Qərarlar

14.04.00 AR Mənzil Məcəlləsinin 54-cü mad. birinci hissəsinin AR Konstitusiyasının 28-ci mad. III his., 43-cü mad. və 71-ci mad. II hissəsinə uyğunluğu haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI  KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN 

Q  Ə  R  A  R  I 

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan  Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə,

 43-cü maddəsinə  və 71-ci maddəsinin II hissəsinə uyğunluğu  haqqında 

14 aprel 2000-ci il                                                                                             Bakı şəhəri 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğuverənin qanuni nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorunun müavini  X.R.Vəliyevin, Azərbaycan Respublikası Prokurorluğunun mülki işlər üzrə məhkəmə qərarlarının qanuniliyinə  nəzarət idarəsinin rəisi E.Ə.Mirzəzadənin,

cavabverənin qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisin əməkdaşı R.Teymurovun,

ekspert, Bakı Dövlət Universiteti hüquq fakültəsinin mülki hüquq kafedrasının müdiri,   professor Y.Mehdiyevin iştirakı ilə.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə Azərbaycan Respublikası  Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının  28-ci, 43-cü və 71-ci maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Prokurorluğunun 4 fevral  2000-ci il tarixli 07/3768 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Babayevin məruzəsini, sorğuverənin qanuni nümayəndəsi X.Vəliyevin, cavabverənin qanuni nümayəndəsi  R.Teymurovun çıxışlarını, ekspert Y.Mehdiyevin rəyini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N  E T D İ: 

Azərbaycan Respublikasının Prokurorluğu sorğuda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsindəki ""müəyyən edilmiş qaydada"" müddəasının  Azərbaycan Respublikası Konstitusiyasının  28, 43 və 71-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş edir.

Həmin məsələ ilə əlaqədar iş materiallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin Azərbaycan Respublikası Milli Məclisinin Aparatında təsdiq edilmiş rəsmi mətninin surəti əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə bağlı aşağıdakıları qeyd edir.

Mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan  Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.

Göründüyü kimi icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır.

 Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin  ""müəyyən edilmiş qaydada"" müddəası blanket xarakterli olmaqla, qanunda bu qaydanın hansı orqan tərəfindən və ya hansı normativ hüquqi aktla müəyyən edilməsi göstərilməmişdir. Belə vəziyyət mənzil hüquq münasibətlərinin həlli ilə məşğul olan orqanların həmin qaydadan istədikləri kimi istifadə etmələrinə və nəticədə vətəndaşların  Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mənzil hüququnun, habelə özünə yaşayış yeri seçmək hüququnun məhdudlaşdırılmasına şərait yaradır. 

Qanunun bu müddəasının qeyri-müəyyən olması onun məhkəmələr tərəfindən tətbiqi zamanı  anlaşılmazlıqlara səbəb olduğuna görə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ""Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında"" 16 oktyabr 1992-ci il tarixli qərarının 7-ci bəndində izah olunmuşdur ki, ""müəyyən edilmiş qaydada köçürmə"" dedikdə bir qayda olaraq yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Bu izahdan göründüyü kimi  ""müəyyən edilmiş qaydada köçürmə""  anlayışı pasport qeydiyyatına alınma ilə əlaqələndirilir.

Bununla belə nəzərə alınmalıdır ki, Plenumun adı çəkilən qərarı 1992-ci ildə qəbul edilmişdir.  1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında mənzil və azadlıq hüquqlarına dair bir sıra mühüm müddəalar öz əksini  tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının  ərazisindən kənara gedə bilər. Mənzil hüququnu təsbit  edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuşdur ki, heç kəs  yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüququnu   gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə müddəalar ""İnsan hüquqları haqqında Ümumi Bəyannamə""nin 13-cü maddəsində, ""İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında"" Avropa Konvensiyasına əlavə 4 №-li protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə  tutulmuşdur. 

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinin, 43-cü  maddəsinin və 71-ci maddəsinin II-ci hissəsinin tələblərini nəzərə almaqla  qanunverici  1996-cı ildə ""Yaşayış yeri və  olduğu yer üzrə qeydiyyat haqqında"" Azərbaycan Respublikası Qanununu qəbul edərək pasport qeydiyyatından (icazə sistemindən) imtina etmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xüsusilə qeyd edir ki, icarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə hər hansı şəxsləri mənzilə köçürmək hüququnun məhdudlaşdırılması yol verilməzdir. Köçürmədən sonra yaranan hüquqi münasibətlər (qeydiyyat, vergi, sosial və s.) Azərbaycan Res­publikasının qüvvədə olan müvafiq qanunları və digər normativ hüquqi  aktlarla   tənzimlənir.

Beləliklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsindəki   ""müəyyən edilmiş qaydada"" müddəası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin  III  hissəsinə,  43-cü  maddəsinə və 71-ci mad­də­sinin II hissəsinə uyğun hesab edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və ""Konstitusiya Məhkəməsi haqqında"" Azərbaycan Respublikası qa­nu­nunun 75, 76, 78, 80, 82-83 və 85-ci  maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

Q Ə R A R A  A L D I: 

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin ""müəyyən edilmiş qaydada"" müddəası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə,  43-cü maddəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

2. Köçürmədən sonra yaranan hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyində  nəzərdə tutulan  qaydada  tənzimlənir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar ""Azərbaycan"" qəzetində dərc olunsun.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz. 

Sədrlik edən                                                                                  Xanlar Hacıyev