Qərarlar

17.03.00 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin

409-cu maddəsinin şərh edilməsinə dair

17 mart 2000-ci il                                                                                                  Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), F.Babayev, B.Qəribov, (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

xususi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun,

Azərbaycan Respublikası Milli Məclisi Aparatının iqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi N.Bədirovun,

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş idarəsinin rəisi G.Muradovun iştirakı ilə,

       Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xususi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 dekabr 1999-cu il tarixli 5-4/99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim B.Qəribovun məruzəsini, xususi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri B.Əsədovun, N.Bədirovun, G.Mura­do­vun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  

M Ü Ə Y Y Ə N   E T D İ:  

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 409-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan ilkin şikayət üzrə gömrük orqanının və ya onun vəzifəli şəxsinin qərarının şikayət verən şəxs üçün barəsində şikayət verilən qərardan az əlverişli ola bilməsinə dair müddəanın şərh edilməsini xahiş edir.

Sorğu ilə bağlı iş materiallarına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 400, 401, 409, 410-cu maddələrinin, «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq olunmuş rəsmi mətnləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  Gömrük Məcəlləsinin 409-cu maddəsinin  Konstitusiyada təsbit edilmiş vətəndaşların hüquq və azadlıqlarının müdafiə olunması baxımından təùlil edilməsini məqsədə müvafiq hesab edir.

Azərbaycan Respublikasının gömrük qanunvericiliyində ilkin şikayətlərin məhkəməyəqədər, təkrar şikayətlərin isə məhkəmələrdə həll edilməsi qaydası nəzərdə tutulmuşdur.

Bu Məcəllənin 409-cu  maddəsinə əsasən ilkin şikayət üzrə gömrük orqanının və ya onun vəzifəli  şəxsinin qərarı yazılı şəkildə qəbul edilir. Qərar şikayət verən şəxs üçün, barəsində şikayət verilən qərardan az əlverişli ola bilər. Şikayət verən şəxs şikayət üzrə qəbul edilmiş qərar barədə xəbərdar  edilir.                                   

Qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), qərarlarından şikayət vermə formasında müraciət etmək hüququ demokratik dövlətə xas olan əsas institutlardan biridir. Hər kəsin pozulmuş hüququnun bərpası tələbi ilə dövlət orqanına və ya vəzifəli şəxsə müraciət etmək hüququnun təmin olunması belə münasibətlərdə tərəflərin qeyri-bərabərliyinə əsaslanan inzibati və digər hüquqi münasibətlərin  xüsusiyyətləri baxımından zəruridir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə  fərdi və kollektiv yazılı müraciətlər göndərmək, dövlət  orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər  ictimai birliklərin, ayrı-ayrı vətəndaşların fəaliyyətini və işini tənqid etmək hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə  tutulmuşdur. Vətəndaşların müraciət etmək hüququ «Vətəndaşların müraciətlərinə ba­xılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununda da öz təsdiqini tapmışdır. Bu Qanunun 9-cu maddəsinə əsasən öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir.

Hüquqi təbiətinə görə, şikayət, müraciətin digər formaları olan təklif və ərizədən fərqlənməklə hər hansı şəxsin pozulmuş və ya mübahisəli subyektiv hüquq və mənafelərinin bərpa olunmasına yönəldilmiş hüquqi vasitədir.

Digər tərəfdən şikayət dövlət orqanları və vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı bir növ özünəməxsus nəzarətin həyata keçirilməsinə yardım edir.

Bu baxımdan Gömrük Məcəlləsinin 400, 401-ci maddələrinə əsasən ilkin şika­yətin yuxarı gömrük orqanına və ya onun vəzifəli şəxsinə verilməsi qaydasının müəy­yənləşdirilməsi şəxslərin pozulmuş hüquq və qanuni mənafelərinin təxirə salınmadan, tez bir zamanda bərpa və müdafiə  olunmasına, həmçinin aşağı gömrük orqanları və ya onların vəzifəli şəxslərinin gömrük qanunvericiliyinin icra və tətbiqi zamanı yol verdikləri pozuntuların aradan qaldırılmasına xidmət edir.

Gömrük Məcəlləsinin 409-cu maddəsindən göründüyü kimi ilkin şikayətlə bağlı qəbul edilmiş qərar birinci növbədə şikayət verən şəxsin pozulmuş hüququnun bərpasına yönəldilməlidir. Lakin belə qərarın şikayət verən şəxs üçün az əlverişli ola bilməsi istisna edilmir.

Bu müddəalar şəxslərin gömrük işi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinə riayət etmələrini təmin etməklə yanaşı, aşağı gömrük orqanları və ya onların vəzifəli şəxslərinin bu sahədə qanunvericiliyin düzgün tətbiq və icra edilməsi məqsədi ilə nəzarətin həyata keçirilməsinə şərait yaradır.

Şikayətlərin məhkəməyəqədər baxılma qaydasında tərəflərin qeyri-bərəbərliyi, şikayətlərə şikayətçinin iştirak etmədiyi şəraitdə və gömrük orqanı və ya onların vəzifəli şəxsi tərəfindən baxılması, o cümlədən qərarın şikayət verən şəxs üçün barəsində şikayət verilmiş qərardan az əlverişli olmasının mümkünlüyü onların düzgün həll edilməməsini istisna etmir. Məhz belə halların mövcudluğu baxımından gömrük qanunvericiliyi gömrük orqanı və ya onun vəzifəli şəxsinin ilkin şikayətlə bağlı qərarını qəti hesab etmir və onlardan müvafiq məhkəmələrə təkrar şikayət verilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı öz əksini Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 410-cu maddəsində tapmışdır. Bu maddəyə əsasən gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və ya bu işlərə baxılma ilə bağlı təkrar şikayətlər müvafiq məhkəmələrə verilə bilər.

Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 409-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin şikayətlərinin həll edilmə qaydası, həmin şəxslərin konstitusiya hüquq və azadlıqlarını məhdudlaşdırmır ona görə ki, belə qaydada qəbul olunan qərardan narazı qalan şəxs məhkəmə müdafiə hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan  Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan  Respublikasının  Kostitusiya  Məhkəməsi

Q Ə R A R A  A L D I: 

1. Azərbaycan Respublikası Gömrük Məcəlləsində şikayətlərin məhkəməyəqədər baxılma qaydası ilə əlaqədar aşağıdakılar nəzərə alınmalıdır:

- ilkin şikayət pozulmuş hüquq və mənafelərin bərpasına yönəldilmiş hüquqi vasitə olmaqla yanaşı gömrük orqanı və ya onun vəzifəli şəxsinin fəaliyyəti ilə bağlı nəzarətin həyata keçirilməsinə xidmət edir;

- bu Məcəllənin 410-cu maddəsində ilkin şikayətə baxılmanın nəticələrindən narazı qalmış şəxsin məhkəməyə müraciət və məhkəmə müdafiə hüquqları öz əksini tapdığından, 409-cu maddənin birinci hissəsinin müddəaları ilkin şikayəti etmiş hər hansı şəxsin konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilməz. 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                                         Xanlar Hacıyev