə alınmaqla, həmin Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş təminatın - aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil olunub-olunmamasının  şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə görə, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

Sorğuverən qeyd edir ki, Azərbaycan Respublikasının dövlət vergi orqanlarında xidmətin qaydaları və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” (bundan sonra – “Əsasnamə”) ilə müəyyən edilir. Həmin Əsasnamədə vergi orqanlarının vəzifəli şəxslərinə pensiya yaşına çatmasına görə öz arzusu ilə vergi orqanlarında xidmətinə xitam verildiyi hallarda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Göstərilən şəxslər tərəfindən ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə daxil olmuş müraciətlərə baxılarkən müvafiq hüquqi tənzimləmənin Əsasnamədə nəzərdə tutulmaması və belə müavinətlərin ödənilməsi üçün vəsaitin ayrılmaması əsas gətirilməklə onların ödənilməsindən imtina olunur. Həmin şəxslərin bununla bağlı iddia ərizələri isə məhkəmələr tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarına istinad edilməklə, bir qayda olaraq, təmin olunur.

Sorğuverən hesab edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş təminatın vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilib-edilməməsi ilə bağlı təcrübədə yaranan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə həmin normanın şərh edilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir.

Qeyd olunduğu kimi, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə görə, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında qulluq dövlət qulluğunun xüsusi növüdür. Qanunverici sadalanan orqanların fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, həmin orqanlarda xidmətin qaydalarını, orada çalışan şəxslərin hüquqi vəziyyətini, maddi və sosial təminat məsələlərini ayrıca qanunlarla və ya əsasnamələrlə tənzimləmişdir.

Lakin “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində dövlət qulluğunun xüsusi növünə aid olan orqanlarda qulluq edən şəxslərin dövlət qulluğu keçməsinin başqa qanunlarla tənzimləndiyi qeyd edilsə də, həmin orqanlarda qulluqkeçmə qaydaları tənzimlənərkən dövlət qulluğunun prinsiplərinin nəzərə alınmalı olması da göstərilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 4-cü maddəsində dövlət qulluğunun prinsipləri təsbit edilmişdir. Dövlət qulluqçularının hüquq bərabərliyi, onların sosial və hüquqi müdafiəsi, özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi dövlət qulluğunun əsas prinsiplərindəndir (“Dövlət qulluğu haqqında” Qanunun 4.1.9 və 4.1.11-ci maddələri). Bu prinsiplərin əsası Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12, 16, 25, 38-ci və digər maddələrindən irəli gəlir.

“Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində sadalanan orqanların fəaliyyəti və həmin orqanlarda qulluqkeçmə qaydaları müəyyən edilərkən nəzərə alınmalı olan prinsiplərdən biri də irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipidir. Göründüyü kimi, dövlət qulluqçularının hüquqlarına təsir edən yeganə faktor qulluqçunun iş keyfiyyəti ilə əlaqədar məsələlərdir.

Dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, özləri və ailələri üçün layiqli yaşayış səviyyəsinin təmin edilməsi prinsipini əks etdirən müddəalar “Dövlət qulluğu haqqında” Qanunun 19, 21-24, 33-cü və s. maddələrində nəzərdə tutulmuşdur. Bura dövlət qulluqçusunun dövlət məvacibi almaq hüququnu, pensiya təminatını, mükafatlandırılmasını, qanunla müəyyən edilmiş hallarda birdəfəlik haqqın verilməsini və s. aid etmək olar.

Həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır.

Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Həmin Qərarda Plenum xüsusilə vurğulamışdır ki, qanunverici bu halda iki əsas şərti irəli sürür:

-  dövlət qulluqçusunun pensiya yaşına çatması;

-  öz arzusu ilə dövlət qulluğundan çıxması. 

 Göstərildiyi kimi, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində sadalanan dövlət qulluğunun xüsusi növlərindən biri də vergi orqanlarında dövlət qulluğudur. Bu orqanlarda xidmətin qaydaları və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Əsasnamə ilə tənzimlənir.

Əsasnamənin 1 və 2-ci maddələrinə görə, vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Dövlət qulluğu haqında” Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 27.1-ci maddəsinə əsasən isə vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar.

Vergi orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Vergi orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir. Vergi orqanlarında xidmətə qəbul və vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır (Əsasnamənin 4, 8 və 15-ci maddələri).

Yuxarıda göstərilən normativ hüquqi aktların təhlilindən görünür  ki,  qanunverici  vergi orqanlarının vəzifəli şəxslərini dövlət qulluğunda olan şəxslər hesab etməklə, onların hüquqi statusunun həm Əsasnamə ilə, həm də “Dövlət qulluğu haqqında” Qanunla tənzimləndiyini müəyyən etmişdir.

Beləliklə,  vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğunun xüsusi növünə aid orqanlarda qulluq edən şəxslər kimi digər dövlət qulluqçuları ilə bərabər hüquqlara malik olmalı və müvafiq sahəni tənzimləyən qanunvericilik aktında ayrı qayda nəzərdə tutulmamışdırsa,  “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçuları üçün müəyyən olunmuş təminatlardan istifadə etmək imkanına malik olmalıdırlar.

Qeyd olunduğu kimi, Əsasnamədə vergi orqanlarının vəzifəli şəxslərinin pensiya təminatına dair müddəalar əks olunsa da, onların digər sosial təminatı və müdafiəsi, o cümlədən pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar birdəfəlik haqqın verilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Həmin şəxslərin maddi və sosial təminatı məsələləri dövlət qulluqçularının maddi təminatı ilə bərabər tənzimlənmişdir.

Əsasnamənin “Vergi orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar və pensiya təminatı” adlanan VIII fəslində vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi hallarından, eləcə də onların pensiya təminatından bəhs olunur. Həmin fəsildə vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatlarının ümumi əsasları göstərilsə də, bu məsələnin həllinin Azərbaycan Respublikasının digər qanunvericilik aktları əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, Əsasnamənin 78-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanlarında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.

Əsasnamədə vergi orqanlarının vəzifəli şəxslərinə dövlət qulluqçuları üçün müəyyən olunmuş təminatın nəzərdə tutulmaması həmin qanunvericilik aktında konkret ictimai münasibətin tənzimlənməməsi deməkdir və bu səbəbdən onların sosial vəziyyətinin yaxşılaşdırılmasından məhrum olması yolverilməzdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 13-cü maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və qanunun analogiyasından istifadə oluna bilər. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanında xidmət dövlət qulluğunun xüsusi növü hesab edildiyindən və Əsasnamədə mövcud ictimai münasibəti tənzimləyən norma nəzərdə tutulmadığından “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş təminat “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun yuxarıda qeyd edilən normalarının tələbləri baxımından vergi orqanının vəzifəli şəxslərinə də şamil edilməlidir.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.2-ci maddəsinə görə, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Eyni zamanda, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini tənzimləyən sahəvi qanunvericilik aktlarının əksəriyyətində qulluq keçməsinə xitam verilmiş əməkdaşlara birdəfəlik müavinətlərin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında”, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarında, eləcə də “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamələrdə həmin orqanların əməkdaşlarına pensiyaya çıxarkən birdəfəlik müavinətlərin verilməsi müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında göstərmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edilir.

Həmin Qərarda Konstitusiya Məhkəməsi Plenumunun əks olunmuş hüquqi mövqeyinə görə, qanunverici “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan dövlət qulluqçusunun öz arzusu ilə pensiyaya çıxması ilə əlaqədar birdəfəlik haqqın ödənilməsini bu və ya digər qaydada həmin Qanunun 2.3-cü maddəsində müəyyən edilmiş  dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında çalışan şəxslərə də aid etmişdir.

Bununla bağlı nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Həmçinin, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair”  2005-ci il 25 yanvar tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edildiyi halda, həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növü hesab edilən digər orqanlarda qulluq edən şəxslərə şamil edilməməsi onların sosial müdafiəsinin zəifləməsinə və qeyri-bərabər vəziyyətin yaranmasına səbəb ola bilər. Lakin nəzərə alınmalıdır ki, Qanunun 33.2-ci maddəsi həmin münasibətin müvafiq orqanlarda qulluqkeçmə qaydalarını müəyyən edən sahəvi qanunvericilik aktlarında tənzimlənmədiyi halda tətbiq edilir.

Konstitusiyanın 149-cu maddəsinin I hissəsinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi  Konstitusiyanın  25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun  8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 1 dekabr tarixli Qərarı).

İnsan hüquqları üzrə Avropa Məhkəməsi dövlət qulluqçularının statusu, hüquqi vəziyyəti, onların sosial təminatı ilə bağlı bir sıra qərarlar qəbul etmişdir. Pellegrin Fransaya qarşı iş üzrə1999-cu il 8 dekabr tarixli Qərarında  Məhkəmə, dövlətdaxili əmək münasibətləri sistemində, xüsusən də dövlət orqanı ilə inzibati orqan arasında hüquqi münasibətin xarakterindən asılı olmayaraq, “mülki qulluq” anlayışının müstəqil şərhini verməklə bu məsələdə qeyri-müəyyənliyə son qoymağa çalışdığını, həmin şərhin Konvensiyanın iştirakçısı olan dövlətlərdə ekvivalent və ya oxşar vəzifələri icra edən dövlət qulluqçuları ilə bərabər rəftarı mümkün etmək məqsədi daşıdığını qeyd etmişdir. 

Yuxarıda qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA  ALDI:

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsivergi orqanlarının vəzifəli şəxslərinə şamil edilir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.   

Sədr                                                                                       Fərhad Abdullayev

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R D A D I

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci  maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun  2018-ci il 5 iyun tarixli Qərarına dair

23 iyul  2018-ci il                                                                          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

iş üzrə hakim S.Salmanovanın məruzəsini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsi nəzərə alınmaqla, həmin Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş təminatın - aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil olunub-olunmamasının  şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” 2018-ci il 5 iyun tarixli Qərar qəbul etmişdir.

Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil edildiyini müəyyən etmişdir.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 67.0.2-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarı dərc olunduğu gündən quvvəyə minir. Həmin qərarlar, bir qayda olaraq, qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunur. Belə qərarların əvvəlki münasibətlərə şamil edilməsi yalnız qərarın özündə nəzərdə tutulduğu halda mümkün olur.

Qeyd olunanlara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci  maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” 2018-ci il 5 iyun tarixli Qərar, həmin Qərarın qüvvəyə minməsindən əvvəl  yaranmış birdəfəlik haqqın verilməsi ilə əlaqədar münasibətlərə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq     

QƏRARA  ALDI:

    1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci  maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarı, həmin Qərarın qüvvəyə minməsindən əvvəl yaranmış birdəfəlik haqqın verilməsi ilə əlaqədar   münasibətlərə və  qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

   2. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.

Sədr                                                                                  Fərhad Abdullayev