Qərarlar

15.01.18 V.Kiçibəyovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

15 yanvar 2018-ci il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Vaqif Kiçibəyovun nümayəndəsi Elxan Axundovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında V.Kiçibəyovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

V.Kiçibəyov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə olunmuş sənədlərdən görünür ki,  iddiaçı İradə Qasımova cavabdehlər Vaqif Kiçibəyova və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 806 saylı, 0,10 ha bağ sahəsinə dair V.Kiçibəyovun adına bağlanmış 10 may 2004-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 7.000 manat maddi ziyan və 4.000 manat mənəvi ziyan olmaqla, cəmi 11.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə etibarsız hesab edilmiş və bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

V.Kiçibəyov konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqları  pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında pozulmuş hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 806 saylı bağ sahəsi iddiaçı İ.Qasımovanın babası A.Rəsulova icarəyə verilmişdir. Sonradan həmin bağ sahəsi A.Rəsulovun qızı, iddiaçının anası A.Rəsulova, atası F.Abdullayev və qardaşı Ə.Abdullayev arasında bölünmüşdür.

Mübahisəli bağ sahəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə A.Rəsulova  arasında bağlanılmış 12 mart 1996-cı il tarixli müqaviləyə əsasən onun istifadəsinə verilmişdir. Bundan sonra A.Rəsulovanın razılıq ərizəsi əsasında Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi ilə V.Kiçibəyov arasında 10 may 2004-cü il tarixində həmin bağ sahəsinə dair icarə müqaviləsi bağlanmış, 24 aprel 2009-cu il tarixində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçı İ.Qasımova bağ sahəsinə dair A.Rəsulova tərəfindən verilmiş razılıq ərizəsinin saxtalaşdırılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2015-ci il tarixli 19628 nömrəli rəyinə əsasən, razılıq ərizəsində və müqavilədə olan imzanın A.Rəsulova tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

Apellyasiya instansiyası məhkəməsi isə İ.Qasımovanın hazırkı iş üzrə iddia tələbi irəli sürmək subyektiv hüququnun olması qənaətinə gələrək  hesab etmişdir ki, A.Rəsulova Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağ sahəsinə dair bağlanmış müqavilə əsasında həmin torpaq sahəsinin qanuni istifadəçisi olmuşdur və İ.Qasımova onun qızı olmaqla birinci növbədə vərəsədir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə ekspertizasının rəyində razılıq ərizəsi və digər sənədlərdə əks olunmuş imzanın A.Rəsulova tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmadığı və qəbul edilən qətnamənin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və müvafiq qanunvericiliyin torpaq sahələrinin icarə müqaviləsi əsasında istifadə edilməsinin qaydalarını və əsaslarını, həmçinin icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi qaydalarını tənzimləyən hüquq normalarının mahiyyətinin açıqlanmasını zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar).

Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə), “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun), “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

“Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi icarəyə verilmiş torpaq sahəsinin A.Rəsulovanın vərəsələrinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçib-keçməməsi məsələsinin və məhz bu baxımdan iddiaçının icarədarın vərəsəsi kimi subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır.

Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən torpaq sahələri üzərində icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır.

Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar).

Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.

Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Bununla yanaşı, iddia müddətinin keçməsi ilə bağlı V.Kiçibəyovun birinci və apellyasiya instansiyası məhkəmələrinə ərizələr təqdim etməsinə baxmayaraq, həmin məhkəmələr tərəfindən buna münasibət bildirilməmişdir.

Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar).

Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına  kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq  münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş,  mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Beləliklə, məhkəmələr iddia müddətinin keçməsi barədə tərəfin verdiyi ərizələrə münasibət bildirməli olduqları halda bunu etməmişlər.

Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

V.Kiçibəyovun kassasiya şikayəti əsasında mülki işə baxmış Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinin tələblərinə cavab verməyən 5 iyul 2017-ci il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İ.Qasımovanın V.Kiçibəyova və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarıKonstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. İ.Qasımovanın V.Kiçibəyova və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                                       Fərhad Abdullayev