Qərarlar

14.10.16 S.Abbasovanın şikayəti üzrə AR Ali Məhkəməsinin məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 04/11/15 li qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunu

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I  

S.Abbasovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 

4 noyabr 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

14 oktyabr 2016-cı il                                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Solmaz Abbasova və onun nümayəndəsi Rəhman Səmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakim köməkçisi Günel Tanrıverdiyevanın  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında S.Abbasovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

M Ü Ə Y Y Ə N     E T D İ:

Ərizəçi S.Abbasova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin (bundan sonra – Məhkəmə Tərkibi) 4 noyabr 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı S.Abbasovanın cavabdehlər Cabir Hüseynova və Zəminə Nəzərovaya qarşı Bakı şəhəri Bakıxanov qəsəbəsi Bünyadzadə küçəsi, 1574 saylı evin 97 saylı mənzilinə dair onunla C.Hüseynov arasında Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4 avqust 2000-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin mənzilə dair C.Hüseynovla Z.Nəzərova arasında bağlanmış 19 dekabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş qeydiyyat vəsiqələrinin ləğv olunması, cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları və onun oğlu ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddiası təmin ediImiş, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv olunması, Z.Nəzərovanın ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları və iddiaçının oğlu ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (bundan sonra – Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası) 19 yanvar 2006-cı il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası) 10 mart 2006-cı il tarixli qərarı ilə iddiaçı S.Abbasovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Bundan sonra S.Abbasovanın oğlu E.Abbasovun qəyyumu Həzi Aslanovun cavabdehlər S.Abbasovaya, C.Hüseynova, Z.Nəzərovaya və digərlərinə qarşı eyni iddia tələbləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2006-cı il tarixli qətnaməsi ilə rədd edilmişdir.

Həmin iş üzrə H.Aslanovun apellyasiya və kassasiya şikayətləri Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 12 oktyabr 2006-cı il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 13 oktyabr 2009-cu il tarixli qərarı ilə təmin edilməmişdir.

Konstitusiya şikayətində göstərilmişdir ki, 12 aprel 2010-cu il tarixində Sabunçu Rayon Prokurorluğunda S.Abbasova ilə C.Hüseynov arasında bağlanmış alqı-satqı müqaviləsi araşdırılmış və istintaq yolu ilə müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsi zamanı iddiaçının xəstə oğluna aid ərizə və həmin ərizədəki imza saxtalaşdırılmışdır. Həmin fakt üzrə C.Hüseynov və A.Hüseynova barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 178.3.2-ci maddələri ilə cinayət işi başlanılmışdır.

Sonradan C.Hüseynovun əməllərində cinayət tərkibi olmaması, A.Hüseynovanın cinayət məsuliyyətinə cəlbetmə müddətinin bitməsinə görə Sabunçu Rayon Prokurorluğunun 1 may 2010-cu il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 31 may 2010-cu il tarixində ləğv edilmiş və cinayət işi araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında 17 oktyabr 2011-ci il tarixli qərar qəbul edilmişdir.       

S.Abbasova Ali Məhkəməyə ərizə ilə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadı ilə S.Abbasovanın ərizəsi Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır.

S.Abbasova Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Tərkibi tərəfindən onun ərizəsinə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 19-cu maddəsinin tələblərinə riayət olunmamışdır. Ərizəçi hesab edir ki, Məhkəmə Tərkibinin qeyd olunan qərardadı ilə onun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə əsaslanaraq bir daha qeyd edir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılmasına qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədi daşıyır.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar əsasında təmin edilir.

Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli və sübutlar əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. 

S.Abbasovanın konstitusiya şikayətinin eyni hakimin mülki işin baxılmasında iki dəfə iştirak etməsinə dair dəlili araşdırılarkən müəyyən olunmuşdur ki, bu işə mahiyyəti üzrə 12 oktyabr 2006-cı il tarixində Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasında hakim T.Qoldmanın sədrliyi və məruzəsi ilə baxılaraq iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

Qeyd edildiyi kimi, S.Abbasova Ali Məhkəməyə ərizə ilə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir.

Mülki Prosessual Məcəllənin 437.2-ci maddəsinə görə, belə ərizəyə məhkəmə tərkibi baxır və üç qərardaddan birini qəbul edir: ərizənin qaytarılması haqqında; ərizənin rədd edilməsi haqqında və ərizənin iş ilə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında.

Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadı ilə S.Abbasovanın ərizəsi rədd edilmiş və bu qərardadın qəbul edilməsində iştirak etmiş T.Qoldman əvvəllər işin baxılmasında apellyasiya məhkəməsinin hakimi kimi də iştirak etmişdir.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki mühakimə icraatında iştirak edən şəxslərin mülki prosesdə obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm  vasitələrindən biri də hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipinin mövcudluğudur. Bu prinsipin əsasını Konstitusiyanın 127-ci maddəsinin II hissəsi təşkil edir və məhkəmə aktlarının obyektiv və qərəzsiz qəbul edilməsinə şərait yaradır, habelə mülki proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur.

Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinin tələbinə görə, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmiş hakimin həmin iş üzrə təkrar iştirakına yol verilmir.

Qanun hakimin işə baxılmasında təkrar iştirakı imkanını istisna edən mühüm qaydanı müəyyənləşdirir. Belə qaydanın müəyyən edilməsi hakimin işə dair qeyri obyektiv mövqeyinin formalaşmasının mümkünlüyü ilə bağlıdır. Bu isə tərəflərin öz hüquqlarını həyata keçirməsinə neqativ təsir göstərə bilər. 

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə hakimin hər bir işin baxılmasında sərbəstliyi, həmin işlə əvvəllər heç cür bağlı olmaması işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Mülki prosessual qanunvericilikdə əksini tapan hakim tərəfindən işə təkrar baxılmasına yol verilməməsi prinsipi isə hakimin obyektivliyini təmin edən vasitələrdən biridir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əvvəllər apellyasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin sonradan Məhkəmə Tərkibində də iştirak etməsi S.Abbasovanın hüquqlarını realizə edə bilməməsinə və Məhkəmə Tərkibinin obyektivliyinə dair şübhələrin yaranmasına səbəb ola bilər. Məsələnin əhəmiyyəti habelə ondan ibarətdir ki, Məhkəmə Tərkibinin qərarı faktiki olaraq həmin işin gələcəkdə məhkəmə araşdırılmasının perspektivini həll etmiş olur. 

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (A.Yəhyazadənin şikayətinə dair 16 iyul 2013-cü il tarixli Qərar).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.Abbasovanın ərizəsinə baxılarkən Məhkəmə Tərkibi tərəfindən Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinin tələblərinə riayət olunmamış, nəticədə S.Abbasovanın Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçı S.Abbasovanın C.Hüseynova və Z.Nəzərovaya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair iddia tələbinə dair iş üzrə Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II hissəsinə və Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

Q Ə R A R A   A L D I:  

1. Solmaz Abbasovanın C.Hüseynova və Z.Nəzərovaya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair iddia tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.3-cü maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                                          Fərhad  Abdullayev