AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
13 iyun 2017-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Elməddin Hüseynovun,
maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Vasif Əmiraslanovun,
mütəxəssis Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin Maliyyə hüquq şöbəsinin rəisi Ələkbər İsmayılzadənin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Banklar haqqında” Qanun) 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilir ki, iflas (ləğvetmə) prosesində olan banklara qarşı iddia ərizələri üzrə mübahisələrə baxılması zamanı qanunvericilik normalarında qeyri-müəyyənliyin olması aşkar edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 254.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə həmin Məcəllənin 254.1-ci maddəsində nəzərdə tutulan hallarla yanaşı, qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır.
“Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
Müraciətdə qeyd olunur ki, göstərilən maddədə “dayandırma” anlayışının hansı mənada işlədildiyi, prosessual mənada icraatın dayandırılması mənasını daşıdığı, yaxud oxşar işlər üzrə məhkəmə baxışını istisna etdiyi (belə iddiaların yolverilməz olduğu, artıq icraatda olan işlər üzrə icraata isə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməli olduğu) aydın deyil.
Bundan başqa, müraciətedən hesab edir ki, məhkəmə təcrübəsində ləğvetmə prosesində olan banklara qarşı tələblər heç də həmişə yalnız qiymətləndirilən iddialardan ibarət olmur. Bəzi mübahisələrdə iddiaçılar müqavilələrin tam və ya qismən etibarsızlığı, dəyişdirilməsi, hesablanmış borcun əsassız hesab edilməsi və s. tələblər də irəli sürürlər. Həmin tələblərin isə “Banklar haqqında” Qanunun 77-ci maddəsi ilə tənzimlənən və irəli sürülməsinin xüsusi qaydası müəyyən olunan tələblərə aid edilməsi mübahisəlidir. Bu maddə məhz pul ödənişi ilə bağlı tələblərin ödənilməsi prosedurunu tənzimləyir.
Müraciətedənin qənaətinə görə, qanunvericilikdə ləğvetmə mərhələsində olan banklara qarşı verilmiş qeyri-əmlak xarakterli və ya qarışıq iddialara mahiyyəti üzrə baxılmasının mümkünlüyü barədə qeyri-müəyyənlik mövcuddur. Göstərilən qeyri-müəyyənlik eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə aktlarının qəbul edilməsinə, hüquqi müəyyənlik prinsipinin, fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb ola bilər.
Müraciətdə həmçinin göstərilir ki, əmək qanunvericiliyi müəssisənin ləğv olunması halında əmək haqlarını birinci növbəli ödənişlərə aid etmiş, lakin hüquqi şəxsin müflisləşməsi zamanı ödənclərin qanunvericiliyə uyğun ödənilməli olduğunu təsbit etmişdir. Müraciətedənin fikrincə, belə tələblərin əmək qanunvericiliyi ilə, yaxud bank qanunvericiliyi ilə müəyyən edilmiş növbəlilik qaydasında ödənilməli olması birmənalı deyil, həmçinin iflas proseduruna başlanmış bankların işçilərinin əmək haqqı tələblərinin dördüncü növbədə ödənilməsi konstitusiya prinsiplərinə uyğun olmamaqla, vətəndaşların əmək haqqı tələblərinin təmin olunmasını əhəmiyyətli dərəcədə çətinləşdirir və qeyri-mümkün edir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərə aşağıdakı ardıcıllıqla baxılmasını məqsədə müvafiq hesab edir:
- ləğvetmə mərhələsində olan banklara qarşı irəli sürülmüş mübahisəli tələblərə məhkəmələrdə baxılmasının mümkünlüyü;
- bankın ləğvi prosedurunun başlanmasından sonra məhkəmələrdə banka qarşı iddialara baxılmasının “dayandırılması” ifadəsinə aydınlıq gətirilməsi;
- müflis elan edilmiş bankların işçilərinin əmək haqqı tələblərinin əmək qanunvericiliyi, yaxud bank qanunvericiliyinə uyğun ödənilməli olması.
Ilk növbədə qeyd etmək lazımdır ki, hüquqi şəxsin ləğvi və ya müflis olması nəticəsində ləğvi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə), “Banklar haqqında” Qanun, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2006-cı il 28 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Bankların və xarici bankların yerli filiallarının məcburi ləğvinə dair Təlimat” (bundan sonra – Təlimat) və digər normativ hüquqi aktlarla tənzimlənir.
Mülki Məcəllənin 59-cu maddəsinə uyğun olaraq, hüquqi şəxsin ləğv edilməsi aşağıdakı hallarda baş verə bilər:
- təsisçilərinin (iştirakçılarının) və hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə könüllü qaydada;
- məhkəmənin qərarı ilə;
- müflis olma nəticəsində.
“Banklar haqqında” Qanunda da bankların könüllü (maddə 58), məcburi (maddə 59) və iflas proseduru çərçivəsində ləğv edilməsi nəzərdə tutulmuşdur.
Müflis elan olunan bankın vəziyyəti lisenziyası ləğv edilmiş bankdan daha mürəkkəb olduğundan, bank öz öhdəliklərini tam yerinə yetirməyə qadir olmadığından onun ləğvinin xüsusi prosedur qaydası, kreditorların tələblərinin qəbulu və təsdiqinin fərqli şərtləri, tələblərin ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda müəyyən edilmişdir.
Mülki Məcəllənin 63-cü maddəsinin tələblərinə görə, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
“Banklar haqqında” Qanunun 60-cı maddəsinə əsasən, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.
Həmin Qanunun 68-ci maddəsinə görə, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.
Xüsusilə vurğulanmalıdır ki, qanunverici bank barəsində iflas proseduruna başlanılması və müflis elan olunaraq ləğv edilməsinin xüsusi qaydalarını nəzərdə tutur. Belə qaydalar “Banklar haqqında” Qanunun 72-ci maddəsində nəzərdə tutulmuşdur.
Bu qaydalara əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan:
- banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
- bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və s.
Maddədən göründüyü kimi, banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddiaların dayandırılması, banka qarşı bütün tələblərin iflas proseduru çərçivəsində irəli sürülməsi tələbi yalnız bankın müflis elan olunduğu halda müəyyən edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin düzgün həll edilməsi məqsədilə “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsində nəzərdə tutulan “dayandırma” ifadəsinin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulan “icraatın dayandırılması” ifadəsi ilə eynilik təşkil edib-etməməsinə aydınlıq gətirilməlidir.
Məhkəmənin icraatında olan mülki işlər üzrə icraatın dayandırılmasını şərtləndirən hallar Mülki Prosessual Məcəllənin 254-cü maddəsində konkret müəyyənləşdirilmişdir. Bu maddənin məzmunundan göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən olunan halların sırasında bankların müflis elan edilməsinə dair məhkəmə qərarının mövcudluğu nəzərdə tutulmamışdır.
Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş“icraatın dayandırılması” ifadəsi prosessual məna kəsb edərək, iş üzrə icraatın prosessual cəhətdən dayandırılmasını, yəni işin məhkəmə icraatından çıxarılmadan, icraatın müəyyən müddətə müvəqqəti dayandırılaraq, bu cür dayandırmaya əsas olmuş halların aradan qalxmasını gözləməyin prosessual qaydasını ehtiva edir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında qeyd olunduğu kimi, “məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.
Qanunverici Mulki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (Məcəllənin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (Məcəllənin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.
İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.”
Mülki Prosessual Məcəllənin 254.1-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsi Plenumunun həmin normanın şərhinə dair hüquqi mövqeyindən belə nəticəyə gəlmək olar ki, iş üzrə icraatın dayandırılması üçün aşağıdakı şərtlər olmalıdır:
- işin məhkəmənin icraatında baxılması ilə iş üzrə obyektiv və operativ qərar qəbul olunmasına mane olan halların mövcudluğu;
- bu cür halların müvəqqəti xarakterli olması və aradan qalxmasının prosessual imkanının məhkəməyə bəlli olması.
İş üzrə icraatın dayandırılması tərəflərin məhkəmə müdafiəsi hüququnun qorunmasına, ədalət mühakiməsinin obyektivliyi və hüquqi müəyyənlik prinsipinə xələl gətirməməlidir.
Mülki Prosessual Məcəllənin 254.2-ci maddəsinə əsasən, məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır. Qanunun bu müddəasında “digər hallar”ın konkret dairəsinin müəyyənləşdirilməməsinə baxmayaraq, hər bir halda işin dayandırılması üçün Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında qeyd edildiyi kimi, “mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmadığı hallar” nəzərə alınmalıdır.
Müraciətdən və Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən şəxslərin çıxışlarından müəyyən olunur ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər.
Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:
1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.
“Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir.
Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər.
“Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.
Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.
Məhkəmə etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir (“Banklar haqqında” Qanunun 77.7-ci maddəsi).
Xüsusilə qeyd edilməlidir ki, kreditor tələbləri ilə bağlı iflas proseduru çərçivəsində ləğvedicinin həyata keçirdiyi növbəti ləğvetmə tədbirləri və öhdəlikləri həmin Qanunun 87-ci maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə görə, təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək, göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.
Qeyd etmək lazımdır ki, qanunverici, ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vəsaitlərin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur.
Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir.
Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir.
Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
Müraciətdə qeyd edildiyi kimi, təcrübədə ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülür. Bu tələblərin “Banklar haqqında” Qanunla tənzimlənən və irəli sürülməsinin xüsusi qaydası müəyyən olunan tələblərə aid olub-olmamasına dair məsələyə gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikasının ərazisində yalnız hüquqi şəxslər (və ya xarici hüquqi şəxsin filialları) bank fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdirlər.
Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
Mülki Məcəllənin 44.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir.
Həmin Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir.
Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir.
“Banklar haqqında” Qanunun 62-ci maddəsinin tələblərinə əsasən, bank barəsində iflas proseduruna başlanılması üçün bu Qanunun 61-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda nəzarət orqanı tərəfindən bankın lisenziyası ləğv edildikdən sonra bank barəsində iflas proseduruna başlanılmasına dair ərizə məhkəməyə təqdim edilir.
“Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir.
Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.
Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır.
Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.
Müflis elan olunmuş bankın işçilərinin əmək haqlarının əmək qanunvericiliyinə uyğun olaraq birinci növbədə, yaxud bank qanunvericiliyində müəyyən edilmiş növbəlilik qaydasında ödənilməli olması ilə bağlı suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, əmək haqqı tələbi apellyasiya instansiyası məhkəməsinin icraatında olan iş üzrə lisenziyası ləğv olunmuş banka qarşı yönəlmişdir.
Əmək Məcəlləsinin 178.2-ci maddəsinə görə, müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
Qeyd edilməlidir ki, hüquqi şəxs ləğv edilərkən kreditorların tələblərinin ödənilməsini, yəni ödəniş növbəliliyini müəyyən edən Mülki Məcəllənin 62-ci maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi isə müflis elan olunmuş bankın aktivlərinin bölüşdürülməsinə aiddir. Lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklara qarşı tələblərin ödəniş növbəliliyi yalnız Təlimatın 13-cü bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsindən fərqli olaraq, həmin bənddə işçilərin əmək haqqı ilə bağlı tələblərinin üçüncü növbədə ödənilməsi müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 4-cü maddəsinə müvafiq olaraq, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının) qərarları normativ xarakterli aktlar hesab edilir. Həmin Qanunun 4.4-cü maddəsinə görə, normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Bu mövqedən çıxış edərək belə nəticəyə gəlmək olar ki, lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda nəzərdə tutulmadığından, eləcə də Əmək Məcəlləsi Təlimatdan üstün hüquqi qüvvəyə malik olduğundan belə bankların işçilərinin əmək haqqı ilə bağlı tələbləri ödənilərkən Əmək Məcəlləsinin 178.2-ci maddəsi rəhbər tutulmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, bu hal yalnız lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilən banka qarşı irəli sürülən əmək haqqı tələblərinə aiddir.
Bank sektoru spesifik sahə olduğundan belə müəssisələrin təşkili və ləğvi qaydası digər müəssisələrdən fərqlənir. Bankın fəaliyyəti sırf maliyyə vəsaitinin dövriyyəsi ilə bağlıdır və banklar ləğv olunarkən kreditorların tələblərinin ödənilməsi üçün girov qoyulmuş əmlakın geri qaytarılması və ya zərurət olarsa həmin əmlakın tez bir zamanda satılaraq belə tələblərin birinci növbədə ödənilməsi zəruridir. Həmçinin qeyd etmək lazımdır ki, girovla təmin edilmiş öhdəliklər üzrə kreditorların tələblərinin ödənilməsi əsasən qoyulmuş girov hesabına təmin edildiyindən digər kreditorların tələblərinin ödənilməsi üçün maneəçilik yaratmır.
Bir çox xarici ölkələrin (Rusiya, Qırğızıstan, ABŞ) qanunvericiliyində girovla təmin edilmiş tələblərin ödənilməsi növbədən kənar qaydada həyata keçirilir və yalnız pul tələbləri, sənədlərdə əks olunmuş tələblər reyestrə daxil edilir.
Beynəlxalq Əmək Təşkilatının “Əmək haqqının müdafiəsi haqqında” 95 saylı Konvensiyasının 11-ci maddəsinə görə, müəssisənin iflası və ya məhkəmə qaydasında ləğvi halında işçilər milli qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisənin iflası və ya ləğv olunmasından əvvəlki dövr üçün vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə əmək haqqına və ya milli qanunvericiliklə müəyyən olunmuş məbləğdən artıq olmayan məbləğdə əmək haqqına münasibətdə üstün kreditorların vəziyyətində olur. Bu üstün krediti təşkil edən əmək haqqı tələbi adi kreditorların tələbləri təmin edilənədək ödənilməlidir. Digər üstün kreditlərə münasibətdə əmək haqqını təşkil edən üstün kreditin ödənilməsinin növbəliliyi milli qanunvericiliklə müəyyən edilir.
Hüquq ədəbiyyatında təminatlı kreditorların (girovsaxlayan kreditorların) tələbləri, ləğvedicinin əmək haqqı və müəssisənin ləğv edilməsinə çəkilən xərclər, işçilərin əmək haqqı tələbləri, həyat və ya sağlamlığa vurulan zərərin ödənilməsi ilə bağlı tələblər üstün (güzəştli) tələblərə aid edilir. Girovla təmin edilmiş kreditorlar ən yüksək təminatlı kreditorlar hesab olunurlar.
Göründüyü kimi, Azərbaycan Respublikasının da qoşulduğu “Əmək haqqının müdafiəsi haqqında” 95 saylı Konvensiya üstün kreditorların tələblərinin ödənilməsi növbəliliyinin müəyyən edilməsini milli qanunvericiliyin öhdəsinə vermişdir.
Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.
Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilmiş növbəlilikdə birinciliyin Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – Fond) reqres tələblərinin ödənilməsinə verilməsi məhz sosial ədalət prinsipinə əsaslanır. Belə ki, həmin Fond “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılmışdır və əmanət qəbul edən bütün banklar onun məcburi iştirakçılarıdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərin əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Həmin Qanunun 3 və 4-cü maddələrinə görə, Fond qeyri-kommersiya fəaliyyəti göstərir, onun əldə etdiyi mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir və əsas funksiyası banklarda sığorta hadisəsi baş verdikdə, əmanətçilərə kompensasiyaların ödənilməsidir.
Fondun sığorta ehtiyatları bankların üzvlük və təqvim haqları hesabına formalaşır, yəni əsasən özünümaliyyələşdirmə mexanizmlərinə əsaslanır. Bu baxımdan müflis bankların əmanətçilərinə kompensasiyaların ödənilməsi nəticəsində Fondun sığorta ehtiyatları azalır və bütövlükdə bank sisteminin əmanətçilərinin təminatı azalmaq təhlükəsi ilə üzləşir.
Məhz bu səbəbdən Fondun müflis banka qarşı reqres tələb hüquqları öhdəliklərinin ödənilməsi növbəliliyində ilk yeri tutur və bütövlükdə bank əmanətçilərinin mülkiyyət hüquqlarının toxunulmazlığına xidmət edir.
Belə ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması prinsipi dövlətin əsaslarından biri kimi çıxış edir. Bu baxımdan Fondun fəaliyyəti məhz bank sisteminə etibar olunan əmanətlər üzrə əmanətçilərin mülkiyyət hüquqlarının qorunmasına və bank risklərinə mümkün qədər az məruz qalmalarına xidmət edir.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
- lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir;
- müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
2. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir.
3. Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev