Qərarlar

28.04.00 Azərbaycan Respublikası məhkəmələrinin xalq iclasçılarının cinayət məsuliyyətinə cəlb edilməsinə və ya həbs olunmasına razılıq verilməsi qaydasının şərhinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI  KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN 

Q  Ə  R  A  R  I 

Azərbaycan Respublikası məhkəmələrinin xalq iclasçılarının cinayət məsuliyyətinə

cəlb edilməsinə və ya  həbs  olunmasına razılıq verilməsi qaydasının şərhinə dair 

28 aprel 2000-ci il                                                                                                    Bakı şəhəri 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,

V.Zeynalovun katibliyi,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Baş Prokurorunun müavini N.Allahverdiyevin, Azərbaycan Respublikası Milli Məclisinin  səlahiyyətli nümayəndəsi R. Teymurovun iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə  müvafiq olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin və digər məhkəmələrin xalq iclasçılarının cinayət məsuliyyətinə cəlb edilməsi və ya həbs olunması üçün razılıq verilməsi qaydasının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun 01 mart 2000-ci il tarixli 11/88 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri N.Allahverdiyevin və R.Teymurovun çıxışlarını  dinləyib, işin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məh­kəməsi 

M Ü Ə Y Y Ə N   E T D İ: 

«Azərbaycan Respublikası məhkəmə quruluşu haqqında» Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, habelə xalq iclasçıları onları seçmiş xalq deputatları Sovetinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz və ya həbs oluna bilməzlər. Lakin 1997-ci il 10 iyun tarixdə qəbul edilmiş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun keçid müddəaları fəslində xalq iclasçısı məfhumu nəzərdə tutulmamış və göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi gündən onun qəbul edilməsindən əvvəl seçilmiş hakimlərin maddi və sosial təminatı barədə müddəalar istisna edilməklə, məhkəmə quruluşuna və hakimlərin statusuna dair qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvədən düşür. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda xalq iclasçısının cinayət məsuliyyətinə cəlb edilməsinə və ya həbs olunmasına razılıq verilməsi qaydasının şərh edilməsi xahiş olunur.

Baxılan məsələyə dair konstitusiya işində “Azərbaycan Respublikası məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası  Qanununun 91-ci maddəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 7, 18, 175, 193 və 196-cı, Cinayət-Prosessual Məcəlləsinin 15, 20, 23-4, 332 və 340-cı maddələrinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş rəsmi mətnləri vardır.

Sorğu ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının ikinci hissəsindən göründüyü kimi “Azərbaycan  Respublikası məhkəmə quruluşu haqqında” Qanunun yalnız məhkəmə quruluşuna və hakimlərin statusuna dair hissəsi qüvvədən düşmüş hesab edilmiş, xalq iclasçılarına dair müddəalar isə qüvvədə saxlanılmışdır. Buna görə də xalq iclasçılarının cinayət məsuliyyətinə cəlb edilmə  və ya həbs olunma qaydaları “Azərbaycan Respublikası  məhkəmə quruluşu haqqında” Qanunla tənzimlənir. Bu Qanunda xalq iclasçılarının cinayət məsuliyyətinə cəlb edilməsi  və ya həbs olunması üçün xüsusi qayda nəzərdə  tutulmuşdur. Belə ki,  Qanunun 91-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, habelə xalq iclasçıları onları seçmiş  xalq deputatları Sovetinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz və ya həbs oluna bilməzlər.                                         

Xalq iclasçılarının və hakimlərin eyni statusa malik olmaları “Azərbaycan Respublikası məhkəmə quruluşu haqqında” Qanunun 87-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə hakimlərin və xalq iclasçılarının geri çağırılması  və vaxtından əvvəl azad edilməsi yuxarı xalq deputatları Sovetinin qərarı ilə edilə bilər.

Xalq iclasçılarının məhkəmədə öz vəzifələrini yerinə yetirdiyi müddətdə hakimlə eyni statusa malik olmaları prosessual qanunvericilikdə  də öz əksini tapmışdır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 23-4-cü maddəsinin beşinci bəndinə əsasən xüsusi göstəriş olmadıqda “hakim” anlayışına xalq hakimi, məhkəmənin sədri, sədr müavini və üzvü, xalq iclasçısı məfhumları daxildir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 7-ci və Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddələrinə görə mülki işlər və cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirərkən hakimlər və xalq iclasçıları həmin işləri qanun əsasında, hüquq düşüncəsinə uyğun olaraq, hakimlərə kənardan təsir göstərilməsinə yol verməyən  şəraitdə həll edirlər. Xalq iclasçıları sədrlik edənlə yanaşı məhkəmənin qətnaməsini və hökmünü imzalayır və elan edə bilərlər. (Mülki-Prosessual Məcəllənin 193, 196-cı, Cinayət-Prosessual Məcəllənin 332, 340-cı maddələri). Prosessual qanunvericiliyi hakimlərə və xalq iclasçılarına  etiraz etmək  üçün eyni əsaslar nəzərdə tutmuşdur (Mülki-Prosessual Məcəllənin 18-ci, Cinayət-Prosessual Məcəllənin 20-ci maddələri).

Göründüyü kimi, prosessual qanunvericiliyə görə məhkəmədə vəzifələrini yerinə yetirdiyi müddətdə  xalq iclasçılarının hüquq və  vəzifələri  hakimlərin hüquq və vəzifələrindən fərqlənmir və onlar hakimlərlə eyni statusa malikdirlər. Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuş hakimlərin toxunulmazlıqı və onların cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulmuş qaydada cəlb oluna bilmələri hazırda məhkəmələrdə  fəaliyyət göstərən xalq iclasçılarına da şamil edilməlidir.

Yuxarıda qeyd olunduğu kimi xalq iclasçılarının cinayət məsuliyyətinə cəlb edilmə və ya həbs olunma qaydaları “Azərbaycan Respublikası məhkəmə quruluşu haqqında” Qanunun 91-ci maddəsində nəzərdə tutulmuşdur. Xalq deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verildikdən sonra xalq iclasçılarını Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir. Buna görə də yuxarıda adı çəkilən Qanunun 91-ci maddəsində nəzərdə tutulan qaydada xalq iclasçılarının cinayət məsuliyyətinə cəlb edilməsinə və ya həbs olunmasına razılığı Azərbaycan Respublikasının Milli Məclisi verməlidir.         

Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası məhkəmələrinin xalq iclasçıları  məhkəmədə öz vəzifələrini yerinə yetirdiyi müddətdə Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz və ya həbs oluna bilməzlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissəsini, “Konstitusiya  Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A   A L D I : 

Azərbaycan Respublikası məhkəmələrinin xalq iclasçıları məhkəmədə öz vəzifələrini yerinə yetirdiyi müddətdə Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb  edilə bilməz və ya həbs oluna bilməzlər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan” qəzetində dərc edilsin. 

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz. 

 Sədrlik edən                                                                                      Xanlar Hacıyev