Qərarlar

03.02.17. T.Nəbiyevin şikayəti üzrə AR Ali Məhkəməsinin 20/10/16-cı il tarixli Qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

T.Nəbiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 

3 fevral 2017-ci il                                                                                               Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

ərizəçi Tofiq Nəbiyevin nümayəndəsi Hidayət Süleymanovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyevanın  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında T.Nəbiyevin şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

 “JMR” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “JMR” MMC) direktoru T.NəbiyevAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin (bundan sonra – Məhkəmə Tərkibi) 20 oktyabr 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçılar İsmayıl İsmayılov və Güldanə Quliyevanın “JMR” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiaları qismən təmin edilərək “JMR” MMC ilə İ.İsmayılov və G.Quliyeva arasında bağlanmış 21 sentyabr 2005-ci il tarixli müqavilə ləğv edilmiş, iddiaçıların xeyrinə “JMR” MMC-dən cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 560.000 ABŞ dolları cərimə, 14.000 ABŞ dolları dəbbə pulu, cəmi 574.000 ABŞ dolları məbləğində pulun 5 il 7 ay 9 gün ərzində banka illik 10,4 faizlə depozit qoyacağı təqdirdə əldə edəcəyi 426.000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması qət edilmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir.

T.Nəbiyev Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra – Ali Məhkəmə) ərizə ilə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. T.Nəbiyev ərizəsini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra cavabdeh “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Muğanbank” ASC) ilə İ.İsmayılov arasında 6 oktyabr 2005-ci il tarixində bağlanmış depozit müqaviləsini əldə etmiş və həmin müqaviləyə əsasən, iddiaçıların “JMR” MMC-dən aldıqları pul vəsaitini illik 3 faizlə depozitə qoymaları ona məlum olmuşdur. Ərizəçi hesab etmişdir ki, həmin müqavilə məhkəməyə məlum olsaydı 574.000 ABŞ dolları məbləğində pula görə cavabdehdən illik 10,4 faiz deyil, 3 faiz pul tutulmalı idi.

Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizənin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.

Bundan sonra T.Nəbiyev Konstitusiya Məhkəməsinə şikayət verərək Məhkəmə Tərkibinin həmin qərardadının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarı ilə Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı Konstitusiya və qanunlara uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına müvafiq olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Ali Məhkəmənin Plenumunda işə baxılaraq 16 sentyabr 2016-cı il tarixli qərarla Məhkəmə Tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı ləğv edilmiş və ərizə  yenidən baxılması üçün Məhkəmə Tərkibinə göndərilmişdir.

Məhkəmə Tərkibi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəyə baxaraq 20 oktyabr 2016-cı il tarixli qərardadı ilə onun Ali Məhkəmənin Plenumuna çıxarılmasından bir daha imtina etmişdir.

Məhkəmə Tərkibi öz mövqeyini onunla əsaslandırmışdır ki, İ.İsmayılov ilə “Muğanbank” ASCarasında 6 oktyabr 2005-ci il tarixində bağlanmış depozit müqaviləsi və onun şərtlərindən T.Nəbiyevin xəbəri olmuşdur. İ.İsmayılov pulun depozitə hansı faizlə qoyulmasında maraqlı olmamışdır. Buna görə də müqavilədə depozit faizinin 3 faizlə müəyyən edilməsi həlledici hal, həmin müqavilə isə həlledici material kimi qiymətləndirilə bilməz. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması barədə T.Nəbiyevin ərizəsi prosessual pozuntularla verildiyindən ona baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 434.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən  baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş həlledici material aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Ali Məhkəməyə verilə bilər. Həmin prosessual müddət isə ərizəçi tərəfindən ötürülmüşdür.

T.Nəbiyev yenidən Konstitusiya Məhkəməsinə şikayət verərək Məhkəmə Tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadının Mülki Prosessual Məcəllənin 431-1, 432-438-ci maddələrinə və Konstitusiyanın 60, 125, 127, 129-cu maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir:

-  məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə;

-  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;

-  məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;

-  həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

Mülki Prosessual Məcəllənin 432.2-ci maddəsində qeyd olunan əsaslardan hər hansı biri mövcud olduqda və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair təqdim edilən ərizə həmin Məcəllənin 434 və 435-ci maddələrinin tələblərinə cavab verdikdə, o, işlə birlikdə baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılır.

Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsində nəzərdə tutulan məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi əsası isə özündə üç şərtin olmasını ehtiva edir:

- yeni açılmış hallar işə əvvəllər baxılarkən mövcud olmalıdır;

- həmin hallar barədə məlumat ərizəçiyə və məhkəməyə məlum olmamışdır və işin hallarına görə məlum ola bilməzdi;

- həmin hallar işin həlli üçün həlledici əhəmiyyətə malik olmalıdır.

İşə baxılarkən məlum olmayan həlledici materiallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlar kimi qəbul olunmalıdır. Mübahisəli hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam edilməsinə hüquqi əsas verən faktlar yeni açılmış hallar hesab oluna bilər. Lakin məhkəmə araşdırmasının predmeti olan faktlar barədə yeni sübutlar yeni açılmış hal hesab edilə bilməz.

Göründüyü kimi, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı.

Qeyd olunduğu kimi, T.Nəbiyevin ərizəsini təmin etməyən Məhkəmə Tərkibi mövqeyini onunla əsaslandırmışdır ki, İ.İsmayılov ilə Bank arasında bağlanmış depozit müqaviləsi və onun şərtlərindənT.Nəbiyevin məlumatı olmuşdur. Buna görə də müqavilədə depozit faizinin 3 faiz müəyyən edilməsi həlledici hal, həmin müqavilə isə həlledici material kimi qiymətləndirilə bilməz.

Şikayətdən və iş materiallarından görünür ki, T.Nəbiyevin depozit müqaviləsinin bağlanması faktı barədə xəbərinin olmasına baxmayaraq, müqavilənin şərtləri məxfi saxlanıldığından onun depozit  üzrə  illik  faiz barədə məlumatı olmamışdır.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967-ci maddəsinə görə, bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər.

Lakin ərizəçi yalnız 2015-ci ildə “Muğanbank” ASC-dən depozit müqaviləsinin surətini əldə edilmiş və həmin vaxt aşkar olunmuşdur ki, İ.İsmayılov cavabdeh “JMR” MMC-dən qəbul etdiyi pulu  həmin banka illik  3 faizlə  depozit qoymuşdur.

Depozit  üzrə  illik 10,4 faiz müəyyən edərkən birinci instansiya məhkəməsi faizin hansı meyarlar əsasında müəyyən edilməsini göstərməmiş və qətnaməni bu hissədə əsaslandırmamışdır. Lakin depozit  üzrə  illik  faiz barədə məlumatın olması birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə faizlərin hesablanmasına təsir göstərə bilərdi.

Həmçinin Məhkəmə Tərkibi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması barədə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət T.Nəbiyev tərəfindən ötürülmüşdür.

Bununla bağlı qeyd etmək lazımdır ki, T.Nəbiyevin ərizəsinə ilk dəfə baxan Məhkəmə Tərkibi 1 iyul 2015-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürüldüyünə görə həmin ərizəni geri qaytarmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəyə yenidən baxan Məhkəmə Tərkibi 9 fevral 2016-cı il tarixli qərardadı ilə 1 iyul 2015-ci il tarixli qərardaddan fərqli olaraq prosessual müddətin ötürülməsinə istinad etməyərək başqa əsaslarla ərizənin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina etmişdir.

Belə olan halda Məhkəmə Tərkibinin sonuncu 20 oktyabr 2016-cı il tarixli qərardadında prosessual müddətin ötürülməsinə istinad etməsi hüquqi əsas kimi qəbul edilə bilməz.

Mülki prosessual qanunvericiliyin tələblərinə görə, Məhkəmə Tərkibi ərizəçi tərəfindən təqdim edilmiş sənədləri araşdırıb, yeni açılmış halların olub-olmamasını müəyyən edərək müvafiq qərar qəbul edir.Məhkəmə Tərkibinin öz və ya digər şəxslərin təşəbbüsü ilə əlavə sənədləri tələb etməsi və həmin sənədlər əsasında yeni açılmış halların olub-olmamasını müəyyən etməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

Lakin Məhkəmə Tərkibi ərizəçi tərəfindən təqdim edilməyən əlavə sənədlərə istinad edərək qərardadını əsaslandırmışdır. Belə ki, Məhkəmə Tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadında Azərbaycan Respublikası Mərkəzi Bankının 29 sentyabr 2016-cı il tarixli məktubuna istinad etməsi qanunvericiliyin tələblərinə uyğun deyil.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayətinə dair 16 iyul 2013-cü il tarixli Qərarı).

Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra əldə olunmuş 6 oktyabr 2005-ci il tarixli depozit müqaviləsinin yeni açılmış və iş üzrə həlledici hal hesab edilib-edilməməsi Məhkəmə Tərkibi tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri baxımından araşdırılmamış, nəticədə T.Nəbiyevin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçılar İ.İsmayılov və G.Quliyevanın “JMR” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Məhkəmə Tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. İsmayıl İsmayılov və Güldanə Quliyevanın “JMR” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                                                  Fərhad  Abdullayev